Xudadad xan Dünbili

Xudadad xan Nəcəfqulu хаn oğlu Dünbili (1785-1787) — Təbriz hakimi.

Xudadad xan Dünbili
fars. خداداد خان دنبلی
1785 1787
ƏvvəlkiNəcəfqulu xan Dünbili
SonrakıHüseynqulu xan Dünbili
Şəxsi məlumatlar
Doğum yeri Təbriz, Təbriz bəylərbəyliyi, Əfşarlar dövləti
Vəfat tarixi
Vəfat yeri Təbriz
Dəfn yeri Kərbəla
Atası Nəcəfqulu xan
Dini İslam, şiə

Həyatı

Xudadad xan Nəcəfqulu xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təlim-tərbiyəsi almışdı.

Xudadad xan 1784-cü ildə atasından sonra xanlıq taxtına əyləşdi.

Atasının ölümündən sonra taxta çıxan Təbriz hakimi Xudadad xan Dünbili xalqa zülm etməyə başlamışdı. Xalqın narazılığını eşidən Sərab hakimi Sadıq xan Şəqaqi Təbrizə qoşun çəkdi. Xalqın nümayəndəsi Ağa Əliməhəmməd tacirbaşı xeyli sovqatla yardım üçün Məhəmmədqulu xanın yanına yollandı. Məhəmmədqulu xan təbrizlilərə kömək etməyə söz verdi. İbrahim xan Araşlını 2 min nəfərlik qoşunla Təbrizə göndərdi. Təsuc yaxınlığında Əhməd xan Dünbili də ona qoşuldu. Xəbəri eşidən Sadıq xan qorxuya düşüb, Səraba qayıtdı. Xudadad xan gələnlərin pişvazına çıxıb, bir neçə gün qonaq saxladı.

Az keçmədi ki, Sərab hakimi Sadıq xan Şəqaqi yenidən Təbrizə yürüş edib, şəhəri mühasirəyə aldı. Xudadad xan Ağa Əliməhəmməd tacirbaşını 5 min tümənlə yardım üçün Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşarın yanına yolladı. Məhəmmədqulu xan təbrizlilərə kömək etməyə söz verdi. İbrahim xan Araşlını 3 min nəfərlik qoşunla yenidən Təbrizə göndərdi. Sadıq xan Avşar qoşunun gəldiyini eşidib, bu dəfə də qaçdı. İbrahim xan onu Səraba qədər izlədi. Sadıq xanı tuta bilməsə də, onun qoşununa xeyli zərər vurdu.

Urmiya hakimi Məhəmmədqulu xan Avşar Xoy hakimi Hüseynqulu xan Dünbili ilə bir sıra savaşlar aparmışdı. 1787-ci ildə Abdin bəy Avşar xəbər gətirdi ki, qardaşı Cəfərqulu xanın təhriki ilə Hüseynqulu xan Dünbüli vergi verməkdən imtina edib. Məhəmmədqulu xan bütün Azərbaycan xanlarını Salmas ətrafına topladı. Xudadad xan Dünbili Təbrizdən, Əhməd xan Müqəddəm Marağadan, Sadıq xan Şəqaqi Sərabdan, Kəlbəli xan Kəngərli Naxçıvandan, Məhəmməd xan Qacar İrəvandan qoşunla gəlib, görüş yerinə çatdılar. Avşar qoşunu Xoy ətrafındakı Duzdağında çadır qurdu. Xoy və Salmas əhalisi Hüseynqulu xanın yanına gəlib, şivən qopardı. Bildirdilər ki, bizim avşar qoşununu qarşılamağa gücümüz yetməz. Gəl, sən ona öz tabeçiliyini bildir. Əks təqdirdə biz səni tutub, Məhəmmədqulu xana verəcəyik. Hüseynqulu xan eşikağası İbrahim xanı Məhəmmədqulu xanın yanına göndərib, itaətini izhar etdi. Xudadad xan alınan xəracdan özünə düşəni götürüb, Təbrizə döndü.

Bir müddət keçməyinə baxmayaraq Məhəmmədqulu xan əhdinə vəfa etmədi. Əsgər xan Əbdülməliki-Avşarın qardaşı Mirzə Əbülhəsən bəyi buraxmadı. Onu qurtaracağına söz verən Xoy hakimi Hüseynqulu xan Dünbili təkrar qoşun yığıb, qardaşı Cəfərqulu xanın sərkərdəliyi ilə Salmas yolu ilə Urmiyaya göndərdi. Əsgər xan da onlara qoşuldu. Məhəmmədqulu xan onların hərəkətini eşidib, qoşunla qarşılamağa yollandı. Ənzəl mahalının Qarabağ məntəqəsində oturaq etdi. Qoşununun sayı az olduğundan irəli getməyə cəsarət etmədi. Müttəfiqi Təbriz hakimi Xudadad xandan yardım istədi. Xudadad xan ona məktubla bildirdi ki, savaşın baisi Mirzə Əbülhəsən bəyi öldürsən, bu iş öz-özünə əncam tapacaq. Məhəmmədqulu xan məktubu alan kimi cəlladı Saleh Xələc-Baranduzu Mirzə Əbülhəsən bəyi öldürməyə göndərdi. Saleh Baranduz mahalının Sarıbəyli adlı yurdunda Mirzə Əbülhəsən bəyi boğub, öldürdü. Öldürəndən sonra aparıb, qapılarına atdı.

Avşar elinin ağsaqqaları yığılıb, Əsgər xana məktub yazdılar ki, Məhəmmədqulu xan ləyaqət hissini itirdiyindən, onları eşitmir. Biz sənin haqq olduğunu bilirik. Sən savaşa başla, biz sənə yardım edəcəyik. Əsgər xan məktubu Hüseynqulu xana göstərib, hərəkətə gəlməyi xahiş etdi.

Təbriz hakimi Xudadad xan Mirzə Əbülhəsən bəyin öldürülməsini eşidib, şadlandı. Qoşun yığıb, Urmiyaya tərəf yürüşə başladı. Salmasın Xandam karvansarasına yetişəndə Cəfərqulu xanın qoşununun ora cəmləşdiyi gördü. Ordan Məhəmmədqulu xana qasid göndərib, bildirdi ki, Cəfərqulu xanla Əsgər xan yolu bağlayıb. Məhəmmədqulu xan başqa yolla onu qarşılamağa 1000 atlı göndərdi. Atlıların başında Xanəmir bəy Xələc, Məhəmməd bəy və Hüseyn bəy Qarahəsənlilər, Mirzə xan Xələc, Hümmət bəy Xələc, Məhəmmədhəsən bəy Mahmudlu, Baba bəy Ərəbli və Sam bəy Qırxlı dururdu. Onlar yola düşəndən sonra özü də Ağziyarət ətrafınadək onları izlədi. Ağziyarət ətrafında Cəfərqulu xan Dünbilinin qoşunu onların önünü kəsdi. Məhzəmmədqulu xan onların gəlişinə çaşdı. Savaş etməyə tam gücü yox idi. Əlacsız qalıb, savaş əmrini verdi. Qoşunun qarovul hissəsində dayanan Ağacan bəy Kuhgiluyəli özünü Dünbili dəstəsinə vurdu. Qəflətən atının ayağı sürüşdü. Yerə yıxıldı. Heydəranlı tayfasının döyüşçüləri o dəqiqə onu yaralalayıb, heydən saldılar. Sonra başını kəsdilər.

Avşar elinin başçıları Əsgər xanla öncədən razılığa gəldiyindən bayraqları endirib, geri çəkilməyə başladılar. Məhəmmədqulu xan işin dolaşıq getdiyini görüb, Urmiya gölünün kənarı ilə Ənzəl mahalına qaçdı. Bir gün orda dincəldikdən sonra Xudadad xanla birləşib, Urmiyaya getdi. Urmiyanın girəcəyində Rüstəm bəy Qasımlını məmur etdi ki, Xudadad xanı qonaq saxlasın. Sonra ona gizlincə əmr verdi ki, Xudadad xanı öldürsün. O, Cəfərqulu xanın qohumu idi. Bu fikri başa düşən Əfrasiyab sultan Zərza Kəlbəli sultan Avşar vasitəsilə onu duyuq saldı. Bildirdi ki, qalaya girməsin. Qonaqlıqda iştirak etməyəcəyinin üzrünü istəyib, sərvaxt olsun. Xudadad xanın adamları 5 gün «Nəzər» bağında dincəldikdən sonra Təbrizə döndülər. Məhəmmədqulu xan oğlu Xudaqulu xanı, Rəhim xan Qasımlını onlara qoşub, ötürməyi tapşırdı. Onlar Təbriz qoşunununa qoşulub, Sulduz-Qoşaçay yolu ilə Təbrizə yol aldılar.

Əsgər xan onların Təbrizə döndüyünü eşidib, Sadıq xan Şəqaqiyə məktub yolladı ki, Xudadad xanı Tufarqan yolunda qarşılayıb, darmadağın etsin. Sadıq xan məktubu alan kimi pusquya dayandı. Gələnlərin önündə Xudaqulu xanı, Rəhim xanı gördüyündən qolları boşaldı. Avşarlara basqın etməyib, qonaq apardı. Qonaqlıqdan sonra Təbrizə yola düşdülər. Yolda Xudadad xanla qardaşları İbrahim xan, Cahangir xan, Məhəmməd xan və Əli xanla mübahisə etdi. Aralarında küdurət düşüb, ədavətə başladılar. Qardaşlar yığışıb, Sadıq xan Şəqaqiyə məktub yazdılar ki, əgər sən Təbrizə gəlmək istəsən, biz səni qarşılayıb, yardım edərik. Sadıq xan Təbrizə hücum edir. 1788-ci ildə Səidabad ətrafında Dünbili və Şəqaqi qoşunları üzləşdilər. Xudadad xanın qardaşları Sadıq xanın tərəfinə keçdirlər. Dünbili qoşunu pərişan olub, qaçmağa üz qoydu. Xəlil bəy Şəqaqi Xudadad xana yetirib, öldürdü. Sadıq xan Təbrizə daxil olub, hökuməti ələ aldı. Məhəmmədqulu xanın oğlu Xudaqulu xana, sərkərdələri Rəhim xana, Məhəmmədhəsən bəyə hörmətlə yanaşdı. Xudaqulu xan Məhəmmədhəsən bəyi gecəylə Urmiyaya göndərdi ki, atasına xəbər çatdırsın. Məhəmmədhəsən bəy bu xəbəri öncə qohumu Əsgər xana çatdırdı. Sonra Urmiyaya gedib, Məhəmmədqulu xana məruzə etdi. Məhəmmədqulu xan bu xəbərə sevindi.

Xudadad xan 1788-ci ildə döyüşdə öldürüldü.


Ailəsi

Xudadad xanın Nəcəfqulu xan adlı oğlu vardı.

Mənbə

  • Ənvər Çingizoğlu, Təbriz xanlığı, Bakı: Mütərcim, 2015.
  • Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları,Bakı: Mütərcim, 2015, 288 səh. ISBN 978-9952-28-223-8

İstinadlar

    Həmçinin bax

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.