Xromatoqrafiya

Xromatoqrafiya (yun. “chroma” – boya, rəng + “grapho” – yazıram) – qarışıqların ayrılması üsuludur.

Xromatoqrafiya

Analitik kimya metodları arasında ən çox istifadə olunanı xromatoqrafiyadır (bax: Analitik kimya). Onu qarışıqları ayrı-ayrı komponentlərinə (tərkib hissələrinə) ayırmaq, qazşəkilli qarışıqları fərqləndirmək və identifikasiya etmək (təyin etmək), kimyəvi reaksiyaların gedişində reagentlərin qatılığının dəyişməsinə nəzarət etmək və s. üçün tətbiq edirlər.

Xromatoqraf – xromatoqrafik analiz aparmaq üçün istifadə edilən cihazdır. Ona istənilən kimya laboratoriyasında və kimya sənayesində rast gəlmək olar.

Bu analiz metodunu ilk dəfə rus alimi Mixail Svet 1903-cü ildə tətbiq etmişdir. O, xlorofilin tərkibini öyrənmiş və onu müxtəlif rəngli laylara ayırmışdır. Bunun üçün içərisində təbaşir tozu olan borudan xlorofil məhlulunu keçirmişdir. Çox ehtimal ki, qammaşüalar ona bu metoda ad verməyə imkan verdi. Müasir analiz metodlarının əksəriyyətində tədqiq olunan nümunənin rəngi heç bir rol oynamasa da, bu tədqiqat üsulunun adı saxlanılır.

Bu üsulun sürətli inkişafı qaz-maye xromatoqrafiyasının yaradıldığı dövrə – XX əsrin ortalarına düşür. Onun iş prinsipi ona əsaslanır ki, tədqiq olunan qaz qarışığının axını ayırıcı kolonkaya ötürülür. Kolonka xüsusi bərk neytral kürəciklər, keramika və s. üzərinə hopdurulmuş uçucu olmayan ayırıcı maye ilə doldurulmuşdur. Tədqiq olunan qarışığın komponentləri kolonkanın uzunu boyu ayrılaraq sorbsiya olunur. Müasir cihazlarda kolonkalar içərisində nazik burulmuş spiral olan metallik borudan ibarətdir.

Qaz fasiləsiz olaraq kolonkaya buraxılır, ayrılmış komponentlər növbə ilə ondan çıxarılır. İlk öncə qarışığın pis sorbsiya olunan komponenti çıxarılır. Kimyaçı-analitik kolonkanın uzunluğunu, doldurucunu (kürəcik, keramika və s.) və ayırıcı mayeni, eləcə də qaz axınının sürətini və temperaturu seçməklə hətta qaz fazaya keçirilməsi mümkün olmayan sintetik və təbii maddələr qarışığını ayıra bilər.

Yalnız qarışığı komponentlərinə ayırmaq kifayət deyil, həm də maddələrin qatılığını və tərkibini müəyyən etmək lazımdır. Ona görə də hər bir xromatoqraf ölçmə qurğusu ilə – detektorla təchiz olunur. Detektor kolonkadan sıxışdırılıb çıxarılan komponentlərin ondan keçdiyini qeydə alır. Hər şeydən əvvəl cihaz iki tipdə detektorla təchiz edilir. Katarometr nazik metallik naqildə cərəyanın gücünün dəyişməsi ilə qaz axınında istilik keçiriciliyinin dəyişməsini qeydə alır. Detektora daxil olan maddənin kimyəvi təbiətinə cihaz reaksiya vermir. Gücləndirici ilə o, özüyazan qələmlə birləşdirilmişdir və detektora maddənin hər bir hissəsi daxil olduqca hərəkət edən kağız lentdə pik qeyd olunur; ona uyğun sahə maddənin qatılığı ilə düz mütənasibdir.

İonlanmış detektor üzvi maddənin buxarlarının ionlaşmasına və sabit cərəyanın güclənməsinə əsaslanır. Analiz olunan qarışığın xromatoqramında ayrı-ayrı komponentlərə müvafiq piklər ardıcıl qeyd olunur. Onların hər birinin təyin olunması üçün naməlum tərkibli qarışıq müxtəlif fiziki-kimyəvi analiz metodları tətbiq edilməklə müstəqil tədqiqat işinə çevrilir. Lakin əgər qarışığın tərkibi məlumdursa, onda xromatoqraf hər bir komponentin qatılığını ölçməyə imkan verir. Xromatoqrafiyanın digər növlərində qarışığın komponentləri və ayırıcı maddələr arasında qarşılıqlı təsirin müxtəlif tiplərindən istifadə edilir. Bu, ionmübadilə, adsorbsiya, çökdürücü və s. xromatoqrafiyalardır. Son 10 - 15 ildə bioloji və tibbi tədqiqatlarda maye xromatoqrafiya böyük rol oynayır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.