Xoy döyüşü (1468)

Xoy döyüşü — 1468-ci ildə Uzun Həsən ilə Həsənəli mirzə arasında baş vermiş döyüşdür. Döyüş Uzun Həsənin qələbəsi ilə başa çatdı. Həsənəli mirzənin bu məğlubiyyəti ilə Qaraqoyunlu dövləti dağıldı və yerini Ağqoyunlu dövlətinə verdi.[1]

Bu məqalə Xoy döyüşü (1468) haqqındadır. Digər mənalar üçün Xoy döyüşü səhifəsinə baxın.
Xoy döyüşü
Tarix 1468
Yeri Xoy
Səbəbi Ağqoyunluların Azərbaycanı ələ keçirmək üçün hücumu
Nəticəsi Ağqoyunluların qələbəsi
Ərazi dəyişikliyi Azərbaycanınİranın bir hissəsinin Ağqoyunlular tərəfindən ələ keçirilməsi
Münaqişə tərəfləri

Ağqoyunlular

Qaraqoyunlular

Komandan(lar)

Uzun Həsən

Həsənəli mirzə

Tərəflərin qüvvəsi

20.000

80.000

    Tarixi

    1467-ci ilin 11 noyabr gecəsi cüzi qüvvə ilə Çəpəkcur yaxınlığında Səncəq adlı yerdə gecələyən Cahanşah Uzun Həsənin 6 minlik qoşununun hücumuna məruz qalmış, Qaraqoyunlular məğlub olmuş və Cahanşah öldürülmüşdü. Bu məğlubiyyətdən sonra Cahanşahın oğlu Həsənəli Qaraqoyunlu ordusunu öz ətrafında birləşdirməyə nail oldu və Uzun Həsənin ordusunun qarşısını almağa hazırlaşdı.[2]

    Hər iki ordu Xoy yaxınlığında düşərgə saldılar və elçi mübadiləsi başlandı. Lakin elçilər heç cürə tərəflər arasında sülhə nail ola bilmədilər. Həsənəlinin əmri ilə 30 nəfər Ağqoyunlu elçisini öldürüldü. Həsənəlinin Xoydan tədricən Mərənd tərəfə çəkilməyə başlamasından istifadə edən Uzun Həsən kiçik dəstələrlə pusqular yaratdı və Qaraqoyunlu ordusuna zərbə vurdu. Həsənəli qüvvələrinin çox olmasına baxmayaraq Uzun Həsəndən çəkindiyi üçün ordugahının ətrafına xəndək çəkdirərək bir müddət müdafiə olunmaq niyyətində idi. Qaraqoyunlu ordusun uzun müddət yerini dəyişməməsi və istilər səbəbindən orduda xəstəliklər yaranmağa başladı. Uzun Həsən geri çəkilmək adı ilə taktiki hiylə tətbiq etməyə çalışsa da bu da heçbir nəticə vermədi. Beləki, Həsənəli ordusunu yerindən tərpətmirdi. Getdikcə zəifləyən Qaraqoyunlu ordusunun vəziyyətini çox gözəl anlayan sərkərdələr Uzun Həsənin tərəfinə keçdilər, ordunun qalan hissəsi isə dağılmağa başlamışdı. Bundan istifadə edən Uzun Həsən həlledici hücuma keçdi və Qaraqoyunlu ordusu darmadağın edildi.[3]

    Həsənəli BərdəyəQaramanlı tayfasına sığındı, oradan Ərdəbilə getdi. Uzun Həsən oğlu Uğurlu Məhəmmədi onun üstünə göndərməsi ilə 1469-cu ilin iyul-avqust aylarında Həmədanda ələ keçirildi və öldürüldü.[4]

    İstinadlar

    1. İradə Nuriyeva, Azərbaycan Tarixi.s.106.
    2. Nəcəfli T. H., Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.29.
    3. Həsən bəy Rumlu, Əhsənüt-təvarix.s.258.
    4. Qızılbaşlar tarixi.s.17.

    Ədəbiyyat

    • Həsən bəy Rumlu. "Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı)". Kastamonu: Uzanlar, 2017, 661 s.
    • Nəcəfli T. H. "Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında". Bakı: Çaşıoğlu, 2000. — 198 s.
    • Nuriyeva İradə Tofiq qızı. "Azərbaycan Tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək)". – Bakı: Mütərcim, 2015. – 336 səh.
    • "Qızılbaşlar tarixi". Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. — Bakı: "Azərbaycan" nəşriyyatı. 1993–48 s.

    Həmçinin bax

    Xarici keçidlər

    Qaraqoyunlu Həsənəli

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.