Xosrov və Şirin (Nizami)

"Xosrov və Şirin" (خسرو و شيرين Xusrau o Şīrīn) (1180) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Atabəy Məhəmməd Cahan Pəhləvana (1173–1186) ithaf etmişdir. Əsərdə Cahan Pəhləvandan başqa, III Toğrul (1178–1194) və Qızıl Arslanın (1186–1191) da adları çəkilir.[1]

Xosrov və Şirin
خسرو و شيرين
Khusraw o Shīrīn
Janr məsnəvi
Müəllif Nizami Gəncəvi
Orijinal dili fars dili
Yazılma ili 1180
Əvvəlki Sirlər Xəzinəsi
Sonrakı Leyli və Məcnun
Vikimənbənin loqosu Xosrov və Şirin Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərin süjetinin əsasında Sasani şahı II Xosrov Pərviz (590–628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış "Xosrov və Şirin" əfsanəsi durur. Hələ Nizamidən çox qabaq "Xosrov və Şirin" dastanını ilk dəfə Firdovsi (X əsr) "Şahnamə"nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla "Xosrov və Şirin" dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə "Xosrov və Şirin" mövzusunda məsnəvi yazmışdır. Bəzi tədqiqatçıların fikrincə isə Nizami Gəncəvi "Xosrov və Şirin"i Fəxrəddin Əsəd Gurganinin "Veys və Ramin" poemasının müstəqim təsiri altında yazmışdır.[2][3]

Qısa müddət ərzində məşhurlaşmış əsərin müxtəlif dövrlərə aid onlarla əlyazmaları dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılmaqdadır. "Xosrov və Şirin" poeması Nizamidən sonra yetişən şair nəslinin formalaşmasına ciddi təsir göstərmiş, müxtəlif şərq ölkələrindən olan onlarla şair bu əsərə nəzirələr yazmışlar.

Məzmunu

"Xosrovun və Şirin" əlyazmasının titul səfihəsi
Konqres Kitabxanası

Hadisələr Xosrovun doğulması və təhsilinin təsviri ilə başlayır. Bundan sonra Xosrovun kəndçinin evində əylənməsi və atası tərəfindən bu hərəkətinə görə danlanması təsvir edilir. Xosrov üzr istəyir və tövbə edir. Şah IV Hörmüz oğlunu bağışlayır. Həmin gecə Xosrov yuxuda babası Ənuşirəvanı görür və Ənuşirəvan ona Şirin adlı arvad, Şəbdiz adlı at, Barbəd adlı musiqiçi və şahlıq haqqında xoş xəbər verir.

Xosrovun yaxın dostu olan rəssam Şapur, şahzadəyə "Dərbənd dənizindən ArranƏrmənə qədər ərazilərin"[4] hökmdarı Məhinbanu və onun gözəllər gözəli qardaşı qızı Şirindən bəhs edir. Şapurun təsvirini eşidən Xosrov görüşmədən şahzadə Şirinə vurulur. Şapur Şirini axtarmaq üçün Ərmənə yola düşür. Şirini tapdıqdan sonra Şapur, Xosrovun şəklini ona göstərir. Şirin Xosrova vurulur və Şapura qoşularaq Sasanilərin paytaxtı Mədainə qaçır. Həmin dövrdə atasının qəzəbindən qorunmaq istəyən Xosrov da Ərmənə qaçır və Şirini axtarmağa başlayır.

Yolda Xosrov, çayda saçlarını yuyan çılpaq Şirini görür; Şirin də onu görür; lakin, Xosrov kəndli paltarı geyindiyindən, onlar tanış olmurlar. Xosrov Arrana çatır və hökmdar Məhinbanu ləqəbli Samira tərəfindən şahlara layiq tərzdə qarşılanır, həmçinin Şirinin Mədainə qaçdığını da öyrənir. Yenidən Şapur Şirini gətirmək üçün göndərilir. Şirin yenidən Aranzəminə çatdıqda, atasının ölümü səbəbiylə Xosrov Mədainə qayıtmalı olur. Xosrov Bəhram Çubin tərəfindən taxtdan devrildikdən sonra Ərmənə qaçır.

Fərhadın çəkdiyi süd arxını Şirinə təqdim etməsi, təxm. 1610-cu illər, Moğol məktəbi, Britaniya muzeyi.

Burada Xosrov nəhayət ki, Şirinlə görüşür. Lakin, Şirin Xosrova ərə getməyə razı olmur və ilk öncə taxtını geri qaytarmağı tələb edir. Bundan sonra Şirini Aranzəmində qoyan Xosrov Konstantinopola gedir. Bizans qeysəri, qızı Məryəmlə evlənəcəyi təqdirdə Bəhram Çubinə qarşı müharibədə Xosrova kömək edəcəyini bildirir. Həmçinin, Xosrov, Məryəmin sağ olduğu müddətdə başqa bir qadınla evlənməyəcəyinə də söz verməyə məcbur olur. Bundan sonra düşmənlərini məğlub edən Xosrov yenidən Sasani taxtını əldə edir. Qısqanc Məryəm, Xosrovu Şirindən ayrı salır.

Həmin dövrdə Şirinə aşiq olan Fərhad adlı heykəltaraş eşq meydanında Xosrova rəqib çıxır. Fərhadla bacara bilməyəcəyini anlayan Xosrov ona mümkün olmayan bir iş – Bisütun dağını yarıb yol çəkməyi tapşırır. Fərhad işi tamamladığı təqdirdə Xosrovun ona Şirinlə evlənməyə icazə verəcəyi ümidi ilə işə başlayır. Lakin, bir müddət sonra Xosrov Fərhadın yanına elçi göndərərək, Şirinin saxta ölüm xəbərini verir. Şirinin ölüm xəbərini eşidən Fərhad, özünü dağdan atır və ölür. Şirinə məktub yazan Xosrov, Fərhadın ölümünə görə başsağlığı verir. Bu hadisədən bir meddət sonra Məryəm də ölür və Şirin Xosrovun başsağlığı məktubuna başsağlığı məktubu ilə cavab verməli olur.

Bundan sonra, Xosrov Şirinlə nikahsız əlaqəyə girməyə cəhd etsə də, Şirin bundan qəti şəkildə imtina edir. Xosrov, Şapurun məsləhəti ilə İsfahana gedir və burada Şəkər adlı bir qadınla yaxınlıq edir. Lakin bir müddət sonra, Xosrov Şəkərdən bezir və Qəsri Şirinə yola düşərək Şirini görmək istəyir. Lakin, Xosrovun sərxoş olduğunu görən Şirin onu qalaya buraxmır. Şirin, Şəkərlə yaxınlığına görə Xosrovu məzəmmət edir. Xosrov üzgün halda öz sarayına qayıdır.

Bir müddət sonra, Şirin, Xosrova ərə getəyə razılaşır. Lakin bu zaman, Xosrovun Məryəmdən olan oğlu II Qubad da Şirinə aşiq olur. Evlilikdən sonra II Qubad atası Xosrov Pərvizi öldürür və Şirinə xəbər göndərir ki, bir həftə sonra onunla evlənməlidi. Şirin bir şərtlə razılaşır ki, Qubad Xosrov üçün layiqli dəfn mərasimi təşkil etsin. Qubad elə də edir, lakin dəfn zamanı, Qubada ərə getməmək üçün Şirin, Xosrovun məzarı başında özünü öldürür. Xosrov və Şirin bir məzarda dəfn olunur.

Əsas personajlar

Xosrov

Sərxoş Xosrovun Qəsri Şirinə gəlməsi, XVII əsr, Təbriz məktəbi, Frir Sənət Qalereyası.

Əsərin əsas qəhrəmanlarından biri Sasani şahı Xosrov Pərvizdir. Nizami Xosrovun tarixdə nə kimi mövqe tutmasından söz açmamışdır. O, Xosrovla Şirinin məhəbbət hekayəsi ətrafında cərəyan edən hadisələrə geniş yer vermişdir.

Şair, Xosrov və Şirin surətləri ilə əsasən iki müxtəlif səciyyəli insanın geniş obrazını vermişdir. Xosrov zahirən, mənşəcə diqqətə layiq olsa da, mənəviyyatca çox yoxsuldur, hərdəmxəyaldır, məhəbbət aləminə biganə, zövq və səfa düşkünü olan laübalı bir şahzadədir.

O, ilk dəfə könlünü Şirinə vermiş olsa da, uşaq kimi şıltaqlıq edir və eşqinə sadiq qalmır; Mədaindən qaçıb Azərbaycana gəldiyi dövrdə belə, Şirindən kam alaraq, onunla ötəri eşq yaşamaq fikrinə düşür. Məqsədinə nail ola bilmədiyinə görə, küsüb Ruma gedir, orada həyatı qədər sevdiyi gözəl Şirini yaddan çıxarıb Rum qeysərinin qızı Məryəmlə evlənir. İrana qayıdıb, taxta çıxdıqdan sonra isə Şirini unudur. Xosrov ilk sevgisi, bağladığı əhd-peyman xatirinə hökmdarlığını buraxıb, onun ardınca Mədainə gəlib çıxan Şirinlə çox ədalətsiz rəftar edir. Məryəmin qorxusundan nəinki Şirinin görüşünə getmir, hətta uzun müddət ona məktub da yazmır. Məryəmdən doyduqdan sonra isə yenidən Şirin yada düşür. Xosrov Şapur vasitəsiylə Şirinə təsir göstərməyə çalışır. Lakin, şirin yenidən şahın leybeyin təklifini rədd edir.

Məryəm öldükdən sonra Şirinin arxasınca gələn Xosrov, burada yenidən Şirinə layiq olmadığını göstərir. Bu dəfə Şirinə təzyiq göstərmək üçün, Xosrov gedib isfahanlı Şəkərlə evlənir, keçmişi naməlum olan bir qadını, nəcib və sınaqlardan çıxmış Şirindən üstün tutur. Müəyyən müddət Şəkərlə kef sürdükdən sonra Xosrov ondan da doyur və yenidən könlünə Şirin düşür.

Şirinlə evlənib, onu ölkənin məlaikəsi elan etdikdən sonra Xosrovun davranış və siyasətində dəyişiklik əmələ gəlməyə başlayır. Şirin onu xalqın qayğısına qalmağa, ölkəni abadlaşdırmağa sövq edir, keçmişdə kef məclisləri mərkəzi olan şah sarayı elm və mərifət ocağına çevrilir. Şah getdikcə dəyişir, şirini həddindən artıq sevir və ömrünün axırlarına yaxın onun qədrini layiqincə bilməyə başlayır.

Xosrov anadan olduğu gündən dövrün ən yüksək mühit və şəraitində böyümüş, saray naz-neməti içərisinə yaşamışdır. Dövrün bütün imkanları onun inkişafına xidmət etmişdir. Büzürgümid kimi alim və filosoflar, zəmanəsinin ən görkəmli elmi, hərbi və siyasi xadimləri Xosrovun təlim və tərbiyəsi ilə xüsusilə məşğul olmuş, ona ölkəni necə idarə etmək, məclis və meydanda özünü necə aparmaq qaydalarını öyrətmiş, şahzadəni hökmdar kimi tərbiyə etmişlər. Onun zahiri gözəlliyi də ilk növbədə bir qədər uğur qazanmasına kömək etmişdir. Lakin daxili aləminin çirkin, mənəviyyatının miskin və son dərəcə yoxsul olmasını hadisələrin özü büruzə verib, Xosrovun şəxsiyyətini, həqiqi simasını açıb göstərir.[5]

Xosrov özünüsevən bir hökmdar idi, elə düşünürdü ki, dünyada hər şey təkcə onun rifahı arzularının yerinə yetirilməsi üçün yaradılmışdır.[6]

Şirin

Şirin çimərkən, 1636, İsfahan məktəbi, AMEA Əlyazmalar İnstitutu, Bakı.
Xosrovun çimən Şirini görməsi, təxm. 1720–1740-cı illər, Hind məktəbi.

"Xosrov və Şirin" poemasının baş qəhrəmanı olan Şirin elə misilsiz bir surətdir ki, onun vəfa və sədaqəti, iradə və qüdrəti, əxlaq və isməti qərinələrdən bəri dillər əzbəri, həqiqi sevgi və məhəbbət rəmzi olmuşdur. H. Araslı bu obraz haqqında deyir: "Şirin dünya ədəbiyyatı tarixində orijinal bir qadın obrazıdır, Qərbi Avropa ədəbiyyatında belə bir yüksək, ağıllı və praktik qadın obrazını yalnız Şekspir tragediyasında görürük. Dantenin Beatriçası də bir çox xüsusiyyətləri ilə Şirinlə müqayisə edilə bilər."[7]

Şirinin mənşəyi, hansı xalqa və ölkəyə mənsub olması, milliyyəti hələlik dəqiq və elmi surətdə müəyyən edilməmişdir. Nizami Şirini gah Qafqaz gözəli, Bərdə şahzadəsi, gah da ərmən hökmdarı kimi qələmə alaraq onun mənşə və milliyyətcə hansı xalqa, ölkəyə mənsub olduğu barədə açıq və qəti fikir söyləmir. Şair öz poemasında şirini gah erməni, gah da türk kimi təqdim edir.[8] Nizami əsərində Şirinin mənşəyi məsələsinə ilk dəfə Məhinbanunun ona öyüd verdiyi zaman işarə olunmuşdur. Məhinbanu Şirini hər cür hadisədən, Xosrovun ona yetirə biləcəyi ehtimali sədəmədən qorusun deyə bir sıra düzgün məsləhətlər verib, ona özünü qorumağı tapşırmaqla bərabər, həm də Şirinin mənliyini və şəxsiyyətini hərəkətə gətirmək üçün gözələ mənşəyinin və kökünün kimlərdən ibarət olduğunu söyləyir. Xosrovun yüksək əsil-nəsəbi qarşısında özünü alçaq tutmasın deyə onun kim olduğunu belə bəyan edir:

" Əgər o aydırsa, biz aftiyabıq,

O Keyxosrovdursa, biz Əfrasiyabıq.[9]

"
Sevgililərin birinci görüşü, 1648, Buxara məktəbi, M.Y. Saltıkov-Şedrin adına Kütləvi Dövlət Kitabxanası, Sankt-Peterburq.

Klassik ədəbiyyatda çox vaxt ay oğlan və günəş qız simvolu olduğu kimi, Əfrasiyab türklüyü, Keyxosrov isə iranlılığı təmsil edir. Bu simvolika "Şahnamə"də də əks olunmuşdur. Burada Nizami Məhinbanu və Şirinin mənşəcə türk olduqlarını göstərir. Nizami şirini adətən özünü bir türk kimi təqdim edir.[10] O, Qəsri Şirin sarayında bir məhbus kimi həyat sürdüyü zaman Xosrov ora gəlib onunla danışıq aparanda üzünü Xosrova tutaraq söyləyir:

" “Qəmzəylə can alan türkəmsə belə,

Könül də alaram öpüşlərimlə.” [11]

"

Nizami Dərbənd hökmdarı tərəfindən göndərilən qıpçaq qızı Afaqı (Appaq) da Şirin sayağı "türk", "türküm" adlandırır. Şair Afaqı təriflədiyi sözlərlə, təşbihlərlə Şirini də tərifləyir, oxşayır. O, Afaqın ölümündən danışaraq, onun dünyadan vaxtsız keçməsinə işarə edəndə belə bir fikir söyləyir:

" “Türklərtək olmuşdur bir köçə möhtac,
Türklərtək eylədi yurdumu tarac.

O türküm getdisə bir gün çadırdan,
Saxla tükzadəmi, sən ey yaradan." [12]

"

Şirinin etdiyi yeganə səhv onun ilk dəfə Şapurun sözü ilə durub təkbaşına mədainə getməsidir. Bunu da qızın gəncliyi, təcrübəsizliyi, məhəbbəti ilə izah etmək olar. Şirinin bundan sonrakı bütün hərəkətləri, addımları olduqca mətin və ağıllıdır. Elə ilk başlanğıcdan hadisələrin sonuna qədər Şirin özünü təmiz bir qadın, nəcib məşuqə, vəfalı, sevimli bir insan kimi aparmışdır. Məhinbanunun xeyirxah və ağıllı nəsihətlərinin xeyirxah və ağıllı nəsihətlərini ürəkdən qəbul edib həyatının son anına qədər öz ismət və namusunu qorumuşdur:

Xosrov və Şirin çövkən oyunu zamanı, 1543–1544, Şiraz məktəbi, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq şöbəsi.
Xosrov və Şirinin ov vaxtı görüşü, 1648, Buxara məktəbi, Saltıkov-Şedrin adına Kütləvi Dövlət Kitabxanası, Sankt-Peterburq.
" “Gözümdən qanlı yaş töksə də həyat,

Olsam, olacağam bir halal arvad.” [13]

"

Məhinbanu vəfat etdikdən sonra Şirin hakimiyyət başına keçərək tam qüdrət və ixtiyar sahibi olur. Onun üçün yaxşı imkan var idi ki, bu zaman istədiyi adama gedib, xoşbəxt ailə qursun, Xosrovu tamamilə xatirindən silib, həmişəlik unutsun. Lakin vəfalı Şirin nəinki bu işi görmür, o, hətta öz hakimiyyətini də qədirbilməz Xosrovun eşqinə qurban verib, naməlum bir taleyin ardınca mədainə yola düşür. Gözlənilməz bir tərzdə Xosrov tərəfindən qarşılanıb, onun nalayiq hərələtlərinə məruz qalsa da, yenə də özünü itirmir, ümidini kəsmir, əhd-peymanına sadiq qalır. Məryəmin vəfatından sonrada hadisələrin gedişi Şirinin gözələdiyinin əksinə olur. Xosrovun nalayiq hərəkətləri yenə də davam edir. Məryəmin ölümündən sonra Şirin, Xosrovun onunla evlənməsini gözləsə də, Xosrov Şirinlə bir cariyə kimi hərəkət etmək istəyir. Şirin buna qarşı çıxdıqda isə isfahanlı Şəkərlə evlənir.

Şirinlə evlənmək qərarına gələn Xosrov Qəsri-Şirinə gəlir. Lakin o, sərxoş olduğuna görə, Şirin onu saraya buraxmır. Şirin qəti qərara gəlir ki, lazım olsa xoşbəxtliyini ismətinə qurban verəcəkdir. Açıqdan-açığa son cavab olaraq Xosrova söyləyir: Şirinlə evlənmək qərarına gələn Xosrov Qəsri Şirinə gəlir. Lakin o, sərxoş olduğuna görə, Şirin onu saraya buraxmır. Şirin qəti qərara gəlir ki, lazım olsa xoşbəxtliyini ismətinə qurban verəcəkdir. Açıqdan-açığa son cavab olaraq Xosrova söyləyir:

" Firuzə günbədə and içirəm mən,
Nurlu, parlaq günə and içirəm mən...

And olsun ölümsüz əbədiyyətə,
And olsun yatmayan oyaq xilqətə...

Ki, şah olsan bilə, kəbinsiz yenə,
Yetişə bilməzsən istədiyinə...” [14]

"

Nəhayət Şirin öz istəyinə nail olur. Xosrova ərə gedir:

" “Əlindən tutaraq Şirininin şah,

Əmr etdi möbidə kəsilsin nikah.” [15]

"

Şirin Xosrovla evləndikdən sonra da özünü son dərəcə ləyaqətlə aparır. Hamı ilə mehriban, qayğıkeş rəftar edir. Elə bu zaman, o, öz şəxsiyyətini daha artıq büruzə verməyə imkan tapır, daima Xosrovu ədalətə, humanizmə, rəhm və mürvətə sövq edir. Onu kef məclisləri, şənlik əyləncələri qurmaqdan çəkindirir. Şirinin davranışı nəhayət, Xosrova müsbət təsir edir, daxili aləmində müəyyən inkişafa, mənəviyyatında müsbət dəyişiklərə səbəb olur. Şiruyə atası Xosrovu öldürdükdən sonra analığı Şirini ələ keçirmək məqsədini açıb bildirdikdə Şirinin düzgün tədbiri nəticəsində Şiruyə aldanıb onun bütün istəklərini yerinə yetirir.

Şirin təntənəli və şahanə bir dəfn mərasimi təşkil edir. Xosrov üçün Kəyan şahlarına layiq mirvari və digər daş-qaşla bəzədilmiş qızıl tabut hazırladır. Satraplar Xosrovun tabutunu məqbərəyə qoyduqdan sonra, Şirin son vida üçün Möbiddən icazə alıb içəri girir. Bir müddət sonra Şirinin fəryadını eşidən camaat tələsik içəri girir, onu Xosrovun ağuşuna yıxılıb ölmüş görürlər. Hamı bu cəsarət və sədaqətə heyran qalır. Sevgililəri bir məzarda dəfn edib geri qayıdırlar. Şirinin ölümünü Nizami belə qiymətləndirir:

" “Xosrov məclisində yatan şəkərə,

Xoş olsun bu şirin yuxu yüz kərə!...
Alqış bu ölümə, əhsən Şirinə!
Öldürən Şirinə, ölən Şirinə!
Məhəbbət yolunda ölüm budur bax,
Cananə belədir canı tapşırmaq...
Çox sağ ol ey dünya, ey dövran, əhsən,
Gəlini damadə belə yetir sən!...
Bir təxtdə oturdu iki tacivər,
Məğbəri bağlayıb geri döndülər.
Məzarı tərk etdi o qəmli karvan,
Bu sözü yazdılar qayıdan zaman.
“Bu Şirindən başqa kimsə dünyada,
Özünü özgəyə etməmiş fəda.” [16]

"

Fərhad

XosrovFərhadın söhbəti, 1648, Buxara məktəbi, M.Y. Saltıkov-Şedrin adına Kütləvi Dövlət Kitabxanası, Sankt-Peterburq

Nizami Fərhadı kübar nəsildən yox, zəhmətkeş ailədən götürmüş, eşq aləmində şah ilə zəhmətkeşi qarşı-qarşıya qoymuş, bununla da "Xosrov və Şirin" poemasında maraqlı bir ziddiyyət yaratmışdır. Həm Şirinin Xosrovu sevməsi, həm də Fərhadın Şirinə vurulub, həyatının sonuna qədər aşiqi-sadiq olması eşq aləmi üçün yüksək bir nümunədir.

Fərhad həm mühəndis, heykəltaraş-sənətkar, həm də Şirinə vurulmuş bir aşiqdir. Fərhad elə, eşq əsiri olduğu ilk gündən özünü tamamilə unudur, bütün qedrət və bacarığı ilə çalışır ki, Şirinin vüsalına yetişsin. Bu məqsəddən ötrü, daşları külüngünün zərbəsi ilə toza çevirir, arx qazıb, hovuz tikir, Bisütun dağını yarır, qdrətli və müstəbid hökmdar Xosrovun gözünün içinə baxaraq, sevgilisinə eşq elan etməkdən çəkinmir.

Faciə burasındadır ki, Şirin Fərhadı sevmir, ona yalnız mahir bir sənətkar kimi hörmət bəsləyir. Gördüyü işləri şəxsən müşahidə etməkdən ötrü Bisütun dağına gedib, onu təşviq edir. Bu hadisə Fərhadın iradəsini, qolunun qüdrətini artırırsa, Xosrovda qısqanclıq və həsəd hissini gücləndirib şəkki-şübhəni, şahın kin və qəzəbini artırır. Hökmdar Fərhadı hüzuruna çağırıb onunla şəxsən söhbət edir. Bu söhbət zamanı Fərhad, Xosrov kimi möhtəşəm bir hökmdarı məğlub edir. Xosrov hiylə qurub, Fərhadın ölümünə şərait yaradır. Nizami Fərhadı o qədər saf və təmizdir ki, Şirinin onu sevib sevmədiyini bilmədən, eşq yolunda canını qurban verməyə razılaşır.

Başlanğıcda Nizami Fərhadı bir mühəndis, sənətkar kimi təqdim edir. Şirin Qəsri-Şirinə süd çatdırmaq üçün arx çəkdirmək haqqında Şapurla məsləhətləşəndə şair Şapurun dili ilə Fərhadı Şirinə belə təqdim edir:

" “Fərhad adlı bir cavan vardır,

Usta mühəndisdir, bir sənətkardır.” [17]

"
Fərhadın Şirini xilas etməsi, 1648, Buxara məktəbi, M.Y. Saltıkov-Şedrin adına Kütləvi Dövlət Kitabxanası, Sankt-Peterburq

Fərhad heç bir çətinlikdən qorxmur, Şirin ona daşdan arx çəkilməsi zərurətini söyləyəndə dağçapan dərhal bu təkliflə razılaşıb, tapşırığı yerinə yetirəcəyinə söz verir, arxı çəkib bitirməklə də vədinə əməl edir.

Fərhadla Şirinin macırasını eşidən Xosrov rəqibini aradan qaldırmaq məqsədi ilə Bisütun dağını yarmağa, geniş bir yol açmağa məcbur edəndə, Fərhad Şirinə çatmaq xətrinə bu imkan dairəsindən xaric olan tapşırığı qəbul edir. O, hələ Bisütun dağını yarmazdan əvvəl sıldırım bir qaya üzərində Şirinin, Xosrovun və Şəbdizin şəklini nəqş edir.

Nizami Fərhadı həm də çox həyalı və utancaqdır. O, ilk dəfə Şirinlə üzbəüz gəlib görüşəndə Şirinin gözəl camalına o qədər aşiq olur ki, hətta başını qaldırıb onun üzünə belə baxa bilmir. Şirinlə danışmağa cəsarəti çatmır. Fərhad özünü o qədər itirir ki, Şirinin ona nə söylədiyini belə dərk edə bilmir. Şirininnbuyruğuna razılıq əlaməti olaraq ancaq barmaqlarını gözləri üzərinə qoyur, bayıra çıxıb cariyələrdən Şirinin nə deyib, nə istədiyini öyrənir.[18]

Həmin utancaq, Şirinin qarşısında dili tutulan Fərhadı Nizami yeri gələndə qüdrətli natiq, cəsarətli hazırcavab, odlu bir kəlam sahibi, sevgisi yolunda başından keçməyə hazır olan həqiqi aşiq və qorxmaz igid kimi təsvir edir. Fərhadla Xosrovun mübahisəsi başdan-ayağa kuhkənin cəsur, möhkəm məntiq və kamal sahibi olduğunu sübut edir. Xosrovun hər bir sualına tutarlı və cəsarətli cavab verib, sonda qüdrətli və möhtəşəm bir hökmdarı məğlub edib söz meydanından çıxarır.[19]

Ağıl və zəkasına, danışıq bacarığına, biliyinə, düşüncə və hazırcavablığına baxmayaraq, şair bəzən onu hər deyilənə inanan, hər kəsə etibar edən bir şəxs kimi verir. Elə illər boyu birgə təhsil aldığı Şapuru kifayət qədər tanımaması, onun bütün dediklərinə ürəkdən inanması, Xosrov kimi rəqib müqabilində Şirinə aşiq olmasının özü də onun bir növ Fərhadın sadəlövhlüyünə, hadisələri düzgün qiymətləndirmədiyinə sübutdur. Yaxud Bisütun dağını yarması şərti ilə Xosrovun Şirini ona verməsi vədinə inanması da onun hər deyilən sözə inanmasından irəli gəlir. Həmçinin uydurma qara xəbəri alarkən, yoxlamadan, aramadan inanmaq, ağır dərd və kədərdən ölmək Fərhadın həddən artıq təmiz ürəkliliyinə, səmimiyyətinə, həssaslığına əsaslanır.[20]

Şapur

Nizami "Xosrov və Şirin" poemasında Şapur surətini çox mürəkkəb vermişdir. O, sadəcə bir rəssam, yaxud adi saray xadimi, Xosrovun nədimi və məhrəmi deyildir. Şapur eyni zamanda bacarıqlı bir siyasətçi, dünya görmüş bir səyyah, həm də məharətli bir sehrkar, təcrübəli bir vasitəçidir.

Şahir bütün əsər boyu hadisələrdə iştirak edir. Odur ki, əvvəlcədən Şirin haqqında o söz açır, öz sənətkarlıq qüdrəti ilə qızın gözəlliyini elə təsvir edir ki, Xosrov qayibanə olaraq Şirinə vurulur. Elçi sifəti ilə Ərmənzəminə gəlib yolda rahibdən və başqalarından lazım olan məlumatları əldə edir. Nəhayət Şirini tapır. Bir sehrkar kimi Şirini elə ovsunlayır ki, Şirin görmədən Xosrova vurulur. Şapurun təsiri ilə Şirin öz ölkəsini, hökmdar bibisini və rəfiqələrini tərk edib Mədainə qaçır. Şirinin Qəsri-Şirində tək keçirdiyi günlərdə Şapur onun həmsöhbəti və məhrəmi olur. Xosrov tərəfindən unudulmuş günlərdə Şirinin müsahibi olur, onu məşğul edir. Digər tərəfdən də Xosrovla əlaqə saxlayır.

Şapur, bacarıqlı bir sənətkar, mahir rəssam olsa da, şəxsiyyətcə miskindir. O, Xosrovun əlində bir vasitə, oyuncaq kimidir. Xosrov ondan istədiyi kimi istifadə edir. Şapur heç vaxt müstəqil hərəkət edə bilmir. Bir dəfə də olsun Xosrova müsbət təsir göstərmir. Daha doğrusu Xosrov onunla məhəbbət vasitəçisi kimi rəftar edir.

Xosrovun Şapurla danışıq tərzi və ifadə forması da Şapurun kim olub, nə kimi xarakter daşıdığını tamamilə aydın göstərir.

Şapurun ən zəif, nöqsanlı cəhəti o vaxt meydana çıxır ki, Məryəm vəfat etdikdən sonra, Xosrov yenə də Şirinə əyyaşlıq məqsədi ilə yaxınlaşmaq istəyəndə, o, nəinki Xosrovu Şirinlə evlənməyə təşviq etmir, əksinə, şaha "o, olmasın, bu olsun" dərsi verir, isfahanlı məlumüllah Şəkərlə evlənməyi məsləhət görür. Xosrovun azğın fikrini daha da azdırır. Halbuki, Şapur belə bir şəraitdə Xosrova düzgün məsləhət verə, onun Şirinlə rəsmi nikaha girərək vüsla çatmasına səbəb ola bilərdi. Lakin Şapur bu insani vəzifəsini tamamilə unudur. O, ancaq axırda, Xosrovla Şirinin rəsmi surətdə evlənməsi zamanı müəyyən qədər müsbət rol oynayır.

Məhinbanu

Məhinbanu ağıllı, bacarıqlı və çox ləyaqətli hökmdar qadındır. Nizami onun simasında, qadınla kişi arasında İslam dininin orta əsrlərin irticaçı xürafatı ətrafında törənib meydana çıxan qeyri-bərabərliyi puça çıxarır. Sonradan, şair bu fikrini "İskəndərnamə" poemasındakı Nüşabə obrazı ilə daha da gücləndirir.

Nizami Məhinbanu surətində Şərqin müdrik anasını, ədalətli hökmdarını, hər cəhəti yaxşı görə bilən bir insanın dolğun və bitkin obrazını təsvir etmişdir. Məhinbanu qadın olsa da, bacarıqlı, həm də çox ağıllı və tədbirli bir hökmdardır. Məhz ədalətli və insanpərvər olduğuna görə də, ölkəsi (Azərbaycan) abaddır. Xalq ondan razıdır. Düzgün və sağlam siyasət yeritdiyinə görə, hər yerdə, hər kəsin yanında hörmət sahibidir. Qonşu ölkələr də ona səmimi münasibət bəsləyir. Bütün bunlarla bərabər, Məhinbanu sayıqdır, ehtiyatı əldən vermir. O, müntəzəm bir silahlı qüvvəyə malikdir. Ölkənin sərhədlərində çoxlu müdafiə xarakteri daşıyan qalalar, istehkamlar tikdirmişdir. Məhinbanu gözəl insan və ləyaqətli hökmdar olduğu kimi, kişilərdən də üstün, cəsarətli, igid bir sərkərdədir:

" “Cürətdə kişidən heç geri durmur,

“Böyük”[21] olduğundan Məhinbanudur.” [22]

"

Məhinbanu həyatın bütün nemətlərinə, hər cür imkan və şəraitə malik olsa da əsl mənada xoşbəxt deyildir. Əri vaxtsız vəfat edib, övladı da yoxdur. Qardaşı qızı Şirindən başqa heç kimə gümanı gəlmir:

" “Bu zindana bənzər dünyada ancaq,

Qardaşı qızıdır gözünə çıraq.” [23]

"

Məhinbanu Şirinin anası yox, bibisi olsa da, onun böyüyüb tərbiyə almasında, mənəvi və cismani cəhətdən inkişafında əlindən gələni əsirgəmir. Ona doğma ana kimi qayğı göstərir, düvrünün bütün imkanlarından istifadə etmək üçün hər cür şərait yaradır.[24]

Məhinbanu ləyaqətli bir hökmdar olmaqla bərabər, həm də ağıllı bir anadır. Güzəştə getməyi bacaran, lazım gələndə qəzəbi mərhəmətlə əvəz edən qayğıkeş bir insandır. O, Şapurun hiyləsi ilə bibisini və ölkəsini qoyub Mədainə qaçan Şirinə, geri qayıtdıqdan sonra güldən ağır bir söz demir, onun doğrudan da Şirinə yaraşmayan bu hərəkətini üzünə vurmur. Şirinə əvvəlkindən də artıq qayğı göstərir, son dərəcə səmimiyyətlə qardaşı qızını bağrına basıb, gənclik və nadanlıq ucundan baş vermiş bu hadisəni tamamilə unudur.

Məhinbanu geniş xalq kütləsi ilə əlaqə saxlamaq üçün ölkənin və iqlimin münasib şəraitini nəzərə alaraq, ilin dörd fəslində vətənin dörd guşəsindən birində həyat sürür. Hökmdar vaxtlı-vaxtında ölkəsinin təbii gözəllikləri, maddi nemətlərindən istifadə etməklə bərabər, vətəndaşlarla da yaxından tanış olur. Şəxsən hamının halına, dərdinə qalır, məhz buna görə də hamı üçün doğmadır və hamının ürəyində yeri var.

Məhinbanu uzaqgörən bir qadındır. Sasani şahzadəsi Xosrov ilk dəfə Azərbaycana gəldiyi zaman onu şahzadələrə layiq bir mərasimlə qarşılayır, qiymətli hədiyyələr göndərir. Bununla da Məhinbanu gələcəkdə Sasani şahənşahı olacaq Xosrovun hörmətini qazanır.

Məhinbanu Şirinin taleyi aydınlaşmamış vəfat edir.

Büzürgümid

Xosrovun atasından üzr istəməsi, 1508, Şiraz məktəbi, M.Y. Saltıkov-Şedrin adına Kütləvi Dövlət Kitabxanası, Sankt-Peterburq

Nizami Büzürgümidi müsbət bir surət kimi vermişdir. Büzürgümid Sasanilər sülaləsinin görkəmli dövlət xadimlərindəndir. O, Hürmüz sarayının vəziri, səltənət şurasının məşvərətçisi, həm də Xosrovun ilk müəllimi və tərbiyəçisidir. Büzürgümid nəcib, xeyirxah və alicənab bir insandır. O, görkəmli alim, böyük mütəfəkkir, məşhur filosof, ədalətpərvər dövlət xadimi olmaqla bərabər, həm də musiqi, nücum, riyaziyyat, fəlsəfə və dövrünün digər eləmlərini yaxşı bilir. Nizami Büzürgümidi ilk əvvəl öz düha və zəkası ilə günəş kimi parlayan bir alim, yerin və göyün sirrini bilən bir filosof kimi təqdim edir:

" “Büzürgümid adlı bir alim vardı,
Ağlı, istedadı gün tək parlardı,

Yeri qarşı-qarış dolaşmışdı o,
Fikrilə göylərə ucalmışdı o,

Göyün xəzinələri açıqdır ona,
“Sirrlər evi” desəm həqdir, qoynuna...” [25]

"

Büzürgümid təlim-tərbiyə verib ərsəyə çatdırdığı Xosrova ümid bəsləyərək onu çox sevir, yeri gəldikcə hadisəərdən xəbərdar edib həyatını qoruyur. Bəhramın hiyləgər tədbiri, Xosrov adına vurduğu sikkələr Hürmüzü qəzəbləndirib oğlundan bədgüman edərək həbsə almaq fikrinə salanda hadisədən xəbər tutan Büzürgümid şahzadəni təhlükədən xəbərdar edir, əhvalatı ona söyləyib, hələlik, paytaxtdan uzaqlaşmasını məsləhət görür.[26]

Xosrov hakimiyyət başına keçdikdən sonra, yenə də Büzürgümid onu zülmkürlıqdan, pis işlər görməkdən çəkindirir. O, tək Xosrovu deyil, bütün insanları xeyirxah olmağa, yaxşı işlər görməyə dəvət edir, yeri gəldikcə, tarixi sənəd və faktlara əsasən keçmiş hadisələrdən nümunələr göstərir. Xosrova daha dərin təsir göstərmək üçün, ona ilk yaradılışdan, əflakın sirrlərindən, səmadakı ulduzlardan, yer kürəsinin yaranmasından, dörd ünsürün meydana çıxmasından, cansız və canlı aləmdən, insanın xilqətindən, həyatın fəlsəfəsindən,ruhdan, ölümdən və sairdən dövrün bilik və məlumatı dairəsində "nüktə"lər söyləyir. Yaxşı addan başqa hər şeyin ötüb keçən olduğunu anladır.

Nizami Büzürgümidi alicənab, xeyirxah, hərtərəfli inkişaf etmiş, dünyagörmüş, bütün fikri və əməli müsbət bir müdrik insan kimi təsvir edib, səciyyələndirir. Bununla da, hökmdarlara yaxın olan adamları insanpərvərliyə, xayirxah olmağa, həqiqi insan olub, zülm və cinayətin qarşısını almağa, xeyir işlərə səbəb olmağa dəvət edir.

Tarixi

Nizami Gəncəvinin Azərbaycan atabəyi Qızıl Arslanla görüşü[27]

"Xosrov və Şirin" poeması 1180–1181-ci illərdə (hicri 576[28]) Nizami Gəncəvinin ölməz qələmi ilə ölməz bir eşq poemasına çevrilmiş və dünya mədəniyyəti xəzinəsini daha da zənginləşdirmişdir. 12112 misradan ibarət olan bu poema əruz vəzninin "həzəce-müsəddəse-məqsure-məxzuf" bəhrində yazılmışdır.

Şərq ədəbiyyatında "Xəmsə" (beşlik) adıyla məruf ədəbi silsilənin əsasını qoyan Nizami, əsərlərini müxtəlif dövrlərdə, müxtəlif hökmdarlara həsr etmişdir. Məsələn, Xosrov və Şirini III Toğrul, Məhəmməd Cahan PəhləvanQızıl Arslana, Leyla və Məcnunu Şirvanşah I Axsitana, Yeddi Gözəli Marağa hakimi Körpə Arslana, İsgəndərnaməni isə Əhər hakimi Nüsrətəddin Piştəginə ithaf etmişdir.[1]

Əsərin müqəddiməsində Allaha münacat və peyğəmbəri tərifdən sonra Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizin Nizamidən yeni, orijinal aşiqanə bir dastan yaratmaq barədə xahişi verilir. Cahan Pəhləvanın göndərdiyi qasid şairə belə söyləyir:

" “Dünya şahənşahı buyuruq verdi ki,
Gətir tarixlərdən bir yeni sevgi...

Üzünə firuzə qaş salsan da sən,
Süleyman səxası bizdən görərsən.” [29]

"

Cahan Pəhləvanın qasidi Nizamiyə vəd edir ki, onunla Sultan Mahmudun Firdovsi ilə etdiyi kimi yox, çox ləyaqətli bir tərzdə rəftar olunacaq, şair layiqincə mükafatlandırılacaqdır. Nizami, Gəncənin bir güşəsinə çəkilərək, yeni bir aşiqanə əsər yaratmağa söz verir, lakin xeyli müddət qəti qərara gələ bilmir ki, haradan başlasın, hansı eşq dastanını nəzmə çəksin. Şair düşünür ki, nədən başlasın ki, yazacağı dastanın səsi dünyanı tutsun, əsərinin şöhrəti cahanşümul olub, "dünyanı bəzəsin":

" “Hansı qapıdan mən girim, dürr saçım?
Hansı xəzinənin ağzını açım?

Nə zinət verim ki, dünya bəzənsin?
Nədən yapışım ki, el əhsən desin?” [29]

"
Nizami Gəncəvinin Xəmsəsi

Sirlər Xəzinəsi
Xosrov və Şirin
Leyli və Məcnun
Yeddi Gözəl
İsgəndərnamə

Şair çox düşünüb-araşdırdıqdan sonra qərinələrdən bəri şöhrəti hər yana yayılmış, hələ də, şifahi xalq dastanları şəklində xam material şəklində qalmış "Xosrov və Şirin" mövzusu əsasında mənzum bir əsər yaratmaq qərarına gəlir:

" “Məlum hekayədir bu “Xosrov Şirin”,

Dastan yoxdur, ancaq bu qədər Şirin.” [30]

"

O, pərdədə gizlənmiş bu gözəl gəlinin cazibəli çöhrəsindən niqabı götürüb, vüqarlı simasını hamıya göstərsin deyə, "Xosrov və Şirin" dastanını nəzmə çəkməyə başlayır. Şair üçün mövzu ətrafında tədqiqat materialı əldə etmək o qədər də asan deyildi. Yalnız, Bərdə şəhərində dastana aid yeganə bir əlyazma nüsxəsi mövcud idi. Nizami də əsasən bu nüsxədən istifadə etmişdir. Lakin, Nizami bu mənbənin harada, kim tərəfindən və hansı dildə qələmə alınmasını göstərməmişdir. Bu nüsxə haqqında o yalnızca aşağıdakı beyti söyləyir:

" “Tanıyan yoxdu, bu gözəl almazı,

Bərdədə var idi bir əlyazması.” [30]

"

Bu əlyazma ilə yanaşı,şair, ədəbi abidələrdən, şifahi xalq ədəbiyyatından da istifadə edərək işə başlamış, dərin məzmunlu bir əsər yaratmışdır.[31]

Elmi-tənqidi mətnləri

İranda "Xosrov və Şirin"in elmi tənqidi mətnini Vəhid Dəstgerdi hazırlayıb nəşr etdirmişdir.[32] Vəhid Dəstgerdinin tərtib etdiyi nüsxə otuz qədim və mötəbər əlyazmasının müqayisəsi nəticəsində ortaya çıxmışdır. Bu nüsxələr 1300–1689-cu illər arasında yazılmışdır. Bu və digər cəhətlərinə görə Vəhid Dəstgerdinin nəşr etdiyi nüsxə poemanın ən etibarlı nüsxələrindən biri hesab edilir.[33] Vəhid özünün tərtib etdiyi həmin nəşr haqqında belə bir fikir söyləyir:

" “ “Xosrov və Şirin” də “Məxzənül əsrar” kimi otuz ən qədim nüsxə əsasında təshih edilmişdir. Bu nüsxələrin yazılma tarixi 700 (1300-1301)-cü ildən 1100 (1688-1689)-cü hicri ilə qədərdir. Bir hərf və ya bir söz belə kimsənin zövq və səliqəsi ilə artırılıb əksildilməmişdir.” [34] "

Dəstgerdinin tərtib etdiyi nüsxədə poemanın misralarının sayı 12508-dir. Digər mühüm mənbə olan L. A. Xetaqurovun tərtib etdiyi nüsxədə[35] misraların sayı 12330-dur. Xetaqurovun tərtib etdiyi elmi-tənqidi mətn dünyanın məşhur kitabxanalarında saxlanılan on ən qədim, etibarlı nüsxə əsasında tərtib olunmuş, habelə Dəstgerdinin nəşrindən də istifadə edilərək dəqiqləşdirmələr aparılmışdır. Dəstgerdinin tərtib etdiyi nüsxə Xetaqurovun tərtib etdiyi nüsxədən 278 misra artıqdır.

Tədqiqi

Xosrov bəylik taxtında, 1648, Buxara məktəbi, M.Y. Saltıkov-Şedrin adına Kütləvi Dövlət Kitabxanası, Sankt-Peterburq

"Xosrov və Şirin" poeması Nizami Gəncəvi Xəmsəsinin ən maraqlı əsərlərindən biri olsa da, sırf bu əsərin tədqiqinə həsr edilmiş tədqiqatlar olduqca azdır. Bu sahədə Q. Beqdeli və Q. Əliyevin əsərləri xüsusi əhəmiyyətə malikdir. Yaxın və Orta Şərq alimlərinin "Xosrov və Şirin" poeması haqqında fikir və mülahizələrinə diqqət yetirildikdə, bu alimlərin hamısının öz tədqiqat işlərində konkret bir əsərdən deyil, bütünlükdə Nizami yaradıcılığından bəhs etmişlər. Buna görə də, onlar, Nizaminin poemaları, o cümlədən, "Xosrov və Şirin" haqqında yığcam mülahizələr irəli sürməklə kifayətlənib, əsərin geniş təhlili ilə məşğul olmamışlar. İran alimlərindən Vəhid Dəstgerdi ilk dəfə şairin əsərlərinin mükəmməl elmi-tənqidi mətnlərini hazırlayıb nəşr etdirmiş, həmçinin Nizami əsərlərində çətin anlaşılan sözlərin lüğətini tərtib etmişdir. Lakin, əsərlərin elmi təhlili ilə məşğul olmamışdır. İran alimlərindən Nizami əsərlərinin tədqiqinə xüsusi diqqət yetirəni "Əhvalo asare-qəsaedo qəzəliyyate-Nizami Gəncəvi" əsərinin müəllifi Səid Nəfisidir. Müəllif bu əsərində əsasən Nizaminin dövrü, əsərlərini kimə həsr etməsi haqqında fikirlər söyləsə də, şairin bütün poemalarının yığcam təhlilini də vermişdir. Səid Nəfisi əsasən "Xosrov və Şirin" poemasının əxlaqi-didaktik xüsusiyyətlərindən danışmış, siyasi-ictimai və fəlsəfi əhəmiyyətindən bəhs etmiş, lakin, obrazların təhlilinə diqqət yetirməmişdir.[36] Digər İran alimi, "Nizami şairi-dastansəra" əsərinin müəllifi Əli Əkbər Şəhabi şairin yaşadığı dövr və yaradıcılığı haqqında məlumat verməklə bərabər, sələfləri ilə müqayisədə Nizaminin əsərlərinin təhlili üzərində daha çox dayanıb, Xəmsənin bütün qəhrəmanlarının qısa səciyyəsini vermişdir.

Hindistan alimlərindən Şibli Nemani "Şerül Əcəm" adlı əsərində Nizaminin həyat və yaradıcılığı üzərində dayanıb, onun poeziyasını Şərq ədəbiyyatının ən gözəl zirvəzi adlandırır. O, Nizaminin "Xosrov və Şirin" poemasını Firdovsi "Şahnamə"sindəki "Xosrov və Şirin" əhvalatı ilə müqayisə edənlərin birtərəfli müddəalarını elmi bir tərzdə rədd edib, Firdovsinin epik bir dastan, Nizaminin isə, lirik-epik əsərlərin müəllifi olduğunu qeyd edir.[37]

1954-cü ildə Qahirədə Misir alimi Əbdül-Nəim Məhəmməd Həsəneynin "Nizami əl-Gəncəvi" adlı monoqrafiyası nəşr edilmişdir.[38] Əbdül-Nəim Məhəmməd Həsəneyn sələflərinə nisbətən "Xəmsə" haqqında daha geniş fikir söyləmiş, hər poema üzərində ayrıca dayanaraq, onların təhlilini vermişdir.

"Xosrov və Şirin" poeması haqqında fikir söyləyən Sovet alimlərindən Y. E. Bertels Nizami yaradıcılığı haqqında bir neçə tədqiqat əsərinin müəllifidir. Bertels özünün ayrı-ayrı əsərlərində "Xosrov və Şirin" poemasının ideya məzmunundan bəhs etmişdir. Bertels Xosrov, ŞirinFərhad obrazlarının əsas səciyyələri barədə çox yığcam fikir söyləyib, əsərin digər surətlərindən də qısa şəkildə bəhs etmişdir.[39][40] "Xosrov və Şirin" poemasının təhlilinə Sovet-Azərbaycan alimi M. Əlizadə daha geniş yer vermişdir. M. Əlizadə Firdovsi və Nizami əsərlərində məhəbbət məsələlərinin qoyuluşuna diqqət edərək, bəzi İran ədəbiyyatşünaslarının iddialarını rədd edib, Nizaminin "Xosrov və Şirin" poemasının ideya-bədii məziyyətlərindən danışır.[41]

Nizaminin "Xosrov və Şirin" poeması ətrafında aparılmış tədqiqat işləri içərisində Q. Y. Əliyevin əsəri daha əhəmiyyətlidir.[42] Burada müəllif mövzunun mənşəyi haqqında mənbələri və mülahizələri araşdırıb, onlara tarixi nəzər salmışdır. Özündən əvvəlki bütün tədqiqatçılardan fərqli olaraq, Q.Y. Əliyev Nizamiyə qədər Xosrov və Şirin əfsanəsinin inkişafını ətraflı surətdə işıqlandıran fəsil işləmişdir. Q.Y. Əliyevin tədqiqatında ən maraqlı fəsillərdən biri "Xosrov və Şirin"in təhlilinə həsr edilmiş hissədir. Burada o, Nizaminin dünya ədəbiyyatına bəxş etdiyi ilk böyük məhəbbət dastanı, onun əsas ideya motivləri, obraz və qəhrəmanları yığcam şəkildə işıqlandırılmışdır. Müəllif bu fəsildə bir sıra nadir mənbələrdən istifadə etmiş, əhəmiyyətli müqayisələr aparmış, Xosrov və Şirin problemi ətrafında mülahizələrin tənqidini verərək orijinal fikirlər irəli sürmüşdür.

"Xosrov və Şirin" və "Şahnamə"

Hələ Nizamidən çox qabaq "Xosrov və Şirin" dastanını ilk dəfə Firdovsi (X əsr) "Şahnamə"nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla "Xosrov və Şirin" dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə "Xosrov və Şirin" mövzusunda məsnəvi yazmışdır. Nizami özü də əsərin müqəddiməsində Firdovsi "Şahnamə"sinə işarə edir. Orada Firdovsi tərəfindən yalnız məsələnin tarixi cəhətinə fikir verildiyini söyləyir:

" “Söylərkən o həkim bu xoş dastanı,

Çıxardıb içindən eşqi-fəqanı.
Altmış yaşındaydı yazarkən bunu,
Saxlaya bilmirdi yayda oxunu.
Altmışda sevginin, eşqin, həyəcanı,
Titrədə bilmədi yorğun qocanı...
Eşqin hekayəsi cəzb etdi məni,
Həsr eylədim eşqə bu hekayəni.” [43]

"

Müasir İran ədəbiyyatşünaslarından Bədiüzzaman Fruzanfər Əli Əkbər Deyhimi, Cəlaləddin Humai İsfahani Nizamini təqlidçi kimi qələmə vermişlər. Onların fikrincə, Nizmi "Xosrov və Şirin", "Yeddi gözəl" və "İskəndərnamə" əsərlərinin mövzusunu "Şahnamə"dən götürüb, Firdovsini təqlid edərək, bir növ ona nəzirə yazmışdır.[44]

Q. Beqdeli qeyd edir ki, hər iki şairin əsərlərini müqayisə etdikdə, bu kimi iddiaların yersiz olduğu meydana çıxır.[45] Y. E. Bertels bu iddialara cavab verərək deyir: "Nizami özünü davamçı deyil, ilk təşəbbüsçü elan edir. Onun üslubu şairin rəyincə, özünəməxsus bir üslub olub, ona qədər heç kim tərəfindən işlənməmişdir."[46] O, Nizami və Firdovsinin əsərlərini müqayisə edərək yazır: "Əslində Nizami Firdovsidəki əhvalatın heç bir detalını təkrar etməyib, bütün diqqətini Xosrovla Şirinin qarşılıqlı münasibətləri ətrafında mərkəzləşdirir."[47] İ. Pizzi isə qeyd edir ki, "Nizami ola bilsin ki, "Şahnamə"ni oxumuşdu, lakin, onun qəlbi epik olmaqdan daha çox lirik olmuşdu."[48]

Sovet-Azərbaycan şərqşünası Həmid Araslı bu haqqda yazır: "Doğrudan da, Firdovsi Xosrovun həyatının əsasən müharibədə keçən dövrünü özünəməxsus şahnaməçilik üslubunda canlandırıb, onu Sasani tarixinə aid bir hökmdar kimi qələmə almışdır. Nizami isə məhəbbət mövzusunu seçərək, Xosrovun şahlığını deyil, onun daxili aləmini, mənəvi təkmilləşmə prosesini təsvir etməyi əsas götürmüşdür."[49] M. A. Dadaşzadə Firdovsi ilə Nizami arasında əlaqəni, onların ədəbi irsinə olan münasibəti araşdıraraq, bu fikrə gəlir ki, "Nizami "Şahnamə" müəllifindən öyrənirdi, lakin bir sənətkar kimi onu təkrar etmirdi."[50] Ə. Mübariz "Azərbaycan dəbiyyatı tarixi"nin "Nizami Gəncəvi" bölməsində yazır: "Nizami təqlidçi və nəzirəçi olmamışdır…O, ölməz "Şahnamə" müəllifinin dühasına və yaradıcılıq irsinə böyük hörmət bəsləmiş,…lakin əsərlərinin heç birisini Nizami, təsir nəticəsi olaraq qələmə almamışdır."[51]

"Xosrov və Şirin""Veys və Ramin"

Bəzi tədqiqatçıların fikrincə Nizami Gəncəvi "Xosrov və Şirin]"i Fəxrəddin Əsəd Gurganinin "Veys və Ramin" poemasının müstəqim təsiri altında yazmışdır.[2][3]

İran alimi Səid Nəfisi Nizaminin "Xosrov və Şirin" əsəri ilə F. Gurganinin "Veys və Ramin" poemasını müqayisə edərkən söyləmişdir ki, bu iki mənzum dastan eşq macərasına həsr edilib, həzəc bəhrində yazılmış olsa da, eşq və məhəbbətin məhfumu etibarilə sözün əsil mənasında öz məzmununun səciyyəsi və qayəsi, şeriyyət və sənətkarlıq xüsusiyyətləri etibarilə kökündən bir-birinə zidd olub, müxtəlif düşüncə və təfəkkürün məhsulu olan ayrı-ayrı əsərlərdir.[52]

Görkəmli Sovet şərqşünaslarından A.N.Boldıryev isə bu fikirdədir ki, Nizami "Veys və Ramin" əsərini yaxşı bilirdi. Onun "Xosrov və Şirin" poemasının bəzi epizodları isə, şübhəsiz ki, "Veys və Ramin" əsasında qurulmuşdur.[53] M.İ.Zand isə yazır: "Romantik eposun ilk abidələrindən ən maraqlısı, şübhəsiz ki, Fəxrəddin Gurganinin "Veys və Ramin" poemasıdır. Bu əsər sonrakı romantik poeziyanın inkişafına, o cümlədən Nizaminin yaradıcılığına böyük təsir göstərmişdir."[54]

Azərbaycan alimi Q. Beqdeli isə yazır: "Nizaminin "Xosrov və Şirin" əsəri bəzi epizodlar və tarixi hadisələr etibarilə Fordovsi "Şahnamə"si ilə, süjet və kompozisiya cəhətdən isə Gurganinin "Veys və Ramin" poemasındakı iki-üç epizodla səsləşir. Aydındır ki, heç bir şairin əsəri şifahi və yazılı ədəbi ənənələrdən təcrid olunmuş halda yaranmamışdır. Nizami də öz yaradıcılığının formalaşmasında və kamilləşməsində özündən əvvəlki Şərq şerinin nailiyyətlərindən, böyük sənətkarların bədii təcrübəsindən və şifahi xalq yaradıcılığı ənənələrindən bacarıqla istifadə etmişdir. Lakin, bəzi tədqiqatçıların, Nizaminin "Xosrov və Şirin"ini Firdovsinin "Şahnamə"sinin bir hissəsinin təkrarı və ya Gurganinin "Veys və Ramin"inin təsiri ilə yazılmış bir əsər kimi qələmə verməkləri, əlbəttə ki, səhv yanaşmadır."[55]

İran alimi Məhəmməd Cəfər Məhcub deyir ki, "Fəxrəddin Gurganinin "Veys və Ramin" poeması üçün seçdiyi vəzn çox bəyənilmişdir. Belə ki, aşiqanə məsnəvi yazan şairlərin ən şöhrətlisi, "Xosrov və Şirin"in müəllifi Nizami Gəncəvi də onun vəznini və bəzi tərkib hissələrini təqlid etmişdir."[56] Məhəmməd Cəfər Məhcubun fikrincə, "Veys və Ramin"də Raminin Guraba gedib Gülə aşiq olması, onunla evlənməsi, sonra da gülü buraxıb əsl məşuqəsi olan Veysin sorağına Mərvə qayıtması əlavə bir hissədir ki, F. Gurgani öz əsərinə artırmışdır. Nizaminin "Xosrov və Şirin" poemasında Xosrovun İsfahana gedib Şəkərlə evlənməsi, daha sonra isə onu buraxıb Şirinin yanına qayıtması F. Gurganinin təqlidi nəticəsində meydana çıxmışdır.[57]

Əli Əkbər Şəhabi isə yazır: "Qəhrəmanları aşiq Ramin və məşuqə Veys olan bu məsnəvidə Nizaminin "Xosrov və Şirin" əsərinin əksinə aşiq və məşuqənin heç birində həqiqi eşq və insani səciyyədən bir iz də yoxdur. Məhz buna görə də, Nizami öz dastanında hər şerdə Şirinin iffət, namus və sədaqətindən danışanda Veysi məzəmmət edir. Onun əri ola-ola əyyaşlığa qurşanıb özünü başqasının ixtiyarına verməsini pisləyir."[58]

Vəhid Dəstgerdi bu iki əsəri müqayisə edərkən qeyd edir ki, "Nizamidən xeyli qabaq Fəxrəddin Gurgani "Veys və Ramin" əsərini nəzmə çəkmişdir. Ancaq bu əsər "Xosrov və Şirin" bərabərində o qədər kiçik, o qədər zəifdir ki, ruzigarın nəzərində tamamilə unudulmuş, quruca adı qalmışdır. Həqiqətdə isə, Yəmən əqiqi qarşısındakı atəşböcəyinə və günəş müqabilindəki bir qarı çırağına bənzər."[59]

"Xosrov və Şirin""Yusif və Züleyxa"

"Yusif və Züleyxa" dastanı "Xosrov və Şirin" dastanından çox qabaq yaranmışdır və onun daha qədim kökləri vardır. Buna görə də, hər nə qədər Cami Nizaminin təsiri ilə yazsa da, onun məsnəvisi "Xosrov və Şirin" poemasından tamamilə fərqlidir. Lakin mövzuların mənşə və mahiyyət etibarilə başqa-başqa olmasına baxmayaraq, Nizaminin "Xosrov və Şirin"i "Yusif və Züleyxa"nı yaratmaqda Camiyə çox dərin təsir göstərmişdir.

"Xosrov və Şirin" poemasında Xosrov didərgin olur. O, atasından qorxub Azərbaycana, ordan da Ərmənzəminə qaçır. Yusifi isə atasından qaçırırlar. Nizami Xosrovu bir şahzadə kimi Azərbaycana çatdırır, Cami isə Yusifi bir kölə kimi Misirə çatdırır. Nizami Şirini birinci dəfə Mədainə getdikdə yolda çeşmədə çimdiyi, Xosrovla orda rastlaşdığı halda, Caminin Yusifi Nil çayında çimib, sonra Züleyxa ilə görüşür.

"Yusif və Züleyxa" əsərində Züleyxanın xarakteri Şirinin əksinə olduğu kimi, Yusifin də xarakteri tamamilə Xosrovun əksinədir. Xosrov zövqü-səfa düşkünüdür. Yusif isə ondan qat-qat nəcib və təmizdir. Xosrovun yaramaz tələbləri qarşısında ağıllı Şirin təslim olmur. Lakin, Züleyxanın Yusifi kam almağa məcbur etməsi, Yusif buna razı olmayıb uzaqlaşmaq istədikdə arxadan onun köynəyini yırtması Züleyxanın iradəsinin zəif olduğunu göstərir. "Xosrov və Şirin"də Şirin sənətkarları toplayıb öz zövqünə uyğun bir qəsr tikdirir. Cami əsərində də həmin iş Züleyxa tərəfindən təkrar olunur.[60]

Nizami Şirini ilə Caminin Züleyxasının digər fərqi bir də burasındadır ki, Nizami Şirin obrazında qadını yüksəldir, ona ehtiramla baxır, şəxsiyyət və mənliyini layiqincə təsvir edir. Cami isə bəzən qadını kişidən alçaq saymış, "kişi də qadının sözünə inanar?"[61] demişdir.

Q. Beqdeli qeyd edir ki, hər iki şairin əsərlərini müqayisə etdikdə, bu kimi iddiaların yersiz olduğu meydana çıxır.[45] Y. E. Bertels bu iddialara cavab verərək deyir: "Nizami özünü davamçı deyil, ilk təşəbbüsçü elan edir. Onun üslubu şairin rəyincə, özünəməxsus bir üslub olub, ona qədər heç kim tərəfindən işlənməmişdir."[46] O, Nizami və Firdovsinin əsərlərini müqayisə edərək yazır: "Əslində Nizami Firdovsidəki əhvalatın heç bir detalını təkrar etməyib, bütün diqqətini Xosrovla Şirinin qarşılıqlı münasibətləri ətrafında mərkəzləşdirir."[47] İ. Pizzi isə qeyd edir ki, "Nizami ola bilsin ki, "Şahnamə"ni oxumuşdu, lakin, onun qəlbi epik olmaqdan daha çox lirik olmuşdu."[48]

Sovet-Azərbaycan şərqşünası Həmid Araslı bu haqqda yazır: "Doğrudan da, Firdovsi Xosrovun həyatının əsasən müharibədə keçən dövrünü özünəməxsus şahnaməçilik üslubunda canlandırıb, onu Sasani tarixinə aid bir hökmdar kimi qələmə almışdır. Nizami isə məhəbbət mövzusunu seçərək, Xosrovun şahlığını deyil, onun daxili aləmini, mənəvi təkmilləşmə prosesini təsvir etməyi əsas götürmüşdür."[49] M. A. Dadaşzadə Firdovsi ilə Nizami arasında əlaqəni, onların ədəbi irsinə olan münasibəti araşdıraraq, bu fikrə gəlir ki, "Nizami "Şahnamə" müəllifindən öyrənirdi, lakin bir sənətkar kimi onu təkrar etmirdi."[50] Ə. Mübariz "Azərbaycan ədəbiyyatı tarixi"nin "Nizami Gəncəvi" bölməsində yazır: "Nizami təqlidçi və nəzirəçi olmamışdır…O, ölməz "Şahnamə" müəllifinin dühasına və yaradıcılıq irsinə böyük hörmət bəsləmiş,…lakin əsərlərinin heç birisini Nizami, təsir nəticəsi olaraq qələmə almamışdır."[51]

"Xosrov və Şirin""Leyli və Məcnun"

"Xosrov və Şirin"dən bəhs edən bütün alimlər təsdiq edirlər ki, Şirin məhəbbət simvoludur.[62] Şair bu obrazın qarşısında Xosrov kimi şəhvət düşgünü, ədalətsiz, xain, mənsəbpərəst, xalqdan uzaq və daha bir sıra əxlaqi xüsusiyyətlərə malik bir şahı mənəvi cəhətdən dəyişdirmək, onu ideallaşdırmaq kimi çətin və mürəkkəb bir vəzifə qoymuşdur. Şirinin bu vəzifəni yerinə yetirməsi üçün əsas silahı, cismani və mənəvi gözəlliyi ilə bərbər həm də saf və tükənməz məhəbbətidir. Nizami, Şirin obrazı ilə mənəvi saflığı, sədaqəti, insanpərvərliyi Xosrov surətində əxlaqi çirkinliyə, pozğunluğa, xəyanətkarlığa və ədalətsizliyə qarşı qoyur.[62] Şirin Xosrovun eşqilə yaşayıb hakimiyyətdən, taxt-tacdan əl çəkir. Onun idealı Xosrovdur. Yalnız şəhvani hisslərlə yaşayan Xosrovun əsas idealı isə səltənətidir, taxt-tacıdır. O, hakimiyyəti ələ almaq, taxt-taca sahib olmaq üçün hər cür alçaq sifətlərə girir. Ancaq Şirin, Xosrova çatmaq üçün hakimiyyətdən imtina edir.[62]

Şirinin saf məhəbbəti mənfi sifətlərə malik Xosrovu büsbütün dəyişir, onu Nizaminin idealına çevirir. Əsərin sonunda Xosrov da eşq və insanlığın nə olduğunu dərk etdikdə səltənəti, taxt-tacı atır və Şirinlə kam almaq üçün sakit bir yer axtarır. "Xosrov və Şirin"də məhəbbətin bu cahanşümul qələbəsini müşahidə edən Nizami "Leyli və Məcnun"da onun qarşısında daha böyük bir vəzifə qoyur. Üçüncü məsnəvisində şair Leyli ilə Qeysin eşqilə bütöv bir cəmiyyəti tərbiyə etməyə çalışır. Nizami burada məhəbbətin təsiri ilə cəmiyyətdəki bədxahlığı, zülmü, ədalətsizliyi, mənsəbpərəstliyi, mülki bərabərsizliyi islah etmək, onda insanpərvərlik, mərdlik, doğruluq kimi sifətləri aşılamaq istəmişdir. "Leyli və Məcnun"da əsas konflikt şəxsiyyətlə cəmiyyət arasında meydana gələrək, getdikcə mürəkkəbləşir və bunun nəticəsində məhəbbət ideyası ictimai məzmun kəsb edir ki, bu xüsusiyyəti biz "Xosrov və Şirin"də görmürük.[63] Şəxsiyyətlə cəmiyyət arasındakı konfliktin inkişafı məhəbbətin ideya-məzmun dairəsini genişləndirir. Belə ki, Nizaminin yalnız bu əsərində məhəbbət ağlın sərbəstliyi, könül arzularının azadlığı, mülki və mənəvi bərabərlik kimi tələbləri qarşıya qoyur.[63]

"Xosrov və Şirin"ə nisbətən "Leyli və Məcnun"da məhəbbət ideyası məzmunca daha vüsətli olub çoxcəhətli fikri-fəlsəfi məna kəsb edir. Poemada məhəbbət insanın mənəvi, təbii-hissi ehtiyacı olmaqla bərabər, həm də tərbiyə və mübarizə vasitəsidir. Nizami bu əsərində eşqi cəhalətə, ictimai zülmə, mənəvi hüquqsuzluğa, ədalətsizliyə qarşı əsil mübarizə silahına çevrilir. Beləliklə, Nizami, "Xosrov və Şirin"lə müqayisədə "Leyli və Məcnun"da fərdilikdən tədricən ümumiliyə doğru getmişdir.[64]

"Leyli və Məcnun"da Nizami öz ideyalarını tərənnüm etmək üçün tamamilə yeni bir şəraitə malik olur. O, burada saray həyatından uzaqlaşır və kütləyə, ictimai həyatın daha ziddiyyətli sahələrinə yaxınlaşmağa imkan tapır.[64] Şair əgər o biri əsərlərində ədalətli şah vasitəsilə ictimai həyata təsir etmək üçün saray həyatına müraciət edirdisə, burada əksin, həyatın özündən saraya nüfuz etməyə çalışır. O, məhz ilk dəfə "Leyli və Məcnun"da özünün böyük bəşəri ideallarını birbaşa cəmiyyətin içində həyata keçirməyi qarşısına məqsəd qoyur. Şairin bu ideallarını adi qəbilə başçısının övladları – ideal aşiq Məcnun və Leyli həyata keçirməlidirlər. Xosrov və Bəhram isə saray həyarı ilə məhdudlaşdıqlarına görə, cəmiyyətə və cəmiyyət işlərinə girişə bilmirdilər.[65]

Tərcümələri

Xarəzminin tərcüməsi

XIV əsrin ortalarında yaşamış Qızıl Orda şairi Qütb Xarəzmi təxminən 1341–1342-ci ildə Nizaminin "Xosrov və Şirin" əsərini çığatay dilinə çevirən ilk türk şairi olmuşdur. Qütbütün tərcüməsi haqqında 1921-ci ildə fransız alimi Jan Deni "Grammaire de la lanque turque" adlı əsərində[66] ilk dəfə fikir söyləmişdir. Jan Deni bu poemanın Nizami Gəncəvi tərəfindən fars dilində nəzmə çəkilməsi və Qütb Xarəzmi tərəfindən "şərq türkcəsinə" (cığatay dilinə) çevrilməsindən bəhs etmiş, əsər haqqında yığcam məlumat vermişdir. 1958-ci ildə Polşa alimi prof. A. Zayançkovski 238 səhifədən ibarət həmin Paris nüsxəsinin foto surətini Varşavada nəşr etdirmişdir.

Qütb Nizaminin əsərini tərcümə edərkən bəzi tərcümələrə yol vermişdir. Lakin, Qütb tərcüməsində əmələ gələn ixtisarlar əsas etibarilə bəzi başlıqlar altında gedən parçaların bütövlükdə tərcümə edilməsindən meydana çıxmışdır. Xüsusən Qütb, əsərin ikinci hissəsindən sonra buna daha artıq yol vermişdir. O, Xosrovla Şirinin məktublarının yalnız bir hissəsini tərcümə etmişdir. Qəsri Şirindəki son görüş əhvalatını çox ixtisarla tərcümə etmiş, sual-cavabların bir neçəsini nəzərdən qaçırmış, əsərin sonunda verilmiş bir çox məsələlərin tərcüməsini lazım bilməmişdir. Qütb, orijinalın poemaya birbaşa aid olmayan parçalarını da tərcümə etməmişdir. Nəticədə, Qütbün tərcüməsində poemanın həcmi ¼ — ə qədərinin ixtisar edilməsinə səbəb olmuşdur.[67]

Q. Beqdeli qeyd edir ki, "Qütb tərcüməsi kifayət qədər dəqiq, gözəl və xoşagələndir."[68] Şair, orijinalda olduğu kimi, az sözlə, qısa, konkret ifadə ilə dərin məzmun verməyə müvəffəq olmuşdur. Bu məziyyət bütün əsər boyu gözə çarpır. Əgər bəzi tərcüməçilər orijinalın bir misrasını iki misrada verərək çevirdiyi əsərin həcmini süni surətdə şişirtmiş, yaxud da məzmunu və misranın tərcüməsini tamamilə ifadə edə bilməmişdirsə, Qütb çalışmışdır ki, hər misranı bir misrada, özü də orijinalda olduğu kimi yığcam və bədii şəkildə versin. Çox nadir hallarda o, orijinalın bir misrasını iki misrada tərcümə etmişdir.

Şeyxinin tərcüməsi

Türk ədəbiyyatında "Xosrov və Şirin" mövzusu ilk dəfə XV əsrin məşhur şairi, gərmiyanlı Yusif Sinan Şeyxi (1422) tərəfindən işlənilmişdir. Şeyxi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasını fars dilindən türk dilinə tərcümə etmişdir. Şeyxinin bu tərcüməsi "Xosrov və Şirin" mövzusunun türk ədəbiyyatında yayılması üçün gözəl şərait yaratmışdır. Şeyxidən sonra yetişən türk şairləri onun təsiri ilə Nizami ənənəsini özlərinə məxsus şəkildə davam etdirmişlər. Lakin türk ədəbiyyatında bu mövzuya həsr edilmiş əsərlərin çoxu müstəqil əsər olmamaqla, Nizaminin və Hatifinin əsərinin tərcüməsidir.[69]

Faruk K. Timurtaşın verdiyi məlumata görə, Şeyxinin əsəri 6944 beytdən ibarətdir. Lakin, "İslam Ensiklopediyası" bu rəqəmi 6370 qeyd edərək, onun yalnız 1979 beytini eynən Nizamidən tərcümə, və qalanını (4391 beyti) isə orijinal nəzmə çəkilən "Xosrov və Şirin" poeması adlandırmışdır.[70] Fevziyyə Əbdüllah isə əsərin həcminin 6370 beyt olduğunu göstərir. Polşa alimi A. Zayançkovski bu məsnəvinin Parisdə saxlanan əlyazma nüsxəsinin foto-surətini 1963-cü ildə Varşavada nəşr etdirmişdir ki, həmin nüsxədə toplanmış beytlərin sayı 7098-dir. Lakin, bunu da qeyd etmək lazımdır ki, Şeyxinin tərcüməsi haqqında verilən bu rəqəmlər Xosrovun Şirinlə evlənməsinə qədərki hadisələrdən ibarətdir. Halbuki, Nizaminin "Xosrov və Şirin" əsərində Xosrovun Şirinlə evlənməsinə qədərki hissə ancaq 5194 beyt təşkil edir. "İslam Ensiklopediyası"nda orijinal kimi göstərilmiş 4391 miqdarındakı beytlərdə heç vaxt tamamilə Nizami mövzusundan kənar mühüm bir hadisə və mətləb verilməmişdir. Şair burada Nizami əsərini sətri yox, öz sözləri ilə tərcümə etmişdir. Bəzən də əsərdə kiçik dəyişiklərə yol vermişdir.[71]

Müasir dövr

Xosrov və Şirin qızların söylədiyi əfsanələri dinləyərkən
1648, Buxara məktəbi,
M.Y. Saltıkov-Şedrin adına
Kütləvi Dövlət Kitabxanası,
Sankt-Peterburq
Ağa Mirək (bax), 1539-1543, Təbriz məktəbi, Britaniya kitabxanası, London

1940-cı ildən etibarən Nizaminin əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasına başlanıldı. Nizaminin ən mühüm əsərlərindən biri olan "Xosrov və Şirin" mənzum romanının azacıq ixtisarla mənsur tərcüməsi (Əvəz Sadıqovun tərcüməsində) daha tez hazırlandı və bu tərcümə eyni adla ilk dəfə "Xosrov və Şirin" adı ilə 1941-ci ildə "Azərnəşr" tərəfindən çap olundu. Bu sadəcə sətri yox, mənsur roman şəklinə salınmış bir tərcümədir. Bu tərcümədə Əvəz Sadıqov bəzi mürəkkəb obrazları ixtisar etmiş, bununla da poemanın tərcüməsində müəyyən dərəcədə sərbəstliyə yol vermiş, onu hekayə şəklinə salmışdır.[72]

"Xosrov və Şirin"in Azərbaycan dilinə poetik tərcüməsi Rəsul Rzaya tapşırılmış, əsəri fars dilindən Səid Mirqasımov sətri tərcümə etmişdir. Şair Rəsul Rza həmin sətri tərcümə əsasında poemanı Azərbaycan dilində nəzmə çəkib, 1947-ci ildə ilk dəfə olaraq azərbaycandilli oxucuya çatdırmışdır. Əsər əruz yox, heca vəznində nəzmə çəkilmişdir. Tərcümə elmi-tənqidi mətn yox, əldə edilən adi bir nüsxə əsasında olduğuna görə, burda bir sıra təhriflərə və ilhaqlara da yol verilmişdi. Əsrlər boyu katiblər tərəfindən baş verən xətalar da tərcüməyə daxil edilmişdir. Əsər yubiley tədbirləri münasibətiylə tələsik hazırlandığından, burada külli miqdarda səhv tərcümələrə, ciddi təhriflərə də yol verilmişdir. Bəzən də orijinalın bir misrası iki, yaxud üç misrada tərcümə edilmişdir ki, bu da əsərin həcminin artmasına səbəb olmuşdur.

Bu nöqsanlar alimlərin, eləcə də oxucuların diqqətini cəlb etdi və yenidən dəqiq sətri tərcümənin hazırlanması Qulaməli Beqdeliyə tapşırıldı. Beqdeli, Lev Aleksandroviç Xetaqurov tərəfindən hazırlanmış elmi-tənqidi mətn əsasında tərcüməni diqqətlə yoxlayıb, əsərin yeni sətri tərcüməsini hazırlamışdır. Səid Mirqasımovun düzgün tərcümə etdiyi misralar isə olduğu kimi saxlanmışdır. Şair Rəsul Rzanın yenidən nəzmə çəkdiyi bu əsər iki mütərcimin (Səid Mirqasımov və Qulamhüseyn Beqdelinin) adı ilə çapa təqdim edilmişdir.[73] Nizamişünas Həmid Araslı bu tərcüməni qiymətləndirərkən qeyd edir ki, "bu tərcümə orijinala ən yaxın, bədii cəhətdən də qüvvətli və mükəmməl tərcümədir."[74]

Əsər fransız dilində Anri Massenin (Henri Massé) tərcüməsində 1970-ci ildə, alman dilində isə İohann Kristof Bürgelin (J.C. Bürgel) tərcüməsində 1980-ci ildə nəşr edilmişdir. "Xosrov və Şirin"dən bəzi parçalar ilk dəfə Y. Dunayevskinin tərcüməsində rus dilində 1920–1930-cu illərdə nəşr edilib. Daha sonra əsərdən bəzi hissələrin Q. V. Ptiçın, A. Korsun, İ. Oratovskiy tərəfindən rus dilinə edilmiş tərcümələri "Literaturniy Azerbaydjan" (rus. Литературный Азербайджан), "Oktyabr" (rus. Октябрь), "Drujba narodov" (rus. Дружба народов) və "Zvesda" (rus. Звезда) jurnallarında nəşr edilmişdi. Əsərin tam mətni rus dilində ilk dəfə 1947-ci ildə K. Lipskerovun tərcüməsində nəşr olunmuşdur. Əsəri rus dilinə nəsrlə M.N. Osmanov çevirmiş və bu tərcümə 1939–1940-cı illərdə nəşr olunmuşdur.

Təsirləri

Ədəbiyyatda

Nizami Gəncəvinin "Xəmsə"si hələ şairin özünün sağlığında böyük sevgi qazanaraq insanlar tərəfindən müsbət qəbul edilmiş, "Xəmsə" toplusuna daxil olan əsərlər, müxtəlif dövrlərdə, müxtəlif millətlərdən olan və müxtəlif dillərdə yaradan yüzdən artıq şairin ilham mənbəyinə çevrilərək, yeni ədəbi əsərlərin ortaya çıxmasına və Nizaminin əsərlərində qoyduğu mövzuların yenidən işlənməsinə, məsələlərə fərqli yanaşmaların sərgilənməsinə səbəb olmuşdur.

Nizaminin "Xosrov və Şirin"inin təsiri ilə əsər yazan ilk şairlərdən biri XII əsr Hindistan ədəbiyyatının ən məşhur nümayəndələrindən biri olan Əmir Xosrov Dehləvidir. Şair 1298-ci ildə tamamladığı "Şirin və Xosrov" poemasını birbaşa Nizami əsərinin təsiri ilə yazmışdır. O, poemanın müqəddiməsində özünün "Nizami xərməninin xuşəçini" olmasına işarə edir:

" “Mən də ondan bir neçə zinət götürüb,

Bu xəzinəmdə toplamaq istəyirəm.” [75]

"

Əmir Xosrov "Papaqçı hekayəsi"ndə əsərinin Nizaminin əsəri qədər qüvvətli olmayacağını qabaqcadan etiraf edərək yazır: "Onlar ki, mənim yazımı və keçmiş ustadın (Nizami Gəncəviyə işarədir[76]) füsünkar yazısını görüb oxuyacaqlar, mənim bu nəqdimin nə qədər naciz olmasını düşünüb bəlkə də mənə istehza edib deyəcəklər: bu əsər əsla ona bərabər deyil. Doğrudur, mən özüm də bunu etiraf edib qabaqcadan belə fikir və mülahizə söyləyənləri haqlı və üzürlü sayıram."[77]

Arif Ərdəbili "Fərhad və Şirin" əsərini Şirvanşah Huşəngə təqdim edir.

1369-cu ildə Azərbaycan şairi[78] Arif Ərdəbili Nizami poemasının təsiri ilə "Fərhadnamə" adlı poemasını yazmışdır.

1484-cü ildə özbək şairi Əlişir Nəvai Nizami əsərinin təsiri ilə özbək dilində "Fərhad və Şirin" əsərini yazmışdır. XV əsrdə, tacik şairi Hatifi tərəfindən yazılmış "Şirin və Xosrov" əsərinin məzmunu, tərkib hissələri, quruluşu təxminən Nizaminin "Xosrov və Şirin" məsnəvisində olduğu kimidir. Şair Nizaminin qoyduğu məsələləri bir növ ixtisara salıb, həm də onlarda öz zövq və səliqəsinə uyğun bəzi dəyişikliklər əmələ gətirmişdir.[79]

XVI əsrdə fars şairi Vəhşi Bafqi Nizami əsərinin təsiri ilə "Fərhad və Şirin" adlı əsər yazmağa başlamışdır. Lakin, şair poemanı tamamlaya bilmədən dünyasını dəyişmişdir. Vəhşinin vəfatından təxminən 250 il sonra, Vüsal Şirazi təxəllüsü ilə yazan Mirzə Şəfi Şirazi həmin əsəri tamamlamağı öhdəsinə götürmüşdür. Lakin, əcəl ona da imkan verməmiş, poema yenə yarımçıq qalmışdır. Vüsalın vəfatından bir neçə il sonra, Sabir Şirazi təxəllüslü bir şair əsəri tamamlamağı öz öhdəsinə götürmüşdür. O, Vəhşi və Vüsalın əsərinə 608 misra artırmaqla əsəri başa çatdırmışdır.

Vəhşi də, "Xosrov və Şirin" və "Fərhad və Şirin" poemalarının digər müəllifləri kimi böyük Nizamidən təsirlənmişdir. Hüseyin Nəxəi tərtib etdiyi "Divani-kamili-Vəhşi Bafqi"də ümumiyyətlə Vəhşinin Nizamidən təsirlənməsi haqqında yazır:

"O, "Fərhad və Şirin"i nəzmə çəkərək Nizaminin "Xosrov və Şirin"ini özünə nümunə götürüb., o gövhər dənizində üzmüşdür. Çox vaxt onun sözlərini, tərkib hissələrini, terminlərini, bəzən də bütövlükdə beytləri götürüb öz şerlərinə daxil etmişdir."[80]

Digər İran tədqiqatçısı Maziyar "Mahnameye-suxən" adlı əsərində Nizaminin "Xosrov və Şirin" mövzusunda yazan şairlərə, o cümlədən Vəhşi Bafqiyə təsiri barədə yazır:

"Nizamidən sonra bir çox şairlər onun ardınca getmiş, "Xosrov və Şirin" poemasındakı Fərhadın nakam eşqini yenidən qələmə almışlar. Ancaq, bu təqlidlərin heç biri orijinalın bərabərində rövnəq tapmamışdır. Təkcə, Vəhşinin natamam "Fərhad və Şirin"i özünün bəzi xüsusiyyətlərinə görə oxucuların zövqünü oxşamışdır."[81]

XVI əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi Kövsəri də Nizami poemasının təsiri ilə "Şirin və Fərhad" adlı poema yazmışdır. Şair fars dilində qələmə aldığı əsərin bir neçə yerində:

" “O ruhu şad olmuş Nizami

Əhvalatı bu sayaq qələmə almışdır.”

"

deyə özünün Nizami ardıcıllarından olduğunu bildirmək istəmişdir.

1898-ci ildə başqa bir Azərbaycan şairi İsmayıl bəy Nakam Nizami əsərinin təsiri ilə "Fərhad və Şirin" adlı poema yazmışdır. Poemanın müqəddiməsində şair,

" “Şeyx Nizami ki, süxən sazdır,
Bülbüli-qüds ilə həmavazdır...

Nə xoş irad qılmış bu kəlami,
Əleyhü rəhətü rəhman Nizami.” [82]

"

deyərək Nizami Gəncəvini xatırlayır, onun yaradıcılığına yüksək qiymət verir, özünü isə onun davamçısı adlandırır.

1940-cı ildə Azərbaycan şairi Mirmehdi Seyidzadə Nizami poemasının təsiri ilə FərhadŞirinin sevgisindən bəhs edən "Sevgi" adlı pyes yazmışdır. Ondan bir il sonra isə, Səməd Vurğun "Fərhad və Şirin" adlı başqa bir pyes yazmışdır.

1998-ci ildə türk yazıçısı Orxan Pamuk tərəfindən yazılmış "Mənim adım qırmızı" romanında Şəkurə və Qara obrazları arasında baş verən əsas hadisələr "Xosrov və Şirin" əhvalatı ilə səsləşir. Romanda "Xosrov" adı türk dilinə uyğunlaşdırılmış şəkildə "Hüsrev" formasında işlədilir.

Orta əsrlər miniatür sənətində

Əsrlər boyunca "Xosrov və Şirin" əsərinin əlyazma nüsxələrini bəzəyən Təbriz, Şiraz, Herat, İsfahan, Yəzd, Buaxara və digər şəhərlərdən olan miniatürçü-rəssamlar əsərin müxtəlif səhnələrini əks etdirən əsərlər yaratmışlar. Uzun müddət bu rəssamlar arasında "Xosrovun çimən Şirini görməsi", "Fərhadın Şirini xilas etməsi", "Xosrov və Şirinin qızların söylədiyi əfsanələri dinləməsi", "Xosrov və Şirin bəylik taxtında", "Xosrov və Şirin ov vaxtı", "Xosrov və Şirinin çövqan oynaması", "Xosrov və Fərhadın görüşü" kimi mövzular daha məşhur olmuşdur.

Ənənəvi olaraq ən çox təsvir edilən səhnələrdən biri "Xosrovun çimən Şirini görməsi" idi. Bu süjetə XV əsrdə Sultan Məhəmməd tərəfindən çəkilmiş miniatürdə (Britaniya kitabxanasında saxlanılır), 1479-cu ildə Behzad tərəfindən çəkilmiş miniatürdə (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır), 1481-ci ildə çəkilmiş Təbriz miniatüründə (Türkiyənin Bilkənd Universitetində saxlanılır), XVI əsrə aid Şiraz miniatüründə (Vaşinqtondakı Frir Sənət Qalereyasında saxlanılır), 1636-cı ilə aid Şiraz miniatüründə (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır), 1648-ci ilə aid Buxara miniatüründə (Sankt-Peterburqdakı Saltıkov-Şedrin adına Kütləvi Dövlət Kitabxanasında saxlanılır), XVIII əsrə aid Təbriz miniatüründə (Nyu-Yorkdakı Bruklin muzeyində saxlanılır) və bir sıra başqa miniatürlərdə rast gəlmək mümkündür.

Rəssamların diqqət yetirdikləri mövzular arasında ən çox yayılanlardan biri də "Fərhad və Şirinin görüşməsi" mövzusudur. Bu süjetə XV əsr Təbriz miniatüründə (Britaniya kitabxanasında saxlanılır), XV əsrə aid Herat miniatüründə (Moskvadakı Şərq Xalqları İncəsənəti Dövlət Muzeyində saxlanılır), XV əsrə aid Təbriz miniatüründə (Türkiyənin Bilkənd Universitetində saxlanılır), 1648-ci ilə aid Buxara miniatüründə (Sankt-Peterburqdakı Saltıkov-Şedrin adına Kütləvi Dövlət Kitabxanasında saxlanılır və başqa əlyazmalarda rast gəlmək olar.

Poemanın əlyazmalarına çəkilmiş bəzi miniatürlər
Büzürgümidin ulduz falı açması. 1491. Şiraz məktəbi. M.Y. Saltıkov-Şedrin adına Kütləvi Dövlət Kitabxanası, Sankt-Peterburq. Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi. 1439–1543. Təbriz məktəbi. Britaniya kitabxanası, London. Xosrovun çimən Şirini görməsi. 1648. Buxara məktəbi. M.Y. Saltıkov-Şedrin adına Kütləvi Dövlət Kitabxanası, Sankt-Peterburq. Fərhad Xosrovun qəbulunda. 1636. İsfahan məktəbi. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi , Bakı. Xosrov bəylik taxtında. 1648. Buxara məktəbi. M.Y. Saltıkov-Şedrin adına Kütləvi Dövlət Kitabxanası, Sankt-Peterburq.

Təsviri sənətdə

Təbriz xalçaçılıq məktəbinə aid olan və əsərin süjetlərinə əsaslanan "Fərhad və Şirin" adlı xalça vardır. XVII əsrə aid Şəkixanovların evinin zallarında divarların bəzədilməsində Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının süjeti əsasında çəkilmiş təsvirlərdən istifadə olunmuşdur.[83]

1949-cu ildə Bakıda ucaldılmış Nizami Gəncəvi heykəlinin postamentində quraşdırılmış, rəssam Qəzənfər Xalıqovun[84] eskizləri əsasında heykəltaraş A. Xryunov tərəfindən hazırlanmış barelyeflərdən biri də "Xosrov və Şirin" poemasına həsr olunmuşdur. Həmin barelyefdə Fərhadın Bisütun dağını yarması səhnəsindən istifadə edilmişdir.

1979-cu ildə[85] Azərbaycan rəssamı Mikayıl Abdullayevin rəsmləri əsasında Bakı metropoliteninin Nizami metrostansiyasının yeraltı zalında Nizami Gəncəvinin əsərləri mövzusunda[86][87] on səkkiz mozaika kompozisiyası işlənmişdir. Mozaik pannolardan üçü "Xosrov və Şirin" mövzusuna həsr edilmişdir və həmin mozaikalardan birində "Xosrovun çimən Şirini görməsi" səhnəsi təsvir edilmişdir.

Şairin Gəncə şəhərində yerləşən mavzoleyi[88] ətrafında yerləşən Xəmsə bağında Azərbaycan heykəltaraşı Qorxmaz Sucəddinov tərəfindən hazırlanmış 22 metr hündürlüyü olan çoxfiqurlu heykəl quraşdırılmışdır ki, bu heykəldə də mərkəzi fiqur kimi Nizami Gəncəvi, onun ətrafında isə "Xəmsə"nin qəhrəmanları təsvir olunmuşdur. Həmin fiqurlardan biri də, "Xosrov və Şirin" poemasının qəhrəmanı Fərhadın fiqurudur.

21 yanvar 2012-ci ildə[89] Gəncə şəhərinin Nizami prospektində yaradılmış "Xəmsə" hekəltəraşlıq kompozisiyasının açılışı olmuşdur. Kompozisiyaya daxil olan əsərlərdən biri də hündür postament üzərində ucaldılmış Bisütunu yaran Fərhadın heykəlidir.

Nizami Gəncəvinin Bakıdakı heykəlinin postamentində "Fərhad" barelyefi. Qəzənfər Xalıqovun eskizi əsasında A. Xryunov tərəfindən hazırlanıb, 1949 Gəncədə "Fərhad" heykəli. 2012 Bakının Nizami küçəsindəki yeraltı keçiddə "Xosrovun çimən Şirini görməsi" səhnəsinin təsvir edildiyi "Xosrov və Şirin" barelyefi "Xosrovun çimən Şirini görməsi". Bakının Nizami metrostansiyasında mozaik təsvir. Rəssam Mikayıl Abdullayev, 1979

Musiqidə

1910-cu ildə Aleksandr Oqenezaşvili və Mirzə Cəlal Yusifzadə Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması əsasında "Fərhad və Şirin" adlı opera yazmışlar və opera ilk dəfə 6 mart 1911-ci ildə Bakıda səhnələşdirilmişdir.[90][91]

1942-ci ildə Azərbaycan bəstəkarı və drijoru Niyazi Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması əsasında "Xosrov və Şirin" adlı opera yazmışdır.[92]

ABŞ müğənnisi Conatan Rixmanın ifa etdiyi "Shirin and Farhad" mahnısının mövzusu da Nizami əsərindən götürülmüşdür.[93]

Kinematoqrafiyada

"Xosrov və Şirin" Hindistan kinematoqrfaçıları tərəfindən beş dəfə ekranlaşdırılmışdır: 1926,[94] 1931,[95] 1945,[96] 1956[97] və 1975[98]-ci illərdə. 2008-ci ildə Abbas Kiarostaminin rejissorluğu ilə çəkilmiş "Şirin" adlı İran filminin mövzusu da "Xosrov və Şirin" dən götürülmüşdür.[99]

İstinadlar

  1. Əkbər N.Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından — XIV əsrə qədər). Bakı, "Qanun", 2010. səh.52.
  2. Müctəba Meynəvi, Vis və Ramin, "Söz" dərgisi, 6-cı il,nömrə 1, ; Fəxrəddin Əsəd Gurgani, Vis və Ramin Məhəmməd Cəfər Məhcubun səyi ilə, müqəddimə, 1959
  3. Dick Davis (January 6, 2005), "Vis o Rāmin", in: İranika Ensiklopediyası Online Edition. Accessed on 01 iyun 2014. Arxivləşdirilib 2014-02-21 at the Wayback Machine
  4. Nizami Gəncəvi _ Xosrov və Şirin, Bakı, 2006, səh. 89
  5. Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 76
  6. Низами – Хосров и Ширин, Предисловие М. Кулизаде, Баку, 1955, стр. 20
  7. H. Araslı – Nizami Gəncəvi, Azərbaycan ədəbiyyatı tarixi, L cild, Bakı, 1943, səh. 82
  8. Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 88
  9. Nizami-Xosrov və Şirin, Bakı, 1962, səh.89
  10. Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 89
  11. Nizami-Xosrov və Şirin, Bakı, 1962, səh. 210
  12. Nizami-Xosrov və Şirin, Bakı, 1962, səh. 292
  13. Nizami-xosrov və Şirin, Bakı, 1962, səh.89
  14. Nizami-xosrov və Şirin, Bakı, 1962, səh. 228
  15. Nizami-xosrov və Şirin, Bakı, 1962, səh. 258
  16. Nizami-Xosrov və Şirin, Bakı, 1962, səh. 288
  17. Nizami – Xosrov və Şirin, Bakı, 1962, səh.146
  18. Nizami – Xosrov və Şirin, Bakı, 1962, səh. 148
  19. Nizami – Xosrov və Şirin, Bakı, 1962, səh. 156
  20. Q. Beqdeli – Qədim Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 118
  21. Məhinbanunun əsl adı Şəmiradır (Səmira). Məhinbanu hökmdar xanımın ləqəbidir və “Böyük xanım” mənasını verir. Bu haqqda bax: Г. Ю. Алиев – Легенда о Хосрове и Ширин в литературах народов Востока, Москва, 1960, səh. 81-88
  22. Nizami – Xosrov və Şirin, Bakı, səh. 8
  23. Nizami – Xosrov və Şirin, Bakı, səh. 9
  24. "Qız tərbiyəsinin klassik kanonları: Məhinbanunun öyüdləri". Əbdül Əlizadə. Qadın psixologiyası. Bakı: Təhsil, 2015. — səh. 381–388.
  25. Nizami – Xosrov və Şirin, Bakı, 1962, səh. 33
  26. Nizami – Xosrov və Şirin, Bakı, 1962, səh. 61
  27. King Qizil Arslan Welcomes the Poet Nizami Arxivləşdirilib 2021-06-22 at the Wayback Machine, Khamsa of Nizami, Timurid period (1481), Walters manuscript W.604, Walters Art Museum
  28. Nizami – Xosrov və Şirin, Bakı, 1962, səh. 305

    "Beş yüz yetmiş altı keçdi hicrətdən
    Belə xal görmədim gözəllərdə mən."

  29. Nizami – Xosrov və Şirin, Bakı, 1962, səh. 11
  30. Nizami – Xosrov və Şirin, Bakı, 1962, səh.25
  31. Beqdeli, 38
  32. Vəhid nəşri, Tehran, 1313
  33. Beqdeli, 224–226
  34. Nizami Gəncəvi, Xosrov və Şirin yadigar və ərməğani Vəhid Dəstgerdi, Tehran, 1313, səh. 460
  35. Lev Aleksandroviç Xetaqurovun nəşri, Bakı, 1960
  36. Səid Nəfisi. Nizami Gəncəvi həyatı, əsərləri, , qəsidələri, qəzəlləri. Tehran , şəmsi 1338
  37. Şibli Numani. Əcəmi şeiri, şairlərin tarixi, İran ədəbiyyatı. ikinci çap. Tehran, 1335, şəmsi, s. 240–250
  38. Nizami Gəncəvi. Doktor Əbdülnəim Məhəmməd Hüseyn. Qahirə, 1373 h., 1954 m.
  39. Y. E. Bertels –Nizami. Həyatı və yaradıcılığı, Bakı, 1941
  40. Е. Э. Бертелс – Низами. Творческий путь поэта, М., 1956
  41. Azərbaycan ədəbiyyatı tarixi, I cild, Bakı, 1960, səh. 160.
  42. Г. Ю. Алиев – Легенда о Хосрове и Ширин в литературах народов Востока, Москва, 1960
  43. Nizami – Xosrov və Şirin, Bakı, 1962, səh.26
  44. Azərbaycan ədəbiyyatı tarixi, I cild, Bakı, 1960, səh. 132–134
  45. Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 69
  46. Y. E. Bertels, Nizami, II kitab, Bakı, 1940, səh. 48
  47. Y. E. Bertels, Nizami, II kitab, Bakı, 1940, səh. 110
  48. J. Pizzi – Storia della poesia persiana, II, səh. 194
  49. Nizami – Xosrov və Şirin, Bakı, 1962, müqəddimə, səh. V
  50. M. A. Dadaşzadə, Nizami, II kitab, Bakı, 1940, səh.79
  51. Azərbaycan ədəbiyyatı tarixi, I cild, Bakı, 1960, səh 135
  52. Nizami Gəncəvi həyatı, əsərləri, qəsidələri, qəzəlləri.. Ustad Səid Nəfisinin çalışması. Tehran, 1338, şəmsi , s. 128
  53. Низами, поэмы и стихотверения, Л., 1960, səh. 12
  54. М.И.Занд-Шесть веков славы, М., 1964, səh. 107
  55. Beqdeli, 53
  56. Fəxrəddin Gurgani, Vis və Ramin. Məhəmməd Cavad Məhcubun səyi ilə, Tehran 1959, səh. 92
  57. Fəxrəddin Gurgani, Vis və Ramin. Məhəmməd Cavad Məhcubun səyi ilə, Tehran 1959, səh. 94
  58. Əbu Əli Məhəmməd Beləminin Təbəri Tarixi tərcüməsi. Cəvad Məşkurun müqəddimə və qeydləri ilə. Tehran kitabxanasının nəşri, şəmsi 1337, s. 22–221
  59. Filosof Nizami Gəncəvi. Gəncənin kitab xəzinəsi. Ustad mərhum Vəhid Dəstəgərdinin redaktəsilə, Tehran, 1335, s. 47
  60. Beqdeli, səh. 176
  61. Cami — Yusif və Züleyxa, Bakı, 2004, səh. 257
  62. Sasanian, 1985. səh. 87
  63. Sasanian, 1985. səh. 88
  64. Sasanian, 1985. səh. 89
  65. Sasanian, 1985. səh. 90
  66. Gean Deni- Grammaire de la lanque turque, Paris, 1921, XXVIII s.
  67. Beqdeli, 227
  68. Beqdeli, 233
  69. İslam Ansiklopedisi, XXXV cüz, İstanbul, 1947, səh. 565
  70. İslam Ensiklopediyası, XXXV cüz, II cild, İstanbul, 1947, səh. 565
  71. Beqdeli, 272
  72. Nizami Gəncəvi – Xosrov və Şirin, mənsur tərcümə, Bakı, 1941, səh. 7
  73. Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 368
  74. Nizami – Xosrov və Şirin, Bakı, 1962, Həmid Araslının müqəddiməsi, səh. 18
  75. Əmir Xosrov Dehləvi – Şirin və Xosrov, M., 1961, səh. 33
  76. Q. Beqdeli – Şərq ədəbiyyatında "Xosrov və Şirin" mövzusu, Bakı, 1970, səh. 142
  77. Əmir Xosrov Dehləvi – Şirin və Xosrov, M., 1961, səh. 31
  78. Azərbaycan ədəbiyyatı tarixi, Bakı, 1960, səh.202
  79. Q. Beqdeli-Şərq ədəbiyyatında "Xosrov və Şirin" mövzusu, Bakı, Elm, 1970, səh. 182
  80. Vəhşi Bafqinin divanı, müqəddimə, səh. 102
  81. Vəhşi Bafqinin divanı, müqəddimə, səh. 545
  82. İsmayıl bəy Nakamın əsərindən gətirilən sitat Q. Beqdelinin “Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu” adlı monoqrafiyasından götürülmüşdür, Q. Beqdeli isə öz növbəsində şairin AMEA Əlyazmalar İnstitutunda M-40 inventar nömrəsi altında saxlanan Nakamın “Divanı”ına istinad etmişdir.
  83. Шәкихановларын еви / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. 10. — С. 505.
  84. Габибов Н. Д., Наджафов М. К. Искусство Советского Азербайджана. — М.: Искусство, 1960. — С. 132. — 198 с
  85. Абдуллаев Микаил Гусейн оглы // 225 лет Академии художеств СССР. Каталог выставки. — Изобразительное искусство, 1985. — Т. II. — С. 6.
  86. Эфендизаде Р. М. Архитектура Советского Азербайджана. — М.: Стройиздат, 1986. — С. 289. — 316 с.
  87. Габибов Н. Д. (живопись, театрально-декорационное искусство, графика), Новрузова Д. Г. (скульптура), Эфендиев Р. (декоративно-прикладное искусство), Саламзаде А., Мурадов В. (архитектура). Искусство Азербайджанской Советской Социалистической Республики // История искусства народов СССР / Под ред. Б. В. Веймарна, Л. С. Зингера. — Изобразительное искусство, 1984. — Т. IX. — С. 188.
  88. Алиева С. Он просил у судьбы времени Arxivləşdirilib 2014-01-10 at the Wayback Machine // Зеркало : газета. — 23 апреля 2010. — С. 8.
  89. Xəmsə Memarlıq Kompleksi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, gence.az
  90. Opera haqqında Arxivləşdirilib 2022-08-14 at the Wayback Machine, azerbaijans.com
  91. Azərbaycan operaları Arxivləşdirilib 2015-04-05 at the Wayback Machine, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
  92. Niyazi Tağızadə-Hacıbəyov "Xosrov və Şirin" Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine, musicmuseum.az
  93. "Jonathan Richman & The Modern Lovers — Shirin & Farhad". 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-03.
  94. Shirin Farhad (1926)Internet Movie Database saytında.
  95. Shirin Farhad (1931)Internet Movie Database saytında.
  96. Shirin Farhad (1945)Internet Movie Database saytında.
  97. Shirin Farhad (1956)Internet Movie Database saytında.
  98. Shirin Farhad (1975)Internet Movie Database saytında.
  99. Pulver, Andrew. "Film Review: Shirin". London: The Guardian. 2008-08-29. 2012-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-17. (#apostrophe_markup)

Ədəbiyyat

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.