Xorvatiya memarlığı

Xorvatiyanın memarlığı (xorv. Hrvatska arhitektura) — Cənub-şərqi Avropada müasir Xorvatiya dövləti ərazisində memarlığın inkişafı faktiki olaraq bizim eranın əvvəllərindən indiyə qədər olan dövrü əhatə edir və bu və ya digər dərəcədə bugünkü Xorvatiya ərazisinə tarixin müxtəlif dövrlərində nəzarət etmiş ölkə və xalqların çoxsaylı təsirlərinə məruz qalaraq Avropa memarlığının bütün inkişaf mərhələlərini keçib.

Split şəhərinin tarixi hissəsinin görünüşü. Dalmasiya, Xorvatiya və bütün Adriatik hövzəsinin "mirvarisi" adlanır. Şəhər YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilib.

Xorvatiya memarlığının xüsusiyyəti əhatə etdiyi ərazilərdə erkən və yüksək səviyyəli urbanizasiyadır. Bunu ölkə ərazisində əsası hələ antik və ya orta əsrlərdə qoyulmuş çoxlu sayda şəhərlərin olması da təsdiq edir. Şübhəsiz ki, Xorvatiya da memarlığın ən yüksək zirvəsi Dalmasiya Renessansı dövrüdür. Xorvat memarlığına Avstriya-Macarıstan imperiyası tərkibində olması da əhəmiyyətli dərəcədə təsir edib. Bu xorvat şəhərlərində istər avstriyalı, istərsə də imperiyada yaşayan digər millətlərin nümayəndələrindən olan memarların da işləməsinə də imkan vermişdir. Nəticədə bu Xorvatiyanın bir çox şəhərlərinin, o cümlədən də paytaxt Zaqrebin xarici görünüşünün formalaşmasına öz təsirini göstərmişdir. Xorvat dövlətinin yaradılması (qonşu cənub slavyan ölkələri ilə birgə formada) və tam müstəqilliyin əldə edilməsi (1991-ci ildə) də Xorvatiya memarlığının güclü inkişafı və müasirləşməsinə təkan vermişdir.[1]

Antik və orta əsrlər dövrü

Pulada Amfiteatr

Xorvatiya ərazisində Adriatik dənizi sahilləri boyunca möhkəmləndirilmiş məntəqələrin, çoxsaylı antik şəhərlərin, xüsusilə də Roma şəhərlərinin xarabalıqları qorunub saxlanılmışdır. Roma imperiyasından qalma antik abidələrə Pulada təsadüf edilir. Bu şəhərdə gözəl şəkildə qorunub saxlanılmış amfiteatr (e.ə. I əsr – eramızın I əsri), Sergiya arkası və Avqust məbədi (I əsr), o cümlədən də SplitDiokletian sarayı (IV əsrin əvvəlləri).

Erkən Bizans dövrü memarlığından isə Poreçedə İtaliyanın Ravenna mozaikaları ilə yanaşı qoyula bilən mozaika ilə bəzədilmiş Yevfraziyev bazilikası (III-VI əsrlər) qorunub saxlanılıb. V-VI əsrlərə aid Salone (müasir Solin) bazilikası da qorunub saxlanılıb.

Müqəddəs Donata kilsəsi (Zadar)

Faktiki olaraq müstəqil olan Xorvat dövləti dövründə — IX əsrin sonu – XII əsrin əvvələrində memarlıqda mərkəzi Avropa üslubu ilə yanaşı, Bizans ənənələri də müşahidə edilirdi. İndiyə qədər bu dövrə aid həm dini, həm də dünyəvi tikililər qorunub saxlanılıb. IX əsrə aid Zadarda yerləşən Rotonda tipli Müqəddəs Donata Kilsəsi Roman dövrünə qədər ölkə ərazisində ən iri tikililərdən biri hesab edilir. Zadar və Troqirdəki bazilika, knyaz sarayları da (məsələn, Split yaxınlığında Biyaçax) bu dövr memarlığına aiddir.

Roman üslubu Xorvatiyaya XII əsrin sonunda Şimali İtaliya və Mərkəzi Avropadan keçib. Zadarda 1175-ci ilə aid Müqəddəs Krşevan kilsəsini misal göstərmək olar. XIII əsrdə Xorvatiya ərazisində hakim memarlıq üslubu qotika oldu. Bu üslub Krka, Raba, Troqir (1240-cı ilə aid Radovan portalı və kafedral kilsə), Pazina şəhərləri üçün xarakterikdir. Qotik üslubda olan tikililərə ölkə paytaxtı Zaqrebdə olan XIII əsrə aid kafedral kilsə və Müqəddəs Marka kilsəsi də aid edilir.

Veliki Tabor qəsri

XV–XVI əsrlərdə Osmanlı imperiyasının hücum təhlükəsi ilə əlaqədar şəhərlərin möhkəmləndirilməs prosesi sürətləndi (Zaqrebdə qala divarları). Bütövlükdə qeyri-müntəzəm planlaşdırması, sıx, az mərtəbəli tikiləri olan Şimali Xorvatiyadan fərqli olaraq Adriatik sahili boyunca şəhərlərdə müntəzəm tikinti işləri getmişdir. Dalmasiya sahili boyu bir çox ticarət şəhərlərində orta əsrlər dövründə şəhər kommunalarının daş binaları, xüsusi kilsə zəngləri olan bazilikalar inşa edilirdi. Kilsələrin fasadları arkatura ilə bəzədilirdi. Roman heykəltəraşlığının ən yüksək nailiyyəti Splitdə kafedral kilsəsinin qapıları üzərində müşahidə edilir (1214, memar Andrey Buvine).

Şimali Xorvatiyanın şəhərləri qala rolunu oynayırdı və istisna olaraq Osmanlı türklərinin hücumlarından müdafiə olunmaq üçün inşa edilirdi (Veliki Tabor qəsrinin möhkəm qüllələri var, XVI əsr). Zaqreb yaxınlığında, Slavoniyada və Zaqoryedə çoxsaylı qəsrlər qorunub saxlanılıb. Bu qəsrlər əsasən düzgün olmayan çoxbucaqlı formasına və möhkəm , lakin alçaq qüllələrə malik idi (Paytaxtın Zaqrebə köçürülməsinə qədər Xorvatiyanın mərkəzi olmuş Varajdin qəsri).[1]

Dalmasiya Renessansı dövrü

Xorvatiyanın Adriatik dənizi sahili boyu ərazilərdə XV–XVI əsrlərdə Roman üslubu və qotikadan renessans üslubuna keçid qeydə alınmışdır. Renessans bir çox Dalmasiya və ada şəhərlərindəki – Dubrovnik, Şibyenik, Osor, Paqa, Xvar və Korçula şəhərlərində – xarici görünüşü dəyişdirdi.

Dalmasiya renessansının zirvəsi Şinyenikdəki Müqəddəs Yakov kilsəsi hesab edilir. Bu kilsə 1431–1536-cı illərdə, təxminən 1 əsr ərzində bina edilib. Məbədin açılışı 1555-ci ildə olub. Bu abidənin ərsəyə gəlməsində bir çox memarların əməyi olub, o cümlədən də Yuray Dalmasiyalı və Nikola Florensiyalını qeyd edə bilərik.

Dubrovnik bugünə qədər mükəmməl şəkildə qorunub saxlanılan renessans abidələrinin sayına görə yalnız Venesiya və İtaliyanın bəzi digər şəhərləri ilə müqayisə oluna bilər. Şəhərdə qala divarları, qüllələr, ictimai tikililər, kilsələr, evlər və saraylar diqqəti cəlb edir.

Mərkəzi Xorvatiyada renessansın cizgiləri Cənubi Almaniya və Niderlandın təsiri ilə miniatürdə və mehrab rəsminin nadir nümunələrində müşahidə olunur.[1]

Barokko, klassisizm və tarixilik

XVI əsrin II yarısı – XVIII əsrdə Xorvatiya ərazisində quruculuq işləri Osmanlı hücumları və Avstriya-Osmanlı müharibəsi ilə əlaqədar dayandı.

Renessans üslubun Barokko əvəz etdi. Bu üslub Varajdin, Belovar, Bukvar kimi şəhərlərin simasını dəyişdirdi. Şimali Xorvatiya şəhərlərində (Varajdin, Pojeqa, Slavonskiy Brod, Bukovar, Belovar, Daruvar və d.) barokko üslubu XVII əsrin ortalarında müşahidə olunmağa başlandı. Bu işdə İtalyan və Avstriyalı memarların əməyini qeyd etmək lazımdır. XVIII əsrdə barokko üslubu Riyeke, Osiyetsi və Zaqrebdə fəal şəkildə tətbiq olunmağa başlandı. Xorvatiyada bu üslubun ən məşhur nümunələri aşağıdakılardır:

  • Riyekada Müqəddəs Vita kilsəsi (1638–1727),
  • Zaqrebdə Müqəddəs Yekaterina kilsəsi,
  • Dubrovnikdə Müqəddəs Vlasiy kilsəsi (XVIII əsrin əvvələri),
  • Zaqrebdə Orşiç-Rauxov sarayı (XVIII əsrin sonu),
  • Varajdində Patatiçev sarayı. XIX əsrin əvvələrində klassisizm üslubunda tikililər meydana çıxdı. Xüsusilə də sarayların tikintisində bu üsluba müraciət edilirdi. Zaqrebdə memar B. Felbingerin inşa etdiyi Yelaçiç sarayını misal göstərmək olar.

1880-ci illərdən başlayaraq Zaqrebdə ilk dəfə olaraq müntəzəm planlı tikinti işlərinə başlanıldı. Digər xorvat şəhərlərində orta əsr tikinti üslubu XX əsrin ortalarına qədər qorunub saxlanılırdı. Daha fəal şəkildə Zaqreb (ictimai binalar, parklar, Avropanın ən gözəl məzarlığı olan Miroqoy) , Osiyek və Riyekada memarlıqda müasirləşmə müşahidə edilirdi.

XIX əsrin II yarısında Xorvat memarlığında tarixilik üslubu hakim rol oynamağa başladı. Neorenessans və neobarokko üslubunda ictimai binalar tikildi. İnşa işlərinə əcnəbi memarlar rəhbərlik edirdiː

  • Zaqrebdə Yuqoslaviya elmlər və incəsənt akademiyası (hazırda Xorvatiya EİA) (1879–1880)
  • Xorvat şəhərlərində teatr binaları, o cümlədən də Avropada tanınan Byuro Felner və Gelmerin iştirak inşası və ya bərpasında etdiyi iştirak etdiyi Zaqreb və Riyek teatrları, Y. Veketti və A. Beziçin inşa etdiyi Split şəhər teatrı.[1]

İstinadlar

  1. Архитектура (раздел) в ст. Хорватия / / Украинская Советская Энциклопедия . — 2-е издание. — Т. 12. — М.: Главная редакция УСЭ, 1985. — С. 168–169

Xarici keçidlər

Xorvatiya memarlığıwww.leotour.com.ua portalında.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.