Ho Şi Min
Ho Şi Min[4] və ya Xo Şi Min[5] (vyet. Hồ Chí Minh; 19 may 1890[1][2][…], Kim Lien[d], Fransa Hind-Çini – 2 sentyabr 1969[2][3][…], Hanoy, Şimali Vyetnam) — Vyetnam siyasətçisi.
Ho Şi Min | |
---|---|
vyet. Hồ Chí Minh | |
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri | |
19 fevral 1951 – 2 sentyabr 1969 | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | vəzifə ləğv olunub |
Şəxsi məlumatlar | |
Doğum adı | Nguyễn Sinh Cung |
Doğum tarixi | 19 may 1890[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 2 sentyabr 1969[2][3][…] (79 yaşında) |
Vəfat yeri | Hanoy, Şimali Vyetnam |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Siyasi fəaliyyəti
İkinci dünya müharibəsi bitər-bitməz vyetnam xalqının istiqlaliyyət mübarizəsi genişləndi. Mübarizəyə Xo Şi Minin rəhbərliyi ilə Hind-Çin kommunist partiyası və onun 1941-ci ildə yaratdığı Vyet-min cəmiyyəti (Vyetnam istiqlaliyyət cəmiyyəti – o, Vahid Milli Azadlıq Cəbhəsi kimi tanınırdı) başçılıq edirdi. İstiqlal mübarizəsinin silahlı müqavimət hərəkatı forması alması Yaponiyanın məğlubiyyətinin labüdlüyü bəlli olan dövrə təsadüf edir. Vyet-minin başçılıq etdiyi qüvvələr yapon işğalına və fransız müstəmləkə zülmünə qarşı apardığı əməliyyatlar nəticəsində müəyyən əraziləri ələ keçirmişdilər. Avqustun 16-da Vyet–min milli konqresi çağrıldı və müvəqqəti hökumət– Xo Şi Min başda olmaqla Vyetnam Milli Azadlıq Komitəsi yaradıldı. Xalq avqustun 19-da Xanoyda, 23-də Xüeldə, 25-də Sayqonda hakimiyyəti ələ keçirdi. Xo Şi Min 1945-ci il sentyabrın 2-də Xanoyda Vyetnam Milli Azadlıq Komitəsi adından İstiqlal Bəyannaməsini və Vyetnam Demokratik Respublikasının (VDR) yaradıldığını elan etdi. Avqust inqilabı adı almış hadisələr nəticəsində Vyetnam istiqlala qovuşdu.
Bu hadisələr regionda marağı olan dövlətlər tərəfindən normal qarşılanmadı. İlk olaraq, Fransa VDR-in yaradılmasını qəbul etmədi. Fransızlar Vyetnam, Laos və Kambocanı birləşdirən Hind-Çin federasiyası planını irəli sürürdü. Lakin bu planın baş tutmasına mövcud şərtlər imkan verə bilməzdi. İkinci tərəfdən, Potsdam konfransının qərarlarına görə Vyetnamda təslim olan yapon qüvvələrinin tərk-silah edilməsi üçün ölkənin şimalına Çin, cənubuna ingilis hərbi qüvvələri yeridilməli idi. Homindançılar Vyetnamda hakimiyyətə çinpərəst qüvvələrin gətirilməsinə çalışırdı. İngilislər isə Fransanın Vyetnama yönəli iddialarını dəstəkləyirdilər.
Fransanın silahlı müdaxiləsi vəziyyəti ağırlaşdırmışdı. 1945-ci ilin 22–23 sentyabrında fransız hərbi hissələri ingilislərin köməyi ilə Sayqonu tutdular, sonra cənubda bəzi şəhər və kommunikasiya vasitələri ələ keçirildi.
Fransanın hərəkətinə VDR cənubda partizan hərəkatını gücləndirmək ilə cavab verdi, o biri tərəfdən sosial və siyasi tədbirlər gördü. 1945-ci ilin noyabrında Hind-Çin kommunist partiyası özünü buraxılmış elan etdi və gizli iş şəraitinə keçdi. Ölkənin bütün qüvvələrini birləşdirən təşkilat- Lyen Vyet cəmiyyəti yaradıldı. Buraya Vyet-minlə yanaşı digər təşkilatlarlar da daxil oldu. Şimali Vyetnamın demokratik liderləri Milli Məclisin və VDR-in fəaliyyətində iştiraka cəlb olundular. Siyasi tədbirlər sırasında yerli hakimiyyət orqanlarının- xalq sovetlərinin təşkili və 1946-cı ilin yanvarında Milli Məclisə seçkilərin keçirilməsini də qeyd etmək lazımdır. Yeni Milli Məclis noyabrda VDR-in konstitusiyasını qəbul etdi.
İqtisadi sahədə islahatlar keçirildi: can vergisi ləğv edildi, az imkanlı təsərrüfatçılar torpaq vergisindən azad olundu, mülkədarlardan icarəyə götürülmüş torpaqlar üçün ödənclər 25% azaldıldı, icma torpaqlarının yenidən bölüşdürüləcəyi bildirildi. Məqsəd yoxsul təbəqələrin timsalında yeni yaranmış hakimiyyətin sosial bazasını möhkəmləndirmək idi.
Fransa ilə münasibətlərdə VDR sazişçilik kursuna üstünlük verdi. Çünki fransız qoşunları həm şimalda, həm cənubda üstün mövqeyə malik idi. Bununla yanaşı, Fransanın da hərbi əməliyyatlardan qaçmaq taktikasını qeyd etmək lazımdır. Bunlar onunla nəticələndi ki, 1946-cı ilin martında Fransa "VDR-i hökuməti, parlamenti, ordusu və maliyyəsi olan dövlət kimi" tanıdı. Bunun müqabilində VDR Fransız İttifaqına girməyə və 5 il müddətinə 15 minlik fransız əsgərinin ölkədə qalmasına razılığını bildirdi. 1946-cı ilin sentyabrında bağlanan sazişə görə Cənubi Vyetnamda əməliyyatların kəsilməsinə qərar verildi. Həmin dövrdə orada millətçi qüvvələr "Koxinxin muxtar respublikası"nın yaradılmasını və dağlı xalqların "muxtariyyəti"ni elan etmişdilər. Bununla ölkənin iki yerə bölünməsinin əsası qoyuldu. Bunun arxasında Fransa dayanırdı. İmzalanan müqaviləyə görə Vyetnam-Fransa münasibətləri haqqında danışıqlar başlamalı idi. Ancaq danışıqlar pozuldu. 19 dekabr 1946-cı ildə hərbi əməliyyatlar başlandı. Fransız birləşmələrinin üstünlüyü özünü göstərdi, 1947–1948-ci illərdə Xanoy və digər şəhər və əyalətlər tutuldu, düzən əyalətlər fransızların nəzarətinə keçdi. VDR hərbi qüvvələri və partizanlar geri çəkilməli oldular. Onlar dağlıq rayonlarda toplanaraq müqaviməti yenidən təşkil etdilər. Buradan VDR qüvvələri düzən rayonlara hücum edirdilər.
Fransız müstəmləkəçiləri avqust hadisələri dövrü taxt-tacdan əl çəkmiş imperator Bao Day ilə danışıqlara başladılar. 1947-ci ildən aparılan danışıqlar 1949-cu ilin martında Vyetnam dövlətinin yaradıldığının elan edilməsi ilə sona çatdı. Dövlətin Fransız İttifaqı daxilində istiqlaliyyəti tanınırdı. Fransa ölkədə hərbi qüvvələr saxlamaq, hərbi bazalar yaratmaq hüququna malik idi, ölkənin siyasi və iqtisadi həyatında üstün mövqelərini saxlayırdı. Vyetnama kapital qoyuluşunda da fransızlara üstünlük vəd edilirdi. 1950-ci ilin martında ABŞ və Böyük Britaniya yeni Vyetnam dövlətini tanıdı və ona iqtisadi və hərbi yardım göstərəcəklərini bildirdilər. Deyilənlər vəd olaraq qalmadı. Vyetnam müharibəsinin sonlarında xərclərin 80%-i ABŞ yardımının hesabına ödənilirdi.
1950-ci ildən başlayaraq Vyetnam hadisələri Vyetnam-Fransa müstəvisindən çıxdı, Qərb-Sovet müstəvisinə keçdi. Bu vəziyyətin yaranması 1949-cu ildə Çində kommunist rejiminin qurulması sayəsində mümkün olmuşdur. Birincisi, Çinin qonşusuna olan maraqlarını reallaşdırmaq istəkləri, ikincisi, sovet–kommunist rejiminin regionda üstünlük uğrunda mübarizə cəhdləri, ÇXR vasitəsilə VDR-ə birbaşa yardım etmək imkanının yaranması Vyetnam-Fransa münaqişəsini beynəlmiləlləşdirən şərtlər oldu.
Həmin dövrdən demokratik Qərb və sosial Şərq ölkələri arasında qüvvələr nisbətində balans yaratmaq uğrunda Avropada gedən mübarizə Asiyaya da keçirildi. Avropanın şərqində qazandığı uğurlardan ruhlanan SSRİ Uzaq Şərqdə fəaliyyətini canlandırmışdı. Çində sosialist rejimi yaradılmışdı. Bu, Qərbin rahatsızlığına səbəb olmaya bilməzdi. Asiyada SSRİ və Çini də rahatsız edən şərtlər yox deyildi. Bunlardan biri ABŞ-nin Cənubi Koreyada mövqelərini qoruyub saxlaya bilməsi, o birisi Fransanın Cənub-Şərqi Asiyada mövqelərini saxlamaq cəhdləri və ABŞ-nin Fransanı dəstəkləməsi idi. Uzaq Şərqdə iki blok arasında gedən mübarizənin iki güclü toqquşması olmuşdur: 1) Koreya müharibəsi; 2)Hind-Çin, konkret olaraq Vyetnam müharibəsi.
1950-ci ilin 30 yanvarında SSRİ, sonra onun müttəfiqləri VDR-i tanıdılar. VDR-ə iqtisadi və hərbi yardımlar edilməyə başlanıldı. İlk tədbir VDR hərbi qüvvələrinin ÇXR ilə həmsərhəd ərazilərindən fransızları uzaqlaşdırması oldu. Əməliyyatın icrasında VDR-ə ÇXR-in yardımını inkar etmək olmaz. Əməliyyatın əhəmiyyəti o oldu ki, VDR-in blokadası yarıldı, ona ÇXR və SSRİ tərəfindən kömək göstərilməsinə yol açıldı. Köməyin nəticəsi idi ki, VDR hərbi əməliyyatlar aparmaq iqtidarına gətirildi, hərbi sursat istehsal edən müəssisələr və əhalini ərzaqla təmin edən infrastruktur yaratdı. Dövlət strukturları yaradıldı. 1951-ci ildə Milli Bank quruldu. Yaradılan müəssisələr dövlətə məxsus idi və Milli Bank tərəfindən maliyyələşdirilirdi. Özəl fabrik-zavodların və fərdi emalatxanaların fəaliyyəti dövlət tərəfindən dəstəklənirdi. Hakimiyyətin xalq tərəfindən, xüsusilə yoxsul kütlələr tərəfindən müdafiə olunmasında misilsiz rol oynamış tədbirlərdən biri fransız torpaq sahiblərinin və hakimiyyətə qarşı çıxan yerli mülkədarların mülklərinin müsadirə edilməsi və müvəqqəti olaraq kəndlilərə verilməsi idi.
Hərbi və beynəlxalq şəraitin VDR-in xeyrinə dəyişməsi Vyetnam kommunistlərini fəallaşdırdı. 1951-ci ilin fevralında Hind-Çin kommunist partiyasının II qurultayı çağrıldı. Partiya leqal fəaliyyətə keçdi. O, Vyetnam Zəhmətkeşlər Partiyası (VZP) adlanırdı. Laos və Kamboca kommunistləri də ayrılıb müstəqil fəaliyyətə başladılar. Onların üçü də öz dövlətlərinin ərazisində fransız müstəmləkəçilərinə qarşı mübarizəni başlıca vəzifə elan etdilər. 1953-cü ildə VDR Milli Məclisində qəbul olunan aqrar islahat haqqında qanuna görə vyetnamlı və fransız mülkədarların müsadirə edilmiş torpaqlarının kəndlilərə verilməsi nəzərdə tutulurdu.
1950–1954-cü illər ərzində fransız komandanlığı VDR qüvvələrini darmadağın etmək məqsədilə bir sıra cəhdlər göstərdi. Bu onunla bağlı idi ki, Koreya müharibəsi alovlanmışdı. SSRİ və ÇXR diqqətlərini bu müharibəyə verirdilər, VDR ikinci plana keçmişdi. Koreya müharibəsi 1953-cü ilin iyulunda başa çatdıqdan sonra SSRİ və ÇXR diqqətlərini VDR-ə yönəltdilər. Vyetnam müharibəsi 1953-cü ilin yazından şiddətləndi. Fransızlar VDR qüvvələrinin müqaviməti ilə qarşılaşırdı. Ən böyük hadisə 1954-cü ilin 7 mayında baş verən döyüşlər oldu. Fransız qüvvələrinin böyük bir qruplaşması Vyetnamın şimalında Dyenbyenfu adlı rayonda Vyetnam qüvvələrinə zərbə vurmaq istərkən acınacaqlı vəziyyətə düşdü. Onlar mühasirəyə alındı və təslim oldular. Dyenbyenfu Vyetnam qüvvələri tərəfindən tutuldu. Cenevrə müşavirəsi və onun nəticələri
Dyenbyenfu məğlubiyyəti Fransanın sülh danışıqlarına razılaşması ilə nəticələndi. Çünki Hind-Çin məsələsi Qərb və Şərq blokları arasında böhranlı vəziyyət yaratmışdı. 1954-cü ilin aprel-may-iyun aylarında Cenevrədə ABŞ, SSRİ, Böyük Britaniya, ÇXR və Fransa xarici işlər nazirlərinin iştirakı ilə Hind-Çində sülhün bərpası üzrə müşavirə çağrıldı. Müşavirənin sonunda 8 ildən bəri davam edən müharibəyə son qoyulması haqqında sənəd imzalandı. Sənəddə nəzərdə tutulurdu ki, Vyetnam ərazisi müvəqqəti olaraq iki yerə bölünür və ayırıcı xətt 17-ci paralelin cənubundan keçir. Şimala doğru VDR-in, cənuba doğru Fransanın və Bao Day hökumətinin qüvvələri yerləşə bilərdi. Vyetnamın birləşdirilməsi məsələsi bütün ölkədə 1956-cı ilin iyulunda keçirilməsi nəzərdə tutulan demokratik seçkilərdə həll edilməli idi. Almaniya və Koreyadan sonra Vyetnam II dünya müharibəsindən sonra iki yerə bölünən üçüncü ölkə oldu.
ABŞ Vyetnam savaşının nəticələrindən regionda möhkəmlənmək üçün faydalanmaq istəyirdi. O, burada müdafiə tədbirlərini qüvvətləndirməyə qərar verdi. Müharibələr göstərdi ki, onlar beynəlxalq mahiyyət daşıyırlar. ABŞ və müttəfiqlərinin fikrincə, cərəyan edən hadisələr SSRİ və digər kommunist ölkələrinin lehinə doğrudur. Bölgə kommunist blokunun nəzarəti altına düşəcəyi təqdirdə SSRİ və ÇXR Sinqapura və Malakka boğazına hakim ola bilərdi. Bu, ABŞ-yə Sakit okean adalarının qorunmasını çətinləşdirərdi. Buna görə ABŞ regionda möhkəmlənmək üçün Tayland, Laos, Kamboca və Cənubi Vyetnama yardımlarını artırırdı.
Ən mühüm tədbir SEATO və ya Manila paktı deyilən Cənub-Şərqi Asiya Ölkələri Müqaviləsi Təşkilatının yaranması oldu. Kollektiv müdafiə sistemi məqsədilə 1954-cü ilin sentyabrında qurulan təşkilat ABŞ, Böyük Britaniya, Fransa, Avstraliya, Yeni Zelandiya, Filippinlər, Tayland və Pakistanı birləşdirdi. 1977-ci ilədək fəaliyyət göstərən təşkilatın vəzifəsi ona qoşulan Asiya dövlətləri və Cənub-Qərbi Sakit okean adaları bölgəsini müdafiə etmək idi. Müdafiə bölgəsi İngiltərənin Sinqapurda yaratdığı dəniz müdafiə sistemi ilə birləşirdi.
SEATO-nun yaranması ilə ABŞ və müttəfiqləri SSRİ, ÇXR və müttəfiqlərini Avropanın Atlantik sahillərindən Sakit okean adalarına qədər uzanan ittifaqlar dövrəsinə aldılar. 1952-ci ildə Türkiyə və Yunanıstan NATO-ya girmişdi, arada Yuqoslaviya qalmışdı. 1954-cü ilin 9 avqustunda Türkiyə, Yunanıstan və Yuqoslaviya arasında Balkan İttifaqının imzalanması ilə boşluq dolduruldu.
SEATO üzvlərinin təkidilə Fransa Cənubi Vyetnama olan iddialarından əl çəkdi. 1956-cı ildə fransız qoşunları Cənubi Vyetnamdan çıxarıldı. Buna qədər buraya ABŞ köməyi gəlmişdi və ABŞ-nin təsiri yüksələn istiqamət almışdı. 1955-ci ilin oktyabrında Cənubi Vyetnamda dövlət çevrilişi təşkil edilmiş, Bao Day devrilmiş, Cənubi Vyetnam Respublikasının yaranması elan edilmiş, onun başına amerikapərəst Nqo Din Zyem gətirilmişdi. Cənubi Vyetnam Respublikasının müdafiə gücünü artırmaq üçün ABŞ ölkəyə hərbi yardımlar etməyə başlamış, burada ABŞ hərbi bazaları yaradılmış və Cənubi Vyetnam ordusu ABŞ təlimatçılarının köməyi ilə yenidən qurulmuşdu. Cənubi Vyetnamın güclənməsindən sonra (bu proses 1956-cı ilədək davam etmişdir) ölkədə birtərəfli qaydada seçkilər keçirildi, Milli Məclis fəaliyyətə başladı, konstitusiya qəbul olundu. Vyetnamın iki yerə bölünməsi hüquqi forma aldı və ölkə 20 il parçalanmış vəziyyətdə qaldı. Onların hər biri dünyada mövcud olan iki rejimdən birinin vahid Vyetnamda təmsilçisi oldu. Vyetnam Demokratik Respublikası
Hind-Çində sülhün bərqərar olması VDR-in "sosializm"ə keçməsi yolunda bəzi maneələri aradan qaldırdı. Bu inkişaf kursu VZP-nın elan etdiyi proqram çərçivəsində aparılırdı. İlk görülən tədbirlər kənd təsərrüfatı ilə bağlı idi. Bu, təsadüfi deyildi, birincisi, Vyetnam kənd təsərrüfatı ölkəsi idi, ikincisi, artıq sənaye sahəsində bəzi tədbirlər görülmüşdü. Hərbi əməliyyatlar dövründə kənd təsərrüfatı itkilərə məruz qalmışdı. Şəhərlərdə də vəziyyət ürəkaçan deyildi. Sənaye müəssisələrinin çoxu işləmirdi, xeyli işsiz var idi. Problemlərin aradan qaldırılması maliyyə xərcləri tələb edirdi. 1955-ci ilin iyulunda SSRİ-yə gələn Xo Şi Minin başçılıq etdiyi VDR nümayəndə heyəti və Sovet dövlət başçıları bu məsələlər barədə danışıqlar apardılar və müvafiq müqavilələr imzalandı. VDR SSRİ-dən alınan yardım hesabına dağılmış müəsisələri bərpa etdi. Aqrar islahat başa çatdırıldı. "Sosialist" islahatı nəticəsində mülkədarlar torpaq sahələrindən məhrum edildi və iqtisadi həyatdan uzaqlaşdırıldı. Kənd təsərrüfatında yaranan dövlət bölməsinin fəaliyyət forması "qarşılıqlı əmək" yardımı qrupları oldu. Sənaye və ticarət sahələrində dövlət bölməsi xüsusi kapitalı sıxışdırdı.
1958-ci ili Şimali Vyetnamda sosialist yenidənqurmasının başlanğıcı hesab etmək olar. Həmin ildən VZP və VDR iqtisadiyyatın bütün sahələrində sosialist təsərrüfat formalarının yaradılması istiqaməti götürmüşdü. Bu xəttin həyata keçirilməsi Sovet-Çin sosializm təcrübəsinə əsaslanırdı. Ağır sənaye sahələrinin yaradılması sosializmin zəmini hesab edilirdi. Kənd təsərrüfatının kooperativləşdirilməsi yerli şərtlər nəzərə alınmadan aparılırdı. Fərdi istehsal sahələrində gedən "yenidənqurma" prosesi də həmin qaydada idi. Fərdi istehsalçılar kooperativlərdə birləşdirilirdi. Özəl kapital ya sıradan çıxarılır, ya da qarışıq dövlət-özəl müəssisələri yaradılması yolu ilə dövlət nəzarətinə alınırdı. Nə VDR, nə də VZP qəbul etmirdilər ki, Vyetnam geridəqalmış ölkədir. Arxaik təsərrüfatın hakimliyi, fəhlə sinfinin azsaylı və zəif olması, sənaye və texniki bazanın zəifliyi, əhalinin mədəni səviyyəsinin aşağı olması reallıqlar idi.
Vyetnam kommunistlərinin "inqilabi səbirsizliyi"nin arxasında Sovet və Çin kommunist partiyaları liderlərinin sürətlə sosializm qurmaq haqqındakı fikirləri dayanırdı. Sovet və Çin kommunistləri hesab edirdilər ki, bu yolla sabitlik yaratmaq və bunu Cənubi Vyetnam xalqına təbliğat mövzusu kimi təqdim etmək olar. ÇXR-də 1955–1956-cı illərdə baş verən hadisələr, 1958–1960-cı illərdə "böyük sıçayış" kimi təcrübələr VDR-in inkişafına mənfi təsir göstərdi.
VDR-də baş verən dəyişikliklər 1960-cı il ərəfəsində Milli Məclis tərəfindən təsdiq olunan konstitusiyada nailiyyətlər kimi əks edildi. Konstitusiyada bəyan edildi ki, VDR "fəhlə və kəndlilərin ittifaqına əsaslanan, sosializmə keçidi başa vurmaqda olan xalq-demokratik dövlətdir". 1959-cu ilin mayında seçilən Milli Məclisin I sessiyasında Xo Şi Min yenidən prezident seçildi.
Cənubi Vyetnam Respulikası və Xo Şi Min
Cenevrə müşavirəsindən sonra Cənubi Vyetnamın ilk tədbirləri iqtisadiyyatın inkişaf etdirilməsi oldu. Bu baxımdan 1955–1956-cı illərdə qəbul olunmuş aqrar qanunları qeyd etmək lazımdır. Həmin qanunlara görə mülkədarlara 100 ha-ya qədər torpaq saxlamaq hüququ verilirdi. Artıq torpaq sahələri alınaraq kəndlilərə satıldı. Nqo Din Zyem hökumətinin bu tədbiri kəndlilər tərəfindən rəğbətlə qarşılandı. Burjua təbəqəsi də hökumətin dayaqlarından idi. Ordu rəhbərliyi və katolik kilsəsi başçıları da hakimiyyəti dəstəkləyirdilər.
ABŞ-nin yardımları iqtisadiyyatın inkişafında əsas rol oynayırdı. SSRİ və onun müttəfiqlərinə qarşı mübarizədə ABŞ Cənubi Vyetnama önəm verir, onu Hind-Çin fəaliyyət dairəsinin mərkəzinə çevirməyə cəhd göstərirdi. ABŞ hesab edirdi ki, Cənubi Vyetnamda hakimiyyət qorunub saxlanılmalıdır. Onun süqutu qonşu ölkələrdə ciddi dəyişikliyə gətirə bilər və region kommunist rejiminin nəzarətinə keçər. Belə sonluq üçün kifayət qədər şərtlər var idi. Birincisi, region xalqlarının yoxsulluğu və geriliyi onların "sosial ədalət" və "xoşbəxt həyat" vəd edən kommunist təbliğatına uymasını asanlaşdırırdı. İkincisi, region ölkələri Çinin təsiri altında idi və yaranmış imkandan Çinin yararlanacağı labüd idi. Bu amillərin tərəfardarları region xalqları arasında az deyildi. Cənubi Vyetnamın təcrübəsi buna sübut idi. Ölkədə ABŞ mövqelərinin artmasına qarşı çıxışlar baş verirdi. ABŞ Cənubi Vyetnamın hərbi qüdrətinin artırılmasına yönəli tədbirlər görürdü ki, yaxınlaşması hiss olunan hadisələrə təsir etmək mümkün olsun. Bu kurs hakim sinfin Şimali Vyetnamdan dəstək alan təbəqələrinin: burjua, hərbi və dini nümayəndələrinin tənqidinə məruz qaldı. 1959-cu ilin yanvarında Cənubi Vyetnamın müxtəlif qüvvələri hakimiyyətə qarşı mübarizəyə keçməyi qərara aldılar. Mayda VZP bu barədə qərar qəbul etdi. Qərarda deyilirdi ki, ölkənin birləşdirilməsi gərəkdir və Şimalda siyasi və iqtisadi quruculuğun, Cənubda hakimiyyətə qarşı mübarizənin genişləndirilməsi əsas şərtlərdir. 1960-cı ilin yanvarında Cənubunda çıxışlar başladı, ilin sonlarında bəzi yerlərdə hakimiyyət strukturları ləğv edildi. Bəzi ərazilər qiyamçıların əlinə keçdi və bu rayonların birində onlar Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin (CVMAC) yaradıldığını elan etdilər. Cəbhənin proqramında Nqo Din Zyem hakimiyyətinin devrilməsi, ABŞ-nin ölkədən çıxarılması, Vyetnamın birləşdirilməsi başlıca prinsiplər kimi qeyd olunurdu.
Sonrakı dövrlərdə CVMAC fəaliyyətini daha ciddi davam etdirirdi. 1961-ci ilin fevralında Xalq Silahlı Qüvvələri adlanan birləşmələr (bu birləşmələr 1968-ci ilin fevralınadək Azadlıq Ordusu- AO, sonralar Cənubi Vyetnam Xalq Silahlı Azadlıq Qüvvəsi- CVXSAQ adlanırdı) yaradıldı və Nqo Din Zyem hakimiyyətinə qarşı mütəşəkkil mübarizənin əsası qoyuldu. İlk vaxtlar AO qüvvələri manevr döyüşləri aparır, hərbi hissə və qarnizorlara hücumlar edir və bəzi əraziləri nəzarətə götürürdü. Onlara partizanlar və özünümüdafiə qrupları kömək göstərirdi. Bunların arxasında VDR-in dəstəyi dururdu.
1961-ci ildən Cənubi Vyetnam (CV) hərbi qüvvələri "xüsusi müharibə" vəziyyətinə gətirildi. CV ordusu AO və onlarla əməkdaşlıq edən qüvvələrə qarşı əməliyyatlara başladı. 1962-ci ilin fevralında "ABŞ xüsusi hərbi komandanlığ"ı yaradıldı. Onun məqsədi CV qüvvələrinin əməliyyatlarını planlaşdırmaq idi. AO və partizanların qarşısını almaq üçün "strateji kəndlər" qurulurdu. Hər şey müharibə şəraitinə uyğunlaşdırılır, rəhbərlik hərbçilərin nəzarətinə keçirdi. AO və partizanların nəzarətindəki ərazilər ətrafında müdafiə zolaqları yaradılırdı. Məqsəd AO və partizanları mühasirəyə almaq, onları əhalidən və VDR-dən gələn köməkdən ayrı salmaq idi. Bunlar xərc və qüvvə tələb etdiyindən 1961–1964-cü illərdə ABŞ Vyetnama silah və kredit verdi.
Arxasında SSRİ, ÇXR və VDR-in dayandığı AO 1963-cü ilin yanvarında Cənubi Vyetnama hücum etdi. ABŞ buna adekvat cavab verdi. Ancaq 1963-cü ildə buddistlərin üsyanı nəticəsində Nqo Din Zyemin öldürülməsi, 1965-ci ilədək 13 dövlət çevrilişinin baş verməsi, siyasi partiyalar arasında mübarizənin genişlənməsi uğursuzluğun mənbəyi oldu. ABŞ bir-birilə münaqişədə olan qüvvələrin ittifaqına çalışdı. Lakin siyasi böhranı həll etmək mümkünsüz oldu. Bunlar onunla nəticələndi ki, 1965-ci ilin iyulunda Nquen Van Txieu və Nquen Kao Kinin başçılığı ilə "gənc generallar" hakimiyyətə gəldilər. 1966-cı ilin oktyabrında qəbul olunan Vyetnam Respublikasının konstitusiyasına əsasən 1967-ci ildə prezident və parlament seçkiləri keçirildi. Txeu-Ki hakimiyyətini dəstəkləyən ABŞ əməliyyatların iki Vyetnam dövləti arasında savaşdan iki dünya sistemi arasında savaşa çevrildiyinin qaçılmaz olduğunu qəbul etdi, hərbi əməliyyatlara açıq şəkildə qoşulmağa qərar verdi. Bu haqda qərar 1964-cü ildə qəbul edilmişdi: martda ABŞ prezidenti L. Conson VDR-ə qəflətən hava basqını etmək, iyunda isə ABŞ silahlı qüvvələrinin savaşa qatılması haqqında qərarlara imza atmışdı. Bu işi reallaşdırmaq üçün bəhanə axtarılırdı. Bəhanə tapıldı: bitərəf sularda iki ABŞ esminesinin VDR hərbi katerləri tərəfindən atəşə tutulması xəbəri alınandan sonra ABŞ təyyarələri VDR-i bombalamağa başladı. ABŞ quru qoşun hissələri Vyetnam Respublikası ərazisinə daxil oldu. SEATO üzvü olan Koreya Respublikası, Tayland, Filippinlər, Avstraliya və Yeni Zelandiya hərbi hissələri Vyetnam Respublikasının köməyinə gəldilər. Savaş SSRİ və müttəfiqləri ilə ABŞ və müttəfiqləri savaş xarakteri aldı. XX əsrdə II dünya müharibəsindən sonra baş vermiş iki mənasız savaşdan birincisinə- Vyetnam savaşına ABŞ açıq-aşkar qoşuldu. Lakin ABŞ və müttəfiqləri savaşda dönüş yarada bilmədilər. SSRİ və müttəfiqlərinin qurduğu hava hücumundan müdafiə sistemi, CVXSAQ-a verdiyi müdafiə silahları sayəsində VDR-i bombalamaq əməliyyatları uğursuzluğa uğradı. CVXSAQ-a 1965–1974-cü illərdə SSRİ-nin verdiyi təyyarələr, raketlər, zenit qurğuları sayəsində Vyetnam kommunistləri müharibənin gedişini öz xeyirlərinə dəyişə bildilər.
Vyetnamın hərbi-siyasi yolla birləşdirilməsinin mümkünlüyü qənaətində olan VDR liderləri 1965-ci ilin aprelində aşağıdakı şərtlər daxilində ABŞ ilə sülh danışıqlarına hazır olduqlarını bildirdilər. "Dörd maddəli proqram" adlanan şərtlər: 1) Vyetnam xalqının sülh, istiqlaliyyət, suverenlik və ərazi bütövlüyünə olan haqlarının tanınması; 2) Cənubi Vyetnamdan ABŞ qoşunlarının çıxarılması, ABŞ-Vyetnam Respublikası hərbi müttəfiqliyinin ləğvi, Vyetnam Respublikasının işlərinə ABŞ hərbçilərinin müdaxiləsinə və VDR-ə qarşı hava hücumlarına son qoymaq, Cenevrə müşavirəsinin qərarlərına əməl etmək; 3) Cənubi Vyetnam xalqının müqəddəratını təyin etmək hüququnu tanımaq; 4) Vyetnamın sülh yolu ilə birləşməsi.
1968-ci ilin mayında ABŞ Vyetnama qarşı siyasətində dəyişiklik etdi. Bu onunla bağlı idi ki, Vyetnam savaşında dönüş yaradıla bilməməsi ABŞ-nin daxilində narazılıqları artırırdı. ABŞ vəziyyətdən çıxmaq yolları aramaq məcburiyyətində qaldı. 1966–1967-ci illərdə L. Conson sülh danışıqlarına təşəbbüs göstərmişdi. Nəticədə Şimali Vyetnam və ABŞ arasında Parisdə sülhə kömək haqqında görüşlər başlandı. ABŞ mayda əməliyyatları səngitdi, oktyabrda isə dayandırdı.
1968-ci ilin noyabrında R. Nikson ABŞ prezidenti seçildikdən sonra ABŞ Vyetnama yönəli siyasətini dəyişdi. R. Nikson 1969-cu ilin 20 yanvarında prezidentliyə başlayanda Vyetnamda xeyli ABŞ əsgəri var idi. Bu səbəbdən R. Nikson və dövlət katibi H. Kissencer Vyetnama yönəli siyasətdə belə kursa önəm verdilər: oradakı orduları geri çəkmək lazımdır ki, Paris görüşlərini sürətləndirmək mümkün olsun. 1969-cu ilin yanvarında dördtərəfli danışıqlara başlandı. Danışıqlar prosesində VDR, ABŞ, Vyetnam Respublikası və CVMAC iştirak edirdi.
ABŞ Vyetnam savaşından çıxmağa qərarlı idi. 1969-cu ilin iyulunda ABŞ hərbi hissələri Vyetnamdan çıxarıldı. 1969-cu ilin iyulunda Sakit okean adalarını gəzən R. Nikson Quam adasındakı konfransda bildirdi ki, ABŞ "əməkdaşlıq yolu ilə sülh" prinsipini başlıca siyasət kursu elan edir, Vyetnam timsallı məsələlərdə ABŞ əsgərlərindən istifadə yox, müttəfiqlərinə yardım göstərməklə onlara dəstək olacaqdır. Bu kurs "Quam və ya Nikson doktrinası" adlanır və o, 1957-ci ilin yanvarından tətbiq edilən Eyzenhaver doktrinasının əksinə idi.
Dördtərəfli danışıqlar zamanı ABŞ Vyetnam Respublikasına yardım göstərdi ki, iqtisadi və siyasi islahatlar keçirilsin. Ən başlıcası aqrar islahat idi. Kəndlilərin vəziyyətini dirçəltmək və onları əməliyyatlardan çəkindirmək üçün fermer təsərrüfatlarının yaradılması xüsusilə qeyd edilməlidir.
Lakin bu tədbirlər gecikmiş idi. 1969-cu ildə Xo Şi Minin ölümü də vəziyyətə təsir etmədi. Həmin ildə Vyetnam Respublikası ərazisinin 2\3-si Milli Azadlıq Cəbhəsinin nəzarətində idi. Hakimiyyətin nəzarətindən çıxan ərazilərdə Milli Azadlıq Cəbhəsinin idarə orqanları yaradılırdı. Həmin ərazilərdə 1968-ci ilin yazında Cənubi Vyetnam Milli, Demokratik və Sülhsevər Qüvvələrinin İttifaqı təsis olundu. Təşkilatın 1969-cu ilin iyununda Milli Azadlıq Cəbhəsi ilə birlikdə keçirdiyi qurultayda Cənubi Vyetnam Respublikası və müvəqqqəti inqilabi hökumətin yaradılması elan olundu.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Lacouture J. Ho Chi Minh // Encyclopædia Britannica (ing.).
- Ho Chi Minh // filmportal.de. 2005.
- Zayıdzadə, Ayxan. "Vyetnamda milliyyətçilik və kommunizm". Milliyyət Araşdırmalar Mərkəzi. 21 noyabr 2021. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-09.
- Хо Ши Мин // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 104.