Xitab
Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir. Xitablar, əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. İsimləşən digər nitq hissələri və feili sifət tərkibləri də xitab mövqeyində işlənə bilər. İnsan anlayışı bildirən isimlər daha çox xitab kimi işlənir. Məsələn: Oğul, yaxına gəl. Körpə balam, rahat yat. Ata, eşidirəm səni. Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax və s.
Xitab başqa canlılara və cansızlara da aid olur. Məsələn: Baş alıb gedirsən hayana, ceyran. Dağlar, səndə gözüm qaldı. Oxu, tar, oxu, tar. Göy göl, tərifini çox eşitmişəm və s.
Xitab ismin adlıq halında olur və bu baxımdan mübtədaya oxşayır. Lakin, o, xüsusi intonasiya ilə deyilir və cümlə üzvlərindən kiçik fasilə ilə ayrılır. Məsələn: S.Vurğun məşhur “Ceyran” qoşmasında ceyran sözünü həm mübtəda, həm də xitab kimi işlətmişdir:
Əyilib su içir bir ana ceyran… Söhrətin yayılıb hər yana, ceyran…
Birinci misrada ceyran sözü mübtəda, ikinci misrada isə xitabdır.
Xitablar quruluşca sadə və mürəkkəb olur. Nitq hissəsi ilə ifadə olunan xitablar sadə, söz birləşməsi ilə ifadə olunan xitablar isə mürəkkəb xitablar sayılır. Oğul, (sadə xitab) yaxına gəl. Körpə balam, (mürəkkəb xitab) rahat yat.
Xitablar cümlə üzvlərindən vergüllə ayrılır. Xitab cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilər. Cümlənin sonunda işlənən xitabdan əvvəl vergül, sonra isə nöqtə ,nida işarəsi və ya sual işarəsi qoyulur. Məsələn: Nə olub, ana, niyə belə narahatsan? Gəl, ey qoca Təbriz! və s.
Xitablardan əvvəl ay, ey, a nidaları da işlənir.