Xirnik
Xirnik (Diospyros kaki) — Abnos fəsiləsinin xırnik cinsinə mənsub bitki. Meyvəsi yeyilir, şirin və ağızbüzüşdürücüdür. Iki növü yayılmışdır. Yabanı və ya Qafqaz xırniyi, Subtropik xırnik.
Ümumi məlumat
Subtropik xırnik yapon xurması da adlanır və mədəni halda becərilir. Yabanı xırnik Qafqazda, Orta Asiyada və Zaqafqaziyada yayılmışdır. Bu xırniklər hündürboylu düzböyüyən ağacdır, 20 m-dən hündür olur. Iri ağaclar Şəki-Zaqatala zonasında çoxdur. Xırnik mayın əvvəllərində yarpaqlar əmələ gəldikdən sonra çiçəkləyir.
Çiçəkləmə dövrü 10-20 gün davam edir. Meyvələri yarpaqları töküldükdən sonra oktyabrın ortalarından başlayaraq dekabra qədər ağacın üstündə yetişir. Meyvələri yumru, boz-sarımtıl və tutqun narıncı rəngdədir. Tam yetişdikdə qaralır. Içərisində 2-5 ədəd yastı çəyirdəkli olur. Çəyirdəksiz formalarına Zaqatala rayonunun bağlarında rast gəlinir, həm də bunlar xırda olur.
Tərkibində 18% şəkər (qlükoza və fruktoza), zülali, pektinli və aşılayıcı maddə, limon turşusu, karotin (provitamin A) və 3-53 mq% C vitamini vardır. Xırnik təzə və qurudulmuş halda yeyilir. Ondan bəkməz (doşab) bişirilir. Şərbət, cem, jele, likör və kvas da hazırlanır. Yabanı xırniyin ağacları çox möhkəm olduğundan ondan toxuculuq sənayesi üçün məkik hazırlanır. Xalq təbabətində xırnik müxtəlif mədə xəstəliklərində tətbiq edilir. Öz xassələrinə görə həzm pozğunluqlarında pəhrizi məhsul kimi işlədilir.[1]
İstinadlar
- Əhmədov Ə-C.İ., Əliyev N.T. Meyvə və tərəvəzin əmtəəşünaslığı. Ali məktəb tələbələri üçün dərslik. Bakı, ADIU-nin nəşriyyatı, 2009.