Xankəndi

XankəndiAzərbaycan Respublikasında şəhər. 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra yaradılan qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı idi.[3] İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır.[4] İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmışdır. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir.

Respublika tabeli şəhər
Xankəndi
39°48′55″ şm. e. 46°45′07″ ş. u.
Ölkə
Region Qarabağ iqtisadi rayonu
Tarixi və coğrafiyası
Respublika tabeli şəhər statuslu 1940
Sahəsi
  • 29,12 km²
Mərkəzin hündürlüyü 813 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 53.400 nəf. (2011)[2]
Xankəndi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət bayrağını qaldırır. 15 oktyabr 2023-cü il

21 dekabr 2023-cü ildə Xankəndidə futbol üzrə Azərbaycan kubokunda turnirin 1/8 final mərhələsində Ağdamın “Qarabağ” klubu MOİK-lə qarşılaşmış və Qarabağ 1:0 hesabı ilə qələbə qazanmışdır.[5]

Şəhərin adının tarixçəsi

Qarabağ xanlığı tərəfindən Xankəndi (Xanın kəndi) adıyla XVIII əsrdə quruldu.[6]

Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu. 1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırılmışdır.[7][8]

1991-ci ildə Azərbaycan SSR Ali Sovetiinin qərarı ilə şəhərin əvvəlki — "Xankəndi" adı bərpa edilmişdir.

Sərhəd rayonlar

Xankəndi şəhəri ŞuşaXocalı rayonunun arasında yerləşir.

Tarixi

Yelizavetpol quberniyasının 1903-cü ilin xəritəsində Qarabağ ərazisi

Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının — xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə bağışlanmışdı[9]

Rusiya işğalı dövrü

Qarabağ xanlığını zorla Rusiya İmperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edilir, hər şey imperiyanın maraqlarına tabe etdirilir. Eyni zamanda keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu hərbi hissələr yerləşdirilməyə başlayır. Onların biri də Xankəndidə yerləşdirilir. Yer hərbi hissə üçün çox əlverişli idi. Bir tərəfdən çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətdə saxlamaq mümkün idi. Digər tərəfdən, Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi. Çar çinovniklərinə digər bölgələrdə olmasa da, Xankəndidə etnik proporsiyanı müəyyən qədər pozmaq mümkün oldu. 1813-cü ildə Xankəndidə heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi. Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini "qərargah" adlandırsalar da, 1847-ci il çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilir, etibar doğurduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər. 1900-cü ildə Xankəndidə artıq 3 min əhali yaşayır, hətta ikisinifli məktəb də fəliyyət göstərirdi. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilir. Məqsədli yeridilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndidə erməni və rus əhalisinin sayı xeyli artır. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndidə ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdular.

Cümhuriyyət dönəmi

1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndidən də yan ötmədi . XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistan dövləti elan etdilər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar. Bunun üçün erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları qətliam edirdilər. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də durur. Həmin dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Xankəndidə də baş verirdi. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndidə yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə edirdilər. Sonradan 1992-ci il fevralın 26-da onlar bu metodu təkrarlayaraq Xankəndidə yerləşən dağılan Sovet ordusunun 366-cı polkundan istifadə edərək Xocalı soyqırımını törətdilər. 1918–1920-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu.

SSRİ dövrü

Azərbaycanın Sovet İmperiyası tərəfindən işğalından sonra təşkil olunan əhalinin siyahıya alınmasının nəticələrinə əsasən 1921-ci ildə Xankəndi qəsəbəsində 85 təsərrüfatda 398 azərbaycanlı, 226 təsərrüfatda 981 erməni yaşayırdı. Sovet hakimiyyəti illərində erməni millətçi dairələrinin Azərbaycan torpaqları iddiası Lenin, StalinOrconikidzenin dəstəyi ilə yeni forma almağa başladı. Buna 1920-ci ildə Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi olmuş erməni Anostas Mikoyanın və 1921–1925-ci illərdə həmin vəzifəni tutmuş ermənipərəst bolqar Sergey Kirovun apardığı siyasət də rəvac verdi. Bu siyasət nəticəsində 1923-cü il iyulun 4-də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya bürosunun iclasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin taleyi məsələsi müzakirə edildi. Azərbaycan torpağının taleyini buna müstəsna hüququ olan Azərbaycan xalqı deyil, siyasi təşkilatın büronun 9 nəfər üzvü həll etməyə girişdi. Onların isə 3-ü erməni, 3-ü gürcü, 1-i bölgəyə tamamilə yad olan bolqar, ancaq biri — Nəriman Nərimanov azərbaycanlı idi. Bu çoxluq isə həmin iclasda bütn qanunları və reallıqlar kənara qoyaraq Dağlıq Qarabağı Ermənistana vermək qərarına gəlir. Ancaq N. Nərimanovun Moskvaya qəti etirazı bir gün sonra büronun əvvəlki qərarını ləğv edərək bölgəyə muxtariyyat verilməklə Azərbaycanın tərkibində saxlamaq qərarını verməyə məcbur edir. Görünür, Lenin və Stalin artıq İrəvan, Zəngəzur və Göyçəsi əlindən alınmış Azərbaycanın Qarabağ itkisində gərgin situasiyanın yaranacağını nəzərə alırdılar. Həmçinin Azərbaycan rəhbərlərinin kənardan gəlmə 1921-ci ildə A. Mikoyan, 1921–25-ci illərdə isə S. Kirov olmasını respublikanı ikinci Ermənistan kimi qəbul etməsinə şərait yaradırdı. Beləliklə, RKP MK Zaqafqaziya bürosu Dağlıq Qarabağa mərkəzi Şuşa şəhəri olmaqla Azərbaycan daxilində muxtariyyat verilməsi qərarı verir. Ancaq o dövr Azərbaycan rəhbəri olan ermənipərəst Sergey Kirov və onun ətrafı sırf azərbaycanlı şəhəri olan Şuşada erməni muxtariyyatını qurmağın çətin olacağını dərk edirdilər. Nəzərə almaq lazımdır ki, Zaqafqaziya bürosunun adıçəkilən hər iki iclasında Azərbaycan rəhbəri S. Kirov Dağlıq Qarabağın Ermənistana verilməsi variantını müdafiə edirdi. 7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar vilayətinin təşkil edilməsi barədə qərar qəbul edir. Vilayətin erməniləşdirilməsi məqsədilə vilayət mərkəzi büronun qərarının əleyhinə olaraq Şuşa deyil, əhalisinin yarıya qədəri erməni sakini olan Xankəndi götürülür.

Ermənipərəst Kirovun dəstəyi ilə qısa bir zamandan sonra Xankəndinin adı da dəyişdirilir. 18 sentyabr 1923-cü ildə[10] Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayəti Komitəsinin[11] qərarı ilə Xankəndi qəsəbəsinin adı dəyişdirilərək Stepanakert adlandırıldı. Nəyə görə bütün vilayət əhalisinin deyil, ancaq erməni əhalisinin müraciətinin nəzərə alınması sualına isə cavab yoxdur. Bu zaman Stepan Şaumyanın Azərbaycana 1914-cü ildə gələrək 1918-ci ildə yoxa çıxdığı, 1917–1918-ci illərdə Azərbaycan xalqına qarşı qətliamın təşkilatçısı olduğu, onun Dağlıq Qarabağla, konkret olaraq Xankəndi ilə heç bir əlaqəsi olmadığı respublikanın o vaxtkı rəhbərliyini qətiyyən maraqlandırmırdı. Elə indi də erməni işğalçılarının işğal altında olan Xankəndini bolşevik və qətliam törədicisi Şaumyanın adı ilə Stepanakert adlandırması onların əsl mahiyyətindən xəbər verir. Ancaq bütün sovet dövründə Azərbaycan ictimaiyyəti şəhəri qeyri-rəsmi olaraq Xankəndi adlandırmaqda davam edirdi. Sonralar tarix sübut etdi ki, Moskvanın məqsədi Azərbaycanın ərazi bütövlüyünü qorumaq yox, onun içərisində erməni millətçiliyinin dayağı olaraq respublikaya daim problem yaradacaq mərkəzin yaradılması idi. DQMV yaradılandan SSRİ dağılanadək nəinki Xankəndinin, hətta vilayətdəki irili-xırdalı bütün təşkilatların rəhbərləri ancaq erməni millətindən olan şəxslər təyin edilirdilər. Regionun və şəhərin tarixi, mədəni ənənələri və etnik tərkibi bir kənara atılaraq ancaq erməni xətti qabardılmağa çalışılırdı. Məsələn, 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Levon Mirzoyan (o, 1926–1929-cu illərdə respublikaya rəhbərlik edib) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Azərbaycana Aleksandr Tamanyan adlı arxitektor dəvət edir. Bu o Mirzoyandır ki, hakimiyyətinin axırıncı ilində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasındakı Mığrı rayonu (ermənilər ora sonradan Meqri adı verdilər) Ermənistana verildi və bununla da Naxçıvan anklava çevrildi. A. Tamanyan region üçün yad adam idi. O ancaq 1923-cü ildə 46 yaşında doğulduğu və həmişə yaşadığı Rusiyadan İrəvana köçərək Ermənistan Xalq Komissarları Sovetinin baş mühəndisi təyin edilir. Həm İrəvanda, həm Bakıda Avropa səviyyəsində tanınan xeyli sayda yerli azərbaycanlı arxitektorların olmasına baxmayaraq qədim Azərbaycan şəhərlərinin baş planının hazırlanması məhz ona tapşırılır. O, 1924-cü ildə İrəvanın (sonradan ermənilər oranı Yerevan adlandırdılar), 1927-ci ildə Bəyazidin, 1925-ci ildə Gümrünün (sonradan ermənilər oranı Leninakan adlandırdılar) 1927–28-ci ildə Üçmüəzzənin (sonradan ermənilər oranı Eçmiadzin adlandırdılar) baş planını hazırlayır. Bununla da Ermənistana verilmiş bu Azərbaycan şəhərlərinin şərq arxitekturası, əsrlərdən gələn inkişaf xətti və mədəni siması itirilir. A. Tamanyanın təklifi və Azərbaycanın rəhbəri L. Mirzoyanın razılığı ilə 1926-cı ildə Xankəndinin baş planı qəbul edilir. Onun planı isə Qarabağ şəhərsalma mədəniyyəti ilə tam ziddiyyət təşkil edirdi. Maraqlıdır ki, A. Tamanyanın nəvəsi və adaşı Aleksandr Tamanyan 1988-ci ildən başlayan Qarabağ erməni icmasının separatizm hərəkatında fəal etmişdir.

Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Bu zaman bu işə daima Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilir. Bu səbəbdən də onun bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə getməyə başlayır. 1920-ci illərin əvvəllərində Xankəndi kəndini erməni əhalisi ilə fəal məskunlaşdırmağa başladılar.[12] Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü bariz göstərməyə başlayır. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşamağa başlayır. Bu rəqəmlər Dağlıq Qarabağ regionunun sosial inkişafdan geri qalması barədə erməni millətçilərin 1988-ci ildə ortaya atdıqları iddianı tamamilə rədd edir. Çünki hər 20 ilə əhalisinin sayının iki dəfə artması istənilən əyalət şəhəri üçün böyük inkişaf göstəricisi idi. Artan əhali üçün nəinki mənzillər tikilir və müvafiq sosial və kommunal infrastruktur yaradılırdı, eyni zamanda onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikilirdi. Eyni zamanda bu, təkcə Xankəndi üçün deyil, bütün Dağlıq Qarabağ üçün xarakterik idi. Yada salmaq düzgün olardı ki, bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətinin deyil, onilliklərlə Azərbaycanın maliyyə-texniki resursları və iradəsi hesabına yaradılırdı. Xankəndidə tikilmiş müəssisələr keçmiş muxtar vilayətin sənaye məhsulunun yarısından çoxunu buraxırdı. Sovet dövrünün axırına Xankəndidə bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili bazarında özünə müştəri tapırdı.[13]

Xankəndinin sürətlə böyüməsi nəticəsində 1978-ci ilin may ayında Xankəndi şəhər statusunu aldı. Şəhər Xankəndi rayonu tabeliyindən çıxarıldı, həmin rayonun adı isə dəyişdirilərək Əsgəran rayonu adlandırıldı.[14]

Qarabağ müharibəsi dövrü

1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndidə ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdı. Bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndiyə Daxili Qoşunların batalyonunu göndərdi. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunu qisasını almaq üçün Xankəndiyə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirildi, çoxlu sayda insan isə yaralandı. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları oldular.

May ayının 25-dən etibarən isə Vilayət Partiya Komitəsində məsul vəzifədə çalışan azərbaycanlılar işdən çıxarıldı. İlk olaraq ermənilər 1988-ci ilin 18 sentyabrında Xocalıya hücum etdilər. Güclü müqavimətlə rastlaşdıqdan sonra onlar Xankəndidə olan azərbaycanlıların evlərinə basqınlar təşkil etdilər. Mayor Şahbazyanın başçılığı altında həm yerli milis idarəsində, həm də Ermənistanda çalışan milis işçilərindən ibarət dəstələr yaradıldı. Azərbaycanlıların yaşadıqları evləri yandırmaq məqsədilə bu dəstələrdən hər biri bir küçəyə nəzarət edirdi. Zavodskoy küçəsi, Puşkin küçəsi, Ü. Hacıbəyov küçəsi, Özbəkistan küçəsi, Bazarnaya küçəsi, DQMV-50 küçəsində evlərə hücum edərək müxtəlif vasitələrlə onları yandırmağa başladılar. Sabir və Lesnoy küçələrinə də hücum edən ermənilər orada müqavimətlə rastlaşdıqlarından geri çəkilməyə məcbur oldular. Daha sonra M. Paşayev, Timiryazev, Magilyevski və Admiral İsakov küçələrində də yanğınlar törətdilər. Ümumilikdə isə 59 ev yandırıldı. Sentyabr ayının 18-də 20-nə kimi ermənilər talan və qarətlərinin davam etdirdilər.[15] Beləliklə, 1988-ci ilin sentyabr ayında ermənilər Xankəndi şəhərində yaşayan bütün etnik azərbaycanlıların hamısını zorla şəhərdən qovurlar. Xankəndidə Azərbaycanın büdcəsinin pulu ilə tikilmiş bütün sənaye müəssisələrinin başçıları ermənilər idi. Həmin müəssisələr gizlin olaraq atıcı silahlar və minalar istehsal edərək bunları erməni silahlı dəstələrinə paylayırdılar. 1990-cı ildə Sovet ordusu Azərbaycan qüvvələrinin şəhəri ələ keçirməsinin qarşısını almaq üçün Xankəndiyə bir neçə Xüsusi Təyinatlı vzvod və digər əlavə hərbi birlikləri göndərdi.[16] 1991-ci ilin dekabr ayında SSRİ öz mövcudluğuna son verdi. Xankəndidəki ermənilər bunu fürsət kimi bilib dərhal şəhərdə yerləşən hərbi bazaya hücum edərək oradakı bütün silahları ələ keçirdilər. Döyüş zamanı bir neçə erməni silahlısı və bir rus əsgəri öldürüldü. Bazada olan rus əsgərlərinin bir hissəsi ermənilərlə vuruşmağa razılıq verdi, buna razı olmayanlar isə Qarabağdan qovuldular. Lakin bundan daha əvvəl Xankəndidə yerləşən 366-cı moto-atıcı alayın rus əsgərləri öz silahlarını ermənilərə satmağa başlamışdılar. 1991-ci ildə Qarabağda olan amerikalı hüquq müdafiəçisi Skot Harton bu barədə yazaraq bildirir ki, hərbi bazada xidmət edən rus zabiti onu yerli biznesmen kimi təsəvvür edərək ona tankı 3000 ABŞ dollarına almağı təklif edib. Bəzi şahidlər isə rusların öz silahlarını araq əvəzinə ermənilərə verdiyini deyir. Müharibə boyunca Azərbaycan Ordusunun bölmələri bir neçə dəfə Xankəndiyə yaxınlaşsa da, şəhəri işğaldan azad etmək mümkün olmayıb.[17]

Atəşkəs dövrü

Qarabağ müharibəsi dövründə Xankəndi şəhəri böyük dağıntılara məruz qalır. Lakin müharibədən sonra ermənilər xaricdəki diasporun köməyi ilə Xankəndini bərpa edirlər. Onu da qeyd etmək lazımdır ki, ermənilər işğal olunmuş digər rayonların şəhər mərkəzlərini talan edərək onların vasitəsilə Xankəndini və həmçinin Dağlıq Qarabağdakı digər şəhərləri çox ucuz qiymətə bərpa ediblər. Bundan başqa erməni diasporunun köməyi ilə Gorus şəhərindən Xankəndiyə qədər 64 km uzunluğunda, çəkilişi 1999-cu ildə tamamlanan şose yolu çəkilmişdir ki, bu yol Ermənistan ilə işğal olunmuş əraziləri birləşdirən yeganə yoldur.[18] 2000-ci ildə Xankəndidə separatçı rejimin başçısı Arkadi Qukasyana sui-qəsd təşkil olunur. Qukasyan bu hücum nəticəsində sağ qala bilir. Sui-qəsdin təşkilatçısı kimi Qarabağdakı erməni ordusunun komandanı olan Samvel Babayan tutularaq 14 illik həbs cəzasına məhkum edilir.

Şəhərdə terror, sui-qəsd və hücum aktları

  • 1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs ermənilər tərəfindən xəstəxananın həyətində döyülərək, qətlə yetirilib.
  • 28 iyun 1989-cu il tarixində ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən şose yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanmışdır.
  • 20 sentyabr 1991-ci ildə şəhərdə Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur.
  • 1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusu partladılır.
  • 1990-cı ilin iyununda Xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılır.
  • 15 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılmışdır. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil.
  • 1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Beləcə qəsəbə 3 nəfəri itirir. Lakin erməni tərəfindən də, çoxlu itkilər olur.
  • 1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general mayor V. Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir.
  • 1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir.
  • 1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyirdilər.
  • 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L. Xomiç qətlə yetirilmişdir.
  • 24 fevral 1991-ci ildə Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər vəfat etmişdir.
  • Həmçinin ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar. Belə ki, Kərkicahan, Cəmilli və Kosalar ərazisində xalqın mal-qarası, xırda buynuzlu heyvanları ya oğurlanır, ya da güllələnir.
  • 1994-cü il 18 mart tarixində Xankəndi səmasında erməni terrorçuları tərəfindən İranın Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 36 nəfər həlak olmuşdur.

Şəhər üzərində Azərbaycanın nəzarətinin bərpası

2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Xankəndi şəhərinə nəzarətini bərpa etdi[19].

Əhalisi

Mənbə[20]

Bir çox illərdə ermənilər Xankəndi şəhərinə köç etmişdirlər. İlk köç 1800-cü ildə, İbrahimxəlil xan Cavanşirin dönəminə təsadüf edir. Daha sonralar 1804, 1850, 1890, 1915, 1937 və 1951-ci ildə minlərlə erməni buraya köç etmişdir. Ən son köç isə 1988-ci ildə Sumqayıt ermənilərinin köçü olmuşdur. Onlar əsasən Xankəndi, Kərkicahan, Kosalar, Bəhlulun, Cəmilli ərazilərində məskunlaşmışdırlar.

Bu gün Xankəndinin azərbaycanlı əhalisinin çox hissəsi Bakı, Abşeron, Pirşağı, Mərdəkan, Zuğulba, Gəncə, Sumqayıt, Nəsimi rayonu, Ağcabədi, Naftalan və Ağcakənd ərazilərində məskunlaşmışdırlar. Qarabağ müharibəsinin ilk məcburi köçkünləri olmuş Xankəndi camaatı Gəncənin "Üzümçülük sovxozu" deyilən ərazidə yaşamışlar.

İlSayı
1926 3.118 [21]
1939 10.459 [22]
İlSayı
1959 20.333 [23]
1970 30.293 [24]
İlSayı
1979 38.980 [25]
1989 56.705 [26]
İlSayı
2005 49.848 [27]
2011 53.400 [2]

Etnik tərkibi

Xankəndi şəhəri : 1979-cu il siyahıya alması
Etnik quplar əhalinin Sayı (Nəfər)[28]
Azərbaycanlılar4.303 (11,0%)
Ukraynalılar82 (0,2%)
Ruslar549 (1,4%)
Ermənilər33.898 (87,0%)
Bütün şəhər üzrə38.948 (100%)

Coğrafi mövqeyi

Xankəndi şəhəri Azərbaycan Respublikasının xəritəsində

Dağlıq Qarabağın mərkəzi. Qarqarçayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 km aralıda yerləşir. Ərazisinin çox hissəsi dağlıq, dağətəyi zonada keçir.

Məhəllələri

Xankəndidə 34 məhəllə var idi. Bu da onu göstərir ki, Xankəndi böyük əraziyə malikdir. Bu məhəllələrin bir çoxu qədim azərbaycan məhəllələri idi . Adətən hər məhəllədə bir və ya bir neçə məscid və hamam olardı. Bu tarixi məhəllələrin bir çoxu işğal zamanı məhv edilmişdir. Məhəllələr iki yerə bölünürdü:

Florası

Xankəndi və onun ətrafında bir çox qiymətli bitki növləri yetişir.

  • Adi şabalıd (Castanea sativa Mill.) – arealı tədricən azalan relikt növ olub dəniz səviyyəsindən 600 – 1100 m yüksəkliklərdə, aşağı dağlıq qurşağın şimal yamaclarında, dağ vadiləri və dərələrinin yamaclarında, rütubətli qonur — gillicəli torpaqlarda bitir. Xankəndinin Moşxmaat kəndi ətrafında rast gəlinir.
  • Hirkan ənciri (Ficus hyrcana Grossh.) — Azərbaycan endemi olub aşağı dağlıq qurşağın rütubətli-mülayim iqlim şəraitində bitir. Şuşa, Xankəndi ətrafında yayılmışdır.
  • Hirkan şümşəsi — pırkal (Ilex hyrcana Pojark.) — nəsli kəsilmək təhlükəsi altında olan relikt növ olub (Qafqaz və İran İslam Respublikası endemi) dağınıq halda fıstıq, fıstıq — vələs və qarışıq meşələrdə, kolluq kimi rast gəlinərək Xankəndinin BadaraDaşaltı kəndi ətrafında rast gəlinir.
  • Təkdənli buğda (Triticum monococcum L.) – çox nadir növ olub quru, çınqıllı, gilli, qumlu yamaclar, az münbit torpaqlarda bitir. Laçın rayonu ərazisində və Şuşa ətrafında, Xankəndi ərazisinində Şuşakənd, Topxana ətrafında rast gəlinir.
  • Uzunyarpaq tozbaş səhləb (Cephalanthera longifolia (L.) Fritsch) – arealı kiçilməkdə olan az rast gələn növ olub aşağı və orta dağlıq qurşaqlarının meşələri və kol pöhrəliklərində yayılmışdır. Xankəndi şəhəri ətrafında yayılmışdır.
  • Vələsyarpaq azat (Zelkova carpinifolia (Pall.) C. Koch. (Z. hyrcana Grossh. et Jarm.)) — Qafqazınİranın nadir relikt növü olub dəniz səviyyəsindən 1300–1500 m yüksəklikdəki qurşaqda təmiz və ya qarışıq meşələr yaradır. Göstərilən iqtisadi-coğrafi rayonda Xankəndi və Şuşa ətrafları, Xocavəndin Domı, Axullu, Füzulinin Hoqa kəndləri ətrafında yayılmışdır.[29]

İqlimi

Buranın iqlimi əsasən mülayimdir. Dağlıq ərazidə yerləşdiyi üçün qışda ərazi soyuq, yayda isə sərin keçir.

Fəsiltemperatur
Yaz8–15C
Yay30C və yuxarı
Payız1C-4C
Qış-10C və yuxarı

İqtisadi xarakteristikası

Tələbə Prospekti

Xankəndi Azərbaycanın inkişaf etmiş sənaye mərkəzlərindən biri olmuşdur. Yüngül və yeyinti sənayesi inkişaf etmişdir. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları vardı. Şəhərdə 3 savxoz və 1 kolxoz fəaliyyət göstərirdi. Bu savxozlarda insanlar taxıl, buğda, arpa, pambıq, kök, kələm, xiyar, qarpız və digər bitkiləri əkirdilər. Şəhərdəki yeganə kolxozda isə əsasən atçılığa və maldarlığa çox üstünlük verirdilər. Burada Qarabağın cins atları yetişdirilirdi.

Həmçinin şəhərdə nəşriyyat da, çox inkişaf etmişdir. SSRİ dönəmində şəhərdə üç qəzet (Qarabağ, Xankəndi və Komsomolçu gənclər) fəaliyyət göstərirdi. 1978-ci ildə Xankəndi Gənc Jurnalistləri Evi də açılmışdır.

Erməni diasporunun pulları hesabına şəhərdə bir neçə hotel tikilmişdir. Bu hotellərdə əsasən Dağlıq Qarabağı gəzməyə gələn erməni diasporunun nümayəndələri qalırlar. Bununla belə iş yerlərinin olmaması səbəbindən əhalinin bir hissəsi Xankəndini tərk edib. Hal-hazırda erməni diasporu Qarabağa, Xankəndiyə, Şuşaya və digər ərazilərin abadlaşdırılması üçün pul sərmayə qoyduqlarını bildirirlər.

Mədəniyyəti

Xankəndi şəhərində bir çox mədəniyyət yerləri olmuşdur. Şəhərdə 2 mədəniyyət evi, 2 musiqi məktəbi, 1 rəqs məktəbi, 1 rəsm məktəbi fəaliyyət göstərirdi. SSRİ dönəmində şəhərin mədəniyyət evi V. İ. Leninin adını daşıyırdı. Qarabağda ilk rəqs məktəbi Xankəndi şəhərində 1972-ci ildə istifadəyə verilmişdir. Şəhərdə 1936-cı ilə qədər qızlar və oğlanlar birlikdə təhsil almırdılar.

"Biz və bizim dağlar" monumental abidəsinin 1967-ci ildə Azərbaycan Respublikasının Xankəndi şəhəri yaxınlığında, Əsgəran rayonu ərazisində açılışı olub. Heykəltəraş Sarkis Baqdasaryan tərəfindən hazırlanmış "Biz və bizim dağlar" monumental abidəsi qısa zamanda həm yerli əhali, həm də Azərbaycan cəmiyyəti tərəfindən sevilib və hazırda Azərbaycan mədəni irsinin ayrılmaz hissəsi sayılır.

Abidənin erməni əsilli heykəltaraş tərəfindən yaradılması onu avtomatik olaraq Ermənistanın mədəni sərvəti etmir. Abidə Azərbaycan Respublikasının büdcəsi hesabına, Azərbaycan Respublikasının ərazisində yaradılıb, ona görə də Azərbaycan mədəni sərvəti hesab edilir". Qeyd edək ki, istənilən mədəniyyət abidəsi yaradıldığı ölkənin mədəni sərvəti hesab edilir: "Bu prinsip bütün dünyada qəbul edilib və heç bir mübahisə doğurmur".

Tanınmış şəxsləri

Həmçinin bax

İstinadlar

  1. https://www.independent.co.uk/news/world/europe/nagorno-karabakh-armenia-azerbaijan-refugees-b2421023.html.
  2. https://web.archive.org/web/20170329064143/http://stat-nkr.am/files/publications/joxovrdagrakan_vichak_2011.pdf.
  3. "Arxivlənmiş surət". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2012-06-26 at the Wayback Machine (min nəfər)
  5. "Xankəndində 30 il sonra tarixi oyun". 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  6. Johannes, Rau. Der Berg-Karabach-Konflikt zwischen Armenien und Aserbaidschan (Almanca). Dr. Köster. 2007. səh. 34. ISBN 978-3-89574-629-1.
  7. İstiqlal fədailəri – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri və silahdaşları (1918–1920-ci illər). Bakı: Mütərcim, 2013
  8. Erməni iddialarının "Sovet dövrü"
  9. İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013
  10. "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  11. https://az.m.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Kommunist_Partiyas%C4%B1_Da%C4%9Fl%C4%B1q_Qaraba%C4%9F_Muxtar_Vilay%C9%99t_Komit%C9%99si
  12. "Bakıda Qarabağın Azərbaycanlı İcmasını niyə ləğv etdilər?". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  13. "Xankəndi - Azərbaycanın mirvari şəhəri". 2011-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-23.
  14. "Qarabağ tarixinin salnaməsi (1960-1970-ci illər) - Azerbaycanli.org". 2012-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-06.
  15. İşğal tarixi Arxivləşdirilib 2020-11-01 at the Wayback Machine xankendi.az
  16. "SSRİ-nin dağılması. Bakıda Qara Yanvar". 2020-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.
  17. Tomas De Vaal, Black Garden. Armenia and Azerbaijan through Peace and War. Nyu-York Nəşriyyatı, 2003-cü il
  18. "BBC Radiosu". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-27.
  19. "İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-10.
  20. Xankəndi Əhalisi
  21. SSRİ əhalisinin siyahıya alınması (1926).
  22. SSRİ əhalisinin siyahıya alınması (1939).
  23. SSRİ əhalisinin siyahıya alınması (1959).
  24. SSRİ əhalisinin siyahıya alınması (1970).
  25. SSRİ əhalisinin siyahıya alınması (1979).
  26. SSRİ əhalisinin siyahıya alınması (1989).
  27. 2005 census of the Nagorno-Karabakh Republic.
  28. "Dağlıq Qarabağın Əhalisi". 2011-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-13.
  29. Qarabağın Təbiəti

Mənbə

  • Xankəndinin tarixi məhəllələri. "Xankəndi" qəzeti, 02.06.1985
  • Tarixi yurdumuz Xankəndi. "Şuşa" qəzeti, 07.12.2006
  • Akif Nağı. Qarabağ dünən, bu gün və sabah. Xankəndi: 20.08.2008
  • Qasım Qırxqızlı. Əsrin faciəsi — Xocalı. "Xankəndi qədimdir yoxsa Kərkicahan?". Bakı: Şərq-QƏrb nəşriyyatı, 23.02.1999.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.