Xanbikə xanım

Xanbikə xanım (1856, Şuşa1921, Ağdam) — azərbaycanlı şairə, Xurşidbanu Natəvanın qızı.[1]

Xanbikə xanım
Doğum tarixi 1856
Doğum yeri
Vəfat tarixi 1921
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Xasay xan Usmiyev
Anası Xurşidbanu Natəvan
Fəaliyyəti şairə
Əsərlərinin dili Azərbaycan dili, türk dili, fars dili

Həyatı və yaradıcılığı

Xanbikə xanım 1856-cı ildə Şuşada doğulmuşdur. Xurşidbanu Natəvan irsinin görkəmli tədqiqatçısı Bəylər Məmmədov onun əsl adının Fatmabikə xanım olduğunu, hələ kiçik yaşlarından şair-həkim Mirzə Sadıq Sadiqin və şair Mirzə Rəhim Fənanın təsiri ilə şeir yazmağa başladığını, anası Xurşidbanu Natəvanın yolunu davam etdirərək qəzəllər və rübailər qələmə aldığını göstərmişdir.[2]

Xanbikə xanım 1872-ci ildə Xok və Qıvraq kəndinin atamanı Əmanulla xanla ailə qurmuş, ondan bir neçə övladı olmuşdur. Oğlu Əkbər xan Naxçıvanski 1960-cı illərə qədər yaşamışdır. Dümanın Xurşidbanuya bağışladığı fiqurları, fil sümüyündən olan şahmatı da muzeyə o bağışlamışdır.[2]

Polkovnik Əmanulla xan (1845–1891) vəfat etdikdən sonra Xanbikə xanım 1891-ci ildən sonra Gəncədə yaşayan naxçıvanlı tacir, yazıçı Mirzə Cəlilin yaxın dostu Kərbəlayi Cabbar Hacı Ələsgərov ilə ailə qurur.

Ərinin qulluğu ilə əlaqədar olaraq Xanbikə xanım Naxçıvanda, Tiflisdə, Vladiqafqazda yaşasa da, tez-tez anası ilə məktublaşır, bəzən ailəsi ilə bərabər Qarabağa gəlirdi. Xanbikə xanım 1921-ci ildə Ağdamda vəfat etmiş, İmarətdəki silsiləvi qəbiristanlıqda dəfn olunmuşdur.[2]

Xanbikə xanım Azərbaycanfars dillərində yazdığı şeirlər bir sıra nəzirələrdən, anası Xurşidbanunun və qızı Ənbərbikənin ayrılığına həsr edilmiş mənzum məktublardan ibarətdir. Bu mənzumələrdə Natəvanın təsiri açıq-aydın şəkildə hiss edilir. Bəylər Məmmədov şairənin təkcə bir şeirinin mətbuat üzü gördüyünü, yerdə qalanları isə arxiv, muzey və əlyazmaları fondunun nadir eksponatlarından olduğunu bildirmişdir.[2]

Bəylər Məmmədov Xanbikə xanımın anası kimi nəfis əl işləri, müxtəlif janrda tikmələr hazırlamaq bacarığı olduğunu yazmışdır.[2]

Onun bir-neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xanbikə xanım "məclisi-üns"ün iştirakçılardan biri idi.

Ailəsi

İstinadlar

  1. "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.111.
  2. Bəylər Məmmədov. Natəvanın şair qohumları. Bakı, 1989

Mənbələr

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.