Xanımana Əlibəyli
Xanımana Sabir qızı Əlibəyli (20 aprel 1920, Bakı – 7 may 2007, Bakı) — Azərbaycan yazıçısı.
Xanımana Əlibəyli | |
---|---|
Doğum tarixi | 20 aprel 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 7 may 2007 (87 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | şairə, yazıçı |
Mükafatları |
Həyatı
Xanımana Sabir qızı 20 aprel 1920-ci ildə Bakı şəhərinin Keşlə kəndində maraqlı mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış.
Atası genaral Ağasəlim bəy Əlibəyovun oğlu Sabir bəy Əlibəyov 1886-cı ildə Bakıda anadan olmuşdur. Məsumə xanım Qarayeva ilə evlənmişdir. Xanımana Əlibəylinin atası Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı.[1]1966-cı ildə vəfat etmişdir.
Xanımananın anası Məsumə xanım Qarayeva H.Z.Tağıyevin məşhur Qızlar gimnaziyasını və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Əli Bayramov adına Qadınlar klubunun fəallarından olmuş, uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə əməkdar müəllim fəxri adına layiq görülmüşdü.Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi.
Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur. Onlardan biri, sonralar görkəmli yazıçı kimi tanınan Məhərrəm Əlizadə Xanımananın istedadını görüb onunla məşğul olmuş, ilk şeirlərinin kütləvi informasiya vasitələrinə yol açmasına, özəlliklə də balaca şairin Azərbaycan radiosu ilə çıxışlarına məsləhətçi və köməkçi olmuşdur. Xanımananın ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, "Balaca həkim" adlı birinci kitabı isə 1955-ci ildə Uşaqgəncnəşr tərəfindən 30.000 nüsxə tirajla çap olunmuşdur.
16 yaşında ikən Xanımana Bakıda Tibb İnstitutuna daxil olmuşdur. 1942-ci ildə institutu uğurla bitirən gənc həkim təyinatla Masallıya göndərilmiş, orada Qızılavar kənd tibb məntəqəsində fəaliyyətə başlamışdır.
Tezliklə Xanımana ikinci ali təhsil almaq üçün ADU-nun filologiya fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.
Şairə 1953-cü ildə Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.
Xanımana 7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir.[2]
Yaradıcılığı
Xanımana Əlibəyli uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir.
1991-ci ildə ona əməkdar incəsənət xadimi adı verilmişdir. 1998-ci ildə Xanımana "İlin qadını" adını almışdır. 1999-cu ildə Heydər Əliyev ona Prezident təqaüdü təyin etmiş, bu münasibətlə xatirə olaraq ona büllur şamdan da bağışlamışdır.
Xanımananın "Balaca həkim" adlı ilk şeirlər toplusu 1955-ci ildə işıq üzü görmüşdü.
O, "Aman ovçu", "Ağ çəmən", "Ulduzların qucağında", "Bir yay səhəri", "Çoxbilmiş çəpişlər", "Məni günəşə at!", "Meşə həkimi", "Sevimli şəhid babam" və digər qiymətli poemaların müəllifidir.
"Dovşanın ad günü" Xanımananın ən populyar poemalarından biridir.
"Balaca həkim" adlı digər bir miniatür poemasında da Xanımananın əsas təsvir və tərənnüm obyekti heyvanlar, onların kukla və oyuncaq variantlarıdır.
Xanımana müxtəlif illərdə "Gözəllər gözəli", "Nişanlı quş", "Aycan", "Dovşanın ad günü", "Cunquş", "Kənd həkimi", "Durnalar lələk salır", "Meyvələrin şahı" və s. dram əsərləri yazmış, onların bir çoxu gənclər və kukla teatrlarında göstərilmişdir.
11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.[3]
Xanımananın "Cunquş" adlı başqa bir əsəri vaxtilə respublikanın dövlət mükafatına layiq görülmüşdü. Kukla teatrımız 1980-ci ildə Hindistanda qastrol səfərində olarkən Dehli və Bombey şəhərlərində iki əsərin tamaşası ilə çıxış etmişdi: dahi Ü.Hacıbəyovun "Məşədi İbad" komediyası, bir də Xanımananın "Cunquş" pyesi. Xanımana iman sahibi idi. Ailə üzvləri şəhadət verir ki, o özəlliklə ahıl çağlarında müntəzəm olaraq Qurani-Kərim oxuyar, bu və ya digər surəni başa çıxdıqdan sonra onu öpüb gözlərinə, alnına sürtərmiş.
İstinadlar
- "Arxivlənmiş surət". 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-01.
- "Ədəbiyyat qəzeti", 11 may 2007-ci il
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.