Xanım Fatimeyi-Zəhra məscidi
Xanım Fatimeyi-Zəhra məscidi və ya Fatimeyi-Zəhra məscidi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində məscid.
İslam | |
Xanım Fatimeyi-Zəhra məscidi | |
---|---|
Din | |
Statusu | Məscid |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yeri | Yeni Günəşli |
Memarlıq | |
İnşa tarixi | 1990 – 2021 |
Memarı | Ədalət Məmmədov (2019–2021) |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib.[1]
Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilməyə başlanıb.[1] Məscidin tikintisinə 1990-cı illərin sonunda başlanmışdır.[2]
Sonradan məscidin tam olaraq tikintisinə imkan verilməyib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib.[1]
Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı Rayon İcra Hakimiyyəti məscidi qarşı məhkəməyə verərək, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib.[1]
Dini icma qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib.[1]
Həmin dövrdə dindarların hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edib. Cəmiyyətin təbəqələrinin sərt təpkisinə baxmayaraq 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.[1]
2009-cu ildə məscidin qanunsuz tikili kimi sökülməsinə dair məhkəmə qərar çıxarsa da, 2010-cu ildə prezident İlham Əliyev məscidi Qafqaz Müsəlmanları İdarəsinin balansına verərək, sökülmə qərarını ləğv etmişdir.[2]
Məhkəmə qərarları Ali Məhkəmənin Plenumunda ləğv edilib, Bakı Apelyasiya Məhkəməsində 29.12.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 613 saylı 31 oktyabr 2002-ci il tarixli sərəncamı etibarsız hesab olunub, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası təmin edilməyib, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi mərkəzi massivində yerləşən 1,3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş məscid komleksi Qafqaz Müsəlmanlar İdarəsinin balansına verilib.[1]
Qətnamə qanuni qüvvəsini alıb və məscid natamam vəziyyətdədir. Buna baxmarayaq məscid fəaliyyət göstərir və orada ibadətlər edilir.[1]
Fevral 2017-ci ildə “Fatimeyi-Zəhra” məscidinin söküləcəyi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılıb.[3] Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov məscidlə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib ki, məscid 25 sot ərazisi ilə birgə yerli bələdiyyə tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin tam istifadəsinə veriləcək.[4]
Sözügedən məsələ ilə bağlı açıqlama verən azərbaycanlı tanınmış vəkil Cavad Cavadov bildirib ki, "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Konstitusiyasını pozur".[5][6] Bu ərəfədə məscidin imam-cüməsi, ilahiyyatçı alim Hacı Ramil Bədəlov məscidin ərazisilə bağlı geniş çıxış edərək bildirib ki, məscidin 25 sot yox, 130 sot ərazisi var".[7] Daha sonra hadisəyə Məşədi Dadaş məscidinin imam-cüməsi, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli də münasibət bildirib.[8] QMİ-nin mətbuat xidmətindən isə bildirilib ki, "Yeni Günəşli qəsəbəsindəki “Fatimeyi Zəhra” məscidi ilə bağlı yaranmış məsələ məscidin xeyrinə həll olunub. Məscidlə bağlı narahatlığa heç bir əsas yoxdur."[9]
Aprel 2018-ci ildə məscidin axundu, ilahiyyatçı Hacı Ramil Bədəlov naməlum səbəblərdən məscidin axundluğundan imtina edib. Hacı Surxay Əhmədov məscidin yeni axundu təyin edilib.[10]
7 yanvar 2022-ci ildə məscid yenidənqurmadan sonra istifadəyə verildi.
Haqqında
Mənbə[11]
6 yanvar 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.
Məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan, məscidə üz tutanlar məcbur qalıb açıq havada ibadət edirdilər. Odur ki, qəsəbədə daha müasir və geniş məscid kompleksinin tikintisinə ehtiyac yaranmışdı.
Prezident İlham Əliyevin tapşırığına əsasən, məscid kompleksi üçün müasir konsepsiya hazırlanıb və yeni bina inşa olunub.
İndi isə məsciddə, eyni zamanda, 1800 nəfərin ibadət etməsi mümkün olacaq. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub. Buraya ağac materialından hazırlanmış şəbəkələr də daxildir.
Məscid kompleksinin diametri 4 metr və hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz var.
Kompleksə dindarların dəstəmaz alması, dini ayinlərin keçirilməsi üçün xüsusi binalar da daxildir.
Məsciddə mərkəzləşdirilmiş havalandırma sistemi yaradılıb, ətraf ərazi yaşıllaşdırılıb.
İstinadlar
- "Vəkil və Dini Komitədən "Fatimeyi Zəhra" məscidi ilə bağlı açıqlama" ( (az.)). islamazeri.az. 2017-02-03. 2017-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
- "Yeni Günəşlidəki "Xanım Fatimeyi Zəhra (s.ə.)" adına məscidin tikintisinin davamı üçün inanclılar aksiyaya başladı" ( (az.)). azadxeber.net. 2015-07-21. 2015-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-22.
- “Fatimeyi Zəhra” məscidinin 1 hektar ərazisi necə ələ keçirilib...
- "Komitə: "Fatimeyi-Zəhra" məscidi sökülməyəcək, əksinə orada icma yaradılacaq". 2017-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
- "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Fatimeyi-Zəhra" məscidi ilə bağlı açıqlama yayıb". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
- Azərbaycan Xalqı Xanım Fatimeyi Zəhra məscidi ərazisinin qəsb olunmasına etiraz edir
- ""Fatimeyi Zəhra" məscidinin imamı: Məscidin 130 sot ərazisi var, nəinki 25 sot - ƏTRAFLI". 2020-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
- "Hacı Şahin Həsənli "Fatimeyi Zəhra" məscidilə bağlı məsələlərdən danışdı". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
- "QMİ "Fatimeyi Zəhra" məscidi ətrafında yaranmış vəziyyətlə bağlı münasibətini açıqlayıb". 2017-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
- ""Fatimeyi-Zəhra" (s.ə) məscidinə yeni axund təyin olunub, bəzi məsələlərə aydınlıq gətirildi - ƏTRAFLI". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
- "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yeni Günəşlidə "Xanım Fatimeyi Zəhra" məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar". 2022-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.