Xətib Təbrizi

Yəhya bin Əli Xətib Təbrizi (1030, Təbriz1109[1], Bağdad) – XI əsr Azərbaycan alimi, ədəbiyyatşunas, dilçi və şair; ərəb dili və ədəbiyyatı, qrammatika və leksikologiyası elminin banilərindən biri.[2]

Xətib Təbrizi
ərəb. الخطيب التبريزي
Doğum tarixi 1030
Doğum yeri
Vəfat tarixi 1109[1]
Vəfat yeri

Həyatı

Dahi Azərbaycan alimi, ədəbiyyatşünas, dilçi, şair və şərh ustası, ərəb alimlərinin "ədəbiyyat, qrammatika və leksikoqrafiya elmlərinin başçısı", "müdrik şeyx, ərəb elmlərinin rəhbəri, əbədiyyatşünaslığın bayraqdarı, hikmət qaynağı", "bütün ədəbiyyatşünasların rəhbəri" adlandırdığı, habelə akademik Həmid Araslı tərəfindən "XI əsrdə Azərbaycan türklərinin yetirdiyi ən böyük şəxsiyyət"- deyə yüksək qiymətləndirilən Yəhya bin Əli Xətib Təbrizi 1030-cu ildə Təbriz şəhərində doğulmuşdur. Onun uşaqlıq və yeniyetməlik illəri barədə heç nə məlum deyildir. Salnaməçilər Xətibin tərcümeyi-halını onun Suriyadakı Məərə ən-Nüman şəhərinə gəlməsindən sonra təsvir edirlər.

Əbül-Əla əl-Məərri ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Sonralar Xətib Təbrizi onun haqqında deyəcəkdi ki," ərəblərin dilində Əbü-l-Əlaya məlum olmayan bircə söz də yoxdur. Bu sözlər ona məxsusdur: "Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur." Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: "Nümanda (şəhər adı), Məərrə məscidində mən onun qarşısında oturub, ona (Əbül-Əlaya) kitab oxuyurdum. O (Xətib Təbrizi) dedi: "Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında bir qonşumu gördüm. Sevincdən halım dəyişdi. Əbül-Əla soruşdu: "Sənə nə oldu?" Mən dedim ki, iki ildir öz ölkəmdən heç kimlə rastlaşmamışam. İndi bir qonşumu gördüm. O dedi: "Get bir az onunla söhbət elə." Mən soruşdum: "Bəlkə dərsimi bitirim, sonra?" O dedi: "Dur, mən səni gözləyərəm." Mən ayağa qalxıb, qonşumla görüşdüm, onunla Azərbaycan türkcəsində xeyli söhbət etdim. Sonra yerimə döndüm. Əbüləla soruşdu: "Siz hansı dildə danışırdınız?" Mən cavab verdim ki, biz Azərbaycan əhalisinin dilində danışırdıq. O dedi: "Mən (bu) dili bilmirəm. Ancaq sizin bütün danışdıqlarınızı təkrar edə bilərəm." Sonra o, bizim söhbətimizi sözbəsöz təkrar etdi. Qonşum təəccüblə söylədi: "O, anlamadığı şeyləri necə əzbərləyib?"

Salnaməçilər Əbül-Əlanın yanında təhsilini bitirdikdən sonra Xətibin müxtəlif Şərq ölkələrində dövrün ən məşhur alimlərinin yanında da biliyini artırdığını yazırlar. Profsssor M. Mahmudov göstərir ki, səyahətə çıxmazdan qabaq Xətib bir müddət öz vətəni Təbrizdə yaşayıb. Bu, müəlliminin ölümündən sonra (1057-ci ildə), yaxud bir qədər əvvəl olmalı idi. Xətib Təbrizdə çox qalmır. Oxumaq həvəsi onu yenə də Suriyaya çəkib aparır. O, burada tanınmış ərəb alimləri Əli Rəqqidən, İbn Dahandan, İbn Bürhandan, Səlim Razidən ilahiyyat, leksikoqrafiya və poetika dərsləri alır. 1064-cü ildə Xətib Dəməşqə gəlir və burada onun tanınmış tarixçi Xətib Bağdadi (1002–1071) ilə dostluğu başlayır.

Bir müddət sonra Misirə yola düşən Xətib Təbrizi orada saray alimi Tahir ibn Babaşazdan ərəb qrammatikasını öyrənir. 1066-cı il sentyabrın 22-də Şərqin mədəni həyatında əlamətdar bir hadisə baş verir. Bağdadda türk-səlcuq hakimlərinin vəsaiti hesabına məşhur vəzir Nizamülmülkün şərəfinə "Nizamiyyə" adlandırılan və sonralar bütün Şərqdə şöhrət tapan mədrəsə açılır. Bu mədrəsə əvvəlkilərdən yalnız həcmi və genişliyi, təchizatı, bütün Şərq ölkələrindən dəvət olunmuş alim və müəllimləri əhatə edən kollektivi ilə deyil, həm də öz inzibati quruluşu etibarilə fərqlənərək, bizə məlum olan ilk dövlət universitetini xatırladır. Burada pedoqoq və tələbələr tamamilə dövlətin təminatında idilər. Tədris proqramları da ortodoksal müsəlmançılığın mövqelərini möhkəmləndirmək məqsədi daşısa da, burada tarix, ədəbiyyatşünaslıq, dilçilik, astronomiya, riyaziyyat və bir çox başqa dünyəvi elmlər də tədris olunurdu. Mədrəsə müxtəlif elmlərin inkişafında mühüm rol oynamışdı. Xətib Təbrizi "Nizamiyyə" mədrəsəsinin açılış günündən ömrünün sonuna qədər, təxminən 40 il burada filologiyanı tədris edir və mədrəsədəki məşhur kitabxananın təşkilatçısı və rəhbəri olmuşdu.

1109-cu ilin yanvarın 3-də, bazar günü böyük alimin ürəyi dayandı. Xətib Təbrizi Bağdadın "Bab Abraz" qəbristanlığında dəfn olunmuşdur.

Yaradıcılığı

Xətib Təbrizinin yaradıcılığında əsas fəaliyyət sahəsi ədəbiyyatşünaslıq idi. Bu mövzuya iyirmiyə yaxın risalə həsr etmişdi. Bundan başqa Xətib Təbrizi Qurana dördcildlik şərhlərin, ədəbi əsərlərin və leksikoqrafiyaya, qrammatikaya, habelə ərəb poetika nəzəriyyəsinə dair bir sıra risalələrin müəllifidir. Məhəmmədəli Tərbiyət onun ərəb ədəbiyatına həsr olunan əsərlərinin əhəmiyyətini qiymətləndirərək, Xətib Təbrizini ərəb dilinin "anası" adlandırır. Professor M. Mahmudov alimin əsərlərini məzmununa görə dörd qismə bölməyi lazım bilir: poetik əsərlərə şərhlər, dilçilik risalələri, ilahiyyata dair tədqiqlər və poetik problemlərə həsr olunanlar.

Birinci qismə aid əsərləri arasında məşhur ərəb şairi Əbu Təmmamın (796–843) "Həmasə" ("Qəhrəmanlıq") adlı toplusuna şərhi diqqəti daha çox çəkir. Həmin toplunun yaranma tarixi maraqlıdır. Xorasandan İraqa gələrkən Əbu Təmmam Həmədanda öz dostu Əbü-l-Vəfa Salamın yanında düşür. Vaxtını boş keçirməmək üçün Əbu Təmmam "Həmasə" adı altında ərəb şairlərinin poeziya antologiyasını tərtib edir. Antologiya müxtəlif janrları əhatə edən 10 fəsildən ibarətdir. Əsərin "Həmasə" adlanmasına səbəb onun həmasə — igidlik, qəhrəmanlıq janrı ilə başlamasıdır. O, əsəri həmasə, mərsiyə, ədəb, təşbib (məhəbbət şeirləri), həcv, əl-adyaf (qonaqlar), əs-sifat (vəsflər), əs-seyr (səyahət) və məzəmmətun-nisə (qadınların məzəmməti) hissələrinə bölür. Bu topluda ərəb şeirinin mövcud olduğu üç yüz il ərzində yaşayıb-yaratmış altı yüzdən çox şairin əsəri təmsil olunub. Antologiyanın yazılması ilə dillərdə əzbər olması bir olur. Toplu o qədər məşhurlaşır ki, Əbu Təmmamın öz yaradıcılığı bir tərəfdə qalır. Xətib Təbrizi məhz bu mənada deyir ki, "Əbu Təmmam özünü "Həmasə"də bir şair kimi bütün yaradıcılığındakından daha yaxşı nümayiş etdirir". Sonradan eyni şey Xətibin öz başına da gəlir. Onun şərhləri öz yığcamlığı və ifadə aydınlığı ilə "Həmasə"nin özündən də artıq şöhrət qazanır. Xətib Təbrizi bu mövzuya daha iki dəfə müraciət edir. Birinci qısa şərhlərdə ayrı-ayrı şeirlərin, ikincisində beytlərin izahı verilmişdisə, sonuncu əsər daha kamil və sanballı idi. Həmin əsər Avropada 1850-ci ildə dörd iri cilddə latınca, 1828, 1873 və 1938-ci illərdə ərəb dilində nəşr olunmuşdur. Çox maraqlıdır ki, hələ Əbül-Əla Məərrinin yanına gedərkən yolda Xətib Mosula dönərək, bir nəfər yerli alimin yanında Əbu Təmmamın kitabının üzünü köçürmüşdü.

Artıq ahıl yaşlarında o özünün son əsəri olan "Kitab əl-kafi fi-l əruz və-l-qəvafi" ("Əruz və qafiyə haqqında elmin yekunu") üzərində işə başlayır. Bu əsər ərəb poetika nəzəriyyəsinə həsr olunur və tezliklə böyük şöhrət qazanır. Şərqin bir çox alimləri poetika nəzəriyyəsinə dair araşdırmalarında bu kitaba istinad edirlər. Kitabın mətnini daha yaddaqalan etmək üçün şair Əhməd Fulci (öl. 1425) onun məzmununu nəzmə çəkib.

Avropa alimləri bu kitaba XIX əsrdən etibarən maraq göstərməyə başlayırlar. Müasir dövrdə bir neçə dünya kitabxanalarından həmin risalənin onlarla nüsxəsi tapılmış, əsərin tənqidi mətni hazırlanmışdır. Həmin əsəri ilk dəfə tədqiq etmiş Azərbaycan alimi Qaley Allahverdiyev yazır: "Kitab əl-Kafi fi-l-əruz və-l-qəvafi" əsəri ədəbiyyat nəzəriyyəsi, poetika, ritorika və üslubiyyat haqda bütöv bir təlimdir".

Xətib Təbrizinin əlyazmaları bir çox tanınmış muzey və kitabxanalarda saxlanır. Bunlardan ən qiymətlisi isə şairin özü tərəfindən üzü köçürülmüş və Tunis milli kitabxanasında saxlanan şərhin əlyazmasıdır. Həmin şərh şair Müfəzzəl Dabinin "Müfəzzəliyyat" adlı antologiyasına yazılmışdır. Avropada Xətib Təbrizi irsinin ilk ən görkəmli tədqiqatçısı və naşiri Corc Vilhelm Freytaq olmuşdur. O, "Həmasənin şərhi" əsərininin 1828-ci ildə ərəbcə orijinalını,1847,1851-ci illərdə isə iki cilddə latınca tərcüməsini çap etdirir.

Şərhçilik fəaliyyəti

10 qəsidənin şərhi: Cahilliyə dövründə yaşayan 10 sənətkarın qəsidəsi. Sənətkarlar: Ümrulqeys(yaralı sərgərdan şair), Züheyr(birillik şeirlər müəllifi), Əntərə, Haris.

Banət-Suad qəsidəsinin şərhi(Suat məni təkr etdi): Burdə qəsidəsi də adlanır. Müəllifi:Kəb-ibn Züheyr Qəsidənin hissələri:

  1. Ətlal-aşiq sevgilisi Suatı görmək üçün obasına yaxınlaşır, amma oba köçüb gedib, ocaq közərir, dəvə yeriyir, dəvənin ləngərli yerişini görəndə sevgilisini xatırlayır.
  2. Həmasə: ərəb ordusunun təsviri verilir, igid olduqları, döyüş meydanını əsla tərk etmədikləri göstərilir.
  3. Mədhiyyə: orduya yol göstərən Məhəmməd Peyğəmbərdir, o Allahın yerdəki nuru hesab olunur.

Məqsurənin şərhi: Müəllifi:Əbu Bəkr Məhəmməd ibn Düreyd Kraçkovski Düreydi ərəb filologiyası səmasında parlayan ulduz adlandırır. Onu alimlərin içərisində ən böyük şair, şairlərin içərisində ən böyük alim adlandırır. Bu Xorasanda Vali Abdullah ibn Məhəmmədə yazılıb. Qəsidə müxtəlif cəhətdən maraq doğurur: Poeziya, İlahiyyat, Dilçilik, Etnoqrafiya.

Həmasənin şərhi:İgidlik, qəhrəmanlıq, əməyə sadiq qalmaq, ərəb poeziyasının 300illik tarixi götürülür.

Əbu Təmmam divanının şərhi: Əbu Təmmamın xəlifə Mötəsimə mədhiyyəsinin şərhidir. Elm-güc qarşılaşması verilir.

Səqt-əz-zəndin şərhi: Müəllif:Əbüləla əl-Məərri, onun 2 divanı vardı. 1)Səqt-əz-zənd, 2)Lüzumiyyət-13fəsildən ibarətdir.

Xətib Təbrizinin yazılı şəkildə çatmayan şərhləri

  • Əxtəlin divanına yazılan şərh
  • Mütənəbbi divanına yazılan şərh[3]

Həmçinin bax

İstinadlar

  1. LIBRIS. 2012.
  2. "Azərbaycan diasporunun görkəmli simaları". 2013-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-31.
  3. Əlyar Səfərli, Xəlil Yusifli. Azərbaycan Ədəbiyyatı Tarixi - Xətib Təbrizi. Bakı. 2008. 58, 59, 60.

Xarici keçidlər

Xətib Təbrizi

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.