Xərrəqan türbələri
Xərrəqan türbələri – Güney Azərbaycanda, Qəzvin və Həmədan şəhərləri arasında yerləşən Xərrəqan yaşayış məskənində, bir-birindən 29 metr aralı yerləşən Böyük Səlcuq İmperiyası dövrünə aid iki türbə.[1] Xərrəqan türbələri Azərbaycan memarlığının ən dəyərli nümunələrindən olmaqla, divar və üzlük materialı kərpic olan tikililərin ən yaxşı örnəklərindən sayılır.
Xərrəqan türbələri | |
---|---|
35°50′24″ şm. e. 49°00′32″ ş. u. | |
Ölkə | İran |
Yerləşir | Qəzvin |
Aidiyyatı | Böyük Səlcuq imperiyası |
Memar |
Məhəmməd Məkər oğlu Zəncani Əbül Məali Məkər oğlu Zəncani |
Tikilmə tarixi |
birinci türbə 1067 ikinci türbə 1093 |
Material | kərpic |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Türbələr "Qoşa imam hasarı" adlı yaşayış yerindən iki kilometr aralıdadır. Mütəxəssislər qeyd edirlər ki, Səfəvilər dövründə bu türbələr imamzdələrə çevrildiyindən "Qoşa imam" adı yaranmış və yaxınlıqdakı kənd də belə adlandırılmışdır. Türbələr isə indi də yerli əhali (Azərbaycan türkləri) tərəfindən Qoşa İmam Türbələri adlandırılırlar.
Türbələrdən Şərqdə olan ən qədimi Sultan Alp Arslanın (1063–1072) hakimiyyəti zamanı hicri 450-ci ildə (miladi 1067) Əbu Səid Bicar Səəd adlı bir türkmən bəyinin xatirəsinə inşa edilmişdir. Türbənin kitabələrindən birində tikilmə tarixindən sonra "Məhəmməd Məkər oğlu Zəncaninin əməli" məlumatı yazılmışdır.
Memarlıqları
Birinci Xərrəqan türbəsi
Bayır diametri 11 metr olan birinci Xərrəqan türbəsinin planı səkkizbucaqlı biçimdədir. Bucaqların hər birinə silindrik qülləciklər birləşir. Qülləciklərdən ikisinin içərisində dolama pilləkən quraşdırılmışdır. Abidənin iç planı da səkkizbucaqlı olub bir tərəfində qapı gözü açılmışdır. Türbə gövdəsinin həm iç, həm də bayır üzlərinin hər birində dayaz sivri tağçalar vardır. İçəridə səkkizüzlü gövdə tromplarla alçaq onaltıüzlüyə keçir. Bu zəruri konstruksiya səkkizüzlü gövdə ilə iç günbəz sferasına plastik keçid yaradır.
Türbənin gəclə suvanmış iç səthlərində – tağçaların içərisində səkkizüzlünün tağçalararası künc səthlərində, iç günbəzin aşağı hissəsində nadir divar rəsmləri qalmışdır. İnteryerdəki sivri tağçalar iki yerə bölünmüşdür. Hər tağçanın aşağı hissəsində yerliyi abı rəngdə olan tağ çəkilmiş, tağların ucundan isə naxışlı üç səlcuq zəncirindən çıraq təsvirləri "asılmışdır". Əski türk ellərində günəşin, işığın rəmzi təsvirləri sıx-sıx işlədilirdi. Belə təsvirlər guya qaranlıq axirət dünyasını işıqlandırmaqla ruhların yaşaması üçün rahat mühit yaratmalıydı. Birinci Xərrəqan türbəsi içərisindəki çıraq təsvirləri də bu əski türk inamı ilə bağlı çəkilmişdir.[2] Tağçaların qabarıq haşiyəli yuxarı bölümündə dairəvi medalyonlar içərisində çəkilmiş rəsmlərin simvolikliyi daha güclüdür. Əgər çıraq təsviri süni işığın rəmzidirsə, medalyonlar günəşi təmsil edir. Bunu təkcə medalyonları dövrələyən və onları günəşə bənzədən şüalar göstərmir. Belə ki, medalyonların içərisini dolduran təsvirlər müxtəlif olsalar da, bir mövzuya xidmət edir, onlar günəşin, yaxud ulduzların rəmzidir.[3]
Əski türk inamında tovuz quşu günəşi təmsil edirdi. Birinci Xərrəqan türbəsinin medalyonlarından birinin içərisində yelpik şəkilli erkək tovuz quşu, başqa birində üz-üzə dayanmış iki tovuz quşu, üçüncüsündə isə boyunları bir-birinə sarınmış və iki əjdaha tərəfindən qorunan qoşa tovuz quşu çəkilmişdir. O biri medalyonların içərisində isə altıbucaqlı və səkkizbucaqlı ulduzlar var. Beləliklə, sənətkar rəmzi təsvirlərlə qaranlıq türbə içərisinə günəş və işıq gətirmişdir.[4] "Günəş işıqlı" tağçalar arasındakı səthlərdə həyat ağacı çəkilmişdir. Simmetrik ağac təsviri Cənnət simvolu olan nar ilə tamamlanır. Ağacın ucu göyü təmsil edən xəttlərə söykənmişdir. Əski inamlarda həyat ağacı göy ilə yeri bir-birinə bağlayır. Ağacın hər tərəfində isə iki quş çəkilmişdir.
Türkiyə araşdırmaçısı G. Öneyin fikrincə, "türbə, qəbir daşlarında çəkilən həyat ağacı, quş kompozisiyaları ölü ruhların o biri dünyaya keçişini canlandırır."[5] Əski türk inamında isə kainat həyat ağacı, yer, göy və planetlərlə təmsil edilirdi. Birinci Xərrəqan türbəsinin interyerində bu kainat elementlərinin hamısı çəkilmişdir. Memar, çeşidli təsvirlərlə türbə içərisində bir kainat modeli, o biri dünyanı "yaratmağa" çalışmışdır.[3] Türk ellərinin əski gələnəkləri, inamları və mifologiyası ilə bağlı olan bu divar rəsmləri göstərir ki, səlcuq memarlığınn ilk çağlarında islam dini ilə ilişgiləri olmayan, sırf türk süjet və simvolları işlədilmişdir. Maraqlıdır ki, ikinci Xərrəqan türbəsinin interyerində divar rəsmləri artıq yoxdur. Onların hamısını cənub üzdəki mehrab tağçası əvəz etmişdir. Bu da, Səlcuq memarlığında getdikcə islam təsirinin müəyyən ölçüdə artmasını əks etdirir.
İkinci Xərrəqan türbəsi
İkinci Xərrəqan türbəsinin bayırı iç quruluşu ilə uyğundur. Dayaqlar arası üzlər dayaz sivri tağçalar şəklində işlənmişdir. Hər üzdə tağçanın sivri kəmərini saxlayan dairəvi ncə sütuncuqlar var. Üzlərdən ikisində tağın sivri kəməri naxışlı, qalanlarında isə saya kərpic düzümü şəklindədir. Tağçaların üstündə bütün üzlərdə dövrələmə yazı zolağı gedir. İçəridə səkkizüzlü gövdə ilə günbəz arasında konstruktiv zərurətdən doğan onaltıüzlü keçid biçimi bayıra çıxarılmışdır. Həmin hissə bayır tərəfdə aydın oxunan naxış qurşağı şəklində səkkizüzlü gövdənin davamı kimi həll edilmişdir. Bu yolla memar artıq bölgülərdən, kompozisiyanı xırdalamaqdan qaçaraq üç iri tutumun – səkkizüzlü gövdə, silindrk künc qülləcikləri və bayır günbəzin məntiqi birləşməsindən ifadəli və yığcam abidə yaratmışdır. Qülləciklər – künc dayaqları, görünür üst naxış qurşağı ilə bir səviyyəd tamamlanmışdır. Sütunların başları dağıldığından onların necə tamamlanması bəlli deyil. Türbənin ən çox dağıntıya məruz qalan bölümü örtüyün ikinci qatı – bayır günbəzidir. Abidənin gövdəsi və künc dayaqlarının bütün səthi müxtəlif çeşidli həndəsi naxış örtüyünə tutulmuşdur. Üzlərdən birində giriş qapısının düzbucaqlı gözü yerləşir. Memar bu üzün bədii həllini o birilərdən ayırmış, ona baştağ biçimi vermişdir. Uçuq və dağıntılara baxmayaraq, hündürlüyü 13 metr olan türbələr əzəmətli görünür. İkinci Xərrəqan türbəsini, üstündəki kitabələrdən birinin bildirdiyinə görə memar Əbül Məali Məkər oğlu Zəncani hicri 486-cı ildə (miladi 1096) türkmən bəyi Atsız Təkin oğlunun xatirəsinə ucaltmışdır. Türbələrin plan quruluşu, konstruktiv sistemi, bədii memarlıq həllində heç bir prinsipial fərq yoxdur. Bunlar əslində birtipli tikilinin müxtəlif variantlarıdır. Görünür memar ikinci türbəni tikərkən türbələrin yerləşmə yaxınlığını nəzərə alaraq məsələyə bütöv halda yanaşmış, kəskin fərqlənmədən çəkinərək bir-birinə bənzəmə – qoşalıq yolunu tutmuşdur. Bununla belə türbələr ekiz deyil. Memar Əbül Məali dayaqlar içində pilləkənlərdən birini ixtisara salmaqla və bir neç əlavələrlə ikinci türbəyə özümlük vermişdir. Əlavələrin bir qismi türbə kompozisiyasının ucalığını artırmaq məqsədi güdmüşdür. Sonrakı türbənin hündürlüyü 55 sm ucaldılmış, üzlərdəki tağçaların dikinə yönü gücləndirilmişdir. Giriş qapısı olan üzdə tağçanı dövrələyən haşiyəni daraltmaqla memar baştağ kompozisiyasının da hündürlüyünü çoxaltmşdır. Bundan başqa, Əbül Məali türbənin bayır tağçalarının hər birinin ortasına üçləçəkli tağcıqlar sırası artırmışdır. Bu fənd bir tağça içərisində bəzək çeşnilərinin sayını çoxaltmağa imkan vermiş, səthləri daha oynaq və dekorativ etmişdir. Bu tağcıqlar ikinci türbənin özümlü görkəm almasına duyulacaq təsir göstərmişdir. Bir materialdan ucaldılan bütün tikililər kimi Xərrəqan türbələrinin də bədii gücü memarlıq quruluşunun zənginliyinə, tutumların ahəngdarlığına, işıq-kölgə bolluğuna hesablanmışdır. Qırmızımtıl rəngli yığcam tutumları ilə bu iki birtipli türbə çayırlı çöl, çılpaq dağlar, göy səma fonunda çox təsirli görünür.
Ümumi xüsusiyyətləri
Xərrəqan türbələrinin güclü bədii görünüşü vardır. Birbaşa yerdən çıxan yoğun künc dayaqları yükdaşıyıcı dayaq – qalın sütun təsiri oyadır. Belə təsəvvür yaranır ki, bayır günbəzin bütün yükünü bu güclü dayaqlar daşıyır. Dayaqlararası üzlərin sivri tağçalarla bir az da batıqlaşdırılması, incə və dürlü naxış üzlüyünə tutulması gövdənin yübgüllüyünü bir az da artırır. Enli naxış zolağı isə gövdə ilə günbəz arasında bir şəbəkə yüngüllüyü yaradır. Dayaqların plastik, axıcı biçimləri günbəz yuvarlaqlığına uyuşur. Tutumun üfüqi və şaquli ölçülərinin bir-birinə çox yaxın (birnci türbədə uyğun olaraq 11 və 13) olmasına baxmayaraq, dayaqlar prizmatik gövdəyə ayrı-ayrılıqda birləşdiyindən, eləcə də ensiz qabırğalar şəklində günbəzin təpəsinə doğru davam etdiyindən türbənin ümumi kompozisiyası qülləvari türbələrə xas olan vizual ucalıq almışdır.
Piramidal günbəzlə örtülən başqa çoxüzlü səlcuq türbələrindən seçilərək Xərrəqan abidələrində üst örtük yalnız altı salamat qalan sferonik günbəzdir. XI–XII yüzillərdə geniş yayılmış bu konstruksiyaların başlıca örnəkləri türkmən abidələrində qalmışdır. Bu tip ikiqatlı günbəz konstruksiyalarında yuxarıy qalxdıqca günbəzlərarası məsafə çoxalır və bayır günbəz daha sivri profil alır. Bu da ümumi kompozisiyanın vertikallığını gücləndirib abidyə daha monumental görünüş verir. Ağır ikiqat günbəz həm konstruktiv, həm də görünüş cəhətdən yoğun künc dayaqlarının olmasını tələb edir. Memarlıq xüsusiyyətlərinin yerli-yerində, bədiilik və mühəndislik baxımından yüksək ustalıqla işlədilməsi nəticəsində Xərrəqan türbələrinin hər birində ümumi tarazlıq, mütənasiblik əldə edilmişdir. Memar bişmiş kərpicin işlənmə texnikasını bütün dərinliyi ilə bilmiş, bu gözəl tikinti materialının zəngin dekor imkanlarını bir abidəyə verməyə çalışmışdır. Kvadrat, düzbucaqlı, üçbucaqlı, elliptik, trapes, dairəvi və başqa biçimli kərpiclərin düzümündən yaranmış naxış üzlük bayırdan türbələrin bütün panellərini, künc dayaqlarını örtmüşdür. Ancaq çeşni müxtəlifliyi təkcə kərpic formalarının müxtəlifliyi ilə əldə edilməmişdir. Eyni düzümlü kərpicin düzüm şəkli fərqlərindən, adi üfüqi hörgüdə kərpiclərarası yarıqlarr əmələ gətirməklə əhəng məhlulu fonunda rəng və işıq-kölgə ilə müxtəlif naxışlı səthlər yaratmaq yollarından da istifadə edilmişdir.
Türbələrin kitabələri bu dövr üçün xarakterik olan kufi xətti ilə olub, kərpicdən yığılmşdır. Xərrəqan türbələrində heyrətləndirici naxış kompozisiyası rəngarəngliyi vardır. Tədqiqatçılar hər iki türbədə yetmişəcən ornament kompozisiyası qeydə almışlar. İşlənmə yerinə uyğun biçim və ölçüləri, səthin formasına yatımlı çeşniləri olduğundan naxışlar ümumi quruluşun təbii bölümü kimi üzə çıxmış, yüksək estetik keyfiyyətləri ilə abidələrə ifadəli görkəm vermişdir. Divar və üzlük materialı kərpic olan tikililərin ən yaxşı örnəklərindən sayılan Xərrəqan türbələrinin, özündən əvvəl və sonra ucaldılmış bir sıra ümumi, oxşar cəhətləri vardır. Bununla belə Azərbaycan memarlığının ən dəyərli abidələrindən olan bu türbələr bir çox xüsusiyyətlərinə görə digər abidələrdən fərqlənirlər.[6]
XXI əsr
Hər iki türbə 2002-ci ildə baş vermiş Buyinzəhra zəlzələsindən ciddi ziyan görüblər. Zəlzələ bölgədə son 900 ildə baş vermiş ən güclü zəlzələ olduğu üçün türbələrin üzərində olan naxışlar eləcə də türbələrin özülləri ciddi zərər görüb.[7]
İstinadlar
- Hillenbrand, Robert. "The Development of Saljuq Tombs in Iran". The Art of Iran and Anatolia, from the 11th to the 13th Century A.D. 1974: 40–59.
- C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, səh 85
- C. Qiyasi – Xərrəqan türbələri və Azərbaycanın Səlcuq dövrü memarlığı, Azərb. SSR Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası. 1977, N 4.
- C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, səh 86
- C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, səh 87
- Savalan Fərəcov. "Xərrəqan türbələri". medeniyyet.az. 25 may 2012. 25 February 2019 tarixində orijinalından arxivləşdirilib.
- Walker, R. T.; Bergman, E; Jackson, J; Ghorashi, M; Talebain, M. "The 2002 June 22 Changureh (Avaj) earthquake in Qazvin province, northwest Iran: epicentral relocation, source parameters, surface deformation and geomorphology". Geophysical Journal International. 160 (2). 2005: 707–720. Bibcode:2005GeoJI.160..707W. doi:10.1111/j.1365-246X.2005.02516.x.