Xəlil Ağamirov

Xəlil Ağamir oğlu Ağamirov (1897, Qaxbaş, Zaqatala dairəsi1940) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi. Türküstan və Azərbaycanda inqilabi fəaliyyət göstərmiş, Azərbaycan SSR xalq meşə sənayesi komissarı (1936–1937), Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri (1932–1934), Azərbaycan SSR xalq təchizat komissarı (1931–1932) kimi vəzifələrdə çalışmış, Zaqatala qəzasının rəhbərlərindən olmuşdur. Siyasi repressiyaya uğramışdır.

Xəlil Ağamirov
bayraq
Azərbaycan SSR xalq meşə sənayesi komissarı
bayraq2
1936 noyabr 1937
bayraq
Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri
bayraq2
iyun 1932 1934
bayraq
Azərbaycan SSR xalq təchizat komissarı
bayraq2
13 sentyabr 1931[1] iyun 1932
Əvvəlkiİsgəndər Əliyev
SonrakıYefim Rodionov
Şəxsi məlumatlar
Doğum tarixi 1897
Doğum yeri
Vəfat tarixi 1940
Partiya
Təhsili

Həyatı

Xəlil Ağamir oğlu Ağamirov 1897-ci ildə Zaqatala dairəsinin (hazırda Qax rayonu) Qaxbaş kəndində, kəndli ailəsində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli məktəbdə almış, 8 yaşından muzdurluq etmişdir. 1910-cu ildə Bakıya gələrək "Kaspi" mətbəəsində işə girmiş, 1912-ci ilədək burada mürəttiblik etmiş, inqilabi ədəbiyyat yaymaqla məşğul olmuşdur.[2]

1912-ci il Xəlil Ağamirov Daşkəndə köçərək Türküstan hökumət mətbəəsində işləmiş və inqilabi işi davam etdirmişdir. 1917-ci ildə polis tərəfindən izlənərək həbs edilsə də, bir aydan sonra həbsxanadan qaçmış və həmin ildə bolşeviklər partiyası üzvlüyünə qəbul edilmişdir. Türküstan Qızıl qvardiyasına könüllü yazılmış, Kolçak, DutovBiçeraxov tərəfdarlarına qarşı, Fərqanə müvəqqəti hökumətinə qarşı döyüşlərdə və Daşkənd eserlərinin üsyanı yatırmaqda iştirak etmişdir. 1919-cu ildə Kolçak ordusuna qarşı döyüşlər zamanı ağır yaralanaraq ordudan tərxis edilmişdir. 1919-cu ildən 1920-ci ilin axırınadək Daşkənd partiya təşkilatlarında çalışmışdır. Daşkənd Şəhər Partiya Komitəsinin Rəyasət Heyətinin üzvü və Türküstan MSSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur.[2]

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Xəlil Ağamirov Zaqatala dairəsi inqilab komitəsinin sədri təyin edilmişdir. 1921–1923-cü illərdə o, qəza partiya təşkilatının katibi və icraiyyə komitəsinin sədri olmuşdur. 1923-cü ildən 1926-cı ilin axırınadək Bakı fəhlə fakültəsində, sonra isə Azərbaycan Dövlət Universitetində oxumuşdur.[2]

Xəlil Ağamirov 1927–1928-ci illərdə zəlzələ nəticəsində dağılmış Şamaxı şəhərinin bərpa edilməsində fövqəladə müvəkkil olmuş, 1928–1929-cu illərdə yenidən Azərbaycan K(b)P Zaqatala Qəza Komitəsinin katibi, 1929–1930-cu illərdə isə Zaqatala-Şəki Mahal İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 1930–1931-ci illərdə "Azərmeyvəşərabbirliyi" idarə heyətinin sədri olmuş, 1931-ci ildə Azərbaycan SSR xalq təchizat komissarı təyin edilmişdir. 1932–1934-cü illərdə Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, 1935-ci ildə Azərbaycan K(b)P Masallı Rayon İcraiyyə Komitəsinin sədri, 1936–1937-ci illərdə isə Azərbaycan SSR xalq meşə sənayesi komissarı vəzifələrində işləmişdir.[2][3]

Xəlil Ağamirov dəfələrlə Azərbaycanın rəhbər partiya və sovet orqanlarının tərkibinə seçilmişdir. 1929–1931-ci illərdə Azərbaycan K(b)P Mərkəzi Komitəsinin, Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin, Bakı Sovetinin deputatı seçilmişdir.[2]

Həbsi və ölümü

Xəlil Ağamirov Stalin repressiyalarının qurbanı olmuşdur. O, 15 noyabr 1937-ci ildə millətçilik ittihamı ilə həbs edilmiş və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyündən çıxarılmışdır. 5 iyun 1939-cu ildə Xalq Daxili İşlər Komissarlığının xüsusi iclasında 8 il müddətinə azadlıqdan məhrum edilərək islah-əmək düşərgəsinə göndərilmiş, 1940-cı ildə orada vəfat etmişdir. Ölümündən sonra, 1956-cı ildə ona bəraət verilmiş və partiya üzvlüyü bərpa edilmişdir.[4]

İstinadlar

  1. Kommynist. № 211 (3326). 14 sentjabr 1931. S. 4.
  2. Х. А. Ағамиров // Азәрбайҹанда Совет һакимиййәти уғрунда фәал мүбаризләр. Бакы: Азәрбайҹан Дөвләт Нәшрийяаты. 1958. səh. 396–397.
  3. Ағамиров Хәлил Ағамир оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 98–99.
  4. Агамиров Халил Агамир оглы // Открытый список (rus). 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.