Xəlil İbrahim
Xəlil İbrahim oğlu İbrahimov (1892, Şuşa – 18 mart 1938, Nargin adası, Abşeron rayonu) — "Azərbaycan" qəzetinin rus dilində nəşrinin redaktoru, jurnalist, tənqidçi, teatrşünas və tərcüməçi.
Xəlil İbrahim | |
---|---|
Xəlil İbrahim oğlu İbrahimov | |
Doğum tarixi | 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 18 mart 1938 |
Vəfat yeri | |
Vəfat səbəbi | Stalin repressiyası |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | publisist |
Həyatı
Xəlil İbrahimov 1892-ci ildə Şuşada anadan olmuşdur. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində almışdır. 1907-ci ildə atası vəfat etdikdən sonra ailəsi ilə Bakıya köçmüş, təhsilini Bakıda davam etdirmişdir. X.İbrahimov 1909–1911-ci illərdə təqaüd almadığından Bakıdakı təhsilini də yarımçıq qoymalı olur. Təhsilini dayandırdığı dövrdə Sarıcalıda ev şəraitində Qasım bəy Zakirin nəvələrinə dərs demişdir. Daha sonra Xəlil İbrahim Bakıya qayıdaraq təhsilini davam etdirmiş və məktəbi bitirmişdir.[1]
1920–1930-cu illərdə gizli fəaliyyət göstərən "Müsavat"-ın sıralarında Azərbaycan istiqlalının bərpası uğrunda mübarizəsini davam etdirməkdə, Şuşada qiyam hazırlamaqda və 50 nəfərlik qiyamçı dəstəyə başçılıq etməkdə günahlandırılan Xəlil İbrahim 12 noyabr 1937-ci ildə həbs edilir. 1938-ci ildə Azərbaycan SSR Daxili İşlər Komissarlığının 11 mart tarixli qərarı ilə Xəlil İbrahim "xalq düşməni" elan edildi. Əmlakı müsadirə olundu və martın 18-də Nargin adasında güllələndi.[2]
Fəaliyyəti
Xəlil İbrahimov "Kənd həyatından lövhələr" adlı ilk oçerkini Sarıcalıda dərs dediyi dövrdə yazmışdır. Sonralar bu oçerk 1913-cü ildə "Səda" qəzetində dərc olunmuşdur. 1912-ci ildə "Nəşri-maarif" cəmiyyətinin Əmircandakı məktəbinə müəllim təyin olunduğu dövrdən etibarən yaradıcılığa başlayıb. Xəlil İbrahim daha sonra "Səda", "Son xəbər", "Doğru söz", "İqbal", "Bəsirət", "Tuti", "Açıq söz" qəzetlərində və müxtəlif jurnallarda müntəzəm çıxış etməyə başlayır.[3]
1917-ci ilin fevralında Rusiyada çar rejiminin süqutundan sonra 1911-ci ildə yaradılan Müsavat partiyası gizli fəaliyyətdən çıxaraq açıq siyasi mübarizəyə qatıldı. "Müsavat"-ın ideoloji xəttini həyata keçirən "Açıq söz"-çülərin böyük əksəriyyəti ilə birgə Xəlil İbrahim də bu tarixdən etibarən Məhəmməd Əmin Rəsulzadənin liderlik etdiyi partiyanın sıralarına qatılır. X.İbrahim "Müsavat"-ın Şuşa özək katibi seçilir.[2]
15 aprel 1917-ci ildə Bakıda keçirilən Qafqaz Müsəlmanlarının I qurultayı və 1917-ci il 26–31 oktyabr tarixlərində Bakıda keçirilən birləşmiş Müsavat partiyasının I qurultayında yaxından iştirak etmişdir.
"Açıq söz" qəzeti
Xəlil İbrahim 1916-cı ildən etibarən "Açıq söz" qəzeti ilə 4 illik əməkdaşlığa başlayır. Onun "Yeyiləcək şeylər" adlı ilk yazısı 2 aprel 1916-cı ildə "Açıq söz"-də dərc olunub.
1917-ci ilin 1 yanvar tarixli sayında "Açıq söz" abunə elanında qəzetin Məhəmməd Əmin Rəsulzadə və Sənətulla İbrahimovun baş müxbirliyi ilə nəşr olunacağı bildirilir və müxbir heyəti içərisində X.İbrahimin də adı çəkilir. Bu tarixdən başlayaraq X.İbrahim "Açıq söz"-ün daimi müxbiri kimi fəaliyyətə başlayır.
"Bir neçə söz" məqaləsində müxbir Rusiya inqilabına cəmiyyətin aparıcı qüvvələrini kömək etməyə çağırır və bu yöndə təklifləri ictimaiyyətə çatdırırdı. O, inqilabı Rusiyanın məhkum millətlərinin tarixi şansı hesab edirdi ("Açıq söz". 1917-ci il 22 mart. № 430).
X.İbrahim qəzetin 8 dekabr 1917-ci il tarixli sayında "Son müraciətnamə" məqaləsində inqilabın tarixi əhəmiyyəti və bolşeviklərin "atası" Leninin proqram xarakterli çıxışlarını təhlil edir. 10 dekabr 1917-ci il tarixli sayında isə o, dövlətçiliyin əsas qollarından olan parlamentin əhəmiyyətini anlatmağa çalışırdı. "Məclisi-müəsisan" məqaləsində Rusiya Müəssisələr Məclisinə seçkilərdə Zaqafqaziyanın türk-müsəlman əhalisinin fəallığının əhəmiyyətindən yazır, Rusiyada yaşayan başqa millət və etnik qrupların qanunvericilik aktlarının qəbulunda iştirakını zəruri edən şərtləri dilə gətirirdi. Bir neçə partiyanın seçkidə iştirakını yüksək dəyərləndirərək 10-cu sayla seçkidə iştirak edəcək "Türk-ədəmi mərkəziyyət Müsavat partiyası"-nın üstünlüklərini qeyd edir, əhalini milli maraqlar ətrafında birləşməyə çağırırdı.[2]
1917-ci ilin oktyabrın 19-dan 24-dək "Açıq söz"-də "Seçkilər" başlıqlı silsilə yazılar çap edərək xalqların taleyində seçkilərin əhəmiyyətini yazdı.
Erməni-bolşevik birləşmələrinin Bakıda və bölgələrdə soyqırım törədəcəyini bəzi həmkarları kimi əvvəlcədən proqnozlaşdıran X.İbrahim 1918-ci il 31 mart soyqırımından 12 gün əvvəl yazırdı: "Birlik tələb olunur" (6 mart 1918-ci il, № 697).
31 mart soyqırımı gününün axşamı "Açıq söz" son sayını çap etməli oldu. Aprelin 2-dək "Açıq söz" qəzetinin redaksiyası və mətbəəsi də dağıdıldı.
"Azərbaycan" qəzeti
1918-ci ilin sentyabrın 15-i Bakı azad olunur. "Azərbaycan" qəzeti Gəncədə fəaliyyətə başladı və 4-cü sayından sonra redaksiya Bakıya köçdü. Onun "Azərbaycan"da ilk məqaləsi isə eyni vaxtda rusca və azərbaycanca çap olunan "Qarışıq günlərdə Qarabağın vəziyyəti"nə dair reportajdır. Xəlil İbrahim 1917-ci ilin oktyabr ayından sonra Qarabağdakı vəziyyəti təsvir və təhlil etmişdir. 1918-ci ilin 31 mart soyqırımından sonra Şuşaya qayıdan X.İbrahim Qarabağda cərəyan edən hadisələri qeyd etmişdir.[2]
X.İbrahimin 1918-ci ilin 23 oktyabr tarixli "Azərbaycan" qəzetinin anadilli və rusca nəşrində davamlı 4 sayda dərc olunan "Qarışıq günlərdə Qarabağın vəziyyəti" məqaləsi Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı tarixinin öyrənilməsində əhəmiyyət daşıyır. Parlamentarizm tarixinin tədqiqində də onun "Azərbaycan"-da davamlı çap etdirdiyi "Azərbaycan parlamanı" (10 noyabr 1919-cu il № 35), "Azərbaycan parlamanı dəvəti münasibətilə" (13, 14 noyabr, 7 dekabr 1918-ci il) məqalələrindəki faktların kifayət qədər əhəmiyyəti var.
Bolşeviklərin və Sovet Rusiyasının təzyiqləri ərəfəsində 1920-ci ilin mart ayında Xəlil İbrahim "Müsavat"-ın sıralarını tərk edir. Bəzi araşdırmaçılar isə Xəlil İbrahim və Süleyman Abdullayevin "Müsavat"-dan kənarlaşdırıldığını qeyd edir və bu addımın hansı səbəbdən baş verdiyini geniş açıqlamırlar. Əldə olunan sənədlər, faktlar isə X.İbrahimin repressiya olunanadək gizli "Müsavat"-ın sıralarında çalışdığını ortaya qoyur.[2]
X.İbrahim "Azərbaycan" qəzetindən sonra iş yerini "Kommunist" qəzetinə dəyişir.
2023-cü ildə yazıları toplanaraq "İstiqlal yazıları" adı altında çap olunmuşdur[4].
İstinadlar
- "Unudulmaz Xəlil İbrahim". www.anl.az (az.). 19-04-2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19-04-2020.
- ""Azərbaycan"ın Xəlil İbrahimi". www.elibrary.az (az.). 19-04-2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19-04-2020.
- "Nə zülm olsun, nə zalım..." www.anl.az (az.). 19-04-2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19-04-2020.
- Mədəniyyət TV. "Xəlil İbrahim yazıları bir kitabda..." (az.). Youtube.com. 26.05.2023. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-28.