Xədicə Ağayeva
Xədicə Sadıq qızı Ağayeva (25 oktyabr 1885, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 13 dekabr 1958, Bakı) — müəllim, maarifçi, Lenin ordeni laureatı[1]
Xədicə Ağayeva | |
---|---|
Xədicə Sadıq qızı Ağayeva | |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Rusiya imperiyası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Həsən bəy Ağayev |
Uşaqları | Xurşid, Gülrux, Nəzakət |
Atası | Sadiq Əbdürrəhman |
Milliyyəti | azərbaycanlı |
İxtisası | azərbaycan dili müəllimi |
Mükafatları |
Həyatı
Xədicə Ağayeva 1885-ci ildə Daşkənddə, Ufa türklərindən olan çar ordusunun istefadakı polkovniki Sadıq Əbdürrəhmanovun ailəsində anadan olmuşdur. O bacısı Zeynəblə birlikdə 1902-ci ildə Daşkənd gimnaziyasında təhsil almışdır. Onların ikisi də gimnaziyada əla oxumuş – Zeynəb oranı qızıl, Xədicə isə gümüş medalla bitirmişdir..
Daha sonra ali təhsil almaq məqsədilə bacıların ikisi də imperiyanın paytaxtı Peterburqa gedib. Zeynəb sənədlərini "Nəcib qızlar pansionu"nun tibb fakültəsinə, Xədicə isə o dönəmdə kübar xanımlar üçün ən nüfuzlu məktəb sayılan Nücəba Qızlar İnstitutuna verib. Xədicə müəllimlik, bacısı Zeynəb isə həkimlik üzrə təhsil almışdır.
Xədicə Ağayeva 1904-cü ildə Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (Parlamenti) sədrinin birinci müavini Həsən bəy Ağayevlə ailə həyatı qurmuşdur. Çox keçmədən cütlüyün üç qızı olmuş: Xurşid 1905-ci, Gülrux 1908-ci, sonbeşik Nəzakət isə 1910-cu ildə dünyaya gəlmişdir.
Fəaliyyəti
Xədicə xanım Ağayevanın həyatı və faliyyəti akademik akademik Rafael Hüseynov tərəfindən araşdırılmışdır. Akad. R.Hüseynov yazır:
"Xədicəyə xaçpərəstliyi qəbul edərsə gimnaziyada müəllim yeri təklif edilmişdi. Lakin o, özünü, ailəsini, dini heysiyyətini təhqir olunmuş sayaraq qapını çırpıb çıxmışdı. Və Xədicə günlərin birində bacısından məktub alır ki, bəs Peterburq qəzetlərində elan var, Bakıda Tağıyevin qız məktəbinə müsəlman qızlarından müəllimlər tələb olunur. Xədicə dərhal Hacıya məktub yollayır və tezliklə müsbət cavabla birgə yolpulu da gəlir…".
1901-cı ildə Tağıyevin qız məktəbi açılıb və Xədicə burada işə başlayıb.1902–1906-cı illər ərzində məktəbdə müəllim işləyən Xədicə xanım 1906-cı ildə həyat yoldaşı Həsən bəy Ağayevlə birlikdə Güney Azərbaycana köçərək 1907-ci ilə qədər burada yaşayıb. Daha sonra Bakıya 1909-cu ildə isə Bakıdan Həsən bəyin anadan olduğu Gəncə şəhərinə gələn Xədicə xanım, Gəncədə Əsgər ağa Adıgözəlov (Gorani) tərəfindən açılan qız məktəbinin müdiri vəzifəsində çalışıb.
O, burada Gəncənin ictimai işlərində də fəallıq göstərib. Xədicə Ağayeva 1915-ci ildə Gəncə Müqəddəs Nina yerli qadın xeyriyyə cəmiyyətinin qurucularından və idarə heyəti üzvlərindən biri olmuşdur.[2]
4 sentyabr 1919-cu ildən o, Bakıdakı Azərbaycan birinci milli qadın gimnaziyasının (keçmiş "Müqəddəs Nina" qız məktəbinin) müfəttişi təyin edilib. Sonrakı illərdə Bakı Darülmüəllimatında (qadın müəllimlər texnikumunda) müəllim kimi çalışıb.
Mükafatları
1946-cı ildə Sovet hökuməti tərəfindən– Bakıdakı 132 saylı məktəbdəki səmərəli işinə və Azərbaycan maarifinə 40 ildən artıq nümunəvi xidmətinə görə Xədicə xanım Ağayevaya Lenin ordeni mükafatı verilmişdir.
Ölümü
Xədicə xanım Ağeyava 1958-ci ilin dekabr ayının 13-də Bakıda vəfat etmişdir.
İstinadlar
- Misir Mərdanov, Ədalət Tahirzadə. "1920-ci ilədək Ali Məktəblərdə oxumuş Azərbaycanlılar" (Ensiklopedik soraq kitabı.) I cild. Bakı: Təhsil nəşriyyatı. 2018. səh. 480.
- Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.