Simsiz lokal şəbəkə
Simsiz lokal şəbəkə[1][2] (ing. wireless local area network; qısaca "Wireless LAN" və ya "WLAN") — ev, məktəb, kompüter laboratoriyası, yataqxana və ya ofis binası kimi məhdud ərazidə yerli şəbəkə (LAN) yaratmaq üçün simsiz rabitədən istifadə edərək iki və ya daha çox cihazı birləşdirən simsiz kompüter şəbəkəsi. Bu istifadəçiləri əhatə dairəsində hərəkət etmək və şəbəkəyə bağlı qalmaq imkanı ilə təmin edir. Simsiz lokal şəbəkə həmçinin şəbəkə keçidi vasitəsilə internetə daha genişmiqyaslı qoşulma potensialına malikdir.
IEEE 802.11 standartlarına əsaslanan simsiz lokal şəbəkələr dünyada ən çox istifadə edilən kompüter şəbəkələridir. Bunlar adətən Wi-Fi adlanır və bu, "Wi-Fi Alliance"a məxsus ticarət nişanıdır. Onlar notbuk kompüterləri, printerləri, smartfonları, veb televizorları və oyun cihazlarını simsiz ruter ilə birləşdirən ev və kiçik ofis şəbəkələri üçün istifadə olunur. Restoranlarda, kafelərdə, otellərdə, kitabxanalarda və hava limanlarında ruter vasitəsilə təmin edilən qaynar nöqtələr istehlakçılara portativ simsiz cihazlarla internetə daxil olmaq imkanı verir.
Tarixi
Havay Universitetinin professoru Norman Abramson dünyanın ilk simsiz kompüter rabitəsi şəbəkəsi olan "ALOHAnet"i yaratmışdı. Sistem 1971-ci ildə fəaliyyətə başlayıb. Bu, telefon xətlərindən istifadə etmədən Oahu adasında yerləşən mərkəzi kompüter ilə əlaqə saxlamaq üçün dörd adada yerləşdirilən yeddi kompüteri əhatə edirdi.[3]
Simsiz lokal şəbəkə avadanlığı ilkin dövrdə o qədər baha olurdu ki, o, sadəcə kabel çəkilişinin çətin və ya qeyri-mümkün olduğu yerlərdə kabelli lokal şəbəkəyə alternativ kimi istifadə olunurdu. Erkən inkişafa sənaye üçün xüsusi həll yolları və mülkiyyət protokolları daxil edilmişdi. Buna baxmayaraq 1990-cı illərin sonunda bunları texniki standartlar - ilk növbədə IEEE 802.11-in müxtəlif versiyaları əvəz etmişdir.
Avropada bunun alternativi kimi Avropa Telekommunikasiya Standartları İnstitutu tərəfindən HiperLAN/1 tətbiq edilməyə başlanmış, 1996-cı ildə onun təsdiq edilmiş ilk versiyası istifadəyə verilmişdir. Bunun ardınca ATM təsirləri ilə HiperLAN/2 funksional spesifikasiyası buraxılmış, 2000-ci ilin fevralında tamamlanmışdır. Hər bir halda, heç bir Avropa standartı 802.11 kommersiya uğuruna nail ola bilməmişdir.
1997-ci ildə yaradılmış "HomeRF" qrupu yaşayış məntəqələrində istifadə edilməsi üçün hazırlanmış texnologiyanı təşviq etməklə məşğul idi, lakin 2003-cü ilin yanvarında ləğv edilmişdir.[4]
Wi-Fi və WiMAX
WiMAX və Wi-Fi bəzi oxşarlıqları vardır. Beləki, hər iki texnologiyanın standartının adı (IEEE 802 standarı) bu texnologiyalara əsaslanmışdır. Həmçinin də hər iki texnologiya internetə bağlantının simsiz qoşulmasını təmin edir. Amma buna baxmayaraq bu texnologiyalar tamamilə müxtəlif məsələlərin həllinə yönəlmişdir.
Texnologiya | Standart | İstifadə | Keçirmə qabiliyyəti | Əhatə radiusu | Tezlik |
---|---|---|---|---|---|
Wi-Fi | 802.11a | WLAN | 54 Mbit/s-ə qədər | 100 metrə qədər | 5,0 QHs |
Wi-Fi | 802.11b | WLAN | 11 Mbit/s-ə qədər | 100 metrə qədər | 2,4 QHs |
Wi-Fi | 802.11g | WLAN | 54 Mbit/s-ə qədər | 100 metrə qədər | 2,4 QHs |
Wi-Fi | 802.11n | WLAN | 300 Mbit/s-ə (450–600 Mbit/s-ə qədər yüksəlir) qədər | 100 metrə qədər | 2,4–2,5 və ya 5,0 QHs |
WiMax | 802.16d | WMAN | 75 Mbit/s-ə qədər | 6–10 kilometr | 1,5–11 QHs |
WiMax | 802.16e | Mobile WMAN | 40 Mbit/s-ə qədər | 1–5 kilometr | 2,3–13,6 QHs |
WiMax | 802.16m | WMAN, Mobile WMAN | 1 Qbit/s-ə (WMAN) qədər, 100 Mbit/s-ə (Mobile WMAN) qədər | n/d (hazırlamış standart) | n/d (hazırlamış standart) |
Bluetooth v. 1.1 | 802.15.1 | WPAN | 0,7 Mbit/s-ə qədər | 10 metrə qədər | 2,4 QHs |
Bluetooth v. 2.0 | 802.15.3 | WPAN | 3 Mbit/s-ə qədər | 100 metrə qədər | 2,4 QHs |
Bluetooth v. 3.0 | 802.11 | WPAN | 3 Mbit/s-dən 24 Mbit/s-ə qədər | 100 metrə qədər | 2,4 QHs |
UWB | 802.15.3a | WPAN | 110–480 Mbit/s | 10 metrə qədər | 3,1–10,6 QHs |
ZigBee | 802.15.4 | WPAN | 20–250 kbit/s-ə qədər | 1–100 m | 2,4 QHs (16 kanal), 915 MHs (10 kanal), 868 MHs (bir kanal) |
İnfra-qırmızı port | IrDa | WPAN | 16 Mbit/s-ə qədər | 5–50 santimetrə qədər, birtərəfli bağlantı — 10 metrə qədər |
Həmçinin bax
- WWAN
İstinadlar
- "SİMSİZ LOKAL ŞƏBƏKƏLƏRİNDƏ VERİLƏNLƏRİN ÖTÜRÜLMƏSİ PROSESİNİN ANALİZİ". Azərbaycan Elm Mərkəzi. 2023-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-29.
- "Arxivlənmiş surət" (PDF). 2023-08-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-29.
- "History of Wireless". Johns Hopkins Bloomberg School of Public Health. 2007-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-02-17.
- Wayne Caswell. "HomeRF Archives". November 17, 2010. May 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2011.