Vudu
Vudu (Benində: Vodun; Haitidə: Vodou; Dominikan Respublikasında: Vudu) — Qərbi Afrika mənsəli animist bir dinidir.
Bu dinə Qərbi Afrika və Mərkəzi Amerikada otuz milyondan çox insanın sitayiş edir. O, 1750–1785-ci illərdə Haitidə meydana gəlsə də ideyasını katoliklikdən və Afrikada yayılmış qədim dini inanclardan götürmüşdür. Bu din özündə müxtəlif tanrılara itaət, onlar üçün heyvanlar qurban vermək və insan ruhunu tamamilə ələ keçirmək mənasını ifadə edir. Fon dilindən vudu, "hər an insan həyatının bütün sahələrinə müdaxilə etmək qüdrətinə malik qorxulu, sirli, gözə-görünməz güc" kimi tərcümə olunur. Bu dinin əsasında şamanizm elementləri ilə yanaşı, möhkəm bünövrəyə malik xüsusi struktur durur.
Vudu dinində tək tanrıya, Bondyeyə sitayiş olunur. O, bəşəriyyətdən uzaq, məlum olmayan məkanda təsəvvür edilir. İnanca görə, ondan aşağıda üç ruhi varlıq mövcuddur:
- 1) Loa. İnsan həyatını tənzimləyən ruhlar birliyi, bu dünyada təcəssümünü tapan enerjidir. Birlik bədənlə qarşılıqlı fəaliyyətdədir. Ona daxil olur və kömək edir.
- 2) İlahi Marassa əkizləri. Bir-birinə zidd olan başlanğıcların, məsələn: xeyir və şər, xoşbəxtlik və bədbəxtlik və s. əlaqələndirilməsidir. İtaət etdikdə, onların insana uğur qazanmağa kömək göstərdikləri iddia olunur.
- 3) Ölmüş insanların ruhları. Bu ruhlar dünyasını dəyişmiş əcdadları tərəfindən hələlik qəbul edilməyən ölmüş insanlara aiddir. Ona görə də ölülərə hörmətsizlik göstərmək təhlükəli hesab olunur.
Vudu dininə görə, insan ruhu iki hissədən ibarətdir: Qros bon anqre və ti bon anqre. Qros bon anqre insana həyat bəxş edən enerjidir. Ti bon anqre isə insanın fərdilik xüsusiyyətinin göstəricisidir.
Dini ayinlər məbədlərdə və ya onların yaxınlığındakı qapalı yerlərdə həyata keçirilir. Rəqs və təbillərdən mütləq şəkildə istifadə olunan mərasimlərə vudu kahinləri rəhbərlik edirlər. Kahin kişi (hounqan) və qadın (mambo) da ola bilər. O, icmanın lideri və mənəvi rəhbəridir. Müalicə etmək, mərasimlərin təşkili və ölmüş insanların ruhlarının çağırışı, gələcəkdən xəbər vermə, cadugərlik, müxtəlif məqsədlər üçün dərman və həblər hazırlamaq kahinlərin funksiyalarına aiddir. Ayinlərə aşağıdakılar daxildir: 1. Əsas mərasimə başlamazdan əvvəl qida qəbul etmək. 2. Şax-şax adlanan uşaq oyuncağı ilə oyun və təbillərdə ifa etmək. 3. Nəğmələr oxumaq. 4. Houqan və yaxud mambo ilə hounsinin (Vudunu yeni qəbul edən) birgə rəqs etməsi. Bu ayin rəqs edənlərdə birinin (adətən bu hounsi olur) loa ilə əlaqə yaratmasınadək davam edir. Bu vaxt ətrafdakılar ona hörmətlə yanaşmalıdırlar. 5. Heyvanların qurban edilməsi (qoyun, keçi, toyuq və s). Loa ilə əlaqə yaratmış şəxs onun aclığını aradan qaldırmaq üçün qurbanın qanının bir hissəsini içməlidir. Daha sonra qurbanın əti bişirilir və mərasim iştirakçılarına paylanılır.
Bu dində magiya və cadugərlik güclü yayılmışdır. Onlar daha çox parçadan düzəldilmiş insan fiquruna bənzər oyuncaqlarla cadu edirlər. Vudu dininin inancına görə, iki müəllim mövcuddur: Bokor (qara keşiş) və Babalavo (ağ keşiş). Belə hesab olunur ki, Bokor Vudu magiyasına qoşulan hər kəsin bəlasıdır. Bokor və Babalavo həm ağ, həm də qara magiyalardan istifadə edirlər. Onlar arasında əsas fərq Bokorun qapalı keşiş olduğu təqdirdə, Babalavonun kömək etmək arzusu ilə çalışan insanlara nisbətən açıq olmasıdır. Vudunu yeni qəbul etmişlərin təlimi ilə hər iki keşiş məşğul olur. Dərslər gizli keçirilir. Dərslərin keçirildiyi cəmiyyət isə Sosiette adlanır. Vudunun sirlərinə təzə yiyələnmişlər gələcəyi deməyi, magik mahnıları ifa etməyi bacarmalı, trans rəqsləri, tanrılarla danışmağı öyrənməli, siqil (tanrı meyvələri) və təbil hazırlamalıdırlar.
Vudu inancında houqanla mambo loa insan bədəninə sahib olma yolunu müəyyənləşdirə bilmək qabiliyyətinə malikdirlər. Onlar vasitəçidirlər, yəni loanı bədənə çağırır və missiyasını bitirdikdən sonra onu vücuddan xaric edirlər.
Vududa canlı insanların zombiləşdirilməsi texnologiyası mövcuddur. Bokor müəyyən ayinlər vasitəsilə insanı ölüm həddinə çatdıra və bir neçə dəqiqədən sonra onu həyata qaytara bilər. Bir çox tədqiqatçılar bu prosesin narkotik maddələrlə yerinə yetirildiyini bildirirlər. Narkotikanın orqanizmdə gedən prosesləri ləngitməsi nəticəsində insan koma vəziyyətinə düşür və beyinin tədricən öz işini bərpa etməsilə oyanan insan heç nəyi xatırlamır və nəticədə vudu cadugərinin oyuncağına çevrilir.
Həqiqətdə isə zombiləşdirmə işinə başlayarkən Bokor müxtəlif heyvan və bitkilərdən hazırlanmış zəhərdən istifadə edir. Lakin cadugərlər ən çox bouqa balığının yağından istifadə edirlər. Bu balığın yağında ən zəhərli maddələrdən sayılan və insanı dərhal iflic edən tetradoksin mövcuddur. Bəzən qurbanın sinir sistemi oyaq vəziyyətdə olur və özünün dəfn mərasiminin şahidi olur. Bir neçə gündən sonra Bokor cəsədi qəbirdən çıxarır və ona hallyusinasiyanı qovan "zombi xiyarı" yedizdirir. Nəticədə, insan yaddaşı və fərdiliyi itmiş şəkildə oyanır. "Asan idarə edilən" belə insanlardan tikinti və kənd təsərrüfatı işlərində ucuz işçi qüvvəsi kimi istifadə olunur.