Vladimir Korenev

Vladimir Korenev (rus. Влади́мир Бори́сович Ко́ренев; 20 iyun 1940, Sevastopol, Krım MSSR2 yanvar 2021[1], Moskva) — rus və sovet teatr və kino aktyoru. Rusiyanın Xalq artisti (1998)[2].

Vladimir Korenev
rus. Владимир Борисович Коренев
Doğum adı Владимир Борисович Коренев
Doğum tarixi 20 iyun 1940(1940-06-20)
Doğum yeri
Vəfat tarixi 2 yanvar 2021(2021-01-02)[1] (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19
Dəfn yeri
  • Vvenedenskoye qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti aktyor, teatr pedaqoqu[d], universitet müəllimi[d]
Fəaliyyət illəri 1961–2015
Təhsili
  • Rusiya Teatr Sənəti Universiteti[d]
Mükafatları RSFSR əməkdar artisti Rusiyanın xalq artisti
IMDb ID0466186
korenev.narod.ru

Həyatı və fəaliyyəti

Vladimir Korenev 20 iyun 1940-cı ildə Sevastopol şəhərində hərbi dənizçi ailəsində anadan olmuşdur.[3]

Atası Boris Korenev işlə əlaqədar tez-tez bir şəhərdən başqa şəhərə köçür. Vladimir beşinci sinfədək İzmail şəhərində oxuyur, orta məktəbi Tallinndə bitirir. Burada sevimli ədəbiyyat müəlliməsi onda bu fənnə böyük həvəs yaradır. Elə həmin illərdə Vladimirdə teatra maraq artır. Vladimir orta məktəbi bitirdikdən sonra aktyor olmaq qərarına gəlir.

1960-cı ildə A.Lunaçarski adına Teatr Sənəti İnstitutuna daxil olur. Birinci kursda gələcək həyat yoldaşı aktrisa Alla Konstantinova ilə tanış olur. Həmin vaxt 3-cü kursda oxuyan Alla sonralar etiraf edir ki, ilk baxışdan Vladimir onun çox da xoşuna gəlməyib. Lakin o, tədricən Vladimirə heyran olmağa başlayır, çünki onun təkcə yaraşıqlı gənc deyil, həm də maraqlı, ağıllı, ensiklopedik biliyə malik insan olduğunu görür.

Alla Vladimirlə tanış olanda onun Krasnodar şəhərində rəsmi nişanlısı – tibb institutunun tələbəsi vardı. O, bunu Vladimirdən gizlətmir və hətta ona deyir ki, bir daha görüşməsinlər. Vladimir isə qıza kədərli baxışlarla baxaraq deyir: "Mən artıq sənsiz yaşaya bilmirəm, sən necə, mənsiz yaşaya bilərsən?.." Bu iki kəlmə hər şeyi həll edir və 2 aprel 1961-ci ildə onların toyu olur. Alla teatrda işləyir, Vladimir isə institutda oxumaqda davam edirdi. May ayında o, rejissorlar Gennadi Kazanski və Vladimir Çebotaryovun "Amfibiya adam" filminin çəkiliş qrupu ilə Bakıya gəlir. Bu filmin bir sıra səhnələri Bakıda lentə alınıb. O, filmdə baş rola — həkim Salvatorun oğlu İxtiandr roluna çəkilir.

Filmin çəkilişlərini aktyor ömrü boyu xoş xatirələrlə yada salır. Akvalanqdan istifadə etməyi ona filmin çəkilişləri zamanı öyrədirlər. Vladimir etiraf edir ki, dənizin dərinliklərində gördüyü mənzərəyə heç oxuduğu nağıllarda da rast gəlməyib. Filmin çəkilişləri zamanı faciəli anlar da yaşanır. Vladimir mirvari yığan vaxt birdən onu zəncirlə saxlayan dənizçinin əlindən zəncir çıxır. 30 kiloqramlıq zəncir onu dənizin dərinliklərə çəkir. Vladimir belindəki zənciri açmağa çalışır, lakin bacarmır. Aktyorun bəxti onda gətirir ki, çəkiliş aparan kinooperator onun yaxınlığında olur. Operator kadrda zəncirin ikinci tərəfini bərkidilməmiş gördükdə dərhal kameranı bir kənara ataraq Vladimirə tərəf üzür. Aktyoru çətinliklə də olsa, xilas edirlər.

"Amfibiya adam" filmi ona inanılmaz şöhrət gətirir. Həyəcanlı hekayə, əla aktyor ansamblı və heyrətamiz sualtı çəkilişlərə tamaşaçılar laqeyd qala bilməzdi. 1961–1962-ci illərdə filmi 65 milyon tamaşaçı seyr edir. Film ekranlara çıxandan sonra Vladimir minlərlə qadın pərəstişkar qazanır. Onun uzun saçı və geydiyi ağ kostyum gənclər arasında dəbə çevrilir. Hər köşkdə onun şəkilləri, hər yerdə filmdəki mahnılar səsləndirilir. 1962-ci ildə "Amfibiya adam" filmi beynəlxalq fantastik filmlər festivalında "Gümüş yelkən" mükafatına layiq görülür.

Teatrda və kinoda yaratdığı bir çox rolları ilə sevilən aktyor çox vaxt həyat yoldaşı Alla və qızı İrina ilə K.Stanislavski adına teatrda işləyirdi. Yeqor adında sevimli bir nəvələri də var idi. Ailə sevincini hər şeydən üstün tutan aktyor deyirdi:

"Biz ailəliklə bağ evində dincələndə, çərpələng uçurdanda, axşamlar birlikdə çay süfrəsi ətrafında əyləşəndə mən özümə sual verirəm ki, görəsən, bizdən hansımız daha xoşbəxtik…"[3]

Mükafatları

  • Rusiyanın əməkdar artisti (19.04.1988)
  • Rusiyanın Xalq artisti (1998)

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.