Vladimir Boqaçyov

Boqaçyov Vladimir Vladimiroviç (1881–1965) ― geologiya-mineralogiya elmləri doktoru, professor

Vladimir Vladimiroviç Boqaçyov
Владимир Владимирович Богачёв
Doğum tarixi 7 (19) fevral 1881
Doğum yeri Novoçerkassk, Rusiya
Vəfat tarixi 11 dekabr 1965(1965-12-11) (84 yaşında)
Vəfat yeri
Elm sahəsi paleontologiya
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Elmi adı
İş yeri
  • Dorpat İmperator Universiteti[d]
Təhsili
  • Sankt-Peterburq İmperator Universiteti[d]
Mükafatları Azərbaycan SSR əməkdar elm xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Boqaçyov Vladimir Vladimiroviç Novoçerkask şəhərində anadan olmuşdur. 1905-ci ildə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiiyyat şöbəsini bitirmişdir. İstehsalat fəaliyyətinə V. V. Boqaçyov Geoloji Komitədə kollektor, sonra geoloq işləməklə başlamışdır. 1910-cu ildə ona magistr elmi dərəcəsi verilmişdir. 1912–1917-ci illərdə Kazan dağ idarəsinin geoloqu işləmişdir. 1912-ci ildə o, Tiflis Ali qadın kurslarında professor vəzifəsi almışdır. 1917–1920-ci illərdə Don Politexnik İnstitutunda privat-dosent və professor kimi fəaliyyət göstərmişdir. 1921-ci ildə V. V. Boqaçyov Bakıya dəvət olunur və Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) və Azərbaycan Sənaye İnstitutunda (indiki ADNSU) kafedralara başçılıq edir. Paleontologiya, stratiqrafiya, tarix geologiya fənnlərindən mühazirələr oxuyur. 1937-ci ildə ona geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilir. 1940–1941-ci illərdə o, Rostov Universitetinin professoru olmuşdur. 1944–1953-cü illərdə paleontoloq kimi Moskvanın, Uxtanın, Varkutanın müxtəlif təşkilatlarında çalışmışdır. 1956–1960-cı illərdə SSRİ Elmlər Akademiyasının Krım filialında işləmişdir. 1960-cı ildə V. V. Boqaçyov Bakıya qayıdır və ömrünün sonuna kimi neft çıxarılması üzrə Azərbaycan Elmi-Tədqiqat İnstitutunda (indiki AzETİNİ) böyük elmi işçi işləyir.

Elmi fəaliyyəti

Müstəsna geniş diapazonlu tədqiqatçı olan V. V. Boqaçyov üzvi aləmin inkişafının dərk edilməsi ilə bağlı olan problemin ən müxtəlif məsələləri ilə məşğul olmuşdur. O, fanerozoyun ən aşağısından başlayaraq üst antropogenə qədər olan heyvan və bitki fauna qalıqlarını öyrənmişdir. Onun paleozoologiya və paleobotanika sahəsindəki tədqiqatları filogeniya, sistematika, morfologiya və paleocografiyanın cəhətlərinə aid olan problemlərin işlənib hazırlanması üçün mühüm faktiki materiallar verdi. Boqaçyov V. V. keçmiş SSRİ ərazisində əvvəllər məlum olmayan və yaxud ilk dəfə tapılmış çoxlu formalarının da olduğu molyusklar, balıqlar, amfibilər, sürünənlərin müxtəlif məhv olmuş nümayəndələrini öyrənmiş və təsvir etmişdir.

Onun işlərinin çox hissəsini əsl mənada elmi kəşf hesab etmək olar. Beləki, 1932-ci ildə o, Qafqazın orta miosen çöküntülərində Mərkəzi Avropanın gelvet çöküntülərinə xas olan özünəməxsus ikitay qabıqlı molyusklar-onkoforları aşkar etmişdir. Əvvəllər məlum olmayan bu fakt Cənubi SSRİ-nin neogen çöküntülərinin stratiqrafiya və paleocoğrafiyasının inkişafına mühüm töhfə oldu. V. V. Boqaçyov Avroasiyanın şirin su faunaları üzrə tədqiqatları müstəsna əhəmiyyət kəsb edir. Qafqaz neogeninin dərk edilməsində onun korbudlu layların stratiqrafiyası və həmçinin Araz çayı hövzəsinin duzlu çöküntülərinin və Qoderz aşırımlarının florasının öyrənilməsi üzrə işləri mühüm əhəmiyyət daşıyır.

V. V. Boqaçyov Azərbaycanın, Gürcüstanın, İranın oliqosen çöküntülərində qədim balıq qalıqlarının axtarışına böyük əmək sərf etmişdir. V. V. Boqaçyov tərəfindən məməlilərin əvvəllər məlum olmayan çoxlu növləri kəşf etmişdir. Onların arasında miosen balinaları və delfinləri, pliosen delfinləri, dağ keçisi, ceyran, maral, hipparion, kaftar və çaqqalları göstərmək olar.

V. V. Boqaçyovun bilavasitə iştirakı ilə Bakı şəhəri yaxınlığında Binəqədi rayonunda dördüncü dövr onurğalılarının qalıqların unikal yeri müəyyən edilmişdir. Bu kəşfin gec kaynozoy üzvi aləminin təkamülü haqqında elmi təsəvvürlərin inkişafında böyük əhəmiyyəti olmuşdur. V. V. Boqaçyovun mühüm tədqiqatlarının ən əsas məqsədi Xəzər faunasının tarixini dərk etmək olmuşdur. V. V. Boqaçyovun təşəbbüsü və rəhbərliyi altında 1924-cü ildə bizim ölkədə ilk dəfə olaraq Bakı şəhərində mikropaleontoloji tədqiqatlara başlanmış və bu sonradan biostratiqrafiyanın, xüsusilə də neftli-qazlı hövzələrin öyrənilməsinin istehsalatla əlaqədar tapşırıqlarının həllində ən mühüm üsul oldu.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.