Visente Aleysandre
Visente Pio Marselino Aleysandre (26 aprel 1898[1][2][…], Sevilya[3][2][…] – 14 dekabr 1984[1][4][…], Madrid[5][2][…]) — ispan şair.
Visente Aleysandre | |
---|---|
isp. Vicente Aleixandre | |
Doğum tarixi | 26 aprel 1898[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 dekabr 1984[1][4][…] (86 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | şair, yazıçı, müəllim |
Əsərlərinin dili | ispan dili |
Üzvlüyü |
|
Mükafatları |
|
Visente Aleysandre Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İspan şairi Visente Aleysandre-i-Merlo Seviliyada, dəmir yol tikintisi mühəndisinin ailəsində anadan olmuşdu. 1913-cü ildə Madriddəki Tereza Kollecini ("Kolexio Tereziano") bakalavr dərəcəsi ilə bitirmişdi. Ali təhsil almaq üçün Madrid universitetinin hüquq fakültəsini seçsə də, daha çox ispan ədəbiyyatı seminarlarında iştirak edirdi. Sevdiyi müəlliflər sırasına Homer, Şiller, Dostoyevski və b. daxil idilər. Sonralar bu siyahıya ötən əsrin əvvəllərində ispandilli ölkələrdə çox populyar olan Nikaraqua modernist-şairi Ruben Dario da əlavə edilmişdi.
Universiteti hüquqşünas və iqtisadçı ixtisası ilə bitirdikdən sonra Visente bir müddət Madrid ticarət məktəbində çalışmış, hətta hüquq və iqtisadiyyata dair məqalələr çap etdirmişdi. Bununla yanaşı, çapı haqqında ciddi düşünmədiyi şeirlər də yazmışdı. Və poeziyaya bağlılığını sirr kimi hamıdan gizli saxlamışdı.
Visente Aleysandrenin həyatını müəyyən mənada rus sovet yazıçısı Nikolay Ostrovskinin taleyi ilə müqayisə etmək olar. İspan şairi də "Polad necə bərkidi"nin müəllifi kimi gənc yaşlarında bir sıra ağır xəstəliklər keçirərək yarımşikəst vəziyyətə düşmüşdü. Lakin erkən yaşda vəfat edən Ostrovskidən fərqli olaraq, Madrid ətrafındakı kiçik villasında yataq xəstəsi kimi yaşayan Visente Aleysandre kifayət qədər uzun və məhsuldar ömür sürmüşdü.
Dostlarının təkidi ilə ilk şeirlərini 1927-ci ildə mətbuata vermişdi. Qarsia Lorka ilə tanışlıq Aleysandreni də müasir ispan ədəbiyyatı tarixinə "1927" adı altında daxil olan ədəbi cərəyanın qurucuları sırasına gətirmişdi. Həmin dövrdə Visente daha çox freydizmlə maraqlanır və psixoanaliz təlimi yaradıcısının əsərlərini diqqətlə öyrənirdi. Sürrealizm və freydizm təsiri onun 20-ci illərin sonlarında yazdığı və yalnız 1935-ci ildə çap etdirdiyi "Yer ehtirasları" kitabındakı şeirlərdə aydın hiss olunurdu.
Bundan əvvəl isə müəllifin "Dodağa bənzəyən qılınclar" (1932), "Ölüm və məhəbbət" (1933) kitabları işıq üzü görmüşdü. Vinsente Aleysandre yaradıcılığının ən yaxşı nümunələrindən sayılan "Ölüm və məhəbbət" nə qədər qəribə səslənsə də, əslində erotik şeirlər toplusu idi. Bu toplu 1933-cü ildə hətta ədəbiyyat üzrə İspaniyanın milli mükafatına layiq görülmüşdü.
İspaniyadakı vətəndaş müharibəsi sənət adamlarının taleyində fərqli izlər buraxmışdı. Lorka frankoçular tərəfindən güllələnmişdi (Visente bu xəbəri eşidəndə şairin ruhuna ithaf etdiyi "Öldürüldü!" elegiyasını yazmışdı), bir sıra yazıçı və şairlər vətəndən didərgin düşmüşdülər. Təbii ki, Visente Aleysandre xəstəliyinə görə heç yerə gedə bilməmişdi. Lakin müharibə ondan da yan keçməmişdi. Şairin yaşadığı ev dağıdılmış, əsərlərinin çapına qadağa qoyulmuşdu. İstənilən halda yataq xəstəsi olan bu mübariz ruhlu insanı susdura bilməmişdilər. Hər şeyə rəğmən Aleysandre yeni əsərlər yazmışdı. İspaniya Akademiyası isə əsl elmi hünər göstərərək 1950-ci ildə frankoçuların təqib etdiyi şairi öz üzvü seçmişdi.
Aleysandrenin müharibədən sonrakı poeziyasında bədbinlik və düşkünlük əhvali-ruhiyyəsi tədricən öz yerini humanizmə və yüksək insani dəyərlərə inama və onların tərənnümünə vermişdi. Şairin "Cənnətin kölgəsi" (1944), "Vahid dünya" (1950), "Ürəyin tarixçəsi" (1954), "Boşluğun hökmündə" (1962), "Son haqqında şeirlər" (1968), "İdrak haqqında dialoq" (1974) kitablarındakı şeirlər xoşbəxtliyin və gözəlliyin hökm sürdüyü xəyali dünya haqqında poetik utopiyalardan ibarət idi. Şübhəsiz, əlil arabasına bağlanıb qalmış bir insanın bu cür işıqlı duyğularla yaşamasının özü onun daxili təmizliyinə və saflığına dəlalət edirdi.
Vinsente Aleysandre 1977-ci ildə "iki dünya müharibəsi arasında ispan poeziyası ənənələrini dirçəltməsinin parlaq nümunələri olan, insanın vəziyyətini müasir cəmiyyətdən tutmuş kosmik genişliyə qədər böyük bir müstəvidə əks etdirən diqqətəlayiq poetik yaradıcılığına görə" Nobel mükafatı qazanmışdı. İsveç Akademiyasının üzvü Karl Raqnar Qirov təqdimat çıxışında şairi "İspaniyanın mənəvi həyatının heç zaman qurumayan çeşməsi" adlandırmışdı.
Laureatın arzusu ilə mükafatı onun adından əsərlərinin İsveç dilinə tərçüməçisi Xurxe Xosto Padren qəbul etmişdi. Visente Aleysandrenin Nobel mükafatı alması xəbəri İspaniyaya çatanda kral Xuan Karlos şairin evinə gələrək onu təbrik etmiş və İspaniya mədəniyyəti qarşısındakı mühüm xidmətlərinə görə III Karl ordeninin Böyük Xaçı ilə təltif olunduğunu bildirmişdi.
Həyatını subaylıqla, ailəsiz və övladsız başa vuran Visente Aleysandre 86 yaşında, Madriddəki evində vəfat etmişdi.
Əsərləri
- Ámbito (1928)
- Espadas como labios (1932)
- Sombra del paraíso (1944)
- Historia del corazón (1954)
- Los encuentros (1958)
- En un vasto dominio (1962)
- Poemas de la consumación (1968)
- Sonido de la guerra (1972)
- Diálogos del conocimiento (1974)
- En gran noche (1991)
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 53. ISBN 978-2-221-06888-5
- http://www.nobelprize.org/nobel_prizes/literature/laureates/1977/aleixandre-bio.html.
- http://www.britannica.com/EBchecked/topic/13716/Vicente-Aleixandre.
- http://www.romanianstudies.org/content/2012/10/poetry-in-translation-cxxviii-vicente-aleixandre-1889-1984-poet-spaniol-el-cuerpo-y-el-alma-corp-si-suflet-the-body-and-the-so/.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.