Vilhelm Maybax

Vilhelm Maybax (alm. August Wilhelm Maybach; 9.2.1846, Haylbronn — 29.12.1929, Ştutqard, Almaniya) — alman konstruktoru.

Vilhelm Maybax
alm. Wilhelm Maybach
Vilhelm Maybax təqribən 1900-cü ildə
Vilhelm Maybax təqribən 1900-cü ildə
Doğum tarixi 9 fevral 1846(1846-02-09)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 dekabr 1929(1929-12-29)[1][2] (83 yaşında)
Vəfat yeri
Fəaliyyəti mühəndis, sahibkar, ixtiraçı, sənayeçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Vilhelm Maybax 9 fevral 1846-cı ildə Nekkar çayı üzərindəki Haylbronn şəhərində anadan olub. Atası xarrat idi. 10 yaşında ikən uşaq tamamilə yetim qaldı və Roytlingendəki uşaq evi tərəfindən tərbiyəyə götürüldü. Orada Vilhelm çertyojçəkən və konstruktor peşəsinə yiyələndi.

Uşaq evinin nəzdindəki məktəbi bitirdikdən sonra Vilhelm maşınqayırma zavodunda peşə təhsili almağa başladı. O, gündüzlər emalatxanada və konstruktor bürosunda praktiki biliklərə yiyələnir, axşamlar isə qiraət və təbiət elmləri üzrə dərs alırdı. Daha sonra şəhərdəki regional təhsil məktəbində riyaziyyat dərsləri də almağa başladı. Onun bacarıqlılığı, məqsədyönlülüyü və inadkarlığı vaxtında qiymətləndirildi.

1869-cu ildə Vilhelm istedadlı mühəndis Qottlib Daymlerlə tanış oldu. O vaxt Daymler zavod nəzdindəki texniki məktəbin rəhbəri idi. Həmin vaxtdan başlayaraq onların ayrılmaz dueti ərsəyə gəldi.

1882-ci ildə hər iki konstruktor N.A. Ottoya və E. Langerə məxsus olan "Döyts" şirkətində işləməyə başladılar.

Həmin il şirkət stasionar daxiliyanma mühərrikləri düzəldirdi. Zavodda buraxılan stasionar mühərrikdən daha kiçik daxiliyanma mühərriki yaratmaq ideyası həm Qottlibin, həm də Vilhelmin diqqətini özünə yaman cəlb etmişdi. Amma Otto bu cür mühərriklərin yaradılmasının qəti əleyhinə idi.

Rəhbərlikdən dəstək ala bilməyən Daymler öz biznesini açmağı qərara aldı və Maybaxı onunla birlikdə getməyə inandırdı. Vilhelm uzun müddət Daymlerin dostu və şəxsi köməkçisi oldu. O, praktiki olaraq Daymlerin bütün təşəbbüslərində yaxından iştirak etdi, amma adı kölgədə qaldı.

1883-cü ildə Maybax özünün ilk mühərrikini yaratdı. Çəkisi 40 kiloqram olan bu mühərrik işıq qazı ilə işləyirdi. Sonra Vilhelm işıq qazından benzinə keçməyə imkan verən püskürdücü karbürator üzərində işləməyə başladı.

1885-ci ildə Qottlib və Vilhelm velosipedə quraşdırılan məşhur daxili yanma mühərrikini yaratdılar, nəticədə həmin velosiped tarixə ilk motosiklet kimi düşdü.

Bir il sonra Maybax mühərriki təkmilləşdirərək diametrini və gediş məsafəsini artırdı. Mühərrikin işlək həcmi artaraq gücü 1,35 at gücünə çatdı, amma sınaqlar göstərdi ki, motor həddən artıq qızır. Su ilə soyutma sistemini tətbiq etmək cəhdi arzu olunan nəticəni vermədi və Maybax bu mühərrikdən imtina etməli oldu.

1889-cu ildə Maybax tərəfindən düzəldilmiş ilk V formalı iki silindrli mühərrik quraşdırılmış avtomobil Paris salonunda nümayiş etdirildi. 1893-cü ildə Vilhelm ilk karbürator üçün patent aldı.

Bir il sonra o, hidravlik əyləclərin konstruksiyası üçün patent aldı, daha bir il sonra isə iki silindrli "Feniks" mühərriki peyda oldu, onun işlək həcmi artırılaraq gücü 23 at gücünə çatdırılmışdı.

1890-cı ildə "Daymler Motoren Gezelşaft" şirkəti yaradıldı. Bu şirkətin baş konstruktoru Vilhelm Maybax idi. Onun xidmətləri arasında ilk karbüratoru, radiator, iki və dörd silindrli mühərrikləri, dünyada ilk polad avtomobil şassisini qeyd etmək olar, amma onun adı hətta şirkətin adında belə əks olunmamışdı.

1901-ci ildə Maybaxın rəhbərliyi altında ilk yürüş avtomobili "Mercedes" yaradıldı. Gücü 35 at gücünə bərabər olan bu avtomobilə sifarişçinin qızının adı qoyulmuşdu.

Məhz bu minik avtomobili Nitsada keçirilmiş məşhur avtomobil həftəsi zamanı inamlı qələbə qazandı. İlk yürüş avtomobilinin ardınca daha bir neçə uğurlu model yaradıldı. 1906-cı ildə Maybaxın hazırladığı altı silindrli mühərrik quraşdırılmış avtomobil işıq üzü gördü.

Qotlib Daymlerin vəfatından bir çeçə il sonra Vilhelm Maybax şirkəti tərk etdi və o dövr üçün müasir sayılan "Seppelin" dirijablları üçün mühərriklər hazırlamağı qərara aldı. Nəticədə 1900-cü ilin yayında 17 at gücünə malik iki "Maybax" mühərriki quraşdırılmış ilk "Seppelin" dirijablı birinci uçuşunu həyata keçirdi.

1907-ci ildə Maybax dirijabllar üçün mühərrik istehsalı ideyasını bir kənara qoydu və 1909-cu ildə oğlu Karl Maybaxla birlikdə özünün mühərrik düzəltmə şirkətini yaratdı. 1920-ci ildən səssiz mühərriklər quraşdırılmış "Maybax" avtomobillərinin istehsalına başlanıldı.

Vilhelm Maybaxın heç bir şübhə doğurmayan istedadına təkcə bu fakt dəlalət edir ki, hətta onun rəqibləri də Maybaxı "konstruktorlar kralı" adlandırırdılar.

Həyatının sonlarında Maybaxın avtomobil sənayesindəki xidmətləri, nəhayət, cəmiyyət tərəfindən qiymətləndirildi. Ona fəxri elmlər doktoru dərəcəsi verildi.

Vilhelm Maybax 29 dekabr 1929-cu ildə vəfat etdi. Müstəqil marka kimi "Maybax" markasının mövcudluğuna 1961-ci ildə, yəni o, "Mersedes-Bens"in tərkibinə daxil olduqdan sonra son qoyuldu.

Həmçinin bax

Xarici keçidlər

  1. Wilhelm Maybach // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  2. Bibliothèque nationale de France Wilhelm Maybach // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Deutsche Nationalbibliothek Record #118579517 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.