Viktor Abakumov

Viktor Semyonoviç Abakumov (rus. Виктор Семёнович Абакумов; 11 (24) aprel 1908, Moskva19 dekabr 1954) — SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri.

Viktor Abakumov
rus. Виктор Семёнович Абакумов
SSRİ Ali Sovetinin deputatı[d]
12 mart 1946 11 iyun 1950
Şəxsi məlumatlar
Doğum adı Виктор Семёнович Абакумов
Doğum tarixi
Doğum yeri Moskva, Rusiya imperiyası
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Dəfn yeri
  • Levaşovo memorial qəbiristanlığı[d]
Partiya
Fəaliyyəti zabit, siyasətçi
Dini ateizm
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi[d]
Döyüşlər
Rütbəsi general-polkovnik

Həyatı

Viktor Semyonoviç Abakumov 24 aprel 1908-ci ildə Moskvada anadan olmuşdu və olduqca təmkinli, ağıllı qərar qəbul etməsilə ən təcrübəli mütəxəssisləri belə şoka salırdı. Adi bir ocaqçı ailəsində dünyaya göz açan Abakumov ibtidai təhsil almışdı. Amma bu onun sonralar xalq komissarı vəzifəsinə qədər yüksəlməsinə və general-polkovnik rütbəsi almasına mane ola bilməmişdi. 1921–1923-cü illərdə o, xüsusi təyinatlı 2-ci Moskva alayında sanitar kimi xidmət etmişdi. 1924–27-ci illərdə fəhləliklə məşğul olmuşdu. 1927–28-ci illərdə hərbi sənaye əhəmiyyətli müəssisələrdən birində atıcı vəzifəsinə düzələn Abakumov 1930-cu ildə partiyaya daxil oldu. Az sonra onu Ticarət Nazirliyində şöbə müdirinin müavini təyin etdilər. 1932-ci ildə Abakumov komsomol işinə keçdi. Əvvəlcə, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqında şöbənin müdiri işlədi. Bundan sonra onun vəzifəyə gedən yolu açıldı. 1933–34-cü illərdə Xalq Komissarları Sovetində baş müfəttiş vəzifəsinə irəli çəkilən Abakumovu az sonra əxlaqsız qadınlarla kef məclisində tutdular. Vəzifədən dərhal azad edilən Abakumovu islah əmək müəssisələrindən birinə göndərdilər. Əvvəlcə, o burada cəzasını operativ şöbənin xüsusi əməkdaşı kimi çəkdi. Buradan da onu gizli şöbələrdən birinə (xüsusi əməliyyatların yoxlanılması) göndərdilər. Beriya hakimiyyətə gələndən sonra Abakumovun bəxti açıldı. Beriya Abakumovu Rostov-Don vilayətində Daxili İşlər İdarəsinin (NKVD) rəhbəri təyin etdi. Qısa müddətdə Abakumov Rostov-Don vilayəti əhalisi arasında dəhşət əmələ gətirdi. Kütləvi repressiyalara başlayan Abakumov günahkarları şəxsən dindirir və təqsirini boynuna almayanda onları təpik altına salırdı. Olduqca güclü zərbəyə malik Abakumov kimə yumruq vururdusa, onun sümüyü, qabırğası sınırdı. Sonralar şahidlərin dediklərinə görə, 30 adamı Abakumov döyə-döyə öldürmüşdü. "Mələksimalı" bu cəllad da Yejov kimi qan görməyəndə dəli olurdu. Demək olar ki, bir il ərzində Abakumov Rostov-Dondan 30 min adamı xalq düşməni çıxardı. Onların hamısı Sibirə və Kolımaya sürgün edildi. Əsrlər boyu Rusiyanın ən cinayətkar zonası kimi ad çıxaran Rostov-Don Abakumovun adı gələndə tir-tir əsirdi. Adamlar gecələr evdə danışmağa, səslərini çıxarmağa qorxurdular ki, birdən gəlib onları gedər-gəlməzə göndərərlər. Rostov-Dondakı "fəaliyyəti" Abakumov üçün bir cəlladlıq məktəbi oldu. 1941-ci ildə, əvvəlcə, onu Xalq daxili işlər komissarı sədrinin müavini, sonra isə xüsusi şöbənin rəhbəri qoydular. Abakumov bu vəzifədə kəşfiyyat və əks-kəşfiyyat işlərinə nəzarəti həyata keçirirdi. 1943-cü ildə isə Baş Əks-Kəşfiyyat İdarəsi yaradıldı və Abakumov ona rəhbər təyin edildi. O, birbaşa Stalinə tabe idi. Yeni vəzifəyə gələr-gəlməz "casuslara ölüm" şüarını irəli sürən Abakumov əsir düşmüş sovet əsgərlərinin azad edilməsi və xüsusi filtrasiyadan keçirilməsi məsələsində qeyri-insani bir sistem tətbiq etmişdi. Abakumovun şəxsi göstərişilə heç bir günahı olmayan və sovet hökumətinin rəhminə bel bağlayıb könüllü şəkildə hərbi hissələrə gəlib, özünü təqdim edən 80 min əsir güllələndi. Sonradan müəyyən edildi ki, 80 min nəfər güllələnən keçmiş sovet əsirlərinin birinin də zərrə qədər günahı olmayıb. Bundan başqa, Abakumov məşhur İsveç diplomatı, faşizmin Avropada hökm sürdüyü bir dövrdə minlərlə insanı labüd ölümdən xilas edən Vallenberqi oğurlatdı və güllələtdi. 1944-cü ildə Abakumov çeçenlərin sürgün edilməsi zamanı olduqca amansız addımlar atdı. Onun əmrilə on minlərlə çeçen diri-diri suda boğduruldu. Yüzlərlə çeçen kəndi yandırılaraq yerlə-yeksan edildi.

O, Axısqa türklərinin də sürgün edilməsini xüsusi qəddarlıqla həyata keçirdi. Vaqonlara doldurulan və 10–15 gün ərzində yol gedən adamlara vaqonun qapısını açmağa belə, icazə vermirdilər. Onlara adi çörək, su belə vermirdilər. Nəticədə, sürgünə göndərilən Axısqa türklərinin yarısı acından və xəstəlikdən yolda qırıldı. Xüsusi xidmətlərinə görə, orden üstündən orden alan Abakumov 1946-cı ildə SSRİ Ali Soveti deputatı seçildi. Həmin ildə o, Stalinin tapşırığı ilə Leninqradda təmizləmə əməliyyatı həyata keçirdi.

Qatilin sonu

1948-ci ildə Abakumov yenə də Stalinin göstərişi ilə məşhur bolşevik Mixoelsin öldürülməsini təşkil etdi. Amma artıq tale Abakumovdan üz döndərməyə başlamışdı. Beriya Abakumovun simasında ən təhlükəli rəqibini görməyə başlamışdı. Çünki həmin dövrdə Abakumov əvvəllər Beriyanın tabeliyində olan nazirliklərin böyük əksəriyyətini öz rəhbərliyi altında cəmləşdirmişdi. Revanş arzulayan Beriya hərəkətə keçdi. Onun Stalinlə qısamüddətli danışığından sonra rəhbər (Stalin) əks-kəşfiyyata rəhbərliyi Abakumovdan alaraq, Beriyaya verdi. Beriya Abakumovu kölgə kimi izləyirdi. Nəticədə isə 1951-ci ildə Beriya Abakumovu vəzifədən çıxarmaq və həbs etmək barədə səbəb tapa bildi. O, həkimlərdən istifadə edərək, Stalinə qarşı sui-qəsd hazırlamaqda və sionistlərlə gizli əlaqə saxlamaqda suçlanaraq həbs edildi. Abakumovun fəaliyyətini yoxlamaq üçün xüsusi komissiya yaradıldı. Bu komissiyaya Abakumovun düşmənləri olan G. M. Malenkov, Beriya, M. F. Şkiryatov və S. D. İqnatyev daxil oldular. Onu da deyək ki, Abakumovun dövlət çevrilişi etməyə hazırlaşması barədə Beriyaya M. D. Ryumin adlı şəxs məlumat vermişdi. Bu adamı Beriya ələ almışdı və Abakumov bu yolla daim nəzarətdə idi. Abakumov həbs etdiyi adamlara necə cəza verirdisə, ona da elə cəzalar verirdilər. Abakumovun dırnaqları çıxarılmış, qol və qıçları sındırılmış, əl barmaqlarını xüsusi cihazla qırmışdılar. Hər gün döyülmək və təpiklənmək Abakumovun əlil olmasına gətirib çıxardı. Necə deyərlər, minlərlə insana etdiyi cəzanın əvəzini o, sağlığında aldı. Stalinin ölümündən və Beriyanın həbs edilməsindən sonra belə Abakumovu həbsdən azad etmədilər. 1954-cü il dekabr ayının 12–19-da Ali Məhkəmə xüsusi iclasını keçirdi. Abakumov 1938–1951-ci illərdə baş verən cinayətlərdə təqsirkar bilindi. Buna cavab olaraq, Abakumov bildirdi ki, Stalin nə deyibsə, onu da yerinə yetirib. Məhkəmə Abakumovu vətənə xəyanətdə günahlandıraraq, ona ölüm hökmü kəsdi. 1954-cü il dekabrın 19-da Abakumov güllələndi. Beləliklə, Stalin epoxasının "mələksimalı" cəlladı öz layiqli cəzasını aldı.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.