Vicayanaqar imperiyası
Vicayanaqar imperiyası (Kannada: ವಿಜಯನಗರ ಸಾಮ್ರಾಜ್ಯ Vijayanagara Sāmrājya, Teluqu: విజయనగర సామ్రాజ్యము Vijayanagara Sāmrājyamu) — Hindistanda qədim dövlət.
Tarixi
XIV əsrin əvvəllərində Dekanın hindu vilayətləri, Devagiri Yadavaları, Varanqaldaki Kakatiya feodal dövləti, Maduraidəki Pandyan dövləti, Kampili dövləti şimaldan gələn müsəlmanlar tərəfindən ələ keçirilmişdir. Yalnız hindu dövləti Hoysala İmperatorluğu qalmışdı. 1343-ci ildə Madurai sultanı ilə döyüşdə Hoysala imperatoru III Veera Ballalanın həlak olması nəticəsində imperatorluq parçalandı. I Hariharan və qardaşı I Bukka Raya tərəfindən 1336-cı ildə Dekanda əsası qoyulan Vicayanaqar dövləti Hoysala imperatorluğunun ərazilərini ələ keçirdi. Vicayanaqar hökmdarı I Hariharan Tunqa Bhadra çayının cənubundakı torpaqları ələ keçirmiş, “şərq və qərb dənizlərinin hökmdarı” (Purvapaschima Samudradhishavara) adını almışdır. Hariharanın yerinə gələn I Bukka Raya 1374-cü ildə Arcot dövlətini, Kondavidudakı Reddi dövlətini məğlubiyyətə uğratmış, qərbdə Qoa ərazilərində, şimalda Tungabhadra və Krişna çayları arasındakı bölgədə hakimiyyətini təmin etmişdir. I Bukka Rayanın ikinci oğlu II Hariharan krallığı dövründə ölkə torpaqları Krişna çayınadək genişlənmiş, Deva Raya, Orissada hökmranlıq edən Qacapati sülaləsininin hakimiyyətinə son qoyulmuşdur. Sangama sülaləsinini ən bacarıqlı hökmdarı, 1424-cü ildə taxta çıxmış II Deva Raya cənubda qiyam qaldıran feodal dövlətlərini, Kəlküttədəki (Kolkata) Zamorinlər, Quilonlar sülaləsini, Pequdakı Birma krallarını itaət altına aldı, hətta Lanka adasını ələ keçirdi.
Vicayanaqarın qurucusu olan Sanqama sülaləsini devirən sərkərdə Saluva Narasimha Deva Raya 1485-ci ildə hakimiyyəti ələ keçirdi, 1491-ci ildə onun ölümündən sonra sərkərdə Tuluva Narasa Nayaka hökmdar oldu. Bu dövrdə Vicayanaqar imperatorluğu bütün Cənubi Hindistanı ələ keçirmiş, Dekan sultanını torpaqlarından qovmuşdu. Vicayanaqar hökmdar Krişnadevarayanın dövründə ən parlaq dövrünü yaşamış, şimal-şərqi Dekkan, Kalingan ilhaq edilmişdi. Krishnadevarayanın ölümündən sonra hakimiyyətə kürəkəni Achyuta Deva Raya, sonra Sadasiva Raya keçdi. Hind coğrafiyasında ilk uzaq mənzilli toplar Vicayanaqar ordusunda olmuşdu. Bu silahları əcnəbi topçular idarə edirdi. Bu racəlikdə iki növ ordu- birbaşa imperatorluğa bağlı olan hökmdar ordusu, ikincisi isə feodalların əmrindəki ordular vardı. Hökmdar Krişnadevarayanın öz ordusu təxminən 100.000 piyada, 20.000 süvari və 900-dən çox fildən ibarət idi. Bu sayı 1.1 milyondan çox olan ordunun yalnız bir hissəsi idi. Belə bir ordu rəqib dövlətlər üçün ciddi təhlükə idi.
Bicapur sultanı Ali Adil şah hindu Vicayanaqar dövləti ilə ittifaqların bölgədəki müsəlmanların əleyhinə olduğunu, son nəticədə Dekanın müsəlman dövlətlərinin Vicayanaqarın hakimiyyəti altına düşəcəyini anlamışdı. Onun səyi nəticəsində 1564-cü ildə dörd müsəlman dövləti Vicayanaqara qarşı birləşdi. Müsəlman Bicapur, Bidar, Ahmednaqar və Qolkonda dövlətləri ilə Vicayanaqar imperatorluğu arasında 1565-ci ilin yanvar ayında baş verən Talikota döyüşü Hindistanın cənubunda yeni hərbi-siyasi vəziyyət yaratdı. Bu döyüşdə müsəlman ordusunun top atəşlərinin qarşısında müqavimətləri qırılan hinduslar məğlub oldular, müsəlmanlar paytaxt Vicayanaqarı ələ keçirdilər. Talikota döyüşündən sonra üstünlük qazanan müsəlmanlar XVIII əsrin sonuna qədər bölgədə geniş yayıldılar. Vicayanaqar hökmdarı ilə birlikdə Penukondaya çəkilən Rama Rayanın qardaşı Tiramula 1570-ci ildə özünü imparator elan etdi və Aravidu sülaləsinin əsasını qoydu. Lakin bu imperatorluq regional üstünlüyünü itirmiş, Madras İngiltərənin “Ost-Hind” şirkətinə verilmiş, dövlətin tənəzzülü dövrü başlamışdır, III Venkata 1672-ci ildə paytaxtı Velloreya köçürmüşdür. Bu dövrdə zəifləyən imperiyanın əraziləri Bicapur və Qolkonda sultanlıqları tərəfindən tutulmuş, Maysor və Naya sülalələri isə müstəqilliyini elan etmişlər.
Vicayanaqar imperiyasının paytaxtı Vicayanaqar şəhəri idi.1336-cı ildən XVII əsrin ortalarınadək hökm sürmüş qüdrətli imperiyanın paytaxtı kimi bu şəhər Hindistanın cənubunu əhatə edib. Şəhərin adının mənası “Qələbə şəhəri” anlamındadır. Hazırda şəhərin yerində Hampi kəndi yerləşir. Doğrudur, burada şəhərin böyük xarabalıqlarından başqa fəaliyyət göstərən hind məbədləri, o cümlədən Vicayanaqardan da böyük olan Pampapathi məbədi də yerləşir.
Vicayanaqar imperiyası dövrünün memarlığı
- Fillər üçün yer
Xarici keçidlər
- Hampi – History and Tourism
- www.Hampi.in – Photos, descriptions & maps of the Hampi Ruins.
- Archaeos Mapping Project at Vijayanagara – Seasons 1
- Archaeos Mapping Project at Vijayanagara – Seasons 2–3
- Archaeos Mapping Project at Vijayanagara – Seasons 1–4 Summary
- Coins of Vijayanagar
- Indian Inscriptions - Archeological Survey Of India