Vera Muxina
Vera Muxina (rus. Ве́ра Игна́тьевна Му́хина; latış. Vera Muhina; 19 iyun (1 iyul) 1889, Riqa[1] – 6 oktyabr 1953[2][3][…], Moskva[1]) — Sovet heykəltaraşı. SSRİ xalq rəssamı (1943). 5 dəfə (1941, 1943, 1946, 1951, 1952) Stalin mükafatı laureatı.
Vera Muxina | |
---|---|
rus. Ве́ра Игна́тьевна Му́хина; latış. Vera Muhina | |
| |
Doğum tarixi | |
Doğum yeri | Riqa, Rusiya imperiyası |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Moskva, RSFSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Rusiya |
Fəaliyyəti | heykəltaraş, kostyum dizayneri[d], dəb dizayneri, textile designer[d] |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Vera Muxina 1 iyul 1889-cu ildə Riqada sahibkar ailəsində anadan olmuşdur. Muxinlər ailəsi XIX əsrin birinci yarısından Riqada məşhur idilər.[4] Onlar şəhər salır, maarifçiliyə pul ayırır, xeyriyyəçiliklə məşğul olurdular, bir sözlə əsl sahibkarlar kimi tanınırdılar.[4] Lakin onların məişəti dvoryanlardan az fərqlənirdi.[4] Atası İqnati Kuzmiç çətənə lifinin ticarəti ilə məşğul olurdu. Həyat yoldaşı dünyadan vaxtsız getdikdən sonra o, qızları ilə birlikdə Krıma, Feodosiya şəhərinə köçür.[4] Veranın və onun böyük bacısının uşaqlığı analarının həyatdan vaxtsız gedişindən sonra kədərli keçib. Anası taundan öləndə Vera yaşyarımlıq idi.[4]
Atası qızlarının tərbiyəsi və təhsililə məşğul olur: evə musiqi, rəsm müəllimləri dəvət etməyə başlayır. Həmin vaxtdan da Veranın istedadı meydana çıxır, ilk dəfə olaraq atasını təqlid edərək rəsmlər çəkməyə başlayır. O uşaq yaşlarından sənətə, rəsm çəkməyə böyük maraq göstərir və Feodosiya şəhərindəki gimnaziyada təhsil alır.[5]
1903-cü ildə atası vəfat edir, Veranın tərbiyəsi ilə əmiləri məşğul olurlar, gimnaziyanın son illərini onlarda keçirir. O, gimnaziyanı müvəffəqiyyətlə başa vurur.[5]
1911-ci ildə Moskvaya, Preçistendəki öz evinə gedir və burada kübar həyata yaxınlaşır.[5]
Bir müddət sonra Parisə gedərək şəhərlə yaxından tanış olur.[5] Luvr muzeyinə baş çəkir, sərgilərə qatılır, məşhur fransız heykəltaraşı Emil Antuan Burdeliya ilə tanış olur. Ondan dərs alır. Vera onun yanında ilk yaradıcılıq işlərinə başlayır. Burdeliyanın yanında o, ilk işlərini yaratdı: "Oturan oğlan" (1912) və "Oturan fiqur" (1913) onun ilk peşəkar etüdü olur.[4]
Vera Muxina 1914-cü ilin yayında rəfiqələri ilə birlikdə İtaliyaya səyahət edir.[5] Roma, Venesiya, Florensiya və başqa şəhərləri gəzir.[5] Mikelancelonun əsərləri ilə tanış olur. Bu tanışlıq onu yeni yaradıcılıq ideyaları ilə zənginləşdirir.[5] Elə bu vaxt Birinci Dünya müharibəsi başlayır və o, Rusiyaya qayıdaraq hospitalda təmənnasız işləməyə başlayır. 1918-ci ildə müharibə qurtardıqdan sonra öz sevimli işini davam etdirir və 1914-cü ildə tanış olduğu həyat yoldaşı Zaikovun portretini yaradır.[4]
1926-1927-ci illərdə isə kustar-rəssamlıq texnikumunda dərs deməyə başlayır. Bu dövrdə yaratdığı "İnqilabın alovu" kompozisiyası orijinal iş kimi sənət aləmində maraqla qarşılanır. Bu kompozisiyası heç də zamanın tələbilə bağlı deyil, heykəltaraşın idealının ifadəsi idi, onun yeni, kamil, azad insana inamıdı. Muxina deyirdi:
"Hər üslübün öz ritmi var və bu ritm öz dövründən, onun sosial simasından, onu yaradan sinifin mədəniyyətindən yaranır".[4]
1931-ci ildə ailə portretləri seriyasına qayıtmağa başlayır, qeyri-adi portretlər yaradır.[4] Moskvada, Sadovo — Spesskoy 21-də onun XIX əsrin Moskva malikanələrini xatırladan emalatxanası və evi var idi.[4]
"Fəhlə və kolxozçu"
1937-ci ildə Parisdəki Ümumdünya sərgisi keçirilir.[5] Sərgidə göstərilmək üçün onun yaratdığı möhtəşəm "Fəhlə və kolxozçu" kompozisiyası Parisə aparılır.[5] Parislilər bu heykəli özlərində saxlamaq üçün imza yığırlar.[5] Fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Romen Rollan rəy kitabında belə yazmışdı:[5]
"Sena sahillərində iki sovet nəhəngi ram olmayan ruh yüksəkliyi ilə oraq və çəkici ucaldırlar və biz onların sinələrindən xalqı azadlığa, birliyə səsləyən və onların qələbəsinə gətirib çıxaran qəhrəmanlıq himninin axdığını eşidirik".[5]
Məşhur qrafik Frans Mazerel heyrətini belə ifadə edib:[5]
"Sizin əsəriniz biz fransız sənətkarlarının başına sanki bir qaynar qazan su tökdü. Biz bütün gecəni ondan danışırıq".[5]
Heykəli Eyfel qülləsinin yaxınlığında yerləşdirirlər.[5] Lakin parislilərin bu xahişi SSRİ rəhbərliyini qane etmir.[5] Heykəli Moskvaya gətirirlər və o, Moskvada Xalq Təsərrüfat Nailiyyətləri Sərgisində ucaldılır.[5]
1940-cı illər
Vera Muxina 1940-cı illərdə bir çox layihələrə imza atır.[5] Moskvada Moskvareq körpüsü üçün üç heykəl variantı, Maksim Qorkiyə həsr olunmuş iki abidə və onun "Çörək" kompozisiyasını yaradır.[5] Ancaq onun şəxsiyyətinə və yaradıcılığına münasibət birmənalı olmur. Məhz elə buna görə də başladığı işlərin heç birini sona çatdıra bilmir.[5] Sağlığında onun heç bir şəxsi sərgisi təşkil edilmir.[5] Onu "yuxarı"larda heç kim himayə etmir. Bu da onun səhhətinə mənfi təsir edir.[5]
1943-cü ildə o özünün ən faciəvi "Qayıdış" əsərini yaradır.[5] Əsəri bir neçə variantda işləyir.[5] Sonra isə heykəltaraş bu əsərlərini məhv edir.[5] Onun sonuncu monumental əsərləri - Maksim Qorki və Pyotr Çaykovskiyə həsr etdiyi heykəllər olur.[5] Ancaq bu əsərləri də tam başa çatdıra bilmir, 6 oktyabr 1953-cü ildə vəfat edir.
Həmçinin bax
İstinadlar
- Мухина Вера Игнатьевна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Vera Muchina // RKDartists (nid.).
- Wera Ignatjewna Muchina // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Oktay. Heykəltəraş ömrü. Vera Muxina heç bir vaxt Stalinlə danışmayıb və onu yaxından görməyib Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Xalq Cəbhəsi" qəzeti, 14 dekabr 2012, səh. 13. (az.)
- Savalan Fərəcov. Sovetlərin simvolunu yaratmış heykəltaraş. "Mədəniyyət" qəzeti, 10.06.2015 (az.)
- Sovet məhsulları haqqında faktlar. lent.az, 11.11.2013 (az.)
Ədəbiyyat
- Зотов А. Мухина Вера Игнатьевна: Народный художник СССР. — М.-Л.: Искусство, 1944. — 16, [6] с. — (Массовая библиотека). — 15 000 экз.
- Воронов Н. В. Вера Мухина (Монография). — М.: Изобразительное искусство, 1989. — 336 с. — 18 500 экз. — ISBN 5-85200-078-7.
- Воронов Н. В. «Рабочий и колхозница». — М.: Московский рабочий, 1990. — 80, [16] с. — (Биография московского памятника). — 45 000 экз. — ISBN 5-239-00763-2.
- Воронова О. И. Вера Игнатьевна Мухина. — М.: Искусство, 1976. — 230 с. — (Жизнь в искусстве).