Vera Bessantina
Vera Bessantina (tam adı: Vera Lvovna Bessantina; 2 mart 1973 – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Vera Bessantina | |
---|---|
Vera Lvovna Bessantina | |
Doğum tarixi | 2 mart 1973 |
Vəfat tarixi | 20 yanvar 1990 (16 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Lev |
Anası | Lyudmila |
Milliyyəti | yəhudi |
Fəaliyyəti | Şagird |
Həyatı
Vera Bessantina 1973-cü ildə anadan olmuşdur. Milliyyətcə yəhudidir[2]. Atası Lev hərbi qulluqçu olmuş, anası Lyudmila "Azərbaycan" nəşriyyatında işləmişdir.[3] Vera "Vətən" və "Qələbə" kinoteatrlarının direktoru olmuş Gita Bessantinanın qohumudur.[4]
Vera 258 nömrəli orta məktəbin 11-ci sinif şagirdi idi. 23 nömrəli musiqi məktəbinin skripka sinfini bitirmişdi.
Qanlı Yanvar faciəsi
Anası Lyudmila Bessantinanın dediklərindən[3]:
...Yanvar ayının 19-da axşam həmişəkindən də bir az tez yatdıq. Yerimizə tez girməyin səbəbi bu idi ki, televiziya yayımı dayandırılmışdı, heç nəyə baxıb vaxtımızı keçirə bilmirdik. Həm də bir az yorğun idik. Yatıb rahatlanmaq istəyirdik. Sabah görüləsi işlərim çox idi. Tezdən yuxudan qalxan kimi iş dalınca gedəsiydim. Gecə yarıdan keçəndən sonra tankların gurultusuna, güllələrin şaqqıltısma yuxudan ayıldıq. Bu nə səs idi? Kim idi güllə atan? Güllələri kimə atırdılar, niyə atırdılar? Niyə şəhərimizin dinc həyatını pozurdular? Biz İnşaatçılar prospektindəki “Olimp” mağazası yerləşən binanın beşinci mərtəbəsində yaşayırdıq. Bütün bu suallara cavab tapmaq üçün pəncərəyə yaxınlaşıb aşağı baxmaq istədim. Bizimlə bərabər yuxudan ayılan Vera da küçədə nələr baş verdiyini öyrənmək üçün işığı yandırıb pəncərədən aşağı boylandı. Elə bu vaxt pəncərəmiz atəşə tutuldu. Şüşələr çilik-çilik olub yerə töküldü. Vaxt itirmədən gerı çəkılib döşəmənin üstünə atıldıq. Qızım Vera “ay ana”, deyib arxası üstə tirtab yerə yıxıldı. Tez özümü onun yanına atdım. Veramı qan içində gördüm. İmperiya əsgərinin atdığı güllə onun qarın nahiyyəsindən dəymişdi. Aman Allah, bu nə işdır başıma gəlir? İndi mən nə edim, başıma nə çarə qılım? Çaşıb qalmışdım, başımı itirmişdim. İlk ağlıma gələn o oldu ki, vaxt itirmədən təcili yardıma zəng vurum, həkim çağırım. Elə də etdim. Cəld nömrəni yığıb hadisə barədə məlumat verdim, ünvanı dedim. Çox keçmədi ki, təcili yardım maşını gəlib çıxdı. Vera hələ özündə idi, bizimlə danışırdı.
Ehtiyatla onu təcili yardım maşınma yerləşdirə bildik. Qızımı tək qoya bilməzdim. Ona görə mən də keçib içəridə oturdum. Sürücünü tələsdirirdim ki, maşını tez sürüb bizi xəstəxanaya çatdırsın. Binanın arxasından dönüb küçəyə çıxdıq. İlahi, doğma şəhərimizin küçələri nə gündə idi! Zirehli, tırtıllı texnikaların gurultusu, nəriltisi, avtomat və başqa silahlardan açılan atəş səsləri şəhərimizi başına götürmüşdü. Quduzlaşmış imperiya əsgərləri bir neçə yerdə maşmımızın qarşısmı kəsdilər. Yaralı apardığımızı bildirib çətinliklə də olsa, irəliləyirdik. Şəfa ocağına bir az tez çata bilsəydik, qızım sağ qala bilərdi. Bəlkə də, həkimlər onu ölümün pəncəsindən xilas edə bilərdilər. Di gəl ki, xəstəxanaya çatmağa az qalmış silahlı quldurlar maşınımızı atəşə tutdular. Təcili yardım maşını dayandı. Sürücü yararsız hala düşmüş avtomobili yolun kənarına çəkib saxladı. Qızıma tibbi yardım edən həkimin özü ağır yaralanmışdı. Yaman pis yerdə axşamlamışdıq. İş belə olanda maşındakı rabitə vasitəsindən istifadə edib onun özünə də təcili yardım çağırdılar. Zaman keçdikcə qızımın vəziyyəti pisləşirdi. Yarasından axan qan kəsmək, dayanmaq bilmirdi. Yolda xeyli gözlədikdən sonra ikinci təcili yardım maşını gəldi. Vaxt itirmədən yola çıxdıq. Yenə də çətinliklərlə üzləşsək də, xəstəxanaya gəlib çıxa bildik. Amma daha gec idi. Canımdan da çox sevdiyim qızım Vera güllə yarasından əbədi olaraq gözlərini yummuşdu. Artıq bizdən ayrılmışdı, dünyasını dəyişmişdi... |
Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Həmçinin bax
İstinadlar
- ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- "Qulu Kəngərli, "Qara Yanvar şəhidləri", Bakı, "Gənclik", 1992" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
- "Vahid Məhərrəmov, "Qanlı Gecə - Qanlı Tarix", Bakı, " Hərbi Nəşriyyat", 2011" (PDF). 2017-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-19.
- "Гита Бессантина — неформальный авторитет Торговой и бессменный директор к/т «Вэтэн»". 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.