Vençur maliyyələşdirməsi

Vençur maliyyələşməsi və ya Vençur kapitalı — innovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaitidir.

İnnovasiya müəssisəsinin yaradılması mərhələsində (start-up mərhələsi) investisiyadan fərqli olaraq vençur maliyyələşməsi kompaniya ilk gəlir gətirməyə başladıqda, başqa sözlə inkişaf və genişlənmənin ilkin mərhələsində həyata keçirilir. Vençur maliyyələşməsi əsasən vençur fondları və biznes-layihələr (innovasiya layihələrinə şəxsi vəsaitlərini yerləşdirməyə hazır olan fiziki şəxslər) həyata keçirirlər. İdarəetmə kompaniyası qapalı səhmdar fondun təşkilati-hüquqi şəklində yaradılır.

Tarixi

Vençur kapitalı 1950-ci illərin sonlarında ABŞ-də meydana çıxdı və tezliklə özünə geniş fəaliyyət meydanı əldə etdi.

Vençur investisiyasının əsas xüsusiyyətləri

  • Kompaniyanın “portfeli”-nin qiymətinin artmasında professional vençur investorlar (mütəxəssislər) komandasının aktiv iştirakı;
  • İnvestisiyanın cəlb edilməsi kompaniyanın nizamnamə kapitalının və ya borcun konvertasiyası yolu ilə həyata keçirilir;
  • Kompaniya gələcəkdə investorların marağına uyğun qurulur;
  • İnvestisiya strategiyası ortamüddətli və uzunmüddətli olur;
  • Vençur investisiyasının son məqsədi, gəliri aktivlərin strateji və ya portfel investorlarına satışının nəticəsində və ya kompaniyaların aksiyalarını satışa verməklə əldə etməkdir.

İnnovasiyaların maliyyələşdirilməsində vençur kapitalının rolu

Dinamik inkişaf edən iqtisadiyyat daim özü ilə yeniliklər və dəyişikliklər gətirir. Bəşər tarixinin inkişafının müxtəlif mərhələlərində iqtisadiyyatın təkamülü həmişə məhsuldar qüvvələrin istehsala səmərəli cəlb olunması problemi ilə qarşı-qarşıya dayanmışdır. Bu baxımdan resurslardan qənaətli istifadə və bunun qarşılığında daha çox məhsul istehsal edərək bazara təqdim etmək kimi məsələlər həm sahibkarlıq subyektlərinin həm də elm adamlarının əsas müzakirə obyektinə çevrilmişdir.

Yeniləşən və inteqrasiya olunan müasir dövrümüzdə, dövlətlərarası, regionlararası və şirkətlərarası rəqabətin kəskinləşdiyi vaxtda göstərilən problemlər daha qabarıq xarakter alaraq ölkəmizin dünya bazarında yerinin müəyyənləşməsi və mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm aktuallıq kəsb edir.

Qeyd edək ki, inkişaf etmiş dövlətlər bu məsələlərin həllində daha çevik siyasət həyata keçirərək iqtisadiyyatın elastik və dinamik inkişafını qabaqlamaq və onun tələblərini qarşılamaq məqsədilə özlüyündə daha mürəkkəb və sadə təzahür formasına malik biznes alətlərini formalaşdırmağa çalışırlar. Təbii ki, bunun kökündə yenə də mövcud insan, kapital, əmək ehtiyatları, təbii sərvətlər kimi resurslardan maksimum səmərəli istifadə olunması məsələləri dayanır.

İstehsalda səmərəlilik əldə edilməsi məqsədilə son dövrlər insan amili mərkəzə çəkilərək digər resurslar onunla əlaqələndirilir və bu ikili qarşılaşdırmalar nəticəsində yeni kombinasiyalar meydana çıxır ki, nəticədə məhsuldar qüvvələrin yeniləşmiş gücü ortaya çıxır. Bu baxımdan qarşıya qoyduğumuz problemin mərkəzində insan və kapital amili qarşılaşır ki, bunun da nəticəsində bənzəri olmayan yeni məhsul, spontan inkişaf və daha çox gəlir gətirən bir model ortaya çıxır.

Fikrimizcə, vençur kapitalını insan və maliyyə kapitalının qarşılıqlı sintezindən meydana çıxan bir məhsul adlandırsaq heç də yanılmarıq. Vençur kapitalı bazarda yeni yaranan və özünə müvafiq yer qazanmaq uğrunda mübarizə aparan firmaların maliyyələşdirilməsi üçün nəzərdə tutulan investorlar tərəfindən yönəldilən maliyyə vəsaitidir. Vençur sərmayələri digər investisiyalardan yüksək riskli olması ilə fərqlənirlər. Vençur kapitalı bir çox hallarda birbaşa özəl investisiya qoyuluşunda istifadə edilir və adətən xarici sərmayəçilər tərəfindən həyata keçirilir. Lakin, dövlət qurumları tərəfindən də bu növ investisiyalar yatırılmaqdadır. Bu tip investisiya qoyuluşları əsasən yeni və ya müflis olmaq təhlükəsi ilə üzbəüz qalmış şirkətlərin inkişafı üçün həyata keçirilir. Vençur sərmayəsi sonda çox yüksək gəlir gətirən, amma bununla yanaşı yuxarıda da qeyd etdiyimiz kimi yüksək riskli investisiyalardır. Həmçinin bu tip investisiyalar müəssisənin kapitalında pay sahibi olmaq üçün də istifadə olunur. Vençur fondları innovasiya layihələrini güzəştli əsasda maliyyələşdirə bilər. Vençur fondları innovasiya fəaliyyətinin çox kanallı mənbələrindən istifadə etməklə kapitalı birləşdirə və paylaşdıra bilər. Bu halda innovasiyanın maliyyələşməsi ilə əlaqədar risk müxtəlif tərəfdaşlar arasında səhm kapitalı fondunda iştirak dərəcəsinə görə mütənasib bölünür. Fondun vəsaitlərini eyni zamanda bir neçə innovasiya layihəsinə yerləşdirdikdə gəlir əldə etmək ehtimalı artır. İnnovasiya fəaliyyəti riskli xarakterə malik olduğundan vençur (innovasiya) fondları öz risklərini diversifikasiya etməli, layihə portfelini formalaşdırmalıdır. İqtisadi inkişaf etmiş ölkələrin təcrübəsinə görə innovasiya fondu portfelində 10 maliyyələşən layihədən 9-u gəlir gətirmir, 10-cu layihə isə 100% gəlir gətirməlidir ki, orta gəlir 10% olsun. Bu ölkələrdə innovasiya fondlarına milli kommersiya bankları, korporasiya, şəxsi insanlar, investisiya bankları, beynəlxalq investorlar vəsaitlərini investisiya edirlər.

Vençur fondları “boz” (qeyri-leqal) və kriminal kapitalların böyük hissəsini cəlb edə bilərlər. Risk kapitalı investorlarının intensiv fəaliyyəti vəsait qoyuluşunda onların maddi marağını əks etdirir. Digər bərabər şəraitdə belə maraq aşağıdakı vəziyyətlərlə izah edilir:

  • Kapital qoyuluşunun yüksək faiz gətirən alternativ üsulunun olmamağı;
  • Kredit bazarında ənənəvi əməliyyatlar üçün borc faizinin aşağı olması;
  • Dövlətin pul-kredit siyasətinin risk maliyyələşməsinin stimullaşdırılması;
  • Sənaye-maliyyə qruplarının birgə maraqları və s.

Riskin vençur kapitalı bazarının inkişaf etdirilməsi məqsədi ilə vençur sahibkarlığı kredit ehtiyatları bazarında güzəştlərin verilməsi ilə, innovasiya firmalarına və vençur müəssisələrinə vergilərin aşağı salınması ilə dövlət tərəfindən stimullaşdırılmalıdır. Vençur sərmayəçisi dedikdə isə bu növ investisiyaların qoyuluşunu həyata keçirən şəxs və ya şirkət kimi başa düşülür. Vençur sərmayəçiləri kapitalın yatırılması forma və şəklinə görə genişmiqyaslı və dar çərçivəli investor olmaqla iki hissəyə ayrılırlar. Həyat şəraitinin müxtəlif səviyyələrində, çoxsaylı geoiqtisadi regionlarda və iqtisadiyyatın fərqli sahələrində çalışan vençur investorları genişmiqyaslı vençur investoru adlanır. Dar mənada dedikdə isə bu əsasən iqtisadiyyatın götürülmüş bir və ya iki sferasında həyata keçirilən investisiya fəaliyyəti başa düşülür.

Vençur sərmayəçiləri əsasən firmaların ilkin fəaliyyətinin maliyyələşdirilməsi ilə xarakterikdirlər. Lakin, şirkətlərin inkişafının müxtəlif səviyyələrində də vençur investisiyalarının yatırımlarına rast gəlmək olar. Vençur kapitalı müəssisə hələ heç bir məhsul istehsal etmədən və ya özünün qiymətli kağızlarını buraxmadan şirkətə yatırıldığından ona çox vaxt start kapitalı adı da verilir. Bununla yanaşı vençur investisiyası firmanın çətin vəziyyətindən çıxması üçün də yatırılır ki, bu da şirkətə özünün ağır dövrlərini keçərək bazarda müvafiq yerini tuta bilməsinə böyük yardım edir. Bir sıra vençur fondları bazarda səhmdar cəmiyyətlərinin yenidən qurulması və yenidən kapitallaşmasına dəstək göstərməklə bu yolla onların investorlar üçün cəlb edici hala gətirilməsi istiqamətindəki fəaliyyətlərinə görə də ixtisaslaşırlar.

Qeyd edək ki, vençur sərmayəçiləri üçün başlıca cəzb edici sahə dünyanın müxtəlif regionlarında əldə edilən elmi-texniki nailiyyətlərin maliyyələşdirilməsidir. Bununla yanaşı vençur sərmayəçiləri bəzi hallarda tikinti sektoruna, sənaye sahəsinə, xidmət sferasına da maliyyə qoyuluşu edirlər. Son dövrlər isə vençur şirkətləri pərakəndə satış və sosial məsuliyyət sferası üzrə işləyən firmalar üzrə də ixtisaslaşaraq buna xeyli vəsait də yatırırlar. Vençur şirkətləri ölçülərinə görə müxtəlif olurlar. Belə ki, ailə səviyyəsində kiçik maliyyə vəsaiti yatıranlar - bunlar da adətən bir neçə milyonlarla dollar vəsait həcmində olur, orta və daha nəhəng sərmayəçilər ki, bu tip investorlar da bir neçə yüz milyonlardan başlayaraq hətta dünya səviyyəsindəki layihələrin həyata keçirilməsinə milyardlarla dollar vəsait yatırırlar.

Vençur sərmayəçiləri digər invetorlardan fərqli olaraq vəsait yatırdıqları şirkətlərin inkişaf etdirilməsi üçün məsləhətlər verərək onların idarə olunmasında yaxından iştirak edirlər. Bu sərmayəçilər onlarla və hətta yüzlərlə şirkətə investisiya yatırmaqla özlərinin kapitallaşma sahəsindəki mövcud təcrübələrini daha da təkmilləşdirməyə çalışırlar. Onu qeyd etmək lazımdır ki, vençur kapitalı bütün şirkətlər üçün uyğun deyildir. Belə ki, vençur fondları istənilən layihələrə və innovativ təkliflərə tez bir zamanda vəsait ayırmırlar. Onlar müştərilərdən (iqtisadçılardan, mühəndislərdən, fiziki və hüquqi şəxslərdən) xeyli sayda layihə təkliflərini toplayır, təmkinlə empirik prinsiplər əsasında onları qiymətləndirir və sonda onları maliyyələşdirilib və ya maliyyələşdirilməməklə bağlı qərarlar verirlər. Bu səbəbdən də təcrübə göstərir ki, bir çox hallarda investora təqdim edilmiş yüz layihədən yalnız bir-ikisi maliyyə vəsaiti əldə edə bilir. Bu baxımdan da vençur kapitalı sərmayələrin çətinliklə əldə edilməsi, tələbkarlığın çox olması və yüksək rəqabətin mövcudluğu ilə də analoji investisiyalardan xeyli dərəcədə fərqlənirlər.

Vençur sərmayəçiləri əsasən yüksək risklərə malik olmasına baxmayaraq sonda yüksək inkişaf göstəricisi vəd verən layihələrin nəticələrini 3-7 il arasında gözləməyə razı olaraq maliyyə yatırırlar. Əgər, hər hansı bir şirkətin yaxşı tərtib edilmiş və əsaslandırılmış biznes-planı, yüksək ixtisasa və təcrübəyə malik olan menecerlər heyəti, təsisçilərin özlərinin də maliyyə qoyuluşları və işin uğuruna yüksək inamı, layihənin icrasından illik 40%-lik mənfəət gözləmələri varsa onda bu layihəyə investoru cəlb etmək asan olar.

Vençur sərmayəçilərini cəlb edən əsas amillər

Vençur sərmayəçilərini cəlb edən əsas amillərə aşağıdakıları aid etmək olar:

  • Əmtəə və xidmətlər bazarı ilə bağlı yeni innovativ ideyalar, innovativ texnologiya və məhsulun yenilənmiş şəklinin bazara daxil edilməsi;
  • Şirkətin idarə olunmasında qərarların qəbuluna təsiredici səsə malik olmaqla iştiraka cəlb olunması;
  • Patentləşdirilmiş, müəlliflik hüququ olan və məxfiliyi qorunan ixtira əsasında ortaya çıxmış yeni məhsulların olması;
  • Şirkət daxilində əlverişli mühitin olması vençur sərmayəçisində ilkin kapital yatırmaqla yanaşı gələcək inkişaf layihələrinin də maliyyələşdirilməsi üçün də stimul yaradır;
  • Vergi güzəştlərinin olması;
  • Bu sahənin inkişafına yönəlmiş dövlət qayğısının və dəstəyinin olması və s.

Vençur sərmayəçiləri üçün cəlb edici sahələr

Vençur sərmayəçiləri üçün başlıca cəlb edici sahələr aşağıdakılardır:

  • İnformasiya-kommunikasiya texnologiyaları;
  • Kompüter avadanlığının istehsalı və proqram təminatı;
  • Rabitə və multimediya avadanlıqlarının istehsalı;
  • İnternet və elektron biznesin inkişafı;
  • Təbiət elmlərinə daxil olan sahələr;
  • Biotexnologiya üzrə yeniliklər;
  • Tibbi avadanlıqların istehsalı;
  • Diaqnostik və terapiya avadanlıqları və s.

Vençur maliyyələşdirməsini əsaslandıran şərtlər

Vençur maliyyələşdirməsini əsaslandıran şərtlərə aşağıdakıları misal göstərmək olar:

  • Vençur sərmayəçisi investisiya qoyuluşunun qarşılığında şirkətin kapitalında iştirak payı əldə edir;
  • İnvestorun əsas gəliri – onun payının dəyərinin artmasıdır;
  • Şirkətdaxili gözlənilən gəlirin səviyyəsi 35-40% arasında dəyişir;
  • Sərmayəçinin əlində olan zəmanət – şirkətin idarə olunmasında rəhbərlik və bir səhmdar kimi hüquqlarının qorunmasıdır;
  • Riskin dərəcəsinin yüksək və daha yüksək olmasıdır (Təbii ki, riskə nisbətən də artan gəlir);
  • Layihənin təhlilinin əsas predmetinin menecer heyətinin yüksək peşəkarlığı və şirkətin bazar imkanlarının geniş olmasıdır;
  • İnvestor adətən 3-7 ildən sonra gəlir əldə edir.

Vençur layihələrinin maliyyələşdirilməsi mənbələri

Vençur layihələrinin maliyyələşdirilməsi mənbələrinə isə aşağıdakıları aid etmək olar:

  • Şirkətin təsisçilərinin şəxsi vəsaitləri;
  • Pensiya fondlarından cəlb olunan kapital;
  • Dövlət və beynəlxalq təşkilatların qrantları (əvəzsiz maliyyəsi);
  • Ali təhsil ocaqlarının, Elmi-tədqiqat İnstitutlarının və araşdırma mərkəzlərinin vəsaitləri;
  • Fərdi vençur sərmayəçilərinin maliyyəsi;
  • Vençur firmalarının kapitalı;
  • Vençur fondlarının vəsaitləri və s.

ABŞ Milli Vençur Kapitalı Assosiasiyasının 2008-ci il məlumatına görə vençur şirkətləri tərəfindən ABŞ iqtisadiyyatında 12 milyon nəfərlik iş yeri və 3 trln. ABŞ dolları həcmində maliyyə vəsaiti formalaşdırılmışdır. Deməli, vençur şirkətlərinin əsas kapitalı ABŞ iqtisadiyyatında iş yerlərinin açılması və gəlirlərin artmasında mühüm rola malikdir. Həmçinin, vençur kapitalının əsas etibarilə innovasiyalar və yüksək inkişaf potensialına malik olan firmalar sahəsində də genişlənməsi ABŞ iqtisadiyyatında keyfiyyət baxımından yaxşı göstəricilərin əldə edilməsinə gətirib çıxarır. Keçən əsrdə vençur kapitalı nou-haunun inkişafı, yüksək-inkişafa əsaslanan sənaye sahələrinin yəni, informasiya kommunikasiya texnologiyalarının, biotexnologiyaların, yarımkeçiricilərin və elektron-satışın inkişafı üçün başlıca alət rolunu oynamışdır. 2008-ci ildə bir sıra ekspertlər yuxarıda göstərilən siyahıya ekoloji təmiz texnologiyalar və sosial məsuliyyət kimi sahələrin inkişafının da əlavə edilməsini təklif etmişdirlər. Amerikada 1970-ci ildən 2008-ci ilə kimi 27 000 dən çox firmanın inkişafına qoyulan bütün vençur kapitalının həcmi 456 mlrd. ABŞ dolları olmuşdur. Vençur kapitalı əsasında inkişaf edən müəssisələr əsas: Masaçuset, Pensilvaniya, Texas ştatlarında müşahidə olunmuşdur. Milli Vençur Kapitalı Assosiasiyasının mütəxəssislərinin də qeyd etdiyi kimi vençur kapitalı innovativ ideyalara və elmi nailiyyətlər əsasında öz məhsul və xidmətlərini formalaşdıran sahibkarlıq subyektlərini dəstəkləməklə iqtisadi artıma və yeni iş yerlərinin açılmasına kömək göstərməklə bizim həyatımızı yaxşılığa doğru dəyişir.

Araşdırmalar göstərir ki, vençur sərmayəçiləri və ya iş adamları heç də biznes sahəsində çalışan insanlar arasından çıxmır. Bu yeni fəaliyyət sahəsinə gələnlərin əksəriyyəti elmi tədqiqat, mühəndislik və tibbi ixtisas sahələrində uğur qazanan mütəxəssislərdir. Bu insanlar öz sahələrində qazandıqları və əldə etdikləri uğurları daha da inkişaf etdirərək onu biznes sahəsinə gətirmiş və bunun əsasında özlərinin sahibkarlıq subyektlərini formalaşdırmışdılar. Bu səbəbdəndir ki, 2008-ci ildə ABŞ-də aparılan araşdırmalara əsasən yeni yaranan orta ölçülü vençur sərmayəli müəssislər 9-10 nəfər tədqiqatçı mütəxəssisdən ibarət olmuşdur. Vençur kapitalının 60 illik fəaliyyəti dövründə ABŞ iqtisadiyyatına hazırda dünyada tanınmış şirkətləri bəxş edərək onların inkişafına təkan vermişdir. Bunların sırasından Amazon, Google, Apple, Cisco, Staples və eBay kimi nəhəng korporasiyaları göstərmək olar. Bu səbəbdən də müasir dövrdə dünyanın əksər ölkələri bu sahədə ABŞ-nin əldə etdiyi uğurları öyrənməyə çalışaraq özlərində də onun inkişafı üçün dövlət siyasətinin formalaşdırılması və vergi sisteminin qurulması istiqamətində səylərini artırmaq üçün ABŞ-la əməkdaşlıq etməyə çalışırlar.

ABŞ-də vençur kapitalı əsasən aşağıdakı sahələrin inkişafına güclü təkan vermişdir:

  • İnformasiya texnologiyaları;
  • Biotexnologiya;
  • Tibbi ləvazimatların istehsalı;
  • Şəbəkə təhlükəsizliyi;
  • Elektron ticarət və sosial media;
  • Ekoloji təmiz texnologiya.

Hal-hazırda Avropada vençur kapitalı əsasında yaranmış xeyli sayda şirkət fəaliyyət göstərir. Belə ki, Avropa Vençur Kapitalı Assosiasiyasının 2005-ci ilin məlumatlarına əsasən bu regiona cari il ərzində 12,5 mlrd. ABŞ dolları məbləğində vençur kapitalı cəlb edilmişdir. Rusiyada isə Vençur kapitalı əsaslı şirkətlərin formalaşdırılmasına Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə 1994-cü ildən başlanılmışdır. Sözügedən dövrdə Regional Vençur Fondları yaradılmışdır ki, bu da Rusiyanın 10 vilayətindən olan 10 qurumu əhatə edir. 1997-ci ildə isə Rusiya Vençur İnvestisiyası Assosiasiyası təsis edilmişdir ki, onun da tərkibinə Rusiyada fəaliyyət göstərən 12 vençur fondu daxildir.

Vençur kapitalı üzrə inkişaf edən vençur firmalarının üstün cəhətləri:

  • Şəxsi kapitalın davamlılığının artırılması;
  • Başqa maliyyələşmə mənbələrinin cəlb edilməsi imkanlarına çıxana kimi firmanın ilkin formalaşması üçün lazım olan ilkin vəsaitin əldə edilməsi və gələcək inkişafı üçün əlverişli imkanın yaradılması;
  • Borclar və faizlər üzrə ödəmələrin olmaması;
  • Firmanın vençur sərmayəçinin malik olduğu yüksək idarəetmə bacarığından, geniş maliyyə imkanlarından və xeyli sayda olan bazar əlaqələrindən istifadə etmək imkanının olması və s.

Vençur kapitalı üzrə formalaşan vençur firmaların çatışmazlıqları:

  • Layihənin (ixtiranın) icra müddətinin və özünüdoğrultma vəziyyətinin tam dəqiq şəkildə təxmininin çətin olması;
  • Vençur sərmayəçisi üçün zəmanətin olmaması və yüksək riskliliyin mövcudluğu;
  • Vençur sərmayəçisi tərəfindən şirkət qarşısından sonda yüksək gəlirin əldə edilməsi tələbinin qoyulması;
  • Vençur sərmayəçisinin şirkətin fəaliyyətinin idarə olunmasına birbaşa təsirinin sonda bütün rəhbərliyin onun əlinə keçməsinə gətirib çıxarması və s.

ABŞ və Avropada müasir vençur biznesin yaradılması və dinamik inkişafının əsas istiqamətləri aşağıdakılardır:

  • Kiçik innovasiya istehsal-texnoloji kompaniyaların işləmələrinin yüksək kommersiya potensialı;
  • Verilən istiqamətin inkişaf perspektivlərini qiymətləndirə bilən və kapital, onu təşkil edicilərləəlaqələndirici ola bilən professional menecerin olması;
  • İnstitusional investorlar deponə edilmiş kapitalın olması;
  • Qiymətli kağızlar bazarının inkişafı;
  • Vençur kapitalı şirkətlərin məhsul istehlakı bazarının yüksək həcmi vəödəmə qabiliyyəti və s.

Ümumiyyətlə vençur kapitalı təcrübəsinin Azərbaycana gətirilərək onun yerli şirkətlərdə, elm, təhsil ocaqlarında tətbiqi ölkə iqtisadiyyatının inkişafı, onun strukturunun dəyişdirilərək elmtutumlu sahələrin önə çəkilməsi, milli, regional və dünya səviyyəsində yeli şirkətlərin rəqabətqabiliyyətliliyinin artması baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, vençur kapitalı hər şeydən əvvəl ona görə əhəmiyyətlidir ki, biz onun sayəsində Azərbaycanlı alimlər tərəfindən illərlə işlənmiş və müvafiq patent, müəlliflik hüququ alınmış elmi işlərin istehsalatda tətbiqini daha da sürətləndirə bilərik. Bununla yanaşı vençur kapitalı vasitəsilə yeni istehsal sahələrinin xüsusilə, də informasiya kommunikasiya texnologiyalarının, nanotexnologiyaların, biotexnologiyaların və digər elm sahələrinin inkişafına nail olmuş olarıq.

Bunun üçün isə sadəcə olaraq vençur kapitalı sahəsində böyük təcrübəyə və uğurlu nəticələrə malik olan dövlətlərin və onların müəssisələrinin fəaliyyəti yaxından öyrənilməli və bunun əsasında institusional islahatları nəzərdə tutan proqramlar hazırlanaraq ardıcıl şəkildə həyata keçirilməlidir. Vençur biznesinin problemlərindən söhbət açmamışdan öncə inkişaf etmiş vençur bazarlarının nailiyyətlərinin əsas başlanğıc şərtini təyin etməli və onu müasir Azərbaycan şəraitinə tətbiq etmək lazımdır.

Azərbaycanda vençur biznesinin inkişafıüçün bir sıra məsələləri həll etmək lazımdır. Kiçik firmalar böyüməlidir və aksiya buraxılışı ilə investorların gəlirini təmin etməlidir. Fond bazarı və iştirakçılar buna hazır olmalıdır. İdeyanın yaxşı satılan və gəlir gətirən məhsula çevrilməsi üçün ksiyalarburaxmaq lazımdır və s. Lakin burada da problemlər var: birinci, Azərbaycanda ödəmə qabiliyyəti olan tələbin həcmi böyük deyil, yüksək texnoloji məhsul isə maliyyə tələb edir; ikinci, respublikada işləmələrin kommersiyalaşdırılması sistemi gecikir.

Azərbaycanda vençur biznesinin inkişafına digər amillər də təsir edir:

  • Vençur kapitalının innovasiya biznesi ilə qarşılıqlı sərfəli əməkdaşlığını təmin edən infrastrukturun zəif inkişafı;
  • Azərbaycanda vençur kapitalı mənbələrinin az olması;
  • Riskli kapital qoyuluşunun zəifliyi və bunun üçün lazım olan bazar mexanizminin olmaması;
  • Elmtutumlu layihələrin həyata keçirilməsində vençur kapitalının cəlb edilməsi üçün iqtisadi stimulun olmaması;
  • Kiçik elmtutumlu biznes sahəsində sahibkarlıq fəaliyyətinin aşağı olması;
  • Vençur biznesinin zəif informasiya dəstəyi;
  • İnnovasiya layihələrinin ixtisaslı menecerlərinin çatışmazlığı və s.

Buna nail olmaq üçün vençur şirkətləri vençur investisiyasının fərdi qoyuluşunu stimullaşdırmalı, iqtisadiyyatda innovasiya sahələrinin inkişaf etdirməli və beynəlxalq bazarda Azərbaycan elmtutumlu texnoloji məhsullarının hərəkətini təmin etməlidir. Vençur şirkətinin innovasiya sistemində rolu yüksək texnoloji sektorun vençur investisiyası və maliyyə dəstəkləməsinin stimullaşdırılmasıdır. Dünya iqtisadi böhranı vençur biznesinin inkişafına mənfi təsir edir. Vençur fondlarının dayanıqlı inkişafı fərdi investorların, kommersiya banklarının, sığorta şirkətlərinin, maliyyə-istehsal qruplarının vençur kapitalı bazarına keçməsinə stimul yarada bilər. Banklar layihənin hazırlanmasını, riskin bir hissəsini öz üzərinə götürə bilməsi bu sahədə biznesi inkişaf etdirə bilər. Digər tərəfdən, investisiyalaşma mühitinin yaxşılaşmasıüçün qanunvericilik bazasının təkmilləşdirilməli, əqli mülkiyyətin təhlükəsizliyi və standartlaşması prosesi təmin edilməli, müəllif hüquqları və ticarət markası qorunmalı, innovasiya sahibkarlarına bu hüquqların qorunmasında kömək sistemi yaradılmalıdır.

Bu gün Azərbaycanda innovasiya infrastrukturu inkişaf etdirilməli, inkubatorların, texnoparkların açılması sürətləndirilməlidir. Azərbaycanda innovasiya aktiv müəssisələri çoxaldılmalıdır. Onlar rəqabətədavamlı kommersiyalaşma texnologiyası sahəsində elmi-texniki potensiala malik olmaqla, vençur kapitalı üçün maraq obyekti ola bilərlər. Azərbaycanda texnologiyaların transferi də inkişaf etdirilməlidir. Xarici şirkətlərin Azərbaycana olan marağı buna təkan verə bilər. Respublikada «beyin axını»nın olması, kommersiyalaşmış texnologiyalar bazarının inkişaf etməməsi, texnologiyalara tələbin zəif olması elmi-texniki potensialın azalmasına gətirir çıxarır, bu da vençur biznesin mövcudluğu şərtinə ziddir. Elmi-texniki potensialı inkişaf etdirmək, müəssisələrin innovasiya aktivliyini artırmaq üçün həvəsləndirmə tədbirləri görülməli, innovasiya aktiv şirkətlərinin stimullaşdırılması üzrə hüquqi baza təkmilləşdirilməlidir. Azərbaycanda rəqabətədavamlı texnologiyaların tətbiqi mexanizmi təkmilləşdirilməli, yerli investorlar yüksək ixtisaslı menecerlərimizin potensialından geniş istifadə etməlidirlər.

Vençur biznesinin üçüncü əsas şərtlərindən biri milli kapitaldır. Azərbaycanda müasir texnologiyalara vençur cəlb edilməsi üçün onun fəaliyyətini tənzimləyən normativ-hüquqi baza formalaşmalı, inkişaf etmiş ölkələrdə olduğu kimi, bu mexanizmlərdə dövlət dəstəklənməsi tədbirləri nəzərə alınmalıdır; Azərbaycanda qiymətli kağızlar bazarı inkişaf etdirilməlidir; vençur kapitalının çıxışının müxtəlif strategiyası proseduru işlənməlidir. Bu da vençur biznesinin səmərəliliyinin artmasına təminat yaratmış olacaqdır. Bu məqsədlə fond bazarının aktivləşməsi və bu prosesin dəstəklənməsi çox vacibdir. Bu, kapitalın yaradılmasını və texnologiyanın təkmilləşdirilməsini təmin etməklə yanaşı maliyyə riskinin səviyyəsinin azalmasına, vençur biznesinin investorlar tərəfindən cəlbediciliyinin artırılmasına, milli innovasiya sisteminin formalaşmasına imkan yaratmış olacaqdır. Vençur biznesinin yaradılması və inkişafı qaçılmazdır. Bu mexanizmin tədqiqi Azərbaycan kapitalı və iqtisadiyyatıüçün vacibdir. Respublikada innovasiya və texnologiyaların transferi qanunlarının qəbulu, onların inkişaf proqramları və konsepsiyalarının işlənilib həyata keçirilməsi vençur biznesinin də inkişafına təminat yaratmış olacaqdır.

Mənbə

  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi / İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu / İnnovasiya fəaliyyəti haqqında bir sıra stimullaşdırıcı mexanizmlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.