Vaynax (ansambl)
Vaynax Dövlət rəqs ansamblı — 1939-cu ildə yaradılan Çeçenistan Respublikasının milli rəqs ansamblı.
Vaynax | |
---|---|
Vaynax Dövlət rəqs ansamblı | |
| |
Əsas məlumatlar | |
Üslub | Çeçen və Qafqaz folklorunun rəqsləri |
Fəaliyyət illəri | 1939-cu ildən hazırkı dövrə qədər |
Ölkə | SSRİ Rusiya |
Şəhər | Qroznı |
Dil | çeçen |
Keçmiş üzvlər |
Ramzan Əhmədov; Dokku Maltsaqov; Dikal Muzakayev; Zulay Sardalova; Topa Elimbayev; Mahmud Esambayev |
ansambl-vaynah.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Vaynax ansamblı 1939-cu ildə mahnı və rəqs kollektivi olaraq təşkil edilmişdir. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Mahmud Esambayev, Andarbek Sadıkov, Vaxa Dakaşev, Gelani Yusupov və Çeçenistanda digər məşhur rəqqaslar karyeralarına burada başlamışdılar.
Çeçenlərin və inquşların deportasiyasından sonra ansambl fəaliyyətini dayandırmışdır. 1956-cı ildə ansambl yenidən yaradıldı. Bütün Orta Asiyada yaşayan çeçenlər və inquşlar arasında müsabiqə elan edildi və nəticələrinə görə ansamblın yeni tərkibi quruldu. Ansamblın yaradılmasında çeçen aktyoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, teatr xadimi, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti Əbdülhəmid Həmidovun böyük rolu olmuşdur.
N.Xalebski ansamblın bədii rəhbəri, Qelani Yusupov isə xoreoqraf idi. 1957-ci ilin may ayında canlanan ansamblın ilk konserti baş tutdu və bununla da kollektiv böyük uğur qazanmağa başladı.
Bərpadan sonra
1969-1994-cü illərdə Topa Elimbayev ansamblın bədii rəhbəri idi. 1988-ci ildə Topa Elimbayevin rəhbərliyi altında qurulan ansamblın konsert proqramı ədəbiyyat, incəsənət, memarlıq və kinematoqrafiya sahəsində Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Dövlət Mükafatına layiq görüldü.
Ölkənin ən yaxşı peşəkar kollektivləri ilə birlikdə ansambl bir çox Ümumittifaq və Ümumrusiya festivallarında iştirak etdi, Sovet İttifaqı ərazisində uğurlu qastrollarda oldu. Ansambl Argentina, Meksika, Peru, San Salvador, Kosta Rika, Panama, Portuqaliya, Almaniya, Keniya, Mozambik, Suriya, İordaniya, Türkiyə və digər ölkələrdə qastrol səfərlərində olmuşdur. Kollektivin tamaşaları həmişə böyük uğurla keçirdi.
1996-1999-cu illərdə, hətta maaş almadan da işçilər yaradıcılıq potensiallarını qoruyub ansamblın şöhrətini artırmağı bacardılar. Ansambl Türkiyədə ("Bursa-98") və İtaliyada ("Agrigento-99") keçirilən beynəlxalq festivallarda qalib gəldi. 1999-cu ilin sentyabrında ansambl Çeçenistanda hərbi əməliyyatlar bitənə qədər işini dayandırdı.
Müasir dövrdə fəaliyyəti
2001-ci ilin əvvəlində ansambl yeni təyin olunmuş bədii rəhbər Dikalu Muzakayevin rəhbərliyi altında konsert proqramını bərpa etməyə başladı. 18 may 2001-ci ildə məcburi fasilədən sonra ilk konsert Krasnodarda böyük uğurla keçirildi.
2002-ci ildə ansambl Fransada keçirilən səkkiz beynəlxalq folklor festivalında iştirak etdi və bunlardan üçündə Qran-pri qazandı. 2003-cü ildə İtaliya və İspaniyada keçirilən beynəlxalq festivallarda Qran-pri və tamaşaçı simpatiyası mükafatlarını, 2007-ci ildə Fransada keçirilən festivallarda Qran -Prini, Yaroslavl Şənlikləri Festivalında Qran-Prini, İspaniya, İordaniya festivallarında, Suriya və s. ölkələrdə mükafatlar aldı.
Ansambl respublika, regional və ümumrusiya miqyaslı bütün əhəmiyyətli tədbirlərdə iştirak edir. Ansamblın dirçəlişinə verdiyi töhfələrə görə ansamblın on iki sənətçisinə Çeçenistan Respublikasının fəxri adları verildi.
2004 -cü ilin mart ayında ansamblın rəhbəri Dikal Muzakayevə Rusiya Federasiyasının Xalq artisti fəxri adı verildi.
2015-ci ilin mart ayında ansambl onun üçün xüsusi tikilmiş binaya köçdü.
Mükafatları
1975-ci ildə ansamblın kollektivi İordaniya Haşimilər Krallığının mükafatı olan "İordaniya Ulduzu" ordeni ilə təltif edilib.[1]
İstinadlar
- "История присуждения Ордена Звезды Иордании ансамблю «Вайнах»". 2018-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
Ədəbiyyat
- Государственный чечено-ингушский ансамбль танца «Вайнах». Москва: Внешторгиздат. 1990.
Xarici keçidlər
- Государственный ансамбль танца «Вайнах»
- Ансамбль «Вайнах» отметил свой юбилей
- Чеченский ансамбль «Вайнах» выступил в Берлине
- "Государственный ансамбль танца «Вайнах» обрел свой Дворец" (rus). Министерство культуры Чеченской Республики. 2015-03-10. İstifadə tarixi: 2015-11-01.