Vasif Muradzadə

Vasif Almas oğlu Muradzadə — psixologiya üzrə fəlsəfə doktoru, dosent.

Vasif Muradzadə
Doğum tarixi
Doğum yeri Çiləgir, Xaçmaz rayonu
Elm sahəsi psixologiya
Elmi dərəcəsi psixologiya üzrə fəlsəfə doktoru

Həyatı

Vasif Almas oğlu Muradzadə 1964-cü il aprelin 8-də Xaçmaz rayonunun Çiləgir kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1982-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olmuşdur. I kursu bitirdikdən sonra, 1983-1985-ci ilərdə könüllü olaraq hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurub, təhsilini davam etdirərək 1988-ci ildə Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1988-1990-cı illərdə təyinatla Xaçmaz şəhər 3 saylı orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, komsomol təşkilat katibi işləmişdir. 1990-1991-cı illərdə Bakı Dövlət Universitetində təşkil edilmiş Psixologiya kursunda oxumuş və həmin kursu “Praktik-psixoloq” ixtisası ilə bitirmişdir.

1991-1995-ci illərdə Xaçmaz rayon Təhsil Şöbəsində Psixoloq-metodist işləmiş, ictimai əsaslarla hərbi işlər üzrə inspektor vəzifəsini icra etmiş, eyni zamanda yarım stavka dərs demişdir. Həmin illərdə Azərbaycan İstedad Assosiasiyasının fəal üzvlərindən olmuş və respublikanın orta məktəblərində istedadlı gənclərin üzə çıxardılmasında yaxından iştirak etmişdir.

1995-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında baş laborant, tam ştatla müəllim, tədris şöbəsinin metodisti, ictimai əsaslarla dekan, kafedra müdiri vəzifələrində çalışmışdır.

2001-ci ilin sentyabrından etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədris şöbəsinin metodisti vəzifəsində işləmiş və eyni zamanda 0,5 ştat vahidilə “Yaradıcılıq psixologiyası”, “İdarəetmənin psixologiyası” fənnlərini tədris etmişdir.

2003-cü ildə dissertanturaya qəbul olunmuş və ADMİU-da “Tələbələrdə yaradıcı təxəyyülün inkişaf xüsusiyyətləri” (elmi rəhbər psixoloq. elm. dokt. prof. Ə.Ə.Əlizadə) adlı dissertasiya mövzusu təsdiq olunmuşdur. 2003-2007-ci illərdə elmi-tədqiqatla bağlı Bakı Dövlət Universitetinin “Coğrafiya” fakültəsində və Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında psixoloji fənnləri saat hesabı yolla tədris etmiş və eksperimentlər aparmışdır. Həmin illərdə elmi mənbə və jurnallarda 2 məruzə-tezis və 11 məqalə çap etdirmişdir.

2007-ci il aprelin 21-də Bakı Dövlət Universitetinin nəzdində N.02.014 saylı dissertasiya şurasında “Tələbələrdə yaradıcı təxəyyülün inkişaf xüsusiyyətləri”(19.00.01-ümumi psixologiya, şəxsiyyətin psixologiyası, psixologiyanın tarixi və nəzəriyyəsi) mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2007-2008-ci illərdə saat hesabi yolla Bakı Müəllimlərin İxtisasartırma İnstitutunun nəzdindəki kurslarda “Tarix-Coğrafiya” müəllimlərinə psixoloji xidmətlə bağlı mühazirələr söyləmişdir.

2007-2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Şöbəsində metodist, eyni zamanda 0,5 ştat vahidi ilə “Psixologiya” fənni üzrə müəllim, əvəzçiliklə dekan müavini, tədris işləri üzrə rektorun referenti vəzifələrində çalışmışdır. 2008-2009-cu illərdə Azərbaycan Turizm İnstitutunda 0,5 ştat əvəzçiliklə və saat hesabı yolla müəllim işlədiyi dövrdə turizm ixtisaslarında təhsil alan bakalavr tələbələr üçün “Psixologiya”, “Peşə etikası” fənn proqramlarını hazırlamış, vaxtaşırı dövri mətbuat, qəzet və elmi jurnallarda məqalələr dərc etdirmiş, televiziya və radio kanallarında psixoloji problemlərlə bağlı çıxışlar etmişdir.

2010-2011-ci tədris ilindən etibarən Azərbaycan Turizm İnstitutunun “Turizmdə menecment və marketinq” kafedrasında tam ştatla baş müəllim vəzifəsində çalışmış və kafedranın dosenti seçilmişdir. 2012-2013-cü tədris ilindən hal-hazıra kimi isə “Beynəlxalq münasibətlər” kafedrasında dosent vəzifəsində çalışır. Əsas işilə bərabər Turizm bələdçiləri kursunda saat hesabı yolla mühazirələr söyləyir, Respublika Gənclərinin İnkişaf Mərkəzi xətti ilə təşkil edilmiş qruplarda (ayrı-ayrı ali məktəblərin konfrans zallarında) psixoloji hazırlıqla bağlı çıxışlar edir, treninqlər keçirir.

Azərbaycan Turizm İnstitutunda işlədiyi (2008-2013-cü illər) müddətdə 7 fənn proqramı qrif alaraq, çap olunmuş, 2 metodik vəsait və bir dərs vəsaiti isə qrif alaraq nəşr olunmuşdur. Vaxtaşırı beynəlxalq konfranslarda iştirak edir, həmçinin elmi məqalələrlə qəzet və jurnallarda çıxışlar edir.

Ailəlidir, iki övladı var.

Elmi və tədris-metodiki işləri

  1. Tələbələrdə yaradıcı təxəyyülün və bədii yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi - Məqalə
  2. Bədii təmayüllü ali məktəb tələbələrində yaradıcı təxəyyülün fəallaşdırılması yolları - Məqalə
  3. Ali məktəb tələbələrində yaradıcı təxəyyülün fəallaşdırılması yolları - Tezis
  4. Tələbələrdə bədii yaradıcılıq qabiliyyətlərinin inkişafının tərbiyə edilməsi problemləri - Məqalə
  5. Elmi dünyagörüşü tələbələrin yaradıcı təxəyyülünün inkişafının əsas amili kimi - Məqalə
  6. Tələbələrin səhnə fəaliyyətinə hazırlanmasında yaradıcı təxəyyül tərbiyəsinin psixoloji-pedaqoji şərtləri - Məqalə
  7. Müasir şəraitdə bədii yaradıcılığın əhəmiyyətinin artmasını şərtləndirən psixoloji amillər - Məqalə
  8. Tələbələrdə yaradıcı təxəyyülün və bədii yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi - Məqalə
  9. Tələbələrdə bədii yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi - Məqalə
  10. Bədii yaradıcılıqda təxəyyülün yeri və imkanları - Məqalə
  11. Səhnə fəaliyyəti prosesində yaradıcı təxəyyül mühüm psixoloji amil kimi - Məqalə
  12. Psixologiyada yaradıcı təxəyyül problemi və onun tədqiqinin əsas istiqamətləri - Məqalə
  13. Tələbələrin səhnə fəaliyyətinə hazırlanmasında yaradıcı təxəyyülün imkanları - Məqalə
  14. Psixologiya - Proqram
  15. Peşə etikası və etiget qaydaları - Proqram
  16. Turizm fəaliyyətində idarəetmə etikası və işgüzar münasibətlərin formalaşdırılması - Məqalə
  17. Sanatoriya-kurort xidmətləri etikası - Proqram
  18. Gender böhranları və onların aradan qaldırılması - Məqalə
  19. Turizmdə təlim motivasiyası və işgüzar münasibətlərin psixologiyası - Tezis
  20. İstirahət və qonaqpərvərlik xidmətlərinin təşkilinin əsasları və etika - Proqram
  21. Sosial psixologiya - Proqram
  22. Tədris prosesində tələbələrdə müstəqil düşüncə tərzinin formalaşdırılması - Məqalə
  23. “Turizm və otelçilik” üzrə fənn proqramları toplusu - Proqram
  24. Təşkilati davranış və idarəetmə psixologiyası - Fənn proqramları toplusu
  25. Ali məktəb tələbələrində yaradıcı təfəkkürün inkişaf etdirilməsi - Məqalə
  26. Turizm kadrlarının təlim motivasiyası və peşəyə istiqamətləndirmənin psixoloji aspektləri - Tezis
  27. Təlim prosesində tələbələrin elmi dünyagörüşü və yaradıcı təxəyyülünün inkişaf etdirilməsi - Metodik vəsait
  28. Yaradıcılıq qabiliyyətlərinin inkişafı - Dərs vəsaiti
  29. Tələbələrdə idrak proseslərinin fəallaşdırılması - Metodik vəsait
  30. Turizm kadrlarının təlim motivasiyası problemi və peşəyə istiqamətləndirmənin psixoloji aspektləri - Məqalə
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.