Vasif Dadaşov
Vasif Yəhya oğlu Dadaşov (1 mart 1939, Bakı – 6 noyabr 2017, Bakı) — Azərbaycan mühəndis-energetiki, Araz SES-in keçmiş direktoru və baş mühəndisi, MDB-nin əməkdar energetiki, Milli enerji sisteminin qabaqcıllarından biri.[1]
Vasif Dadaşov | |
---|---|
Vasif Yəhya oğlu Dadaşov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | energetika |
İş yeri | "Azərenerji" ASC-nin Enerjinin İstehsalı İdarəsi |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu |
Tanınır | Milli enerji sisteminin qabaqcıllarından biri kimi |
Mükafatları |
Bioqrafiya
Vasif Dadaşov 1939-cu ildə həkim ailəsində anadan olub. 1956-cı ildı 156 saylı məktəbi medalla bitirib və Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinə daxil olub[1].
1961-ci ildə Vasif Dadaşov ali təhsilini müvəffəqiyyətlə başa vurur və təyinatla Moskva vilayətindəki SSRİ Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutuna göndərilir. Bir ildən sonra Vətənə dönür və yeni yaradılan "Azərenerjisazlama" müəssisəsində çalışmaqda davam edir[1].
1971-ci ildə Araz SES-na baş mühəndis təyin edilir, 6 aydan sonra isə 1976-cı ilədək stansiyanın direkoru olur. O, 1971-ci ildən Araz çayının su və enerji ehtiyatlarından istifadə üzrə Azərbaycan-İran müştərək komissiyasının üzvü olur. 1976-cı ilin may ayında İrana ezam olunur və buradakı Araz SES-də işləməyə başlayır. Vasif Dadaşovun əməyi nəticəsində stansiya istehsal edilən elektrik enerjisinin həcmini 20 milyon kilovat-saatdan 140 milyona çatdırır[1].
1978-ci ildə Vasif Dadaşov Vətənə qayıdır və Azərbaycan Baş Energetika İdarəsində Yüksək gərginlikli avadanlıqların istismarı və təmiri xidmətində rəis müavini, 1980-ci ildən 2001-ci ilə qədər isə hidrotexniki xidmətin rəisi işləyib. 1983-cü ildən eyni zamanda Azərbaycan Baş Energetika İdarəsində baş mühəndisin müavini vəzifəsini icra edib[1]. 2002-ci ildən "Azərenerji" ASC-nin Enerjinin İstehsalı İdarəsində baş mühəndisin müavini vəzifəsində işləyib[2].
Əmək fəaliyyətinə görə dəfələrlə Fəxri fərman və digər mükafatlarla təltif olunub, "MDB-nin əməkdar energetiki" fəxri adına layiq görülüb[2]. 2007-ci ildə Azərbaycanda energetikanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib[3].
İstinadlar
- Qarayev S. Zəngin əmək təcrübəsi // Azərbaycan işıqları. — 2007. — 7 noyabr.
- Enerjinin İstehsalı İdarəsinin kollektivi. Təbrik edirik! // Azərbaycan işıqları. — 2009. — 5 mart.
- "Azərbaycan energetiklərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.