Vasif Babazadə

Vasif Məmməd Ağa oğlu Babazadə (2 sentyabr 1938, Bakı) — geologiya-minerologiya elmləri doktoru (1975), BDU-nun professoru (1977), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) (2014),[1] Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), əməkdar elm xadimi (2000), "Şöhrət" ordenli (2009), "Şərəf" ordenli (2018).

Vasif Babazadə
Vasif Məmməd Ağa oğlu Babazadə
Doğum tarixi 2 sentyabr 1938(1938-09-02) (85 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası Məmməd Ağa
Elmi dərəcəsi akademik
İş yerləri Bakı Dövlət Universiteti, Geologiya fakültəsi, faydalı qazıntılar kafedrasının müdiri
Mükafatları
"Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı  — 2000 Azərbaycan SSR Dövlət mükafatı  — 1978
"Şərəf" ordeni  — 2018 "Şöhrət" ordeni  — 2009

Qısa biblioqrafik məkumat

  1. 1938-ci il sentyabrın 02-də Bakı şəhərində anadan olub.
  2. 1945–1955-ci illərdə 1 və 7 saylı Bakı şəhər orta məktəblərində oxuyub.
  3. 1955–1960-cı illər – Azərbaycan Dövlət Universitetinin (hazırda – BDU) geologiya- coğrafiya fakültəsində oxumuş və mühəndis-geoloq ixtisasına yiyələnmişdir.
  4. 1959–1961-ci illər SSRİ Geologiya Nazirliyi 1 saylı Geoloji-Kəşfiyyat Trestinin Qafqaz Kompleks Geoloji Ekspedisiyası (Şimali Qafqaz)
  5. 1961-ci ildən – BDU-da çalışır.

Təltif və mükafatları

  1. Təbii resurslardan səmərəli istifadə etmə sahəsində əsərlər silsiləsinə görə Dövlət mükafatı laureatı (1978).
  2. Əməkdar elm xadimi (2000), Bakı Dövlət Universitetinin "İlin alimi" (2007).
  3. "Şöhrət" ordeni (2009), AMEA-nın akademik Musa Əliyev adına adlı mükafatı (2017).
  4. Gürcüstan Milli Elmlər Akademiyasının akademik Aleksandr Tvalçrelidze adına adlı mükafatı (Tbilisi, 2018).
  5. "Şərəf" ordeni (2018).

Təhsili, elmi dərəcə və elmi adları

  1. 1960-cı ildə ADU-nu bitirmişdir
  2. Namizədlik (PhD) dissertasiyası: "Kiçik Qafqazın ofiolit zolağının xromit yataqlarının geoloji əmələ gəlmə və yerləşmə şəraitləri". Bakı,1964
  3. Dosent, 1965
  4. Doktorluq dissertasiyası: "Sevan-Qarabağ zonasının endogen filiz formasiyaları" (Kiçik Qafqaz). Novosibirsk,1975
  5. Professor, 1977
  6. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,(akademik) (2014)

Əmək fəaliyyəti

  1. 1959–1961 – SSRİ Geologiya Nazirliyi, I saylı Geoloji-kəşfiyyat Trestinin Qafqaz Kompleks Geoloji-Kəşfiyyat ekspedisiyası – böyük kollektor, böyük geoloq, geoloji kəşfiyyat partiyasının rəisi – Şimali Qafqaz, Pyatiqorsk şəhəri
  2. 1961–1964 – ADU, qiyabi aspirant – kiçik elmi işçi, əyani aspirant
  3. 1964–1965 – ADU, geologiya-coğrafiya fakültəsi, Faydalı qazıntılar kafedrasının müəllimi
  4. 1966–1976 – Faydalı qazıntılar kafedrasının dosenti
  5. 1967–1968 – Geologiya-coğrafiya fakültəsinin dekan müavini
  6. 1977 – Faydalı qazıntılar kafedrasının professoru
  7. 1973–1980 – Geologiya-coğrafiya fakültəsinin dekanı
  8. 1986-h/h – Faydalı qazıntılar kafedrasının müdiri
  9. 1989-h/h – Yer ehtiyatların aerokosmik tədqiqatları ETL-in elmi rəhbəri
  10. "Faydalı qazıntıların geologiyası" fənnini tədris edir

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı

350-dən artıq elmi əsəri vardır, o cümlədən 40 monoqrafiya və dərsliyin, 3 nəşr olunmuş strateji əhəmiyyətli xəritələrin müəllifidir. Xaricdə çap edilmiş əsərlərinin sayı — 80, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdiriliən jurnallarda çap olunan məqalələrin sayı — 35

Kadr hazırlığı

11 elmlər doktoru və 30 elmlər namizədi (və fəlsəfə doktoru) hazırlamışdır

Əsas elmi nailiyyətləri

İlk dəfə olaraq yerin ofiolit gurşağının metallogeniyasını işləmiş, Kiçik Qafqazın böyük uzunluqlu civə qurşağını ayırmış, Cənubi Qafqazda uzun müddət endogen aktivliyini itirməyən lineament zonalar və həlqəvi strukturlar müəyyən etmişdir. Azərbaycanın kosmotektonik xəritəsini (miqyas 1:600.000), Azərbaycanın faydalı qazıntı yataqlarının proqnozlaşdırılması ilə regional çatlılıq xəritəsini (miqyas 1:600.000), Naxçıvan Muxtar Respublikasının kosmotektonik xəritəsini (miqyas 1:200.000) tərtib etmiş, Aralıq dənizi metallogenik qurşağının ayrı-ayrı seqmentlərinin öyrənilməsində formasion analizi tətbiq etmiş, filiz-maqmatik sistemlərin geoloji-genetik modellerini işləyib hazırlamış, ada qövsləri paleosistemlərinin nəcib metal saxlayan sulfid yataqlarının metallogenik xüsusiyyətlərini və geodinamik inkişaf şəraitini təhlil etmişdir. Azərbaycanın qızıl, mis, molibden və xromit yataqlarının proqnozlaşdırılmasını və sənaye perspektivliyinin qiymətləndirilməsini həyata keçirmiş, respublikanın ayrı-ayrı struktur-formasion zonalarında qara, əlvan və nəcib metal yataqlarının aşkar edilməsini nəzəri cəhətdən əsaslandırmışdır.

Digər fəaliyyətləri

  1. "Xidməti istifadə üçün" qrifi altında ekspert kimi elmi-tətbiqi tutumlu layihələr hazırlamış,
  2. "Yerin təki haqqında" (1998) və "Təhsil haqqında" (2009) Qanunların hazırlanmasında yaxından iştirak etmişdir.
  3. Azərbaycan Respublikası Ağsaqqallar Şurası Məclisinin üzvüdür.

Tədqiqat sahəsi

Faydalı qazıntı yataqlarının geologiyası; metallogeniya

Beynəlxalq seminar , simpozium və konfranslarda iştirakı

AFR, Rusiya, Çin, Türkiyə, İran, İspaniya, Albaniya, Gürcüstan, Serbiya, Ukrayna və digər ölkələr

Elmi əsərləri

  1. 1967, Kiçik Qafqazın ofiolit qurşağında xromit filizləşməsinin geoloji əmələ gəlmə və yerləşmə şəraiti. Bakı, Azərnəşr, monoqrafiya (rus dilində), 166 səh.
  2. 1974, Kiçik Qafqazın civə yataqlarının geologiyası. Bakı, Azərnəşr, monoqrafiya (rus dilində), 228 səh.
  3. 1976, SSRİ-nin Geologiyası, 47-cild (Azərbayjan), II hissə. Faydalı qazıntılar. Moskva, Nedra, müştərək monoqrafiya (rus dilində), 407 səh.
  4. 1982, Geoloji-kəşfiyyat işləri (geoloji-kəşfiyyat işlərinin texnikası). Bakı, ADU, dərs vəsaiti (azərbaycan dilində), 87 səh.
  5. 1983, Geoloji-kəşfiyyat işləri (faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı, sınaqlanması və ehtiyatın hesablanması). Bakı, ADU, dərs vəsaiti (azərbaycan dilində), 110 səh.
  6. 1986, Filiz və qeyri-filiz faydalı qazıntı yataqları. Bakı, Maarif, dərslik (azərbaycan dilində), 336 səh.
  7. 1990, Azərbaycanın endogen filiz formasiyaları. Bakı, Azərnəşr, monoqrafiya (rus dilində), 280 səh.
  8. 1990, Mis- və molibden-porfir yataqları. Bakı, Azərnəşr, monoqrafiya (rus dilində), 368 səh.
  9. 1992, Riyazi statistikasının geologiyada tətbiqi. Bakı, ADU, dərs vəsaiti (azərbaycan dilində), (müştərək), 223 səh.
  10. 1995, Faydalı qazıntı yataqlarının sınaqlanması və ehtiyatların hesablanması. Bakı, Sabah, dərs vəsaiti (azərbaycan dilində), 99 səh.
  11. 1996, Filiz sahələri və yataqlarının strukturu. Bakı, Sabah, dərs vəsaiti (azərbaycan dilində), (müştərək), 147 səh.
  12. 1998, Geologiya elminin tarixi və metodologiyası. Bakı, BDU nəşr, dərs vəsaiti (azərbaycan dilində), (müştərək), 125 səh.
  13. 2000, Maqmatik formasiyalar. Bakı, Nafta-Press, dərslik (azərbaycan dilində), (müştərək), 235 səh.
  14. 2000, Naxçıvan Muxtar Respublikasının kosmotektonik xəritəsi (miqyas 1:200.000). Bakı, Kartoqrafiya fabriki, (redaktor və həmmüəllif).
  15. 2001, Azərbaycanın civə, sürmə və mərgümüş yataqları. Bakı, Nafta-Press, monoqrafiya (rus dilində), 143 səh.
  16. 2001, Azərbaycanın qızıl səpintiləri. Bakı, Nafta-Press, monoqrafiya (rus dilində), 157 səh.
  17. 2003, Azərbaycan qızılı. Bakı, Azərbaycan Milli Ensiklopediyası, monoqrafiya (rus dilində), 423 səh.
  18. 2003, Azərbaycanın filiz formasiyaları və metallogenik zonaları. Bakı, Azərbaycan Milli Ensiklopediyası, monoqrafiya (rus dilində), 276 səh.
  19. 2003, Azərbaycanın barit qurşağı. Bakı, Adiloğlu, monoqrafiya (rus dilində), 243 səh.
  20. 2005, Azərbaycanın mineral-xammal resursları. Bakı, Ozan, monoqrafiya (rus dilində), 808 səh.
  21. 2005, Şüşə xammalı yataqlarının geologiyası. Bakı, Ozan, monoqrafiya (rus dilində), 151 səh.
  22. 2005, Metal ve qeyri-metal yataqları. Təbriz, İranın Geoloji Xidməti, monoqrafiya (fars dilində), 547 səh.
  23. 2007, Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı. Bakı, BDU nəşr., dərslik (azərbaycan dilində), (müştərək), 396 səh.
  24. 2007, Petroqrafiya. Bakı, BDU nəşr., dərslik (azərbaycan dilində), (müştərək), 512 səh.
  25. 2007, Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası. Bakı, dərslik (azərbaycan dilində), 236 səh.
  26. 2007, Azərbaycanın kosmotektonik xəritəsi (miqyas 1:600.000). Bakı, Kartoqrafiya fabriki, (redaktor və həmmüəllif).
  27. 2007, Aralıq dənizi qurşağının Qafqaz seqmentinin faydalı qazıntı yataqlarının tektonik inkişafı, əmələ gəlməsinin geodinamik şəraiti və yerləşmə qanunauyğunluqları (Azərbaycan). Bakı, Oğuz eli, monoqrafiya (rus dilində), 148 səh.
  28. 2008, Azərbaycanın faydalı qazıntı yataqlarının proqnozlaşdırılması ilə regional çatlılıq xəritəsi (miqyas 1:600.000). Bakı, Kartoqrafiya fabriki, (redaktor və həmmüəllif).
  29. 2009, Qondvananın donmuş parçası. Bakı, "Ziya" nəşr., monoqrafiya, (azərbaycan dilində), (müştərək), 224 səh.
  30. 2011, Orta Xəzər şelfinin ekoloji geokimyası. Bakı, BDU nəşr, monoqrafiya (rus dilində), 377 səh.
  31. 2012, Nəcib metal filiz-maqmatik sistemləri. Bakı, BDU nəşr, monoqrafiya (rus dilində), 276 səh.
  32. 2012, Ekoloji geologiya. Bakı, "Elm və təhsil" nəşr, dərslik (azərbaycan dilində), 384 səh.
  33. 2012, İqtisadi geologiya. Bakı, BDU nəşr, dərslik (azərbaycan dilində), 300 səh.
  34. 2013, Kiçik Qafqazın cənubunun endogen metallogeniyası və nəcib metal filizləşməsinin proqnozu. Bakı, BDU nəşr, monoqrafiya (rus dilində), 316 səh.
  35. 2013, Filiz sahələri və yataqlarının strukturları. Bakı, dərslik (azərbaycan dilində), (müştərək), 288 səh.
  36. 2013, Faydalı qazıntıların geologiyası. Dərslik. I hissə. Bakı, BDU nəşr. (azərbaycan dilində), 284 səh.
  37. 2013, Faydalı qazıntıların geologiyası. Dərslik. II hissə (Filiiz faydalı qazıntıları), Bakı, BDU nəşr. (azərbaycan dilində), 492 səh.
  38. 2013, Faydalı qazıntıların geologiyası. Dərslik. III və IV hissələr (Qeyri-filiz faydalı qazıntıları, Bərk yanar faydalı qazıntılar). Bakı, BDU nəşr, 316 səh.
  39. 2014, Geoekoloji monitorinq. Bakı, "CBS" nəşr, monoqrafiya (azərbaycan dilində), 424 səh.
  40. 2015, Ada qövsləri paleosistemlərinin qızılsaxlayan sulfid yataqları, onların metallogenik xüsusiyyətləri və geodinamik inkişaf şəraiti. Bakı, "CBS" nəşr, monoqrafiya (rus dilində), 400 səh
  41. 2015, Kosmik geologiyanın əsasları, Bakı, "ISBN" mərkəzi, dərslik (azərbaycan dilində), (müştərək), 354 səh.
  42. 2017, Alp dağlıq-qırışıqlıq qurşağının mərkəzi seqmentinin filiz yataqları və onların mənşəyi problemi. Bakı, "CBS" nəşr, monoqrafiya (rus dilində), 288 səh.
  43. 2018, "Magmatism of the Earth and related strategic metal deposits". Abstracts of XXXV International Conference. Vernadsky Institute of Geochemistry and Anlytical Chemistry of Russian Academy of Sciences (GEOKHI RAS). 3–7 September

Dövlət və Beynəlxalq proqram və qrant layihələrinin qalıbı

  1. "Cənubi Qafqazın qızıl yataqları: onların genezisi və axtarış əlamətləri" 01.09.2005–01.09.2007 Avard number: SCI – 010000 – SC – 05 U. S. Civilian Research & Development Foundation (USA, CRDF);
  2. "Kiçik Qafqazın vulkano-plutonik komplekslərinin mis filizi yataqları: onların genezisi və axtarış perspektivləri" 01.03.2007–01.03.2009 INTAS Ref. № 06 – 1000017 – 9365
  3. SCOPES (İsveçrə) — IZ Sc 7320–128324, 2009–2012-ci illər
  4. 2011–2013 — Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı fondunun EİF-2011–1(3) — "Kiçik Qafqaz ada paleoqövslərinin vulkano-plutonik komplekslərində inteqral geoloji-genetik modellərin dinamik filizəmələgətirmə sistemləri və qızıl filizi yataqlarının məkan-zaman təkamülü".

Respublika, Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

  1. Bakı Dövlət Universitetinin Tədris-Metodiki Şurasının sədri;
  2. Bakı Dövlət Universitetinin Elmi şurasının üzvü;
  3. Bakı Universitetinin Xəbərləri (Təbiət elmləri seriyası) jurnalının elmi redaktoru;
  4. BDU nəzdində fəaliyyət göstərən FD.02.195 Dissertasiya Şurasının sədri;
  5. Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Yer elmləri üzrə Şura sədri;
  6. AMEA-nın Yer elmləri bölməsi bürosunun üzvü;
  7. AMEA-nın Elmi-Nəşriyyat şurasının sədr müavini;
  8. AMEA-nın Xəbərləri (Yer elmləri bölməsi) jurnalının redaksiya heyətinin üzvü;
  9. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral-Xammal Elmi-Tədqiqat İnstitutunun Elmi şurasının üzvü;
  10. Rusiya EA Yer Elmləri Bölməsinin Stratiform yataqların geologiyası üzrə Regional işçi qrupun üzvü (Moskva);
  11. Qafqaz Mineral Xammal İnstitutunun Elmi şurasının üzvü (Tbilisi).

Vasif Babazadə elmi məktəbin banisidir

Təbii resurslardan səmərəli istifadə etmə sahəsində əsərlər silsiləsinə görə Dövlət mükafatı laureatı (1978), Əməkdar elm xadimi (2000), Bakı Dövlət Universitetinin "İlin alimi" (2007). "Şöhrət" ordeni (2009), AMEA-nın akademik Musa Əliyev adına adlı mükafatı (2017), Gürcüstan Milli Elmlər Akademiyasının akademik Aleksandr Tvalçrelidze adına adlı mükafatı (Tbilisi, 2018), "Şərəf" ordeni (2018).

Vasif Babazadə elmi məktəbin banisidir. Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının bazasında "Strateji növ mineral-xammal resursları – geoloji xüsusiyyətləri, əmələgəlmə şəraitləri və kompleks mənimsənilmə və istifadənin fundamental problemləri" istiqamətində yaradılan və formalaşan elmi məktəbin əsası akademik Babazadə Vasif Məmməd Ağa oğlu tərəfindən qoyulmuşdur.

Keçən əsrin 60-cı illərindən başlayaraq keçmiş İttifaqda və dünyanın aparıcı dövlətlərində endogen filizəmələgəlmə problemi və metallogeniya sürətlə inkişaf etməyə başladı. Eyni zamanda yüz ildən artıq bir müddət ərzində geologiya elmində hakim mövqe tutan geosinklinal nəzəriyyə tutarlı məlumatlar əsasında plitələr tektonikası nəzəriyyəsi ilə əvəzləndi. O zaman hələ gənc elmi tədqiqatçı kimi tanınan akademik Vasif Babazadə öz yaradıcılığını geologiyanın ən yeni və mürəkkəb sahəsinə: filizəmələgəlmə nəzəriyyəsi və geodinamikanın sintezinə yönəltdi. Etiraf etmək lazımdır ki, iki elmin qovşağında formalaşan bu elm sahəsi mürəkkəb olmaqla yanaşı, həm də öyrənilməmişdi, dünya geologiya elmində bu sahədə hələ ilk addımlar atılırdı. Belə bir zamanda akademik Vasif Babazadənin təşəbbüsü ilə ötən əsrin altmışınçı illərinin ikinci yarısından başlayaraq Azərbaycanda da filizəmələgəlmə və geodinamika istiqamətində tədqiqatlara başlanıldı və respublikada bu sahədə keçmiş İttifaqın aparıcı elmi mərkəzləri (Moskva, Novosibirsk) tərəfindən qəbul edilən elmi məktəb yaradıldı, ilk dəfə olaraq "filiz-formasion analiz"i, "filiz-maqmatik sistemləri" sahəsində tədqiqatlara başlanıldı, onların vulkano-plutonik komplekslərdə ayrılma prinsipləri göstərildi, yaxşı öyrənilmiş filiz, xüsusən nəcib və əlvan metal yataqların geoloji-genetik model tipləri işlənib hazırlandı, mürəkkəb təhlili ilə fərqlənən ofiolit qurşaqlarının metallogeniyası yeni geodinamik baxımdan təhlil edildi, respublikada mineral-xammal resurslarının kosmik fəzadan öyrənilməsinin elmi əsası qoyuldu. Hazırda dünyanın bir çox aparıcı alimləri tərəfindən qəbul edilən akademik Vasif Babazadənin yaratdığı elmi məktəb bir neçə istiqamətdə fəaliyyət göstərir.

Elmi məktəbin birinci istiqaməti filiz-maqmatik sistemlərin təhlili və geoloji-genetik modellərin qurulmasıdır. Məlumdur ki, faydalı qazıntı yataqlarının əmələ gəlməsində və formalaşmasında maqmatizm və onun təkamülünə nəzarət edən geodinamik şəraitin təhlili və araşdırılması filiz-maqmatik sisteminin əsasını təşkil edir. Bu baxımdan elmi məktəb tərəfindən nəcib və əlvan metal filiz-maqmatik sistemlərin formalaşma qanunauyğunluqlarının regional müqayisəli analizi həyata keçirildi, bu sistemlərin maqmatizmin intensiv təzahür etdiyi məntəqələrdə formalaşması müəyyən edildi, onların nisbətən böyük uzunluqlu dərinlik qırılmaları – lineamentlərlə nəzarət olunması göstərildi. Aydınlaşdırıldı ki, filiz-maqmatik sistemləri təbiətcə poligendirlər və müxtəlif ölçülü vulkan-gümbəz və ocaq-depression strukturlarla nəzarət olunurlar; bu sistemlərin qızıl və əlvan metal minerallaşması filiz formasiyalarının genetik sıraları şəklində reallaşdırılır və filizəmələgətirən məhlulların, eləcə də filiz maddəsi mənbəyinin poligen əlamətlərini daşıyır. Belə bir yanaşma akademik Vasif Babazadənin rəhbərliyi ilə elmlər doktorları, professorlar V. G. Ramazanov, B. H. Qələndərov, Ş. F. Abdullayeva, fəlsəfə doktorları A. İ. Xasayev, A. M. İsmayılova, T. H. Təhməzova, Ü. İ. Kərimli tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.

Elmi məktəbin ikinci istiqaməti petroloji və geokimyəvi tədqiqatlarla bağlıdır. Müxtəlif genezisli vulkanitlərin ayrılması, onların yaranma dərinliyi və differensiasiya dərəcəsi, müxtəlif geodinamiki şəraitlə əlaqə, vulkanik formasiyaların təsnifatı və maddi tərkibi, süxur və minerallarda element-qarışıqların tapılma forması və paylanma xüsusiyyətləri (F. A. Axundov), mezokaynozoy vulkanitlərinin geodinamik və fiziki-kimyəvi kristallaşma şəraitlərinin təyin edilməsi (N. Ə. İmamverdiyev və b.) əsas tədqiqat sahələridir.

Elmi məktəbin üçüncü istiqaməti dərinlik tektonikası haqqında yeni təsəvvürlərə və birbaşa filizkeçirən strukturların endogen filizləşmənin lokallaşmasındakı roluna istinad edərək kosmofotogeoloji, geofiziki, geokimyəvi və yerüstü tədqiqatların analizi nəticəsində faydalı qazıntı yataqlarının proqnozlaşdırılmasıdır (D. M. Əhmədov, A. Ə. Məsimov, Z. A. Vəliyev, M. İ. Mansurov, A. İ. Hüseynov). Kosmik tədqiqatlar nəticəsində birbaşa keçən filiztəmərkürləşdirən strukturların və uzun müddət endogen aktivliyini itirməyən düyünlərin filizləşmə üçün başlıca rol oynaması, filiz yataqlarının paz-blokşəkilli qalxmış strukturlarda lokallaşması müəyyən edilmişdir. Bu tədqiqatların məntiqi davamı kimi akademik Vasif Babazadənin redaktorluğu və bilavasitə iştirakı ilə "Azərbaycanın kosmotektonik xəritəsi" (miqyas 1:600 000) və "Faydalı qazıntı yataqlarının proqnozlaşdırılması ilə Azərbaycanın regional çatlılıq xəritəsi" (miqyas 1:600 000) tərtib edilmişdir. Bu xəritələrdə kosmik tədqiqatlar nəticəsində ayrılan bir sıra uzununa və köndələn parçalanma strukturları, həlqəvi strukturlar, böyük məsafəyə uzanan filizdaşıyan Gədəbəy-Dəlidağ lineamenti, Xarxar və Cəlilabad həlqələri və b. öz əksini tapmışdır. MDB məkanında ilk dəfə olaraq tərtib olunan bu tip və bu miqyaslı xəritələr böyük strateji və tətbiqi əhəmiyyətə malik olmaqla, faydalı qazıntı yataqlarının axtarışı baxımından perspektiv geoloji sahələrin ayrılmasına, lineament və həlqəvi strukturların metallogeniyasının təliminə, seysmofokal zonaların tədqiqinə kömək edir.

Elmi məktəbin ən əsas nailiyyətlərindən biri Kiçik Qafqazın mərkəzi hissəsinin timsalında Benyof zonasının problemləri ilə əlaqədar olaraq ofiolit qurşaqlarının metallogeniyasının işlənib hazırlanması olmuşdur, ilk dəfə olaraq vahid sırada ofiolit qurşaqlar və onların tərkib hissəsi hesab edilən hiperbazitlər üçün səciyyəvi üç aparıcı filiz formasiyası ayrılmışdır — yüksək temperaturlu xromit, orta-yüksək temperatura qədər, adətən listvenitləşmə zonaları ilə bağlı olan qızıl və aşağı temperaturlu — listvenit tipli civə (V. M. Babazadə, V. G. Ramazanov, Ş. İ. Allahverdiyev, A. İ. Xasayev, Z. A. Vəliyev). Sonradan akademik və onun yetişdirmələri tədqiqatlarını daha da dərinləşdirərək bu sahədə bir neçə samballı monoqrafiya çap etdirmişlər. Akademik Vasif Babazadə ilk dəfə Kiçik Qafqazın civə qurşağının varlığını elmi cəhətdən əsaslandırmış, Azərbaycanın qızıl, mis, molibden, qurğuşun, sink və digər filiz yataqlarının yerləşmə qanunauyğunluqlarını müəyyən edərək onların proqnozunu vermişdir.

İlk dəfə olaraq qlobal Aralıq dənizi metallogenik qurşağının ayrı-ayrı seqmentlərinin, o cümlədən Azərbaycanın filiz yataqlarının formasion analizi tətbiq edilmişdir. Göstərilənlər akademikin 10-dan artıq monoqrafiyasında, xüsusən Azərbaycanın filiz formasiyaları (Bakı, 1990); Azərbaycanın filiz formasiyaları və metallogenik zonaları (Bakı, 2003); Aralıq dənizi qurşağının endogen filiz formasiyalarının formalaşma təkamülü (Moskva, 2007); Aralıq dənızı qurşağı Qafqaz seqmentinin faydalı qazıntı yataqlarının tektonik inkişafı, geodinamik formalaşma şəraiti və yerləşmə qanunauyğunluğu (Bakı, 2009) və b. öz əksini tapmışdır.

Akademik Vasif Babazadə və onun yetişdirmələrinin ərsəyə gətirdikləri iki iri həcmli klassik fundamental monoqrafiya — "Azərbaycan qızılı" (Bakı, Azərbaycan Milli Ensiklopediyasının nəşri, 2003; 423 səh.) və Azərbaycan Milli Elmlər Akademiyasının 60 illiyinə həsr olunmuş "Azərbaycanın mineral-xammal resursları" (Bakı, Ozan nəşriyyatı,2005; 808 səh.) 2005-ci ildə Sankt-Peterburq şəhərində keçirilən VIII-ci Beynəlxalq İqtisadi Forumda Azərbaycan Respublikasının sərgisində nümayiş etdirilmişdir. Hər iki əsər azərbaycan və ingilis dillərinə tərcümə edilir.

Akademik Vasif Babazadə ABŞ, Rusiya, Fransa, Almaniya, Türkiyə, İran, Gürcüstan və digər ölkələrin alimləri ilə sıx təmasda işləyən tədqiqatçıdır. O, və rəhbərlik etdiyi elmi məktəbin üzvləri ABŞ-nin "Mülki tədqiqatlar və inkişaf fondu"nun (CRDF) (No SCI – 010000 – Sc – 05; 2005–2007-ci illər), Avropa Birliyinin 6-cı çərçivə Proqramının (INTAS) (No 06 – 1000017 – 9365; 2006–2008-ci illər), İsveçrənin "Elm Fondu"nun (SCOPES) (İZ73ZO – 128324; 2009–2012-ci illər), Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun (№ EİF-2011–1(3)-82/41/2; 2012–2014) qrant layihələrinin qalibləridir.

Alimin elmi-pedaqoji fəalliyəti diqqətəlayiqdir. 1961-ci ildən fasiləsiz Bakı Dövlət Universitetində işləyən alim geologiya sahəsində azərbaycan dilində yazılan ilk dərsliklərin müəllifidir. Onların sırasında 2 cilddə "Geoloji-kəşfiyyat işləri" (Bakı, 1982;1983), 4 cilddə "Faydalı qazıntıların geologiyası" (Bakı,2013), "Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı" (Bakı,2007), "Filiz sahələri və yataqlarının strukturu" (Bakı,2013) və başqaları vardır. Onun elmi rəhbərliyi altında 11 doktorluq və 30 namizədlik (və fəlsəfə doktoru) dissertasiyası müdafiə edilmişdir. Ümumiyyətlə 40-a yaxın monoqrafiya və dərsliyin, 350-dən artıq elmi məqalənin müəllifidir.

Elmi məktəbin yaradıcısı akademik Vasif Babazadə yüksək elmi-təşkilatçılıq qabiliyyətinə malik olan alimdir. 1973–1980-ci illərdə BDU-nun Geologiya-coğrafiya fakültəsinin dekanı işləmişdir, 1986-cı ildən "Faydalı qazıntılar" kafedrasına rəhbərlik edir. Bilavasitə təşəbbüsü ilə yaradılmış Geologiya fakültəsinin genişlənməsi və möhkəmlənməsini, fundamental tədqiqatların hərtərəfli inkişafında ali məktəblərin və akademik mərkəzlərin inteqrasiyasını diqqət mərkəzində saxlayır. 1989-cu ildə BDU-da "Yer ehtiyatlarının aerokosmik tədqiqatları" elmi-tədqiqat laboratoriyasını yaratmış və hal-hazırda bu laboratoriyanın elmi rəhbəridir.

Akademik Vasif Babazadə Azərbaycan elmini xaricdə müvəffəqiyyətlə təmsil edən alimdir. O, bir sıra nüfuzlu Beynəlxalq konqreslərin (Türkiyə, Ankara,1994, 2010; Çin, Pekin,1996; Albaniya, Tirana,2014), simpoziumların (Berlin,1990; Türkiyə, Sivaş,1995; İspaniya, Barselona, 1997; Türkiyə, İstambul,2005; Serbiya, Belqrad,2006; Tbilisi, 2010,2012), elmi məclislərin (NATO, Hollandiya, 2001) işində yaxından iştirak edərək iclaslara sədrlik (həmsədrlik) etmiş, məruzələrlə çıxış etmişdir.

Alim respublika ali məktəblərinin 2 pilləli təhsil sisteminə (bakalavriat, magistriat) keçməsində yaxından iştirak etmişdir. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali Təhsilin İstiqamət və İxtisasları üzrə Dövlət Standartlarını hazırlayan işçi qrupun Təbiət elmləri üzrə sədri olmuşdur. Azərbaycan elminin inkişafında və onun ölkəmizdən kənarda şöhrət qazanmasında xidmətləri olan akademik Vasif Babazadə "Yerin təki haqqında" (1998), "Təhsil haqqında" (2009) Qanunların əsas müəlliflərindəndir, Qafqazın filiz yataqları üzrə ekspertidir. AMEA-nın "Yer elmləri" bölməsi bürosunun üzvü, Azərbaycan Respublikası Elmi Tədqiqatlarının Əlaqələndirmə Şurasının Yer elmləri üzrə Şuranın sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekstremal hallara qarşı" və Mineral-xammal institunun Elmi Şuraların, Azərbaycan Geoloqları Milli Komitəsinin, Stratiform filiz yataqlarının geologiyası üzrə Rusiya EA-nın Regional işçi qrupun üzvü, BDU nəzdində FD.02.195 Dissertasiya Şurasının sədridir.

Alim Bakı Dövlət Universiteti Elmi Şurasının üzvü, BDU-nun Tədris-Metodiki Şurası və Attestasiya Komissiyasının sədri, "Bakı Universitetinin Xəbərləri" (Təbiət elmləri seriyası) jurnalının elmi redaktoru, "AMEA-nın Xəbərləri" (Yer elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvüdür.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.

http://geology.bsu.edu.az/az/content/kafedranin_mdr_398

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.