Varfolomey gecəsi

Varfolomey gecəsiFransada dini müharibələrin nəticəsində 23 avqust 1572-ci ildə Parisdə baş vermiş hadisə. Bu dəhşətli gecə barədə filmlər çəkilmiş və bədii əsərlər yazılmışdır. "Varfolomey gecəsi" ifadəsi bir çox xalqların dilinə daxil olaraq, mənfi çalar qazanmış və müqavimətə gücü çatmayan günahsız insanların kütləvi halda qətlə yetirilməsi mənasını almışdır.

Tarixi

Səbəbi

Varfolomey faciəsinin baş verməsinə müəyyən proseslər səbəb olmuşdur. XVI əsrdə Avropada Roma Papası və hakim Roma Katolik Kilsəsinə qarşı yönəldilmiş reformasiya (dində islahatçılıq) hərəkatının geniş vüsət alması nəticəsində yeni xristian məzhəbi olan protestantlıq meydana gəlmiş və Qərb dünyası iki hissəyə parçalanmışdır. Protestantlarla katoliklər arasında fikirayrılığı teoloji-elmi müstəvidən uzaqlaşaraq, hərbi toqquşmalara, qanlı müharibələrə gətirib çıxarmışdır. Məzhəb ayrıseçkiliyi cəmiyyətdə təbəqə, qohum, dost, həmvətən anlayışını ortadan qaldırmış, hamı bir-birini etiqadına görə qiymətləndirməyə başlamışdır.

XVI əsrdə digər Avropa ölkələrində olduğu kimi, Fransanı da məzhəb müharibələri bürümüşdü. Bu ölkədə hugenot (ilk vaxtlar katoliklərin protestantlara həqarətlə verdikləri, sonradan isə protestantların mənimsədikləri ad) müharibələri adlanan üç hərbi münaqişə baş vermişdir. 1570-ci ildə Sen-Jermen müqaviləsinin bağlanması ilə III Hugenot müharibəsi bitmiş, uzunmüddətli mübarizədən sonra hugenotlar müəyyən hüquqlar əldə etmiş, onların rəhbəri admiral Kolinyi isə Fransa Kral şurasına daxil olmuşdur.

Yekaterina Mediçi

Çox keçmədən, admiral Kolinyi Fransa kralı IX Karlın hüsnü-rəğbətini qazana bilmiş və onun ən yaxın məsləhətçisinə çevrilmişdir. Qatı katolik olan kralın anası Yekaterina Mediçi və ona yaxın zadəganlar admiral Kolinyinin sarayda artan nüfuzundan çəkinmiş, Fransanı tamamilə Katolik kilsəsinin qoynuna qaytarmaq istəmişlər.

Zəif sülhü gücləndirmək məqsədilə kralın bacısı, katolik şahzadə Marqarita Valua ilə hugenotların başçılarından sayılan Navarralı Henri arasında nikah bağlanmışdır. Toy ərəfəsində Parisə xeyli yüksək rütbəli hugenotun axışmasından, əsasən, katoliklərdən ibarət şəhər əhalisi narazı qalmışdır.

Hadisələrin gedişi

18 avqust 1572-ci ildə keçirilmiş möhtəşəm toy mərasimi və hugenotların kral əyanlarının arasında olması katolikləri daha da qəzəbləndirmişdir. Hadisələr sürətlə inkişaf etmiş, 22 avqustda admiral Kolinyiyə qarşı sui-qəsd təşkil olunmuşdur. Fanatik katolik və böyük nüfuz sahibi hertsoq Henrix de Giz həmin əməliyyatın rəhbəri idi. Protestant zadəganları kraldan hertsoqun cəzalandırılmasını tələb etmişlər. Yeni müharibənin başlamasından ehtiyat edən hugenotlar Parisi tərk etməyə başlamışlar.

Yaranmış vəziyyətdən istifadə etmək qərarına gələn kralın anası hökmdarı yeni vətəndaş müharibəsinin qarşısını almaq naminə protestant başçılarının öldürülməsinin zəruri olduğunu inandıra bilmişdir. Bu planın həyata keçirilməsi üçün Müqəddəs Varfolomey günü, yəni 1572-ci il avqustun 24-ü seçilmişdir. O gün şəhər qapıları bağlanılmış və hərbi dəstələr hazır vəziyyətə gətirilmişdir. Gecə sui-qəsdçilər yaralı admiralın otağına daxil olaraq, onu və mühafizəsini qılıncdan keçirmiş, sonra isə kilsə zənglərinin işarəsi ilə şəhər əhalisi protestantları qətlə yetirməyə çağrılmışdır.

Parisdə başlanmış bu qırğın, kralın xeyir-duası ilə ölkənin digər şəhərlərinə də yayılmışdır. Azğınlaşmış əhali protestantların əvvəlcədən təbaşirlə işarələnmiş evlərinə girərək onları eyvandan küçəyə atmış, qadınlara təcavüz etmiş, soyğunçuluqla məşğul olmuşlar. Qadın-uşaq demədən hər kəs öldürülmüş, təkcə protestantlar deyil, hətta katolisizmə məxsus olmayan digər din nümayəndələrinə də mərhəmət edilməmişdir.

Nəticə

Bu qətliam təqribən bir həftə davam etmiş, küçələr qana boyanmışdır. Tarixçi Jül Mişelin sözləri ilə desək, "Varfolomey gecə"si sadəcə bir gecə deyildi. O, bir mövsüm idi". Katolik ruhanilər bu qəddarlığa pis münasibət bəsləyənləri kilsədən uzaqlaşdırmaqla hədələmiş, canilərin günahlarını isə elə küçədə, meyitlərin üzərində "bağışlamışlar".

"Kraliçə Yekaterina Mediçi saray xanımları ilə qurbanlara tamaşa edir" Eduard Deba Ponsanın portreti

"Varfolomey gecəsi"nin qurbanlarının sayı barədə yekdil fikir yoxdur. Hesab edilir ki, Parisdə təqribən üç min, bütün Fransada isə on min ilə əlli min arasında protestant qətlə yetirilmişdir. Həmin dövrdə Fransada baş vermiş qətliam katolik dünyasında rəğbətlə qarşılanmış, Roma Papası XIII Qriqori bu faciəni alqışlayaraq Vatikanda fişəng atılmasını və medal təsis edilməsini əmr etmişdir. Ədalət naminə qeyd etmək lazımdır ki, 425 il sonra Roma Papası II İoann Pavel rəsmi şəkildə Varfolomey qətliamını qınamışdır.

"Varfolomey gecəsi" kimi din və məzhəb zəminində yaranmış faciələrin təkrar baş verməməsi üçün onların yad edilməsi və öyrənilməsi zəruridir. Çünki, məhz belə qanlı tarixi hadisələr dar məzhəb düşüncəsinin müəyyən mənafelər naminə təhlükəli vasitəyə və silaha çevrilə biləcəyini, günahsız insan qanının axıdılmasına səbəb olacağını göstərir.

Mənbə

  • Müəllif: Anar Əlizadə, "Cəmiyyət və din" telekanalı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.