Vaqif Bəhmənli

Vaqif Bəhmənli (doğum adı: Vaqif İttifaq oğlu Quliyev; d. 23 may 1955) — Azərbaycan şairi, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB İdarə Heyətinin üzvü, Avrasiya Yazarlar birliyinin üzvü, Azərbaycan Jurnalistlər birliyinin üzvü, AYB-nin "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1986-cı il), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Ensiklopediyasının direktor müavinidir. Qərbi Kaspi Universitetinin müəllimidir, Azərbaycan ədəbiyyatı tarixindən dərs deyir.

Vaqif Bəhmənli
Vaqif İttifaq oğlu Quliyev
Doğum tarixi
Doğum yeri Böyük Bəhmənli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı  — 2005 Azərbaycan LKGİ mükafatı  — 1986

Həyatı

1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1972-ci ildə doğulduğu kənddə orta məktəbi əla qiymətlərlə bitirib. 1973-78 illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb, jurnalist ixtisasına yiyələnib.

Fəaliyyəti

Vaqif Bəhmənli Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra “Sovet kəndi” qəzetində şöbə müdiri (1978-88), “Kommunist” qəzetində şöbə müdiri (1988-1991), “Vətən” cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor (1991-1992), "Bərəkət", (sonradan “Həyat”) qəzetində baş redaktor(1992-1994), “Yazıçı” nəşriyyatında redaktor (1994), Gənclər və İdman Nazirliyində şöbə müdiri (1995-1997), “Ədalət” qəzetində baş redaktorunun birinci müavini (1997-98), “XXI-gənclik dərgisi”ndə redaktor (1998-2000), “XXI — Yeni Nəşrlər evi”nin baş redaktoru (2000), “Mars” dərgisi baş redaktorunun müavini (2003), Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri (2003), “Humanitar” qəzetində redaktor (2004), "525-ci qəzet"də (2005) şöbə müdiri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri (2006-2016) vəzifələrində çalışıb.Hazırda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Qərbi Kaspi Universitetinin müəllimidir. Azərbaycanda nəşriyyat-poliqrafiya sahəsinin müstəqillik illərində inkişaf etdirilməsində, ədəbi əsərlərin latın qrafikası ilə kütləvi tirajla nəşrə haqzırlanmsında, yeni ədəbi qüvvələrin üzə çıxarılmasında böyük əməyi olmuşdur.

Yaradıcılığı

Şeir və məqalələrdən ibarət 45-dən çox kitabı işıq üzü görüb. Çox sayda beynəlxalq poeziya və ədəbiyyat festivallarında, ədəbi-elmi konfrans və simpoziumlarda, Beynəlxalq kitab sərgi yarmarkalarında iştirak edib. İlk məqalə və şeirləri 1970-ci ildə Füzuli rayonunda çıxan "Araz" qəzetində işıq üzü görüb. Mərkəzi mətbuatda dərc olunan ilk şeiri "Tumurcuq" adlanır. 1970-ci illərin ortalarından başlayaraq şairin tele və radio ssenariləri əsasında hazırlanmış verilişlər Azərbaycan tele-radio kanalında nümayiş atdirilmiş və səsləndirilmişdir. Azərbaycan taleviziyasında "Gənclik təqdim edir" verilişinin aparıcısı olmuşdur. SSRİ-nin və Azərbaycanın həm ictimai- siyasi, həm də ədəbiyyat qəzet və dərgilərində ("Ədəbiyyat və incəsənət" sonralar "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbeycan", "Moskva" (Rusiya), "Kardeş kalemler"(Türkiyə) və s. ardıcıl olaraq çıxış etmişdir. Əsərləri "Azərbaycan", "Yaşıl budaqlar", "Poeziya günü", "Sabir poeziya günü" almanaxlarına daxil edilib.

Vaqif Bəhmənli obrazlı düşüncə şairidir. Türk bədii düşüncəsinin ənənələrinə arxalanmaq, insanın hiss və duyğularını canlandırmaq üçün yeni poetik məqsədlərə sənətkarlıqla cəhd etmək, özünəxas bədii deyim tərzi, güclü kalorit onun yazdıqlarını başqalarından fərqləndirir.Şairin yaradıcılığı haqqında çoxsaylı araşdırmalar aparılmış, güclü ədəbiyyatşünasların qələmə aldıqları məqalələr mətbuatda çap edilmişdir.

Azərbaycan Yazarlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Avrasiya Yazarlar Birliyinin üzvüdür. \ Əsərləri italyan, rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən, gürcü, fransız, fars dillərinə çevrilib. Almaniya, Rusiya, Türkiyə, İngiltərə, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Ukrayna, İran, Belarus, Macarıstan, Latviya, Estoniya, İspaniya, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Udmurtiya (RF),Abxaziya və digər ölkələrdə rəsmi və yaradıcılıq səfərlərində olub.

“Azərbaycan” fotoalbomunun, “Azərbaycan Dövlət Kitabı”nın mətn müəlliflərindən biridir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mədəniyyətin inkişafına yönəlik fəaliyyətindən bəhs edən “Vətənin İlhamı — ömürdən reportaj”, ulu öndər Heydər Əliyevin adını əbədiləşdirən ünvanları canlandıran “Heydər Əliyev adına” əsərlərində Vaqif Bəhmənli bu ciddi, həm də çox araşdırılan mövzulara tamamilə yeni nəzər nöqtəsindən baxmışdır.

Ədəbiyyat, sənət və həyat haqqında yüzlərlə ədəbi qeydləri, publisistik araşdırmaları, məqalələri mətbuatda dərc edilib.

Mükafatları

1986-cı ildə Respublika Komsomol mükafatına, 1989-cu ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanına, 2004-də İsa İsmayılzadə adına "İlin ən yaxşı şeiri" mükafatına, Türk dünyası poeziyasına xidmətlərinə görə Şahmar Əkbərzadə adına mükafata (2003), Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına (2005), “Yaddaş” Milli mükafatına, Rəsul Rza adına beynəlxalq mükafata, Əli Kərim adına ən yaxşı poeziya mükafatına, AR Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" ədəbiyyat mükafatına layiq görülmüşdür. Moskvada, Ankarada, İstanbulda keçirilən poeziya festivallarının mükafatlarının laureatıdır. 50 və 60 illik yubilyyləri R.Behbudov adını Mahnı Teatrında və Gənc Tamaşaçılar Teatrında dövlət səviyyəsində geniş qeyd edilmişdir.

Ailəsi

Yazıçı-publisist Rəhilə Gülgünlə ailəlidir. 3 övladı var.

Kitabları

  1. "Bahar-payız arası" — 1979
  2. "Dünya ayaq üstədir" — 1981
  3. "Bar ver ümid ağacım" — 1983
  4. "Yolum üstə bitən gül" — 1986
  5. "Ömürdən uzun gecə" — 1987
  6. "Qırxıncı otaq" — 1990
  7. "Novruz naxışları" — 1993
  8. "Parisdə Rus hamamı" I Pyotr haqqında hekayələr — 1994
  9. "Dörd divar" — 1996
  10. "Uzaqda bir işıq" — 2001
  11. "Sevgimə axşam düşür" — 2003
  12. "Qızıl qala" — 2005
  13. "Poeziya” I — 2006
  14. "Poeziya” II — 2006
  15. "Poeziya” III — 2006
  16. "Sınıq güzgü" — 2005
  17. "Dombagözün hekayələri" — 2005
  18. "Can dəftəri" — 2008
  19. "Səndən özgə" — 2009
  20. "Əlifba" — 2009
  21. "Leyli hasarı" — 2009
  22. "Azərbaycanın xalq bayramı Novruz" — 2010
  23. "Vətənin İlhamı" ömürdən reportaj — 2011
  24. "Maqomayev planeti" Azərbaycan, ingilis, rus dillərində — 2013
  25. "Volqa İdel boyunca" — ruscadan tərcümə (Tatar yazıçılarının povestləri) — 1989
  26. Lidiya Obuxova "Öncə yer vardı" Yuri Qaqarin haqqında — ruscadan tərcümə — roman — 2010
  27. "Hamı" — 2012
  28. "İşartı" — 2013
  29. Azərbaycan memarlığı. R. Əfəndiyeva — rus dilindən tərcümə.2014
  30. "Heydər Əliyev adına" — 2013
  31. "İlin beşinci fəsli-Kamran" — roman — 2013
  32. "Cabbar qalası" — 2017
  33. "Artırma" — 2015
  34. "Belə yaxşıdır" — 2015
  35. "Beş damla" — şeirlər və poemalar — 2015
  36. Bir məktub, dörd söhbət- 2015
  37. "Vaqif Bəhmənli.Biblioqrafiya" −2015.Milli Kitabxana
  38. Vaqif Bəhmənli. Metodik vəsait". F.Köşərli adına kitabxana.
  39. "Hüseynqulu Sarabski" −2017, (xanəndə)
  40. "Hüseynqulu Sarabski" −2017,(aktyor)
  41. Qəzənfər Paşayev.FOTODASTAN" — 2017
  42. "Həyat düşüncələri".Q.Paşayevlə müsahibə-kitab-2017
  43. "Hüzünlü misralar" −2018, Ankara.
  44. "Qansız savaş" — 2019
  45. "Bağlı qapı açaram" - 2021
  46. "Əsərlər" - 15 cilddə. I c. - 2021.
  47. "Əsərlər" - 15 cilddə. II c.- 2021.
  48. "Əsərlər" - 15 cilddə. III c. -2023
  49. "Əsərlər" - 15 cilddə. IV c. -2023
  50. "Qarabağın qələmi: AQİL ABBAS. -2023

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.