Vaqif Əlixanlı

Vaqif Əlixanlı (tam adı: Əlixanov Vaqif Ənvər oğlu) — Azərbaycan nasiri, dramaturq, tərcüməçi. Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri (2015-2022), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1972), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019).[1]

Vaqif Əlixanlı
Vaqif Ənvər oğlu Əlixanlı
Doğum adı Vaqif Əlixanov
Doğum tarixi
Doğum yeri Yerfi, Quba rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Şəfəq Sultan Əlixanlı
Fəaliyyəti yazıçı
İstiqamət bədii publisistika, dramaturgiya
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı  — 2019 "Qızıl qələm" mükafatı — 1972

Həyatı

Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Azərbaycan SSR-nin Quba rayonunun Yerfi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub.

Universitet illərində hərbi xidmətini başa vurub, universiteti bitirərək, 1968-ci ilin avqustundan Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin əvvəlcə Radionun Ədəbi-Dram baş redaksiyasında redaktor, sonra şöbə müdiri kimi ədəbi-incəsənət fəaliyyətinə başlayıb.

"Bulaq" və "Dünyanı bəzəyənlər" radio verilişinin yaradıcılılarından biri olan Vaqif Əlixanlının o illərdə müəlliflik etdiyi etnoqrafik hekayələr və "XX əsr İncəsənət" və "Palitra" televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri populyarlığı, yüksək peşəkarlığı ilə seçilib. 1976-cı ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə Bədii şuranın üzvü kimi, həm də direktor müavini vəzifəsini icra edib.

1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə "İncəsənət və Teatr" şöbəsinə baş redaktor, bir il sonra nazirliyin "Teatr və Konsert müəssisələri" idarəsinə rəis təyin olunub.

O vaxtkı Azərbaycan SSR Teatr truppaları və musiqi heyətləri ilə respublikanı Yaponiya, Norvec, Türkiyə və başqa ölkələrdə, eləcə də İttifaqın müxtəlif yerlərində təmsil edib.

1991-ci ildə SSRİ-ın süqutundan sonra yenidən – AzTV-yə qayıdır. Televiziyanın "Xəbərlər", daha sonra isə "Ədəbi-Dram" studiyasının direktoru vəzifəsini ləyaqətlə yerinə yetirir. Vətənpərvər ruhlu, yaddaqalan – "Qırxıncı otaq", "Sarı sim", "Nəbz" verilişlərilə tamaşaçı rəğbətini qazanıb.

1993-cü ildə Radioda Xalq yaradıcılığı baş redaksiyasını yaradır və orda baş redaktor kimi yaradıcılığına davam edir. Sonrakı illərdə "Space", ABBA, "Lider", hətta qısa müddət "ANS" TV-də də baş redaktor vəzifəsində çalışıb.

2008-ci ildən indiyəcən "Space" TV-də Dublyaj redaksiyasında baş redaktorudur.

2013-cü ildən 2021-ci ilədək Yazıçılar Birliyinin orqanı olan "Qobustan" incəsənət jurnalının Baş redaktoru olub.

Yazıçılar, Jurnalistlər Birliyinin, Teatr Xadimləri İttifaqının üzvüdür.

"Bulaq" verilişinə görə 1972-ci ildə "Qızıl qələm" mükafatı alıb. Dünya ədəbiyyatından tərcümələri, teatr və tele-radio üçün səhnələşdiriləmələri ictimayyətin, peşəkar söz-sənət adamlarının xüsusi diqqət və rəğbəti ilə qarşılanıb.

1991-ci ilin yanvarında AzTV-nin "Vətənpərvərlik" ruhunda yazılan ən gözəl əsər-müsabiqəsinin laureatı olub.

Daha sonra "Mövlanə" Beynəlxalq müsabiqəsində "Dünyanın Mövlanəsi" pyesi II yeri tutub və əsər Türkiyənin "GÜAM" Beynəlxalq dərgisində çap olunub. Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Erix Mariya Remark, Çingiz Aytmatov, Ernest Heminquey və başqa yazarların əsərləri əsasında televiziya və radio pyesləri mavi ekranda və efirdə verilmişdir. Onun bədii tərcüməsində V.Rasputinin "Axır zaman", T.Uilyamsın "İstək tramvayı", A.Kondratyevin "Saşka", Rüstəm İbrahimbəyovun "Biganələr oteli" və Alber Kamyunun "Qismət" pyesləri teatrlarda tamaşaya qoyulmuşdur. 2011-ci ilə Gənc Tamaşaçılar Teatrı Vaqif Əlixanlının "Əcəl atı" əsərini tamşaya qoyub. Əsər Azərbaycan televiziyasında da nümayiş etdirilib. 2000-ci illərdə Çingiz Aytmatovun "Qiyamət" ("Plaxa") əsərini tərcümə və çap etdirən yazıçının, 2013-cü ildə "Əkmə qəm ağacı" kitabı işıq üzü görüb. 2013-cü ilin sonunda yazıçının 70 illik yubileyi AzTV-də təntənəli surətdə qeyd edilib. Ailəlidir, 40 illik ömür yoldaşı Şəfəq Sultan Əlixanlı ilə məhz bu sənət ocağında ailə qurub.

Kitabları

  1. Söz və qələm. 2023[2]

Filmoqrafiya

  1. Azərbaycanın memarlıq abidələri (film, 1976)
  2. Babadağ (film, 2006)
  3. Biz qayıdacağıq (film, 2007)
  4. Çölçü (film, 2012)
  5. Dahilərin divanı (veriliş, 2007)
  6. Əlavə təsir (film, 2010)
  7. Güllələnmə təxirə salınır!... (film, 2002)
  8. Günaydın, mələyim! (film, 2008)
  9. Xınalıq etüdləri (film, 1974)
  10. Qoy oturmuşuq (veriliş, 2007)
  11. Şuşa yolu... (film, 2002)
  12. Yüz ilin bir günü (film, 1987)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.