Vampir

Vampir (q.türk İçkək[1]) və ya Qaniçən[2] — yarı insan, yarı heyvan mifik məxluqlar. Azərbaycan mifologiyasında "Xortdan" adlanır.

Vampir qadın

"Vampir" və "Vampirizm"

İngilis dilində olan "vampir" sözü macar mənşəli olub XVIII əsrin əvvəllərindən, daha dəqiq desək, Avropa dövlətlərinin qitənin şərq ucqarlarını maraqlanmağa başlamasından sonra işlənməyə başlanmışdır. Modern Vampir termininin mənşəyi SlavyanTürk xalqlarında rast gəlinən Ubır termininə əsaslanır. Ubır inancının ilk olaraq Volqa-İdil çayıPontus çöllərində meydana gəldiyi, qıpçaq-kuman köçləri ilə müxtəlif coğrafiyalara və slavyanlar arasında yayıldığı düşünülür. Modern "Vampir" sözü slavyan dilləritürkcə "онпыр (onpyr)" şəklindən türər; "V" səsi köhnə bolqar nazal burun saitindən əvvəl əlavə olunur, bunu ənənəvi bolqar forması впир (vpir) sübut edir. (digər adlar: onpyr, vopir, vupir, upir, upierz.)[3]

Günəşin batması ilə yenidən doğması arasında olan zaman intervalı ərzində dirilərək məzarlardan çıxdığına, insanlara hücum edib onların qanlarını içdiyinə inanılan fövqəlvarlıqlar kimi təsəvvür edilən "vampir" sözünün hərfi mənası "qaniçən" deməkdir[4].

Con Haynrix Zopfius özünün 1733-cü il tarixli "Serb vampirləri" adlı elmi işində yazmışdır: "Vampirlər gecələr öz məzarlarından çıxaraq yataqlarında sakit yatmış insanlara hücum edib bədənlərindəki qanlarını sorur və onları məhv edirlər. Vampirlər kişi, qadın və uşaqların yaşına və cinsinə baxmadan onlara zərər verirlər…".

Skoffern isə özünün "Stray Leaves of Science and Folk lore" ("Elmin və folklorun baxımsız yarpaqları") adlı əsərində yazır: "Vampirlərə verə bildiyim ən gözəl anlayış onun yaşayan, şər ruhlu, qatil ölü bədən olmalarıdır. Yaşayan ölü bədən!..".

Bu söz ayrı-ayrı dillərdə müxtəlif cür adlandırılır. Məsələn, azərbaycanca – xortdan, türkcə – hortlak, rusca, ukrainca, belarus, slovak və çex dillərində – upir, bolqarca – vampir, polşa dilində – wapierz, yunanca – rikoklas, tatarca –uvır və s.

Qərb ədəbiyyatında "vampir" sözünə ilk dəfə 1734-cü ildə İngiltərədə çap olunmuş "Oxford English" lüğətində[5] rast gəlinir. Daha sonra bu söz 1745-ci ildə Harleian Misscelllanydə nəşr edilmiş "Travels of Three English Gentlmen" ("Üç ingilis centlmeninin səyahəti", Samuel Conson)adlı macəra əsərində işlənmişdir. Əsərdə qəbirdən şər ruhla xortlayaraq insanları öldürüb qanını içən meyitlər vampir adlandırılmışdır.

"Vampirizm" anlayışına gəlincə, "vampir" sözü və "izm" sözdüzəldici şəkilçisindən əmələ gəlib leksikonumuza daxil olan və demək olar ki, bütün dünya dillərində işlənən bu söz dar mənada vampirlərin mövcudluğu ilə bağlı cərəyanı ifadə edir. Geniş mənada isə bu söz fikrimizcə, vampirlərin real olmasına, başqa sözlə, həqiqətdə mövcudluğuna dair həm nəzəriyyədə, həm də təcrübədə yaranan ziddiyyətli məsələlərin həllini əhatə edən fikirlərin məcmusundan ibarət bir dünyagörüşü anlamını əks etdirir.

Vampir və vampirizmlə bağlı sistemli və müntəzəm araşdırmalar aparan şəxslər isə vampiroloq (ingiliscə vampirologist) adlanır.

Digər əfsanəvi varlıqlardan fərqi

Macar dilinin köklərini araşdırmaq məqsədi ilə Orta Asiyaya qədər dərviş qılığında səfər edən Professor Arminius Vambery'e görə: "Osmanlı dövründə məşhur bir inanca görə vampirlər ağac oyuqlarında gizlənirlər və oralarda ovlanırlarmış. Ələ keçirilən vampirlərin kəlləsi kəsildikdən sonra bir çuvala qoyulub dənizə atılarmış."

Tarixdə insanlar tərəfindən vampirlər kimi bir sıra digər əfsanəvi varlıqlara da sadəlövhcəsinə inam olmuşdur. Bunlara bahamut, su pərisi, zombi, golem, qrifon, enkebit, faun, fantom, yutpa, div, qulyabanı, qurd adam, simurq, peqasus, troll, tək buynuz, təpəgöz və bir sıra digər məxluqların adlarını misal göstərmək olar. Bunlar içərisində vampirlərə ən çox bənzəyən, lakin onlardan əhəmiyyətli dərəcədə fərqlənən əfsanəvi varlıqlar zombi, qurd adam və qulyabanıdir. Adları sadalanan əfsanəvi varlıqların vampirlərdən tam fərqli məxluqlar olduğunu göstərmək üçün onlar haqqında qısa məlumat verməyi məqsədəuyğun hesab edirik:

  1. Zombi – Vudunun Afro-Caribbean və Creole ruhani inanc sistemində ölümsüz bir insan olduğuna inanılır. Guya zombilər (insanların ölü bədənləri) fövqəltəbii qüvvələrin təsiri vasitəsilə insanlarda qorxu yaratmaq üçün canlandırılır. "Zombi" vudu ilan allahı Niger-Congonun adıdır. Bu söz konqo dilindəki tanrı mənasını ifadə edən "nzambi" kəlməsinə bənzəyir.
  2. Qurd adam – Qurda çevrilə bilən yarı qurd, yarı insan xüsusiyyətlərinə malik əfsanəvi varlıqdır. Yunan tarixçisi Herodot istədiyi zaman insana və ya qurda çevrilə bilən bir varlıqdan bəhs etmişdir. Deyilənlərə görə qurd adam adlı bu məxluq insan yeyir və qurda çevrildiyi zaman öz insan səsini və gözlərini dəyişmir. Həmin vaxt o vəhşi bir qurd tək güclü olur. Müxtəlif xalqların tarixində qurd adamla bağlı bir çox əfsanələrə rast gəlmək mümkündür.
  3. Qulyabanı – Əfsanəyə görə bu varlıq səyahət edənlərə hücum edib onları məhv edirmiş. İnsan yeyən bir varlıq kimi təsəvvür edilən qulyabanı guya yaşlı olub uzun saqqala malikdir.

Ümumiyyətlə, qeyd edək ki, heç bir elmi əsasları olmayan bu əfsanəvi varlıqlar reallıqda mövcud olmayıb yalnız və yalnız insan beyninin fantaziyasının məhsulu kimi meydana çıxmışdır.

Vampirizm mifinin tarixi

Vampir əfsanəsinin kökünü Mesopotamiyadakı Dəclə və Fərat çaylarının yaxınlığında olan gil və daş lövhələrin üzərində yazılmış assuriya yazılarında axtarmaq lazımdır.

Assuriyada gözə görünməyən və insanları təsiri altına sala bilən "Ekimmu" adlı vampirin varlığına inanılırdı. Əfsanəyə görə o, taxtadan düzəldilmiş silahlarla, yaxud da pis ruhları qovan birinin köməkliyi ilə məhv edilə bilərmiş. Vampirlər haqqında olan əfsanələrin köklərini qədim Babilistanda axtaranlar da az deyil. Bundan başqa, ibranilərin müqəddəs kitabında adı keçən lilit böyük ehtimal ki, ilk vampirlərdəndir. Lilit gecələri bayquş cildinə girib dolaşaraq ovlamaq üçün uşaqları və qadınları axtarırdı. Əfsanəyə görə lilit Adəm peyğəmbərin guya Həvvadan qabaq arvadı olmuş, sonralar Adəmə itaət etməkdən imtina edərək şeytanın tərəfinə keçmişdi. Çünki o, artıq hər şeyə pisliyin gözü ilə baxırdı. Nəticə olaraq o, Adəmlə Həvvanın övladlarına, yəni bütün insan soyundan olanlara hücum edən bir vampirə çevrilmişdir.

Modern Vampir termininin mənşəyi SlavyanTürk xalqlarında rast gəlinən Ubır termininə əsaslanır. Ubır inancının ilk olaraq Volqa-İdil çayıPontus çöllərində meydana gəldiyi, qıpçaq-kuman köçləri ilə müxtəlif coğrafiyalara və slavyanlar arasında yayıldığı düşünülür. Modern "Vampir" sözü slavyan dilləritürkcə "онпыр (onpyr)" şəklindən türər; "V" səsi köhnə bolqar nazal burun saitindən əvvəl əlavə olunur, bunu ənənəvi bolqar forması впир (vpir) sübut edir. (digər adlar: onpyr, vopir, vupir, upir, upierz.)[3]

Vampirə oxşar qanı beyninə sıçramış insan kimi təsəvvür olunan "Ching shih" adlı varlığa qədim Çin əfsanələrində də rast gəlmək mümkündür. Əfsanəyə görə bu məxluq öz qurbanını zəhərli nəfəsi və ya qanını əmərək öldürürmüş. Deyilənə görə onu adi silahla və ya günəş işığından istifadə etməklə yaralamaq və hətta öldürmək olarmış.

Qədim Hindistan tarixində isə "qaniçənlər" haqqında olan miflərin kökü hələ eramızdan əvvəl 3-cü minilliyə qədər gedib çıxır. İndiki Hindistanın, Nepalın və Tibetin ümumi sərhədinin keçdiyi Hind çayı vadisində qayalar üzərində yaşıl sifətli, tutqun göy bədənli və uzun köpək dişləri aydın seçilən allahların təsvirləri və bütləri qalmaqdadır. Onlardan biri olan Qədim Nepal ölüm Allahı içərisində qanlı bir hovuzun içində qaya kimi ucalan skilet yığınları üzərində əlində qanla dolu kəllə qapağına oxşar bir piyalə tutmuş vəziyyətdə təsvir olunmuşdur. Divara çəkilmiş bu təsvirlərdən bəzilərinin tarixi e.ə. 3-cü minillikə qədər gedib çıxır. Vampirizmlə bağlı fikirləri ilə tanınan Dehli Universitetinin professoru Varma həmin ölüm allahını, eləcə də Tibet iblisini və qədim monqol zaman allahını mifologiya tarixində ilk vampirlər hesab edir. Hind ədəbiyyatı tarixində vampirlər təxminən eramızdan 1500 il əvvələ aid olan yazılarda rakşasa (qədim hind dilindən tərcümədə – "mühafizə edən" deməkdir.Heyvan üzlü bir insan və ya insan üzlü bir heyvan olaraq təsəvvür edilən bu varlıqlar guya qurbanlarının ətini yeyib, qanını içərmişlər) və laqsuiram (körpələrin qanını soran yaraşıqlı qadınlar) adlandırılmışdır. Onu da qeyd edək ki, Qədim Hindistan rəvayətlərində ağacdan başı aşağı vəziyyətdə asılmış, yarasaya bənzər və qana ehtiyac duyan "Baital" adlı vampirə oxşar varlıqdan da söhbət açılır. Bundan başqa, Qərbi Hindistanda yaşlı qadın cildində gecə vaxtı insanları ovlayan "Loogaro" adlı vampirdən də bəhs olunur.

Malayziya əfsanələrində isə vampirlərə "penangalen" deyirlər. Bu bədənsiz baş guya uşaqların qarnında yuva salaraq onları içəridən yeyərmiş.

Şərqi Avropada qaraçılar "Mulo" adlı məxluqun varlığına inanırdılar. Deyilənə görə "Mulo" insanın ruhu olub gecələri öz cəsədini məzarında tərk edərək günəşin ilk şəfəqi ilə geri qayıdarmış. Əfsanəyə görə onlar görünməz olsalar da, ona inanan insanların gözünə əsl bədənləri ilə görünə bilərmiş. Şərqi Avropada qaraçılar həmçinin, "erkək mulolar"ın dul qaraçı qadınları hamilə etdiyinə və ondan doğulan "dhampir" adlı vampirin də mövcudluğuna inanırdılar.

Vampirlərlə bağlı əfsanələrə başqa xalqların mifologiyasında da rast gəlmək mümkündür. Məsələn, ərəblərin 1001 gecə nağıllarında insan ətini yeyən "Aqul" adlı dişi vampirə bənzər məxluqlarla bağlı hekayələr vardır.

Kökü ruhlara dayanan Afrika inanclarında da vampir əfsanəsinin izləri vardır. Belə ki, Afrikanın bəzi qəbilələrində bir ölünün təkrar diriləcəyinə, onun canlı bir varlığın qanı ilə yaşaya biləcəyinə inanılır. Qərbi Afrikada dəmir dişləri və qarmaq ayaqları olan insanabənzər "Asasabonsam" adlı vampirlərin də mövcudluğuna inanılırdı. Əfsanəyə görə onlar qarmaq ayaqları ilə ağacdan başı aşağı vəziyyətdə sallanaraq yaşayır, qurbanlarının barmaqlarından dişləyirdilər. Yeni Ginenin Camma qəbiləsində Ovengua cini və ya Borneo adasında yaşayan Dayak qəbiləsindəki "Buau" adlı məxluq da oxşar inanışlara dayanan varlıqlardır.

Vampirlərlə bağlı digər maraqlı rəvayət isə İngiltərə tarixinə aiddir. 1200-cü illərdə İngiltərədə yaşayan dindar Walter Map adlı şəxs bir vampirin bütöv kənd əhalisinin qanını əmərək öldürdüyünü iddia etmişdir. Mapın söylədiyinə görə guya kənddə sağ qalan sonuncu insan qılıncı ilə qana susamış vampirin başını iki yerə bölmüşdür.

Tanınmış vampir tədqiqatçısı Montague Summers 1928-ci ildə Londonda, 1929-cu ildə isə Nyu-Yorkda təkrar çap olunan "The Vampire: His Kith & Kin" ("Vampir – qohumları və ailəsi") adlı əsərində (Giriş, 5 bölmə və biblioqrafiya hissələrindən ibarət olan bu kitabda vampirlərin mənşəyi, kökü, eləcə də onlara aid edilən xüsusiyyətlər, həmçinin Assuriyada, şərqdə və bir sıra qədim ölkələrdə vampirlərin tarixi, habelə ədəbiyyatda vampirlərlə bağlı yazılan əsərlər haqqında ətraflı şəkildə söhbət açılır) ispanların gəlişindən əvvəl vampirlərin Meksikada primaeval meşələrində yaşamış olduğunu söyləyir. Bu ölkədə gecələr uşaqları ovlayıb qanlarını içən, öz ayaqlarını bədənindən ayıraraq forma dəyişdirə bilən "Tlahuelpuchi" adlı vampirin mövcudluğuna inanılırdı. Meksika əfsanələrində gənc uşaqları vampirə çevirən "Civaveteo" adlı vampirlərdən də bəhs olunur.

Braziliyada "Jaracara" adlı vampirlərin mövcudluğuna inanılırdı ki, guya o, ilan kimi görünməklə yatan qadınların qanını və südünü əmirmiş. Cənubi Amerikada "Azerman" adlı gün boyu qadın cinsindən olan insan formalı, lakin gecələri yarasa və ya digər heyvana çevrilən bir vampirin mövcudluğuna inanılırdı. Əfsanəyə görə əgər toxumlar yerdə səpələnmiş halda olardısa, həmin vampir onları saymaq üçün dayanarmış. Yaxud əgər qapının qarşısında süpürgə olardısa, o, həmin otağa girməzmiş.

Misirdə şəhvət və eşq macəraları ilə məşğul olan qara saçlı "Kyra" adlı vampirin var olduğuna inanılırdı.

İrlandiyada bir kelt əfsanəsində Waterford da Strongbow ağacının yanında basdırılmış – kişiləri başdan çıxararaq onlara sarılıb qanlarını qurtarana qədər içmək üçün ildə bir dəfə qəbirdən çıxan – "Dearg-due" ("Qızıl qan əmici") adlı məşhur bir qadın vampirdən bəhs olunur.

Avstraliyada yarasa kimi qanadları olan, üfunətli qoxu gələn, kişi formalı "Garkain" adlı vampirlərin mövcudluğuna inanılırdı. Əfsanəyə görə tüfeyli gəzən bir ovçu və ya itmiş bir uşaq onun "mangrov" adlı meşəsinə girərdisə, o, ağacdan ovunun üzərinə tullanar və qanadları ilə onu tutarmış, bu zaman qurbanı pis qoxudan nəfəsi kəsilər, "Gurkain" isə onun bədənini yeyərmiş.

Bolqarıstanda tək burun dəliyi olan "Krvopijacs" ("obour" adı ilə də tanınır) adlı vampirin mövcudluğuna inanılırdı. Əfsanəyə görə bu vampirlər məzarların ətrafında güllər gördükdə hərəkətsizləşirmişlər. Onları öldürməyin tək yolu isə cadu edərək ruhlarını bir şüşə içərisinə həbs edib odda yandırmaq idi.

Albaniyada gecə vaxtı ağcaqanad cildinə girərək uşaqların qanını içən "Shitriga" adlı vampirin mövcudluğuna inanılırdı. Maraqlıdır ki, XX əsrin ilk illərində bir çox erməni həmin məxluqu uşaq ölümlərinin əsas səbəbi kimi qəbul etmişdir.

Polşa və Rusiyada normal insan kimi gözə görünən, lakin ağzında diş əvəzinə arı iynəsi olan və ovuna günortadan sonra gecə yarısına qədər çıxan "Vampir" adlı vampirin mövcudluğuna inanılırdı. Əfsanəyə görə o, yalnız yıxıldığı zaman vücudu partlayır, bədənindən yüzlərlə iyrənc heyvanlar əmələ gəlirdi. Deyilənə görə onlardan biri qaçardısa, "vampir"in ruhu da qaçmış olurdu ki, bu da onun gələcəkdə intiqam almaq üçün geri qayıtmağına səbəb olurdu.

Qədim Yunanıstan və Roma əsatirlərinə gəlincə isə , qaniçənlər – gözəl qadın və ya qorxunc ruh cildinə girərək insanları ovlayan lamiyalar, rikolaklar və başqa obrazlarla təmsil olunmuşdur. Lamiya yunan mifologiyasına görə Allahlar Allahı Zevsin məşuqəsidir. Zevsin arvadı Hera ona qarşı savaşmışdır. Lamiya dəli olmuş və öz dölünü öldürmüşdür. Bundan sonra o, gecələr insanların uşaqlarını həmin üsulla öldürmək üçün ova çıxmışdır.

Yunan əfsanələrində yeni ilə keçən gün gözə görünən, yarı insan, yarı heyvan olan "Callicantzaros" adlı vampirdən də bəhs olunmuşdur. Deyilənə görə o, qəsəbələrin girişində və ya düzənlik yerlərdə gəzib yeraltı mağaralarda yatarmış. Guya yer üzünə çıxdıqda "Callicantzaros" ölümsüz olmayan bir qadını yeraltı dünyasına gəlin gətirmək və ondan uşağı olması üçün qaçırarmış. Əfsanəyə görə ana və atası ölümlü olan bu vampirin dişlədikdən sonra yediyi ilk qurbanı öz qardaşı və bacısı olmuşdur. Yunan rəvayətlərində möhkəm pəncələrə malik olan, qurbanlarının qanını içən vampirə bənzər "Keres" adlı varlıqdan da söhbət açılır.

Yunan və Roma əsatirlərində yer alan bir hekayə isə "Mennipus" adlı gənc bir adamın toyundan bəhs edir. Toyda tanınmış bir filosof olan Tyanalı Apollonius çox gözəl olduğu söylənilən gəlini araşdırır. Sonda o, gəlini vampir olmaqda günahlandırır və hekayəyə görə gəlin vampir olduğunu etiraf edir. Əfsanəyə görə gəlinin Mennipus ilə evlənməsinin səbəbi əlinin altında içmiş olacağı təzə qan saxlamaq imiş (Bu hekayə bizim eranını birinci əsrində Philostratas adlı şəxs tərəfindən də danışılmışdır).

Romada əhali gecələr bayquşa çevrilərək uşaqların qanını əmən və onların daxili orqanlarını yeyən "Stryx" adlı vampirin mövcudluğuna da inanırdı.

1833-cü ildə Tırnova qazısı Ahmet Şükrü Əfəndi tərəfindən hökumət mərkəzinə göndərilmiş və Təqvim-i Vekayi qəzetinin 69. sayında nəşr olunmuş olan bir sənəddə bu ifadələr yer alır:

"Böyük bir izdihamla qəbiristanlığa gedildi. Şəkil taxtanı barmağında çevirməyə başlayınca şəkil sağlamlıqlarında yeniçəri ocağının qanlı zorbalarından Tekinoğlu Ali Alemdar ilə Apti Alemdar deyilən iki sakinin məzarına qarşı dayandı. Məzarlar açıldı. Cəsədlər yarım misli böyümüş, tükləri və dırnaqları da üç dörd dəfə uzanmış tapıldı. Gözlərini qan bürümüş, çox qorxunc idi. Qəbiristanlıqdakı bütün izdiham bunu gördü. Bu adamlar sağlamlıqlarında hər cür pis çirkin işi etmiş, təcavüz, namusa, mala hücum etmiş, adam öldürmüş. Yeniçəri ocaqları qaldırıldığı zaman bir təhər yaşlarına baxılaraq cəllada verilməmiş əcəlləri ilə ölmüş kəslər idi. Sağlamlıqlarında etdikləri azmış kimi indi də xalqa pis ruh olaraq mübtəla olmuşlar. Cadıcı Nikolanın tərifinə görə, bu kimi pis ruhları qovmaq üçün cəsədlərin göbəyinə bir ağac paya çaxılar və ürəkləri qaynar su ilə qaynadılırmış. Ali Alemdar ilə Apti Alemdarın cəsədləri məzardan çıxarıldı. Göbəklərinə bir ağac paya çaxıldı və ürəkləri bir qazan qaynar su ilə qaynadıldı. Lakin heç bir təsir etmədi. Cadıcı "bu cəsədləri yandırmaq gərək" dedi. Bu xüsusda şer'an da icazə verildi və iki yeniçərinin məzardan çıxarılan cəsədləri məzarlıqda yandırıldı."

İzah edilən hadisədə kiçik fərqlərlə Avropadaki cadıçılık üsulları izlənilməkdədir. Məsələn Avropa inancında paya göbəya deyildə ürəyin xəttinə çırpılır, ürəkləri qaynatmaq qədər cəsədlərin kəllərini uçurmaq da ənənəyə görə təsirli bir çarədir. Bu cür əsassız söz-söhbətlərin xalqı intizamsız yeniçərilərə qarşı hərəkətə keçirmək üçün ortaya atıldığı təxmin edilir.

Məçkəy

"Məçkəy" — türk, anadolu və altay xalq inancında, qərb dillərindəki qarşılığı ilə birə-bir üst-üstə düşən bir mənala vampir deməkdir. "Məçik" də deyilir. Türk xalq mədəniyyətində və xalq inancında özünə xas bir vampir növüdür. Bəzi istiqamətləri tamamilə türk mədəniyyətinə xas olsa da qərb cəmiyyətlərinin inanclarına çox bənzəyən bəzi xüsusiyyətləri də mövcuddur. Məsələn eynilə Nosferatu nümunəsində olduğu kimi, "taun" xəstəliyi daşıdığına inanılır. İnsanların qanını əmər, içlərində böyüyər. Ölüm saçan donqar bir yaşlı qadın (və ya bəzən yaşlı bir kişi) şəklində düşünülər. Söz, biçmək (kəsmək) feli ilə əlaqəlidir. Məç monqolcada meymun, Məs isə silah deməkdir.

Digər vampir obrazları

Ayrı-ayrı xalqların inanclarında mövcud olmuş haqqında bəhs edilən "vampir" obrazlarından başqa, müxtəlif xalqlarda digər vampir obrazlarına da rast gəlmək mümkündür. Məsələn, İncubus və Succubus (Avropa), Glaistig (Şotlandiya), Leanansidhe (Man adası), Soucouyan (Dominikan), Strigoi (Rumıniya), Veshtitza (Serblərdə), Vrykolakas (Yunanıstan) və s.

Bəzi vampirlər isə aşağıdakı kimi təsəvvur olunmuşdur:

  1. Aswang – Gündüz insan, gecə isə vampir olan gözəl bir qız kimi təsvir olunmuşdur. Ov etdiyi zaman böyük bir quşa çevrilir və içi boş olan dilini qurbanının boğazına soxaraq qanını içirmiş;
  2. Bas – Əsasən donuz, bəzən də insan qanı içən vampir;
  3. Kappa – Su olan yerlərdə yaşayan və heyvan qanı ilə bəslənən vampir;
  4. Tenatz – Ölmüş insanların bədənlərini ələ keçirib ruhlarına hakim olan və insan qanı içib gecələr məzarlıqlara girdikdə siçana dönən vampir.

Bir sıra digər vampirlər və vampirəbənzər varlıqların isə adlarını sadalamaqla kifayətlənirik: Asema, Baobban Sith, Nora, Polong, Redcaps, Ustrel, Vetala və s.

Kilsənin "vampirizm"ə reaksiyası

Tarixdən məlum olduğu kimi 1215-ci ildə Romada keçirilmiş Dördüncü laferan Soborunda vampirlərin mövcudluğu kilsə tərəfindən qəbul olundu və kilsə özünü vampirlərin kökünü kəsmək qüdrətində olan yeganə güc kimi elan etdi. 1347-ci ildən etibarən isə üç il müddətində Avropada bubon xəstəliyi (qasıqda limfa düyünlərinin iltihabı) tüğyan etdiyi dövr ərzində kilsə bunun əsas səbəbini məhz vampirlərlə əlaqələndirdi. Xəstəliyin mahiyyəti barəsində heç bir təsəvvürə malik olmayan kütlənin isə 25 milyon insanın ölümünə səbəb olan bu bəlanı fövqəlqüvvələrin qəzəbi kimi düşünməkdən başqa çarəsi qalmadı.

Həmin dövrdə xəstəliyin yayılma mənbəyi belə qəbul olundu: Guya xortlayan meyitlər insanlardan intiqam almaq üçün onları dişləmiş, nəticədə isə vampirlər ortaya çıxmışdır. Bu dövr ərzində kilsənin vampirlərə qarşı mübarizəsi yalnız quru təbliğatla məhdudlaşdı və bununla əlaqədar əməli heç bir iş görülmədi. Bu hal isə "xortlama" hallarının, vampirizm kabusunun yazılı şəklə düşməsinin əsasını qoydu. Başqa sözlə, əhali arasında şifahi şəkildə dolaşan şayiələr artıq yazılı şəkildə ifadə olunmağa başladı. Təsadüfi deyil ki, təxminən 200 il sonra, daha dəqiq desək, 1489-cu ildə "Malleus Maleficarum" adlı kitab yazılmışdır. Əslində cadugərlərin zülmündən bəhs edən kitab olmasına baxmayaraq, həmin kitabdan vampirlərə qarşı mübarizə zamanı da istifadə olunmuşdur. Məhz bu səbəbə görə də, təəssüf ki, yazılanlar tətbiq edilərək bir çox məsum insan günahsız yerə vampir hesab edilib edam olunmuşdur. Bu kitab guya şeytana uyanları tanımaq və onların zülmündən qorunmaq üçün yollar göstərirdi. Dini alim Leo Allatiusun 200 il sonra tapılan yazıları kilsənin uzun müddət vampirlərə olan inancının davam etdiyini göstərən bir sənəddir. 1645-ci ildə "On The Current Opinions of Certain Greeks" adlı araşdırması ilə Allatius kilsənin bir tələbəsi kimi yunanlarda vampir anlayışını tədqiq etmişdir. Fikrimizcə, Allatius, bəlkə də, vampirlərin şeytana xidmət edən və gecələri insan ovlamaq üçün peyda olan varlıqlar olduğunu rəsmən elan edən ilk alimdir.

Vampirizm kabusuna qarşı mübarizə

Nəhayət, 1700-cü illərin əvvəllərində Parisdəki Sarbonna Universiteti ölünün vampirə çevrilməsi fikrini puça çıxarmaq üçün bədənin formasının dəyişməsi fikrinə rəsmi olaraq qarşı çıxdı. Bununla da həmin universitet məntiqsiz batil inancların səbəb olduğu vampir hesab edilən cəsədin bədən formasının dəyişməsi fikrinə qarşı çıxaraq radikal bir mövqe nümayiş etdirdi. Bundan sonra vampirlərlə bağlı batil inancları tənqid edən digər alimlər də öz sözlərini deməyə başladılar. Məsələn, Fransız rahib Dom Augustine Calmet cəsarətlə 1746-cı ildə "A Treatise on Apparations Spirits And Vampires a.k.a. The Phantom World" ("Xəyalətlər, Ruhlar və Vampirlər haqqında elmi bir kitab – Xəyali Dünya") adı vampirlərin mövcudluğunu ciddi şübhə altına alacaq qədər güclü bir kitab yazmışdır. Calmet hələ o vaxtlar öz kitabında vampirlərin mövcudluğunu qəbul etmək üçün əvvəlcə tutarlı faktlar və təkzibolunmaz sübutlara ehtiyacın olduğunu bildirmişdir.

Mifoloji və folklor vampirləri

Mifoloji vampirlərlə folklor vampirləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir və onları qətiyyən qarışdırmaq olmaz. Məsələn, Slaviyan folklorundakı vampir Bram Stoukerin yaratdığı vampir obrazına qəti şəkildə oxşamır. Belə ki, Broum Stoukerin "Kont Drakula" adlı vampiri Transilvaniyada yaşayan bir macardır. Onun prototipi isə Rumıniya kralı Vlad Tepeş adlı biridir ki, göstərdiyi şücaətlərə görə o, imperator Siqizmund tərəfindən xüsusi emblemlə mükafatlandırılmışdır. Emblemin üzərində xaç formasında çarmıxa çəkilmiş qanadlı əjdaha (drakul) təsviri olduğundan onların sülaləsi Drakullar adlandırılmış, 1476-cı ildə türklərlə savaşda məğlub olaraq sülalənin mövcudluğu başa çatmış və bundan sonra elə bir izi qalmamışdır. Məhz Broum Stoukerin adı çəkilən romanının işıq üzü görməsi ilə tarixdə belə bir şəxsin və sülalənin olması bütün diqqəti özünə yönəltmişdir.

Bədii ədəbiyyatda "vampir" surəti istər "iş üslubu"na, istərsə də xarici görkəminə görə fərqlənir. O, kök bədənli, dağınıq saçlı, qızarmış sifəti və ölgün gözləri olan çirkab içərisində yaşayan bir slaviyandır. Mifoloji vampir öz qurbanının qanını boynundan dişləyərək sorduğu halda, bu pis qoxulu məxluq üfunətli dişlərini ovunun sinəsinə və ya əl-ayağına batırır, dəbdəbəli qalada deyil, məzarlıqda ömür sürür.

Vlad Tepeş kimdir?!

Tarixə nəzər salsaq görərik ki, Vlad Tepeş Drakula XV əsrdə yaşamış və türk ordusuna qarşı savaşmış həqiqi bir Rumıniya kralı olmuşdur. Bu gün belə Vlad Tepeş Drakula Rumıniya tarixində qəhrəman hesab edilir. Təsadüfi deyil ki, Rumıniya ordusu onun şərəfinə modern bir hücum vertolyotuna "AHO1-RO Drakula" adını vermişdir. Qəhrəman olmasına baxmayaraq, o, həm də bir qatil idi. Canavar ruhlu olan bu adamın ən sevimli qətl üsulu isə qurbanını paza keçirərək öldürməyi idi.

Onun qəsri Rumıniyada Wallachia bölgəsində, yəni məşhur Transilvaniyada arges çayı sahillərində yerləşmişdir. 1456-cı ildə Vlad Tepeş buraya hakim idi. Onun qəsri qayalar üzərində əlçatmaz bir yerdə yerləşdiyindən strateji baxımdan çox əlverişli idi. Həmin vaxtlar Wallachiada iki sinif var idi: kölələr və boyarlar. Vlad Tepeşin məqsədi boyarları qorumaq idi. Bu dövrdə Osmanlıların hücumları nəfəs almağa imkan vermirdi. Osmanlı taxtında isə Fateh Sultan Mehmet oturmuşdu. Bizansı məhv edən gənc sultanın gözü Balkan ərazilərində idi. O, boyarların silahlanmasına və ordu qurmalarına heç cür imkan vermirdi. Vlad Tepeş isə türklərə qarşı gizli şəkildə təşkilatlanırdı. Nəhayət, o, 1457-ci ildə bir hücum hazırladı və gecə yarısı Osmanlıların tərəfini saxlayan boyarların qəsrlərini tək-tək ələ keçirərək onları ailələri ilə birlikdə əsir götürdü. Vəhşət və barbarlıq həmin gecə başladı. Belə ki, o, əsirləri aylarla dolandıraraq tək-tək öldürtdü. İnanılmaz işgəncələr edirdi. Əsirlərdən bəzilərini uçurumlardan atır, bəzilərinin diri-diri dərilərini soydurtdurur, bir qismini aclıqdan öldürtdürür, bir hissəsini isə buzlu sularda boğdurtdururdu. Bu xəbər türk fatehinə çatdıqdan sonra Osmanlı ordusu bölgəyə daxil oldu. Vlad Tepeş əvvəlcə bir neçə döyüşü qazandı və əsir götürdüyü türkləri tragedik şəkildə qətlə yetirdi. Çoxunun əmmaməsini başına mismarladaraq paza oturtdururdu. Deyilənlərə görə Vlad Tepeş həmin vaxt 20 min türkü paza keçirmək üsulu ilə öldürtdürüb meyitlərini paza keçirilmiş vəziyyətdə yan-yana sıraladaraq düzdürtmüşdü. O, sözün əsl mənasında, azğınlaşmışdı. Yağ qazanları qaynadır, insanları diri-diri içlərinə atdırırdı. Kəsdiyi başlardan qüllələr yığını düzəltdirib qarşısında oturaraq şərab içirdi. Belə vəhşi qətl mərasimlərini günlərlə davam etdirirdi. Vlad Tepeş öldürtdüyü insanları bişirib doğramaqdan da zövq alırmış. O, həmçinin yeməklərində qurbanlarının qanlarını çörəyə batırıb yeyərmiş. Bütün bu deyilənlər 1463-cü ildə dürüst olaraq hazırlanmış "The story of a Bloodthirsty Madman called Dracula of Wallachia" sənədində öz əksini tapmışdır. Göründüyü kimi Vlad Tepeş Drakulanın həqiqətən insan qanı içməkdən zövq alması tarixi sənədlərlə də təsdiqlənir. Lakin bütün bunlar onun bir vampir olmasına dəlalət etmir. Çünki insan qanına olan meylindən başqa, vampirlərə xas olan heç bir əlaməti onda müşahidə edən olmamışdır. Törətdiyi vəhşiliklər onun sadəcə inanılmaz dərəcədə qəddar biri olduğuna dəlalət edir. Belə qaniçən qəddarlara isə tarixin hər dövründə rast gəlinmişdir.

Fox televiziya kanalında efirə buraxılan, aparıcısı Tim White, dəvət olunan qonaqları isə Rosemary Ellen Guiley ilə yanaşı, Vincent Hillyer, Stephen Martin və Vlad olan televiziya proqramında məşhur vampir tədqiqatçısı Rosemary Ellen Guiley (onun haqqında bir qədər sonra ətraflı məlumat verilir – Yunis Xəlilov) Vlad Tepeşlə bağlı fikirlərini belə ifadə edir: "Vlad Tepeş vampir yox, real insan idi. XV əsrdə yaşamış qəddar və idarəçi biri idi. Broum Stouker onu "Count Dracula"sına model kimi seçmişdi. Burada yalnız bircə oxşar mövcudluq var idi ki, o da onun (Vlad Tepeşin – Yunis Xəlilov) qan içməsi idi… Bu isə ona vampir deməyə əsas vermir".

Axırda Osmanlı ordusu Tepeşi qəsrində sıxışdırdı. Amma qəsri ələ keçirmək çox çətin bir iş idi. Beş qülləsi olan qəsrin strateji vəziyyəti və dik qayalar türklərin top atəşinə ciddi mane olurdu. Bu vaxt türklər davamlı olaraq çarpaz atəş altında qaldılar. Bir versiyaya görə qəsrdən uzaq məsafəli yerlərə çıxışı olan gizli keçidlər var idi. Osmanlı əsgərləri səylə savaşarkən Tepeşin qəsrdən artıq qaçması barədə xəbərlər yayıldı. Türk ordusu Tepeşin həqiqətən qəsrdə olmadığına əmin olduqdan sonra geri çəkildilər. Lakin savaş hələ bitməmişdi. Müntəzəm şəkildə türklərlə mübarizə aparan Tepeş 1462-ci ildə sıxışdırılaraq geri çəkildiyi Poenaridə mühasirəyə düşdü. Arvadı çaya tullanaraq intihar etdi. Ancaq Tepeş buradan da qaça bildi. Deyilənlərə görə qısa bir müddət sonra türklərə məğlub olmuş, daha sonra öldürülmüş və başı kəsilərək İstanbula gətirilmiş, bədəni isə qayalardan aşağı atılmış, cəsədinin hissələrini toplayan rahiblər onu Snaqovda bir monastırın gizli zirzəmisində basdırmışlar. Maraqlı məqam isə odur ki, 1931-ci ildə monastırda açılan həmin məzar boş olmuşdur.

Vlad Tepeşin qəsrinə gəlincə isə, bu qəsr, türklər tərəfindən Tepeşdən qisas almaq üçün dağıdılmışdır. Qəsrin qalıqları 1940-cı ildə baş vermiş zəlzələ zamanı tamamilə məhv olmuşdu. Qeyd edək ki, 1960-cı illərədək qəsrin yeri bilinmirdi. Onun yerini Raymond T. McNally və Radu F. Florescu tapmışdır. Daha sonra qəsr bərpa edilmiş, Rumıniya üçün mühüm gəlir mənbəyi olmuşdur.

Tarixdən məlum olduğu kimi Vlad Tepeşin qəsrinin yerini müəyyənləşdirən Radu F. Florescu əldə etdiyi sənədlərlə Tepeşin qurbanlarının qanını içməsini və ölümsüz olması istəməsini yazılı olaraq açıqlamışdır.

Brem Stokerin Drakulası

Yuxarıda da qeyd etdiyimiz kimi 1897-ci ildə İngiltərədə çap olunan "Drakula" romanı ingilis dilli ölkələrdə qısa zaman intervalında məşhurlaşdı. Təsadüfi deyil ki, bu əsər yayımlanan kimi dünya ədəbiyyatında böyük əks-səda doğurmuş, tarixdəki real bir şəxsin (Vlad Tepeş) təhrif edilməsi ilə meydana gətirilən yeni qəhrəman obrazı (Kont Drakula) tezliklə ədəbiyyatın qorxu janrının mərkəzi fiquruna çevrilmiş və əsər dəfələrlə kino-filmlərin mövzusu olmuşdur.

Vlad Tepeş Stokerin Drakulasının prototipi olmuşdur. Konkret dəlillər olmasa da, Brem Stokerin Vlad Tepeşlə bağlı tarixi mənbələri hansısa bir formadasa ələ keçirdiyi zənn edilir. Məlum olduğu kimi Balkan ölkələrini gəzmiş Stoker Arminius Vambery adlı bir türkoloqu yaxından tanıyırdı. Ola bilsin ki, məhz Vambery ona Vlad Tepeş haqqında məlumat vermişdir. Lakin "Drakula" ləqəbli Vlad kimi tanınan bu qəddar hökmdar nə vampir, nə də ki, kont olmuşdur. "Drakula" sözü rumınca "Əjdahanın oğlu", "Şeytanın oğlu", "Kiçik şeytan" mənalarını ifadə edir.

Stoker Avropa tarixini çox mütaliə etmiş biri idi. Bəlkə də o, türklərlə rumınların müharibəsini araşdırarkən Vlad Tepeş onun diqqətini çəkmişdi. Görünür, Vlad Tepeşin paza keçirmə və qan içməsi Stokerə möhkəm təsir etmişdi ki, məhz bu məqam sonradan onun ilham qaynağı olmuşdur. Diqqətdən qaçırmaq olmaz ki, Drakulanın vampirlərlə əlaqəsi məhz Stokerin məlum əsərindən başlayır. Əslində Stoker bir vampir romanı yazmaq istəyirdi. Çünki o dövrdə məlum xarakterli romanlar yazmaq dəbdə idi. Böyük ehtimal ki, Vlad Tepeşi düşünən Stoker əsərində məkan kimi həyatda heç vaxt getmədiyi Transilvaniyanı seçdi.

Beləliklə, görünür kitabxanalarda uzun müddətli gərgin araşdırmaları öz bəhrəsini vermişdi ki, Stoker Vlad Tepeş və onun qəsrinin tarixi haqda öyrənmiş və bu yöndən yola çıxaraq məşhur romanını qələmə almışdır.

"Drakula" romanının qısa məzmunu

Romanın məzmunu bu məqalənin müəllifi Yunis Xəlilov(hüquqşünas, jurnalist)tərəfindən ingilis dilindən tərcümə edilərək hazırlanmışdır): "Əsərdə Kont Drakula öldükdən sonra dirilən bir varlıqdır. Lakin Conatan Harker adlı şəxs bundan xəbərsizdir. Conatan Transilvaniyaya Drakulaya Londonda ev almağa kömək etmək üçün gəlir. Hər kəs Drakulanın qəsrindən qorxsa da, bunu bilməyən Conatan qəsrə gedir. Lakin sonradan qorxunc həqiqətləri öyrənsə də, geri qayıtmaq üçün artıq çox gecdir. O, Drakula ilə gün ərzində yalnız gecələr görüşə bilir. Conatanın işi qurtarsa da, Drakula onu qəsrdən getməyə imkan vermir. Qəsrin bütün qapılarının bağlı olduğunu görən Conatan artıq dustaq olduğunu anlayır. Drakula Conatanı məcbur edir ki, o hər ay Londona məktub yazıb yaxşı olduğunu və burada bir az qalacağını bildirsin. Bir gün Conatan görür ki, Drakula onun qanı haqqında üç qadınla söhbət edir. Bir neçə gün sonra isə Drakula onu məcbur edir ki, öz sevgilisinə məktub yazıb Transilvaniyada işinin qurtardığını və öz evinə qayıdacağını bildirsin. Conatan anlayır ki, Drakula artıq onu öldürməyi planlaşdırır. O bunu biləndən sonra qəsrdən qaçmaq üçün plan qurur.

Conatanın sevgilisi Mina isə Conatan gedəndən bəri onun qəribə qısa məktublarına görə çox narahat olur.

Bundan başqa, əsərdə Conatan və Minanın bir-birlərini sevən Lusi və Artur adlı iki dostundan da bəhs olunur. Lusi bəzən kilsənin həyətinə gedir. Bir gecə Mina Lusinin arxasında qaranlıq kölgə görür. Bu vaxt o, ay işığında yatmışdı və boğazında iki qan damlası var idi. Sonrakı gecə Lusi özünü piss hiss edir. Bir gün sonra Mina Conatanın Drakulanın qəsrindən qaçmasına və xəstə olmasına dair məktub alır.

Nəhayət onlar qovuşa bilirlər və hər şey qaydasında gedir. Bir neçə ay sonra isə onlar evlənirlər. Qısa vaxt keçməmiş onlar Kontun Londonda olduğunu görüb çox qorxurlar. Daha sonra onlar evə qayıdanda Lusinin ölüm xəbəri haqqında Arturdan məktub alırlar. O, hər gün qan itirir və Mina görür ki, o, vampirə çevrilib. Onun bütün dostları üzülsə də, Lusi ,əslində, ölmür. Belə ki, o artıq öləndən sonra dirilən bir varlığa çevrilmişdir və hər gecə tabutundan çıxıb kasıb uşaqları öldürür. Artur dostu Cek və Cekın yaşlı müəllimi professor Van Helsinq Lusinin qəbrinə gedib taxta parçası ilə onun ürəyindən vururlar. Lusi isə özünə gələrək sakitləşir. Mina və Conatan professorun vampir Kontu öldürməyinə kömək etməyi qəbul edirlər. Lakin bir neçə gün sonra Kont Minaya ölüm öpüşü göndərir. Onlar vampiri öldürmədən qabaq artıq Mina ölür. Transilvaniyadan İngiltərəyə qayıtmağına imkan verməyərək onlar Kontun tabutunun yerini tapırlar. Conatan tabutu açıb bıçağı vampirin ürəyinə saplayır. Vampir ucadan çığırır. Sonra Mina dirilir və hər şey normal vəziyyətinə qayıdır. Mina Conatanla birlikdə həyatlarına davam edirlər".

Müəmmalı hadisə

1977-ci ildə çox qəribə və müəmmalı bir hadisə baş verdi. Belə ki, amerikalı səyyah Vincent Hillyer icazə alıb bir gecəlik Vlad Tepeş Drakulanın qəsrində qaldı. Həmin gecə hücuma məruz qalıb boynundan dişlənildikdən sonra "Drakula" romanı və "Vampirizm kabusu" yenidən gündəmə gəldi…

Sonralar Fox televiziya kanalında efirə buraxılan, aparıcısı Tim White, dəvət olunan qonaqları isə Vincent Hillyer ilə yanaşı, Rosemary Ellen Guiley, Stephen Martin və Vlad olan yuxarıda da bəhs etdiyimiz televiziya proqramında Vincent Hillyer deyəcəkdi: "Mən inanıram ki, mənim yaşayan vampirlər adlandırdığım vampirlər adlı başqa vampir tipləri vardır. Onlar insanların ətrafında dolaşaraq onlara hücumlar edir, onları boğazlarından dişləyərək qanlarını içirlər. Mənim fikrimcə, onlar əfsanəvi vampir tipləri kimi təhlükəlidirlər".

"Vampir" əfsanəsinin yaşamasına səbəb olmuş manyak ruhlu insanlarla bağlı tarixə qısa ekskursiya

  1. 1404–1440-cı illər: Fransada Gilles de Rais adlı şəxs gənc kişiləri vampirizmə və sadizmə aid edilən üsullarla qətlə yetirdiyi üçün həbs edilmişdir;
  2. 1560–1614-cü illər: Sabine Baring Gouldun "The Book of Werewolves" adlı kitabında "Qan əmici qrafinya" adlandırılan macar qrafinyası Elizabeth Bathorynin mərhəmətsizliklərindən bəhs olunur. O, mükəmməl təhsil almış ağıllı bir qadın olmasına baxmayaraq, çox zalım bir xarakterə malik idi. Əri hərbçi olmuş müharibələrdə əsir düşmüş türk əsgərlərinə qəddarlıqla işgəncələr vermişdi. E. Bathory əslində qəddarlığı ərindən öyrənmişdi. Ərinin ölümündən sonra isə onda yaranan ölüm qorxusu xidmətçi və kölələrinə sadist və qəddar davranmasına yol açmışdır. E. Bathory qurbanlarını döyməyə alışmış olmaqla yanaşı, çox vaxt onları şikəst də edirdi. Deyilənlərə görə o, bir dəfə Castle Csejthe adlı evinin yaxınlığında qurbanlarının bədəninə qarlı və soyuq havada su tökərək dondurmuşdu. İddialara görə E. Bathory bir dəfə xidmətçisi olan qızın vücudunu dəfələrlə dişləyərək ona işgəncələr vermişdi. O, gənc qalması üçün insan qanı ilə çimirmiş. Bir mənbəyə görə o, 650 qızı öldürüb qanını içmişdi. Ölülərin sayı çoxaldıqda E.Bathoryin xidmətçiləri cəsədləri onun qəsrindən kənara tullayırdılar. Qan içində olan meyitləri tapan kənd əhalisi təbii olaraq onların vampirlər tərəfindən öldürüldüyünü düşünmüşdülər. E. Bathory 1610-cu ildə gənc qızları öldürdüyünə görə həbs edildi. Deyilənlərə görə qurbanlarının cəsədləri qəsrində tapılmışdı. 1611-ci ildə iki dəfə keçirilən məhkəmə prosesində həqiqi ifadəsi alındı və o, təqsiri sübut olunduğundan Karpatya dağlarında yerləşən qəsrindəki yataq otağına həbs edildi. Bir müddət sonra isə o, öldü. E. Bathory haqqında danışılan əfsanələr bu gün belə səngimək bilmir. Belə ki, onun ruhunun ana vətəni olan Karpatyada gecə vaxtları ətrafı dolaşaraq qan axtardığı iddia edilir. Göründüyü kimi, onun qanlı hekayəsi bizə ağlı başında olmayan qəddar bir qatilin törətdiyi cinayətlərin yanlış şərh edilməsinin cahil insanların inanclarında vampirizm əfsanəsinin yaşamaqda davam etməsinə necə böyük təsir göstərdiyini bir daha ortaya qoyur;
  3. XVI əsr: Gilles Garnier adlı biri Fransada aclığını aradan qaldırmaq üçün yalnız dişi qurbanlarını öldürüb qanını içmişdir;
  4. XVI əsr: Clara Geisslerin adlı şəxs caduluq və vampirizmlə bağlı işlərlə məşğul olduğu üçün həbs edilmişdir;
  5. XVIII əsr: Peter Plogojowitz adlı biri Macarıstanda 10 gün ölü qaldıqdan sonra guya ki, dirilərək gecə vaxtları insanları ziyarət edib onları vampirə çevirirmiş;
  6. 1727-ci il: Arnold Paole adlı şəxs vampir gördüyünə and içdikdən sonra qəzaya düşərək ölmüşdür. Əfsanəyə görə öləndən sonra dirilərək kəndə hücum etmiş, kənd əhalisi onun ürəyinə paz batıraraq öldürmüşdür;
  7. XIX əsr: Sergeant Bertrand adlı bir ruhi xəstə Fransada məzarları eşməklə məşğul olurdu;
  8. 1867-ci il: Portuqaliyalı dənizçi James Brown gəmidəki özü kimi digər iki dənizçini öldürdükdən sonra birinin boynundan dişləyib qan içərkən yaxalanmış, ona məhkəmə tərəfindən ölüm cəzası verilməsi istənilsə də, ruhi xəstə olduğu hesab edilib dəli xəstəxanasında müalicə olunmasına qərar verilmişdir;
  9. 1883–1931-ci illər: Peter Kurten adlı şəxs "Düsseldorf vampiri" olduğu güman edilən erotik şəkildə qan içməyi sevən bir hematodipsiac idi. Arvadı tərəfindən polisə xəbər verildikdən sonra törətdiyi bir çox cinayətlərin üstü açılmışdır;
  10. 1879–1925-ci illər: Fritz Haarmann adlı şəxs Almaniyada "Hanover vampiri" adı ilə qurbanlarını yemədən əvvəl boyunlarını dişləyərək qanlarını içirdi. Uşaqlıq dövrünü atasının qorxusu altında yaşayan Fritz Haarmann gənc ikən orduda xidmət etmişdir. Çox keçmədən uşaq zorakılığına görə cəza verilmiş, bundan sonra İsveçrəyə qaçmışdır. Küçələrdə yaşayan Fritz Haarmann heyvanları öldürməkdən zövq alırmış. I Dünya müharibəsindən sonra polis dəstələrinə qatılmış və casusluq etmişdir. O, homoseksual idi. Küçələrdə tanış olduğu gənc oğlanları evinə dəvət edir, onlarla cinsi əlaqəyə girdikdən sonra öldürdürdü. 1919-cu ildə qanuni olmayan yolla cinsi əlaqəyə girdiyinə görə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həbsxanadan çıxdıqdan sonra Hans Grans ilə tanış olmuşdur. Hans Grans onun həm sevgilisi, həm də "cinayət partnyoru" olmuşdur. 1920-ci illərdə Fritz Haarmannın törətdiyi cinayətlər artıq çoxalmağa başlamışdır. O, artıq qurbanlarının boyunlarını dişləyib qanlarını içirdi. 1924-cü ildə polis onun cinayətlərinin izinə düşdü. Uşaqları qeyb olan bir neçə ailə polisə xəbər verdikdən sonra artıq Fritz Haarmannın bu işlə əlaqəsinin olduğu ortaya çıxdı. Fritz Haarmann həbs edildikdən sonra onun evini axtaran polislər 20-yə yaxın insan cəsədinin qalıqları ilə rastlaşdılar. Bütün bunlardan sonra Fritz Haarmann Hans Gransı da ələ verərək günahlarını etiraf etdi. 24 cinayət üzrə ittiham olunsa da, törətdiyi cinayətlərin sayının 50-yə yaxın olması düşünülür. İnsan əti yemək də daxil olmaqla, bütün iyrəncliklərə yol verən Fritz Haarmann bir vaxtlar qəssab olduğundan müştərilərinə onların xəbəri olmadan insan əti satdığını belə etiraf etdi. 15 aprel 1925-ci ildə keçirilmiş məhkəməsindən sonra Fritz Haarmann başı kəsilərək edam edilmiş və beyni araşdırılması üçün Göttingen Universitetinin alimlərinə göndərilmişdir;
  11. XIX əsr: Antoine Leger adlı biri Fransada gənc qızı qanını içmək də daxil olmaqla hər cür işgəncəni etdikdən sonra öldürmüşdür;
  12. XIX əsr: Vincenzo Verzeni Buttanaucco adlı şəxs İtaliyada cinayət, şikəstetmə və vampirizmlə bağlı ittiham olunaraq həbs olunmuşdur;
  13. XIX əsr: Mercy Brown adlı biri Rhude adasında öldükdən sonra bədəninin çürüməməsi səbəbindən vampir olmasından şübhələnildiyi üçün başı kəsilmişdir;
  14. 1910-cu il: Salvarrey Galazanna adlı bir nəfər vampir olduğunu deyərək Portuqaliyada tapılmış boynu dişlənilən ölmüş qızı qətlə yetirdiyini bildirmişdir;
  15. XX əsr: John George Haigh adlı ruhi xəstə olan biri qurbanlarının qanlarını içdikdən sonra meyit qalıqlarını məhv etmək üçün onların üzərinə sülfürik asit tökmüşdür.

Misalların sayını artırmaq da olar. Bütün bunlar onu deməyə əsas verir ki, tarixin müxtəlif dövrlərində manyak ruhlu vəhşi və ya xəstə insanların bu cür iyrənc və tük ürpədici hərəkətləri insanların beynindəki vampirizm kabusunun nəsildən-nəsilə ötürülməsinə böyük təsir göstərmişdir.

Rosemary Ellen Guileyin görüşləri

Hazırda Baltimor yaxınlığında Marylandda yaşayan Dünyanın tanınmış vampir tədqiqatçısı Rosemary Ellen Guiley müəmmalı və sirli məxluqlarla araşdırmalar aparıb fövqəlvarlıqlar haqqında 41 kitab, 8 ensiklopediya və yüzlərlə məqalələr yazmışdır. Onun əsərləri dünyanın 13 dilinə tərcümə edilmişdir.

Rosemary Ellen Guiley dünyanın əksər bölgələrinə səyahətlər edərək vampirlərlə bağlı təqribən min səhifəlik bir dosye hazırlamışdır. O, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 1000-dən çox vampir dərnəyini ziyarət etmiş, tədqiqat obyekti ilə bağlı saysız-hesabsız insanlarla görüşmüşdür. Gəldiyi nəticələr o qədər maraqlı olmuşdur ki, onun əsəri təhsil qurumları tərəfindən böyük məbləğdə pul ödənilərək satın alınmışdır.

İlk olaraq qeyd edək ki, Guiley vampirlərin həqiqətən mövcud olduğu qənaətindədir. Lakin onun tərif etdiyi vampir məfhumu insanların beyninə həkk olunmuş vampir obrazından əhəmiyyətli dərəcədə fərqlənir. Guiley qeyd edir ki, "Onlar aramızdadırlar, bizim kimidirlər, lakin fərqli yaşayırlar".

O, illər boyu davam edən araşdırmalarından sonra nə Broum Stoukerin Draculasına, nə də ki, Anne Ricenin Lestatına və ya Armandına rast gəlmədiyini bildirmişdir. Onun fikrincə, bunlar həqiqətdən uzaq olub insanların yalnız fantaziyalarını əks etdirir. Guileyin dediklərindən belə başa düşmək olar ki, vampirlər Klaus Kinski, Christopher Lee və ya Bela Lugosi kimi çirkin deyil, əksinə, onlar Gary Oldman, Antonio Banderas və ya Tom Cruise kimi yaraşıqlı və seksidirlər. Ona görə həqiqi vampirlər, hər şeydən əvvəl, qan fetişisti deyildir. Şüurlu olaraq bəziləri insan və ya heyvan qanı içməyi arzu edirlər. Bu isə, onların qanın dadını sevmələrindən və ya bəzi seksual ritualların təsirindən qaynaqlanır. Guileyə görə bəzi qan xəstəliyinə tutulanların qan içməyə meyli elmə məlumdur. Buna görə də anemiya xəstələrini vampir hesab etmək düzgün deyil. Guileyin qadın və kişi vampirləri özlərinin vampir olduqlarını bildirirlər və onlar uzun müddətdir ki, insan olmadıqlarına inanırlar. Bu vampirlərin heç biri yüz yaşında olduqlarını iddia etməsələr də, qocalmalarının çox gec bir müddətə baş verdiyini bildirirlər. Onların heç biri havada yarasaya çevrilib uçduqlarını iddia etmirlər. Onlar əsasən qara rəngə üstünlük verirlər. Bəziləri gecələrini klassik musiqi janrından olan konsertlərə getməklə keçirirlər. Onların bir inanca, bir irqə, bir partiyaya, bir millətə, hətta dünyaya bağlı olmaqdan xoşları gəlmir. Ona görə də özlərini bütün bunların xaricində görürlər. Guileyə görə ən maraqlısı isə odur ki, onlar öldükdən sonra diriləcəklərinə inanırlar.

Guiley sarımsaqdan, sudan və aynadan qorxmağın vampirlərlə əlaqəsinin olmadığı qənaətindədir və o, hesab edir ki, bunların hamısı vampir folklorundan qaynaqlanır və bu qorxuların hamısının psixoloji izahları vardır.

Guiley yazır: "Tanıdığım vampirlər dürüst inanca malikdirlər. Şüuraltında vampir olduqlarına əmindirlər. Onlar gecələrə aiddirlər. Sirliliyi sevirlər. Gün işığına qarşı həssasdırlar. Ən əsası isə yalnız yaşamağa meyillidirlər. Yəni insanlarla birlikdə yaşamağı xoşlamırlar. Lakin özlərinə bənzəyənlərlə hərdən bir qan içmək üçün bir araya toplaşırlar. Yaşamlarındakı dəyişikliklərin özlərindən asılı olmadan baş verməsi qənaətindədirlər. Onlara görə vampirə çevrilmək onları insanlardan və hətta pisliklərdən qoruyur. Vampirlərdən bəziləri ruhi aləmin işləri ilə məşğul olurlar. Belə qruplara "Ruhi vampirlər" deyə bilərik. Belə vampirlər susuzluqlarını qanla deyil, başqalarının yaşam enerjisini boşaltmaqla və ya əmməklə təmin edirlər. Bu vampirlər insanlara ehtiyac duyur və qurbanlarını insanlara yaxın olaraq tapa bilirlər. Onları tanımaq daha asandır. Həddindən artıq gecəyə meyillilikləri və təmasda olduqları insanların enerjilərini bir neçə saatda ala bilmələrinə diqqət yetirilərsə, onları tanıya bilərik".

Beləliklə, Guileyin dediklərindən birmənalı şəkildə aydın olur ki, onun "vampir" adlandırdığı insanlarla tarix boyu haqqında bəhs edilən yarı insan, yarı heyvan məxluqlar arasında çox böyük fərq vardır və Guileyin "vampir"i bizim mövcudluğunu təkzib etməyə çalışdığımız vampir deyil! Onun varlıqlarını sübut etdiyi "vampir" adi insan olub, sadəcə normal insanlardan fərqlənməyə əsas verən vampirlərə aid edilən bir sıra xüsusiyyətlərə malikdir. Qısacası, fikrimizcə, Guileyin "vampir" hesab etdikləri insanları vampir adlandırmaq düzgün deyil. Düzdür, Guiley də bizim mövcudluğunu təkzib etməyə çalışdığımız "vampir" obrazının reallıqda mövcud olmadığını açıq şəkildə bəyan edir. Məsələn, Fox televiziya kanalında efirə buraxılan, aparıcısı Tim White, dəvət olunan qonaqları isə Rosemary Ellen Guiley ilə yanaşı, Vincent Hillyer, Stephen Martin və Vlad olan yuxarıda da bəhs etdiyimiz televiziya proqramında Guileyin dediklərindən bir məqama nəzər salaq: "Mən real vampirlərin mümkün olma imkanına inanmıram. Mən real vampirlər dedikdə, fiziki baxımdan vampirlərin mövcudluğunu deyil (Guiley, burada insan olsa da, vampirlərə xas edilən əlamətlərə malik olan vampirləri nəzər tutur ki, onların varlığını sübut etmişdir – Yunis Xəlilov), insanlara hücum edən ölü bədəndə olan ruhi varlıqları nəzərdə tuturam".

Əlbəttə, Guileyin dedikləri həqiqətən çox düşündürücüdür. Onun fikirləri ilə tanış olduqdan sonra insanın ağlına bu sual gəlir: Görəsən, Guileyin "vampir" adlandırdığı insanlar tanıdıqlarımızın arasında da vardırmı?!

Vampirlərə aid edilən terminlər

Vampirlərlə bağlı rəvayətlər o qədər çoxalmış, onlara məxsus yeni ifadələr o qədər yaranmışdır ki, artıq vampirlərə aid edilən maraqlı terminlər leksikonumuza daxil olmağa başlamışdır. Bunlardan bir neçəsi ilə sizi tanış edirik:

  1. Ancilla – Yeniyetmə, gənc vampir;
  2. Anarch – Qocaman vampirlərə hörməti olmayan üsyankarlar;
  3. Archon – Şəhər-şəhər gəzib dolaşan vampirlər;
  4. Bloodline – 13 klanı bir-birindən ayıran soy xətti;
  5. Blood Bond – Bir vampirin qanını üç dəfə içdikdə yaranan gizli və mistik bir aludəçilik;
  6. Boons – Bir vampirin başqa bir vampirə xeyirxahlıq borcunun qalması;
  7. Caitiff – Klanı olmayan vampir;
  8. Childe – Gənc, təcrübəsiz və ya axmaq işlərlə məşğul olan vampirlər üçün istifadə edilən alçaldıcı bir söz;
  9. Clan – Eyni mistik və fiziki xarakterlərə malik olan vampirlərin yaratdıqları ailə və qan bağı olmayan qruplar;
  10. Coterie – Bir-birlərini qoruyan və dəstək verən vampir qrupları;
  11. Damned – Vampirlərin ümumi adı. "Lənətlənmiş" deməkdir;
  12. Elder – 300 yaşdan çox yaşı olan vampirlər;
  13. Elysium – Elderlərin hərdənbir toplaşaraq getdikləri opera, teatr kimi mədəni yerlərə verilən ad;
  14. Embrance – Ölə bilən birinin vampirə çevrilməsi. Qurbanın vampir tərəfindən qanının içilməsi, daha sonra öz qanını ona ötürməsi yolu ilə həyata keçirilir;
  15. Ghoul – Bir vampirin qanını içməsinə icazə verilərək yaradılan və vampirlərə xidmət edən varlıqlar;
  16. Golconda – Vampir olmaq ilə insanlıq arasında vampirlər tərəfindən qurulan tarazlıq;
  17. Haven – Gün işığında vampirlərin yatdıqları ev;
  18. İnconnu – İnsan problemlərindən özlərini tamamilə uzaq tutmağa çalışan vampir zümrəsi;
  19. Kindred – Vampirlərin adı;
  20. Masquerade – Edilən böyük savaşlardan sonra vampirlərin özlərini ölümdən gizlətmək üçün həyata keçirdikləri işlər;
  21. Methusalah – Artıq heç bir klana mənsub olmayan, inconnu olmuş elder vampirlər;
  22. Neonate – yeni yaradılmış vampir;
  23. Numina – Ölümsüz olmayan vampir ovçularında olan xüsusi güclər;
  24. Prince – Dişi və ya erkək vampirlərdən ibarət olan şəhəri idarə etməyi bacaran vampirlər;
  25. Sire – Ölümsüz olmayan birini vampir edən şəxs;
  26. Vitae – qan.

Nod kitabı

Vampirlərin gizli kitabıdır. Deyilənə görə bu kitabda vampirlərin tarixindən ətraflı şəkildə söhbət açılır. Əfsanəyə görə bu kitab "Nod" deyilən yerdə yazılmışdır. Heç bir vaxt tam şəkildə yayımlanmamışdır. Guya, tam şəklində olan variantı "antediluvain" adlı məzarlıqdadır. Bir versiyaya görə, guya amazon meşələrində qeyb olmuş şəhərin altında, yeraltında olan gizli məzarlarda 13 vampir klanı haqqında 13 daş lövhə üzərində yazılar vardır…

Vampirlərlə bağlı bəzi batil inanclar

Tarix boyu ayrı-ayrı xalqların mədəniyyətlərində vampirlərlə bağlı çox gülünc və absurd batil inanclar olmuşdur. Bütün bu batil inanclar isə sadəlövh və nadan xalq kütlələrinin qorxu və savadsızlığından irəli gəlmişdir. Bunlardan bir neçəsinə nəzər salaq.

Tarixdən məlum olduğu kimi 1718-ci ildə bağlanan Pojarevas sülh müqaviləsindən sonra Serbiya və Valaxiyanın bəzi hissələri Türkiyədən alınıb Avstriyaya verilmişdir. Məhz bu hadisədən sonra Qərbi Avropa xalqlarına məlum oldu ki, həmin ərazilərdə həyat əlamətləri hiss olunan məzarlardan meyitləri çıxarıb onların diri olub-olmamasına əmin olaraq yenidən dəfn etmək, bəzi meyitləri isə basdırıldığı yerdən çıxararaq vampir hesab edib öldürmək kimi qəribə bir adət olmuşdur. Həmin adətin həyata keçirilməsindən bir neçəsinin təsvirini kilsə xadimləri yazıya almışlar ki, bunlar içərisində də ən maraqlısı Uilyam Nyuberskinin və Dom Avqut Kalmetin tərtib etdikləridir. Məlum adətin mövcudluğu artıq 1725–1732-ci illərdə bütün əhaliyə məlum olmuşdur.

Orta əsrlər dövründə Avropada bir çox insanın ölümünə səbəb olan "Black Death" ("Qara Ölüm") adlı xəstəliyin guya vampirlərin işi olduğuna inanılırdı. Məlum olduğu kimi bu xəstəlik birə və siçanlardan yayılan bir vəba xəstəliyi olub 1300-cü illərdə Avropa əhalisinin təqribən üçdə birinin ölümünə səbəb olmuşdur. Həmin dövrdə əksəriyyət insan bu xəstəliyi vampirlərin yaydığını zənn edirdi. Bəziləri bir qədər də irəliyə gedərək ölən bir qohumun dirildikdən sonra geri dönüb özünə qurban aparacağını düşünürdü. Digər bir qrup insan isə ölmüş bir düşmənin vampirə çevrilərək geri dönüb kimisə öldürə biləcəyinə inanırdı.

Bundan başqa, bəzi yerlərdə (məsələn, Sileziyada, və ya serblərdə) ağacdan hazırlanmış pazın vampirin sinəsindən saplandığı zaman onu öldürə biləcəklərinə inanırdılar.

Qərbi Avropanın bəzi xalqlarında vampirlərin məzarlarını müəyyənləşdirməkdən ötrü gülünc və axmaq metodlardan istifadə olunurdu. Məsələn, çılpaq bir bakirə atın üzərinə oturdulurdu. Daha sonra o, məzarın üzərindən keçirdilirdi. Əgər at qəbrin üzərindən keçmək istəməzdisə, bu yerin vampir məzarı olduğu güman edilir və ölü müxtəlif üsullarla "öldürülməsi" üçün məzardan çıxarılırdı.

Bəzi yerlərdə ölülər üzləri cənub istiqamətinə baxılacaq şəkildə dəfn olunurdular və taxta pazlarla onların məzarlarının üzəri örtülürdü. Beləliklə, hesab edilirdi ki, əgər meyit vampirə çevrilib məzardan qalxmağa çalışarsa, taxta pazlar ona saplanmış olacaq.

Bəzi yerlərdə isə meyitin basdırıldıqdan sonra qəbirdən "çıxmasının" qarşısını almaq üçün onun qolları və ayaqları iplə bağlanır, məzarının üzərinə isə böyük qayalar qoyulurdu.

Bəzilərinə görə qara pişik və ya it hər hansı bir meyitin üzərindən tullanardısa, ölü vampirə çevrilə bilərdi.

"Vampir"i tutmaq üçün qəbiristanlığa kül səpərək onun ayaq izlərini tapmağa çalışanlar belə olmuşdur.

Bəzi yerlərdə isə intihar edənlərin vampirə çevrilməsinə inanılırdı. Məsələn, İngiltərədə intihar edənlərin vampirə çevrilməsinə əngəl olmaq üçün meyit dörd yolun kəsişdiyi yerə (yol xaç işarətini əmələ gətirdiyi və vampirin guya xaçdan qorxduğu üçün) basdırılırdı.

Vampir əfsanəsi ilə bağlı bir çox rəvayətlərin olduğu qədim Peruda gənc bir insanın qanının içilərək şeytanın müridlərindən biri olunacağına inanılırdı.

Yuxuda vampir görməyin yozumu

Yuxuda vampir görməyin bir çox yozumu vardır ki, onlardan bəziləri aşağıdakılardır:

  1. Ətrafınızdakı insanlar saflığınızdan sui-istifadə edib etdiyiniz yaxşılıqlar müqabilində sizi istismar edirlər;
  2. Hədsiz dərəcədə hersli olmağınız və əsəbi davranışlarınız evliliyinizin pozulmasına səbəb ola bilər;
  3. Dostunuz tərəfindən aldadılırsınız;
  4. Yaxın bir tanışınız sizin başınızı bəlaya sala bilər;
  5. Sizin simpatiya duyduğunuz bir tanıdığınız sizə zərər vərə bilər;
  6. Sizin üçün pis və xoşagəlməz olduğunu bildiyiniz bir şeyi yenə də edirsiniz;
  7. Bəkarətinizi itirə bilərsiniz;
  8. Fiziki və ya zehni baxımdan yorulacaqsınız;
  9. Ətrafınızda asılı bir adam olacaq;

3Sizi getdikcə zəiflədən biri ilə münasibət içərisindəsiniz və s.

Bundan başqa, yuxuda vampir tərəfindən dişlənmək çox ciddi bir uğursuzluğa işarədir. Vampir kimi başqasını dişləmək isə hansısa insana cox ciddi bir zərər vermək kimi yozulur.

Türk inancına görə yuxuda qan görmək yuxunu puzur və belə yuxular nə danışılır, nə də ki yozulur. Bəzi başqa xalqların inanışlarına əsasən isə yuxuda qan görmək günahkarlıq hissi və əzab mənasını ifadə edir.

Vampirlərin zəiflikləri

Tarix boyu nadan insanların sadəlövhcəsinə inandıqları vampirlərin guya ki, zəif nöqtələri aşağıdakılardır:

  1. Günəş işığı: Əfsanəyə görə ilk vampir Cainenin Tanrı tərəfindən lənətlənməsindən sonra vampirlər gün işığına çıxa bilməmişdir;
  2. Atəş: Guya alov vampirlərin dərisini yandıraraq onları öldürə bilər. Deyilənlərə görə Vampirlər yaşlandıqca onlar gün işığına çıxa bilər, od isə onlara təsir edə bilməzmiş.
  3. Xaç: Cəfəng bir versiyaya əsasən vampir xaçın ona zərər biləcəyinə inanarsa, xaçla onu yaralamaq mümkündür;
  4. Sarımsaq: Gülünc bir inanca görə vampirlər sarımsaqdan qorxurlar;
  5. Ölü qanı: Absurd bir fikrə görə cansız, yəni ölmüş varlıqların qanını içmək vampirlər üçün çox təhlükəlidir;
  6. Başlarının kəsilməsi: Guya vampirlərin məhv edilməsinin ən təsirli üsulu onların başlarının kəsilməsidir.

Vampirizm əfsanəsinin məşhurlaşma səbəbləri

1734-cü ildə nəşr olunan "Üç ingilis centlmeninin səyahəti" adlı kitabın surətlə yayılmasından sonra vampirizm kabusu dünyada birdən-birə məşhurlaşdı ki, bunun da səbəbləri aşağıdakılardır:

Birincisi, vampirizm kabusunun bu əsrarəngiz məşhurluğunun kökü insanların spesifik psixoloji xüsusiyyətləri, onların əfsanələrə və xurafata meyilliliyi, qorxu instinkti və digər amillərin təsiri ilə əlaqədardır.

İkincisi, qaniçən xortdan obrazlarına demək olar ki, bütün xalqların şifahi ədəbiyyatında rast gəlindiyindən bu obrazın xofu əksəriyyət insanın beyninə hopmaqda çətinliklərlə üzləşməmişdir.

Üçüncüsü, tarixin müxtəlif dövrlərində yaşamış manyak ruhlu və xəstə insanların iyrənc və tükürpədici cinayətlər törətməsi faktları insanların beynində vampirlərin reallıqda mövcudluğuna böyük inam yaratmışdır.

Vampirlərə aid edilən əlamətlər

Ümumilikdə götürdükdə, vampirlərə aid edilən əlamətləri aşağıdakı kimi fərqləndirmək olar:

  1. Vampirlər gün işığından qorxurlar;
  2. Vampirlər gecələr məzarlardan çıxır;
  3. Vampirlər qurbanlarını dişləyərək boğur, onların qanlarını içir və mikrob yayırlar;
  4. Məzardan xortlayan vampir adi meyitə xas olan çürümə əlamətlərinə malik olmur. Onun burnu və qulaqları qopub düşür, saçı və dırnaqları uzanır, soyulmuş dərisinin altından yeni dəri əmələ gəlir. Çürümə prosesinin getməməsinə baxmayaraq, ondan dözülməz qoxu gəlir.
  5. Vampir, kök olub dərisinə toxunduqda istilik hiss olunur;
  6. Ağızları daima qanlı olur, qanları laxtalanmır. Onları yaraladıqda normal insanlarda olduğu kimi qan tökülür. Bu zaman onlar dəhşətli dərəcədə inildəyir və vahiməli şəkildə qışqırırlar;
  7. Erkək vampirlərdə bəzən ereksiya baş verir və s.

Vampirizmi puç edən məntiqi və elmi dəlillər

İndi isə, uzun zamanlardan bəri insan oğlunun beynində kök salmış vampirizm kabusunun boş xəyaldan başqa, heç bir elmi əsasa söykənmədiyini tibbi və digər dəlillərlə sübuta yetirməyə çalışaq.

Qəbirdə normal çürümə necə baş verdiyinə nəzər salsaq, vampirlərə aid edilən yuxarıdakı əlamətlərdən əksəriyyətinin səbəbini aydınlaşdırmaq olar. Məsələn, məlum olduğu kimi normal çürümə prosesi müddətində dəri yaşılı rəng çaları alır, sifət şişir, mədə qazlarla dolaraq qarın nahiyyəsini doldurur (sanki meyit "kökəlir"), sağ vaxtı göy rəngdə olan venalar qəhvəyiləşir, dəridə vaxtaşırı partlayan suluğabənzər şişlər yaranır, məhz bu partlamalar nəticəsində bədənin dərialtı nahiyyələri görünməyə başlayır, ağız-burun nahiyyəsi qırmızımtıl maye ilə dolur və s. ilaxır.

Göründüyü kimi guya vampirlərin qəbirdən çıxması zamanı onlarda müşahidə olunan "əlamətlər" meyitin normal çürümə prosesi zamanı əmələ gələn əlamətlərin demək olar ki, eynidir. Müqayisə edək: "Vampirin ağzının qanlı olması" – Meyitin ağız-burun boşluğunun qırmızımtıl maye ilə dolması: Məlum olduğu kimi çürümə prosesi zamanı əmələ gəlmiş çirkli-qanlı çürümə mayesi meyitin üzv və toxumalarına hopur və onun təbii dəliklərindən, xüsusilə də ağız-burun dəliklərindən xaric olur. Bundan başqa, boyun və udlaq həlqəsinin yumşaq toxumalarına toplanmış çürümə qazları dili ağız boşluğundan bayıra itələyir və dil diş xəttindən irəli çıxmış vəziyyətdə olur. Qarın boşluğunda çürümə qazlarının təzyiqi bəzən iki atmosferə çatır. Qazların təzyiqindən mədə möhtəviyyatı yemək borusundan ağız boşluğuna keçə bilər ki, bununla da ölümdən sonra "qusma" adlanan hal yaranır. "Vampirin kökəlməsi" – Meyitin dərisinin şişməsi: Çürümə qazları bütün toxumalar arasına, boşluqlara yığaraq və onu şişirdərək meyit emfizemasını əmələ gətirir. Xüsusilə, üz, dodaqlar, süd vəziləri, qarın, xayalıq və ətraflar daha da şişkin olurlar. Çürümə qazları təbii dəliklərdən xaric olduğu üçün artıq ölümdən 1 gün sonra meyitdən çürümə iyi gələ bilər. Meyitin bədəni qeyr-adi böyük ölçülərdə olur. Dəri altında krepitasiya – dərialtı toxumada qazın olması – əlaməti (meyit emfizeması) müşahidə olunur. "Vampirin burun və qulaqlarının qopub düşməsi" – meyitin çürüyən əzalarının bir-birindən ayrılaraq parçalanması: Basdırıldığı şəraitdən asılı olaraq (torpağın xarakterindən, çirklənməsindən və s.) təxminən 2 ildən sonra meyitin üzv və toxumaları çirkli-boz, bircinsli, dağılan kütləyə çevrilir və sümükləri çılpaqlaşır. Skelet sümükləri qeyri-müəyyən uzun bir müddətdə qala bilərlər. "Dözülməz qoxu" – meyit iyi: Çürümə prosesi zamanı həm aerob, həm də anaerob mikroorqanizmlər iştirak edirlər. Ən intensiv proses aerobların təsiri altında gedir. Anaerob çürümə daha ləng gedir və bu zaman orqanizmdən çox üfunətli iy verən maddələr ifraz olunur.

Müqayisələrin sayının artırmaq da olar. Yuxarıda qeyd etdiyimiz kimi meyitin şişməsi onun daxilində yaranan qazlarla, xüsusən də metan qazının təsiri ilə bağlıdır. Tibbi nöqteyi-nəzərdən həmin qazların daxildə toplanması bəzən meyitin öz həcmindən hətta iki dəfə artıq böyüməsinə, başqa sözlə şişməsinə səbəb ola bilər.

Bundan başqa, çürümə prosesi zamanı gedən kimyəvi reaksiyaların çox hissəsi eksotermiktir, yəni istilik ayrılması ilə müşahidə olunur. Meyitdəki bu istilik isə vampirlərin dərisinin isti olması haqqında şayiələrin meydana çıxmasına gətirib çıxarmışdır.

Meyitin xayalığının şişməsi və daxili sıxılma nəticəsində cinsiyyət vəzilərinin boşalması isə guya "erkək vampirlərdə ereksiya baş verir" haqda gülünc bir fikirin ortaya çıxmasına səbəb olmuşdur.

Hətta bəziləri bir qədər də irəliyə gedərək vampirlərin qorxunc səs çıxarmasından danışırlar. Onlar anlamırlar ki, bu, meyitin qazla dolan mədə-bağırsağının partlaması nəticəsində yaranan gurultulu səslər və ya həmin qazların ağızdan xaric olması zamanı onların səs telləri ilə təmasa girərək yaratdıqları xırıltılardır.

Vampirlərin bədənində laxtalanmamış qanın olması da əslində bütün meyitlərə xas olan tipik əlamətdir. Belə ki, ölmə anından başlayaraq damarlardakı qan laxtalanmağa doğru istiqamət götürür. Lakin bu zaman qanın çox olduğu ürək (aorta) və dalaqda onun müəyyən hissəsi bir müddət laxtalanmamış qalır. Vampir olduğu hesab edilən meyitin "öldürülməsi" məqsədilə ona zərbələr endirilməsi həmin laxtalanmamış qanın üzə çıxmasına səbəb olur ki, bu da yuxarıdakı gülünc "əlamətin" fərqləndirilməsinə insanlarda inam formalaşdırmışdır.

Vampirin dişləri, dırnaqları və saçının guya ki, uzun olması haqda olan fikirlər meyitin diş əti və dərisinin çəkilməsi faktı ilə bağlıdır. Bu zaman diş, dırnaq və tüklərin örtülü hissəsi bir qədər seyrəlir və açılır ki, bu da ilk baxışda onların uzun olması təəssüratını oyadır. Bundan başqa, təzəcə ölmüş insanın dırnaqları və saçının qəbirdə bir müddət inkişaf etməsi də tibbi nöqteyi-nəzərdən sübut olunmuşdur.

Dəridə yaranan suluğabənzər şişlərin partlaması zamanı üstü açılan hissələrin normal dərinin rənginə oxşaması isə guya vampirin dərisi altından yeni dərinin əmələ gəlməsi barədə absurd fikirlərin yaranmasına səbəb olmuşdur.

Vampirizm əfsanəsinin meydana çıxma səbəblərindən biri də sağ adamların (katalepsiya xəstəliyinə düçar olanların, klinik ölüm, eləcə də "minimal ölüm" vəziyyətinə düşənlərin və s.) diri dəfn olunması, eləcə də porfiriya xəstəliyidir.

Katalepsiya xəstəliyinə tutulmuş şəxs qıcolma zamanı özündən asılı olmayaraq hərəkət etmə qabiliyyətini tam itirərək bir dəfə aldığı bədən duruşu vəziyyətini dəyişdirə bilmir. Xəstə sanki "donur". Maraqlısı isə odur ki, belə xəstələr normal insanlar üçün rahat olmayan duruş vəziyyətlərində saatlarla dayana bilirlər. Qıcolma zamanı belə xəstələr görmə, eşitmə və hissetmə duyğularını itirməsələr də, fiziki baxımdan hərəkət edə bilmədikləri üçün kömək istəyə bilmirlər. Təəssüflər olsun ki, orta əsrlər dövründə xalq kütləsi bu xəstəlikdən xəbərsiz olmuş, həmin xəstəlik diri insanların ölmədən əvvəl kəfənə bürünməsinə, son nəticədə isə qəbirdə dirildiyi zənn edilən bu insanların məzardan çıxarılaraq "vampir" damğası vurulub öldürülmələrinə səbəb olmuşdur.

Onu da qeyd edək ki, tibbi ədəbiyyatda ölmə zamanı ürəyin dayanmasından sonra qısa müddətli "kataleptik əzələ qacıması" deyilən meyit qacımasından da bəhs olunmuşdur. Bu qacıma zamanı bədənin həyati duruş vəziyyəti olduğu kimi saxlanılır. Belə qacıma isə o vaxt baş verir ki, ölümdən əvvəl güclü qıcolmalar olsun və ATF ehtiyatı ölümün baş verməsinə qədər tükənmiş olsun. Məsələn, tetanusdan ölümdə, qıcolma verən zəhərlərlə zəhərlənmələrdə olduğu kimi və s. Belə hadisələr zamanı əzələlərin həyati kontrakturaları birbaşa qacımaya keçir. Kataleptik əzələ qacıması uzunsov beynin, xüsusilə odlu silah zədələnmələrində dağılması nəticəsində də əmələ gələ bilər.

Klinik ölümə gəldikdə isə, bu, ölümlə həyat arasında özünəməxsus keçid vəziyyətidir. Klinik ölüm mərkəzi sinir sisteminin uzunsov beyinlə birlikdə fəaliyyətlərinin daha dərin itirilməsi, nəticədə qan dövranı və tənəffüz sisteminin dayanması ilə xarakterizə olunur. Yalnız həyatın xarici əlamətlərinin yoxluğu vəziyyətində orqanizmin toxumalarında minimal səviyyədə mübadilə prosesləri (qlikoliz) saxlanılır. Bu dövr tibbi müdaxilə yolu ilə geriyə dönən dövr ola bilər. Klinik ölüm dövrünün ömrü normotermiya şəraitində 8 dəqiqəyə yaxındır və bu müddət mərkəzi sinir sisteminin filogenetik baxımdan ən son törəməsi olan baş beyin qabığının yaşaya bilmək qabiliyyəti müddəti ilə təyin edilir (bax: Musayev Ş.M. Musayev. Məhkəmə təbabəti. Ali məktəblər üçün dərslik. "Elm" nəşriyyatı, Bakı, 2002, səh. 68). Mübadilənin qlikolitik tipindən istifadə etməklə, ən uzun müddətdə yaşama qabiliyyətini saxlayan qabıqaltı mərkəzlər və onurğa beynidir. Hipotermiyada bu müddətlər əhəmiyyətli dərəcədə artır (30 dəqiqəyədək və bundan çox).

Adi şəraitdə klinik ölüm bioloji ölüm dövrü ilə əvəz olunur. Bioloji ölüm əvvəlcə mərkəzi sinir sistemində, sonra isə orqanizmin digər toxumalarında gedən bərpaolunmaz dəyişiklərin baş verməsi ilə xarakterizə olunur (Klinik ölüm haqda daha ətraflı məlumat üçün bax: Raymond Moudi. Ölümdən sonrakı həyat. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1994).

Təbabətdə "minimal ölüm" adlanan termin də vardır. "Minimal ölüm" zamanı orqanizmin həyat fəaliyyəti o dərəcədə zəifləyir ki, ölümün baş verməsi haqqında real təsəvvür yaranır (məsələn, dərin və uzun müddətli bayılma, letargik vəziyyət və s.). Bu zaman ürək və tənəffüz fəaliyyətinin xarici təzahür əlamətləri adi diaqnostik üsullarla təyin olunmaya bilər və ölümün səhv olaraq konstatasiyasına səbəb ola bilər. Müasir dövrdə belə səhvlərə yol verilməməsi və aradan qaldırılması məqsədilə xəstəxana şəraitində ölmüş şəxslərin meyiti meyitxanaya ən azı iki saatdan sonra, başqa sözlə, ölümün həqiqi əlamətləri özünü büruzə verdikdən sonra (ilkin meyit dəyişikliklərindən sonra) göndərilir.

Statistik rəqəmlərə görə təkcə keçən əsrdə dünyada insanların sağ ikən basdırılma hallarının sayının 50-yə çatdığı illər olmuşdur. Belə hallarda isə qəbirdə həyat əlamətləri müşahidə olunmuş, "meyit" dəfn olunduğu yerdən çıxarılmış və o, vampir hesab edilərək öldürülmüşdür.

Porfiriya xəstəliyinə gəlincə, Kaliforniya Dövlət Universitetinin tədqiqatçılarından kimya professoru Wayne Tikkanenin araşdırmalarına görə vampirizm əfsanəsinin meydana çıxma səbəblərindən biri məhz bu xəstəlikdir. Porfiriya xəstəliyi dəri xəstəliyidir. Onun ağır formasını yaşayan insanların qanında dəhşətli genetik pozuntular törəyir, toxumalarda isə piqment mübadiləsi dağınıq xarakter alır. Bu xəstəliyə tutulan şəxslərdə günəşin ultra-bənövşəyi şüaları orqanizmdəki hemoqlobin maddəsinin qeyri-zülalı hissəsini (hemi) zəhərli maddəyə çevirir ki, nəticədə dərialtı toxumanın yeyilib dağılması halı müşahidə olunur. Bu zaman xəstənin dərisi qəhvəyi rəngə çalır, zəifləyir, günəş şüasının azca təsirindən çatlayır, çürüyür və iyrənc qoxu saçır. Prosesin davam etməsi son nəticədə sümüklərin deformasiyasına – ətrafların, eləcə də barmaqların eybəcər formada əyilməsinə gətirib çıxarır. Dözülməz ağrılar xəstəni günəş şüasından gizlənməyə məcbur edir. Gündüz vaxtı onları görmək mümkün olmur. Məlumatlara əsasən belə xəstələr gecə düşdükdən sonra çiy ət və qan ovuna çıxırlar. Çünki onlar qan içərkən ağrını unudur, pozulmuş maddələr mübadiləsi müəyyən qədər bərpa olunduqdan sonra bir müddət sakitləşir, sonra ağrılar yenidən baş qaldırır. Bu məsələ ilə bağlı Wayne Tikkanen deyir: "Hekayələrdə vampirlərin nə üçün gecələr bayıra çıxıb qan içdiklərinin cavabı məhz budur". Davamlı ağrıların şiddətlənməsi nəticəsində qaniçənlər hətta özlərindən fiziki cəhətdən güclü adamları belə ovlaya bilirlər. Bu cür xəstələri yalnız yarımcan vəziyyətə salmaqla və ya öldürməklə susdurmaq olur. Wayne Tikkanen bu xəstəliyin əlamətlərini belə ümumiləşdirir: "Xəstədə anormal qıllanma müşahidə olunur. Dodaqlar quruyub çəkildiyi üçün dişlər ortaya çıxır. Xəstə çox əzab çəkir. Axırda özündən çıxır".

İspaniyalı nevropotoloq Viqo Xuan Qomes Alonso vampirizmi izah edən orijinal və son dərəcə maraqlı bir nəzəriyyə irəli sürmüşdür. Belə ki, o, vampirizmin təsvir olunan əlamətlərinin, xüsusən də aqressivlik və yüksək cinsi meyilliliyin quduzluq xəstəliyi ilə eyni olması qənaətinə gəlmişdir. Viqo Xuan Qomes Alonsonun fikrincə, quduzluq xəstəliyinə tutulanların təxminən dörddə biri digər insanları dişləyirlər ki, bu da xəstəliyin yayılmasına səbəb olur. Quduzluq xəstəliyinə tutulanlar arasında qadınlar azlıq təşkil edir, daha dəqiq desək, hər yeddi xəstədən biri qadın olur. Analoji halı vampirlərə də aid etmək olar. Belə ki, onların da arasında qadınların az olması haqda fikirlər səsləndirilir.

Bundan əlavə, Viqo Xuan Qomes Alonso tədqiqatlar apararaq müəyyən etmişdir ki, tarixdə vampirizm kabusunun daha qabarıq şəkildə baş qaldırdığı dövrlərlə quduzluq epidemiyasının yayılması üst-üstə düşür. Bunun ən bariz nümunəsi kimi isə o, 1721–1723-cü illər ərzində Macarıstanda itlər, canavarlar və başqa heyvanlar arasında geniş yayılmış quduzluq epidemiyasını misal gətirir. Təqribən elə həmin illərdə məlum ərazilərdə tez-tez vampirlərin peyda olması barədə əfsanələr yaranmışdır.

Quduzluq xəstəliyinə tutulmuş insanların sifət və boyun əzələlərinin kəskin qıcolmaları onların sifətini qudurmuş itin sifət nahiyyəsinə bənzədir. Belə xəstələr sudan qorxur, işığa və iylərə, xüsusilə də sarımsaq iyinə qarşı kəskin reaksiya göstərirlər, onlar güzgüyə baxdıqda dəhşətli dərəcədə qorxurlar. Çənə əzələlərinin , səs tellərinin iflic olması onların insana xas olmayan xırıltılı səslər çıxarmasına, dişlərini it kimi qıcamasına gətirib çıxarır, ağızlarının ətrafı köpüklənir.

Psixiatriyanın atası Carl Gustav Jung "vampirizm" əfsanəsinin meydana çıxmasını psixoloji səbəblərlə əlaqələndirərək izah etməyə çalışmışdır. O, vampir qorxusunun insanın şüuraltında yarandığını bildirərək bu vahimənin kökünün nədən qaynaqlandığını elmi şəkildə şərh etmişdir.

Bundan başqa, Bonn universitetinin alman tarixçisi Peter Kreuter də vampirlərin mövcud olub-olmamasına dair apardığı geniş tədqiqatlarından sonra belə bir varlığın yalnız cahil insanların fantaziya məhsulu olması qənaətinə gəlmişdir.

Bizim fikrimizcə, vampirizm əfsanəsinin meydana çıxmasına bir sıra psixi xəstəliklər də səbəb olmuşdur. Məqalənin müəllifi (Yunis Xəlilov – hüquqşünas, jurnalist) bu fikrə "Psixiatriya" (N.V. İsmayılov. "Maarif" nəşriyyatı, Bakı, 1992) dərsliyini oxuduqdan sonra gəlmişdir. Belə ki, həmin dərslikdə bəhs olunan bəzi psixi xəstəliklərin əlamətləri vampirlərə aid edilən əlamətlərlə, demək olar ki, eynidir. Mətləbdən çox uzaqlaşmamaq və məqalənin həcmi imkan vermədiyi üçün mən, vampirlərə aid edilən əlamətlərlə bəzi psixi xəstəliklərin əlamətlərinin eyniliyinə dair şəxsən öz araşdırmalarım və gəldiyim nəticələr haqda təəssüf ki, geniş məlumat verə bilməyəcəyəm. Ümid edirəm ki, yaxın gələcəkdə bu mövzuya yenidən qayıdacaq və vampirizmlə bağlı bir qədər də geniş və iri həcmli üçüncü məqaləmi (bəlkə də, bir kitab) yazaraq vampirizm əfsanəsinin boş fərziyyədən başqa bir şey olmadığını tutarlı faktlar və təkzibolunmaz sübutlarla bir daha müfəssəl şəkildə izah edəcəyəm.

Ayrı-ayrı xalqlarda əfsanələrində vampir obrazlarının meydana gəlməsi isə yuxarıda sadaladığımız səbəblərlə yanaşı, həmin xalqların spesifik xüsusiyyətləri, adət-ənənələri, eləcə də onların yaşam tərzləri ilə bağlı olmuşdur. Məsələn, Malayziya əfsanələrindəki "penangalen" haqqındakı əfsanənin isə yaranma səbəbini təxmin etmək olar. Belə ki, Malayziyada kütləvi şəkildə natəmiz şəraitdə yaşayanlar arasında, xüsusən də təmiz olmayan həyat sürən uşaqlarda böyük parazit qurdu yaranırdı. Bu mikrobun həcmi az qala uşaq başı boyda olub əsasən iribuynuzlu mal-qarada müşahidə olunurdu. Hazırda insanlar arasında bu qurda nadir hallarda rast gəlinir və müasir tibbi nailiyyətlər nəticəsində onu asanlıqla məhv etmək mümkündür.

Vampirlərə aid edilən, əslində isə yuxarıda təbii səbəblərini izah etməyə çalışdığımız bir çox əlamətlər Qədim Misirdə meyiti mumiyalayanlara məlum idi. Onlar meyitdə yaranacaq həmin əlamətlərin qarşısını almaq üçün tədbirlər görməyə çalışırdılar.

Nəticə

Beləliklə, böyük ehtimal ki, yuxarıda sadaladığımız təbii səbəblər və xəstəliklər kompleks şəkildə və ya müxtəlif dövrlərdə onlardan biri və ya bir neçəsi vampirizm əfsanəsinin meydana çıxmasına səbəb olmuş, "vampir" adlı qorxunc varlıqların mövcudluğuna sadəlövh insanlarda əsassız inam yaratmışdır.

Sonda dünyanı gəzərək vampirizm əfsanəsini araşdıran və müxtəlif ölkələrdə bir çox insanlarla görüşüb vampirlərlə bağlı akademik tədqiqatlarını əks etdirən kitab yazan dünyanın tanınmış vampir araşdırıcısı Rosemary Ellen Guileyin vampirizmlə əlaqədar gəldiyi nəticəni diqqətinizə çatdırıram:

"Əslində hamısı cəfəngdir. Vampir anlayışı insandan insana dəyişsə də, ümumilikdə film və kitablardan təsirlənir. Ortada həmişə ölümsüz, fiziki və cinsi baxımdan çox güclü, süni, gecələri yaşayan və fövqəltəbii gücə malik bir varlığın olmasından söhbət gedir. Bu absurd inanca görə bir vampir pisliklə doludur. Çünki yaşayan insanların qanlarını əmərək həyatını davam etdirir. Son nəticədə bütün bunlar vampir folklorundan qaynaqlanır və həqiqətdən uzaqdır".

Bədii ədəbiyyatda və kino-filmlərdə

Dünya ictimaiyyətinə bədii ədəbiyyatdan və kino-filmlərdən bir sıra məşhur vampirlərin adı məlumdur. Məsələn, Dr. John Polidorinin "Vampyre" əsərindəki (1819) günahkar vampir Lord Ruthven (bəzi mənbələrə görə adı çəkilən əsər məşhur ingilis şairi Lord Byron tərəfindən yazılıb), İrlandiyalı yazıçı Joseph Sheridan Le Fanunun "Carmilla" əsərindəki (1872) lezbiyan dişi vampir, digər İrlandiyalı yazıçı Bram Stoukerin "Drakula" romanındakı (1897) Drakula, "Queen of the Damned" filmindəki əsmər rəngli Atasha, 1931-ci ildə vampirlər haqqında çəkilmiş qorxu filmindəki Bela Luqoşinin canlandırdığı vampir obrazı və s.

Elə məhz Bela Luqoşinin canlandırdığı qara saçlı, solğun bənizli, yırtıcı dişləri və uzun iti caynaqları olan, qərb və şərqin qarışıq aksenti ilə danışan insandan çevrilmə varlıq "vampir" adlı utopik varlığın beyinlərdə həkk olunan obrazı oldu. Onu da qeyd edək ki, kino-film tarixində vampirlər haqqında ilk film 1922-ci ildə alman rejissoru Murnau tərəfindən çəkilmişdir. 1930-cu illərdə isə Hollywoodun film mövzuları içərisində ən diqqət mərkəzində olanı məhz vampirlərlə bağlı olan mövzular idi. Kino-filmlərin ən tanınmış vampir oyunçusu isə Christopher Lee idi.

Sonralar vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən bəziləri aşağıdakılardır:

Ən qorxulu 10 vampir kino-filmi

Ümumilikdə götürdükdə, ən qorxulu 10 vampir kino-filmini aşağıdakı kimi sıralamaq olar:

A) Klassik sıralama üzrə:

  1. Nosferatu (1920);
  2. Dracula (1931);
  3. Horror of Dracula (1958);
  4. Nosferatu (1979);
  5. Near Dark (1987);
  6. The Hunger (1983);
  7. Fright Night (1985);
  8. Salem's Lot (1979);
  9. The Lost Boys (1987);
  10. The Fearless Vampire Killers (1967).

B) Müasir dövrdə çəkilən vampir filmlərinin sıralaması üzrə:

  1. Bram Stoker’s Dracula (1992);
  2. Interview with the Vampire (1994);
  3. Underworld, series (2003 – 2006);
  4. From Dusk Till Dawn, series (1996 – 2000);
  5. Blade Trilogy (1998 – 2004);
  6. Van Helsing (2004);
  7. John Carpenter’s Vampires (1998);
  8. Shadow of the Vampire (2000);
  9. The Night Flier (1997);
  10. Queen of the Damned (2002).

İstinadlar

  1. Древнетюркский словарь, Ленинград, 1969 г. (s. 253)
  2. "Arxivlənmiş surət". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  3. Yaltırık, Mehmet Berk; Sarpkaya, Seçkin. Turkish: Türk Kültüründe Vampirler, English translation: Vampires in Turkic Culture (Turkish). Karakum Yayınevi. 2018. 43–49.
  4. Vampire – noun. In stories a dead person who leaves his or her grave at night to suck the blood of living people. Oxford Advanced learners Dictionary of Current English. Sixth edition. Oxford university press. 2005. page 1435
  5. Oxford English Dictionary (2nd edition). (1989). Ed. J. Simpson, E. Weiner (eds). Oxford: Clarendon Press. ISBN 0-19-861186-2.

Mənbə

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.