Valkiriya

Valkiriya (q.skan. valkyrja — "ölüləri seçən") — skandinav mifologiyasında, döyüşdə ölənləri və sağ qalanları seçən qadın. Döyüşdə ölənlərin yarısını seçən[lower-alpha 1] valkiriyalar seçdiklərini Odinin ağalıq etdiyi Valhallaya aparır. Ölmüş döyüşçülər orada eynheryarlara (Tək döyüşçülər)[1] çevrilirlər. Eynheryar Raqnarökün hadisələrinə hazırlaşmayanda valkiriyalar onlara bal içkisi verir. Valkiriyalar həmçinin, qəhrəmanlar və digər canlıların sevgililəri kimi təsvir olunurlar. Onlar bəzən şəhanəliyin qızları kimi təsvir olunurlar.

"Valkiriya". Peter Nikolay Arbo. 1864-cü il.
"Valkiriya". Emil Bayyar.

Valkiriyaların adı "Böyük Edda", "Kiçik Edda", "Yer dairəsi" və "Nyal saqası" əsərlərində çəkilir. Onlar skaldların şeiriyyətində, ovsunlarda və müxtəlif run kitabələrində görünürlər.

Bu terminin qədim ingilis dilindəki qarşılığı "wælcyrge" və "wælcyrie" sözləridir, hansı ki, qədim ingilis dilində olan bir neçə əlyazmada görünür. Alimlər bu terminin qədim ingilis dilinə skandinav təsiri ilə daxil olduğunu, yoxsa yerli anqlosaks paqanların ənənəsinin bir inikası olduğunu araşdırıblar. Elmi nəzəriyyələr onu iddia edir ki, valkiriyalar, nornlardislər arasında bir əlaqə var. Bunların hamısı taleh ilə bağlı olan fövqəltəbii varlıqlardır. Skandinaviya boyunca aparılmış arxeoloji qazıntılarda üzərində valkiriya təsvirləri olduğu düşünüldüyü tilsimlər aşkar olunmuşdur. Valkiriyalar müasir mədəniyyətdə rəsm, musiqi, komiks, videooyun və şeir kimi əsərlərin mövzusu olublar.

Skandinav mifologiyasında

Valkiriyalar skandinav mifologiyasında əllərində qalxan və nizələr saxlayan, zirehli, dəbilqə geymiş qanadlı qadınlar kimi təsvir olunublar.[2] Əfsanəyə görə, onların zirehindəki dəsgaha görə səmada avrora peyda olur.

Valkiriyaların vəzifəsi ölmüş döyüşçüləri Valhallaya aparmaqdır. Əlavə olaraq, valkiriyalar döyüşçülərə Valhallada xidmət edir, onlara bal içkisi gətirirlər.[3] Bəzən onlara döyüşün nəticəsini əvvəlcədən qərarlaşdırmaq hüququ verilir və bəzən onlar sadəcə Odinin əmrlərinə sadiq qalırlar. Valkiriyalar bəzi miflərdə Odinin qızları hesab olunur. Valkiriyalar "Böyük Edda" kitabındakı qəhrəmanlıq mövzusundakı mahnlılarda qalxanqızların xüsusiyyətlərinə sahib olurlar.

Valkiriyaların sayı müxtəlif mənbələrə görə, 13 ilə 19 arasında dəyişir. Ən tanınmış valkiriyalar bunlardır:

  • Gel ("Çağıran")
  • Geyr ("Nizə")
  • Geyrahöd ("Döyüş nizəsi")
  • Geyrsköqul ("Kükrək nizə")
  • Göndul ("Sehrli çubuq daşıyan")
  • Hild ("Döyüş")
  • Hertrimul ("Qadın döyüşçü")
  • Hledd ("Döyüş səsi")
  • Hrist ("Titrəyən")
  • Herfetur ("Döyüş qandalı")
  • Kara ("Fırtınalı")
  • Qondukk ("Dişi canavar")
  • Qunn ("Qurbanlıq")
  • Mist ("Duman")
  • Randqrid ("Qalxan qıran")
  • Reginleyv ("Tanrılar qızı")
  • Rota ("Qarışıqlıq yayan")
  • Svava ("Səs")
  • Siqrdriva ("Qələbə çağıran")
  • Siqrün ("Qələbə runu")
  • Skeqqlöld
  • Sköqul ("Kükrək")
  • Skuld ("Vəzifə")
  • Trima ("Döyüş")
  • Trud ("Güc")

Qeydlər

  1. Döyüşdə ölənlərin digər yarısı ilahə Freyyanın axirəti olan Folkvanqa aparılır.

Mənbə

İstinadlar

  1. Orchard (1997:36) and Lindow (2001:104).
  2. "Эзотерический справочник" (rus). July 7, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 6, 2019.
  3. Валгалла, в мифологии  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.

Ədəbiyyat

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.