Valentlik
Valentlik (lat. valens — gücü olan) — kimyəvi element atomlarının müəyyən sayda kovalent kimyəvi rabitə əmələ gətirmək xassəsidir. Birləşmələrdə valentlik bir atomu digər atomla əlaqələndirən kovalent rabitələrin sayı ilə müəyyən edilir. Kimyəvi reaksiyalarda birinci dərəcədə əhəmiyyət daşıyan elektronlar valent elektronlardır.
Valentlik anlayışı ilk dəfə elmə 1852-ci ildə ingilis alimi E.Frankland tərəfindən daxil edilmişdir. Valentlik nəzəriyyəsinin isə əsasını alman alimi Fridrix Avqust Kekule qoymuşdur.
Bəzi kimyəvi elementlərin valentliyi əmələ gətirdikləri kimyəvi birləşmələrdə dəyişmir. Binar birləşmələrdə atomların valentlik vahidləri həmişə bərabərdir. Valentlik Roma rəqəmləriylə və elementin kimyəvi işarəsinin üzərində yazılır. Onlara sabit valentli elementlər deyilir. Digər elementlər isə müxtəlif kimyəvi birləşmələrdə müxtəlif valentliyə malik olur. Onlara dəyişkən valentli elementlər deyilir. Elementin ən yüksək valentliyi ədədi qiymətcə dövri sistemdə onun yerləşdiyi qrupun nömrəsinə uyğundur. Lakin Azot (N), Oksigen (O), Flüor (F) qrupun nömrəsindən aşağı valentlik (müvafiq olaraq 4, 2, 1) göstərdiyi halda, Mis (Cu), Gümüş (Ag) və Qızıl (Au) yüksək valentlik (müvafiq olaraq 2, 2, 3) göstərir. Birləşmələrin formuluna əsasən onun valentliyi indekslərin ən kiçik ortaq bölünəninin həmin indekslərə bölünməsi ilə tapılır.
Bəzi kimyəvi elementlərin valentliyi
- Sabit valentlik
- H, Li, Na, K, F, Ag, Cs, Rb — 1
- O, Be, Mg, Ca, Sr, Ba, Zn, Hg — 2
- Al, B — 3
- C - 4
- Dəyişən valentlik:
- Pb, Sn, Si — 2; 4
- S — 2; 4; 6
- P — 3; 5
- Cr — 2; 3; 4; 6
- Cu — 1; 2
- Fe, Ni, Co — 2; 3
- N — 3; 4
- Mn — 2; 3; 4; 6; 7
- Cl, Br, I — 1; 3; 5; 7
- Au — 1; 3
Oksigen CO və H3O+'da 3 valentli olur.
Məsələn, propanda C3H8 karbon atomlarının hər biri 4 valentlidir. Çünki hər bir karbon atomu 4 kovalent rabitə əmələ gətirir. Kovalent rabitə haqqındakı təsəvvürlərə əsasən valentlik ümumi elektron cütlərinin əmələ gəlməsi üsulundan asılı olmayaraq, molekulda atomları əlaqələndirən ümumi elektron cütlərinin sayı ilə müəyyən edilir. Valentliyin ədədi qiyməti D.İ.Mendeleyevin kimyəvi elementlərin dövri sistemində elementin vəziyyəti ilə əlaqədardır.
Elementin ən böyük valentliyi ədədi qiymətcə dövri sistemdə onun yerləşdiyi qrupun nömrəsinə bərabərdir. Bəzi elementlər bu qanunauyğunluğa tabe olmur (məsələn, F, O, N). Bu onunla əlaqədardır ki, onalrın atomunda boş orbital olmadığından həyəcanlana bilmir. Hər hansı elementin müvafiq birləşmədə maksimum valentliyi onun atomundakı rabitələrin yaranmasında iştirak edən tək elektronların, eləcə də elektron cütünün və ya boş orbitalın, yəni ümumilikdə orbitalların sayı ilə müəyyən edilir. Ammonium ionunun (NH4+) əmələ gəlməsində azot atomunun 3 tək elektronu (2p3-dəki) və bir elektron cütü (2s2-dəki) iştirak edir.
Yəni ümumilikdə 4 orbital (2s və 2p) rabitələrin yaranmasında iştirak etdiyindən azot maksimum 4 valentli olur.
Eləcə də hidroksonium ionunun (H3O+) əmələ gəlməsində oksigen atomunun xarici elektron təbəqəsindəki 2p4 elektrondan iki tək olanı mübadilə mexanizmi ilə, 2p4-dəki cüt elektron isə donor- akseptor mexanizmi ilə kovalent rabitə əmələ gətirdiyindən oksigenin rabitələrin yaranmasında üç orbitalı iştirak edir. Ona görə də hidroksonium ionunda oksigenin valentliyi 3 olur.
Xarici keçidlər
- Возникновение структурной химии Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine / Левченков С. И. Краткий очерк истории химии
- http://nkpi.az/