V Georgi (Gürcüstan çarı)

V Georgi (gürc. გიორგი V ბრწყინვალე, Georgi V Brtskinvale; 1286, Gürcüstan1346) — Baqrationilər sülaləsinə mənsub olan Gürcüstan çarı.[1][2]

V Georgi
gürc. გიორგი V ბრწყინვალე
Şəxsi məlumatlar
Doğum adı გიორგი V ბრწყინვალე
Doğum tarixi 1286
Doğum yeri
Vəfat tarixi 1346
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası II Demetre (Gürcüstan çarı)
Ailəsi Baqrationi
Dini Gürcü Ortodoks Kilsəsi, şərqi ortodoks xristianlıq

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənclik dövrü

Atası Gürcüstan çarı II Demetre, anası isə Samtsxe hakiminin qızı Nateladır. Atasının 1289-ci ildə Elxanilər tərəfindən edam edilməsindən sonra Samtsxeyə, babası Bekanın yanına göndərildi.

Taxta çıxması

1299-cu ildə Gürcüstan ərazilərinə nəzarət edən Elxani hökmdarı Mahmud Qazan xanın hakimiyyətinə qarşı üsyan qaldıran qardaşı VIII Davidin yerinə taxta çıxarılsa da, hakimiyyəti bütün Gürcüstan ərazisində bərqərar deyildi. Onun hakimiyyəti təkcə Elxanilər tərəfindən qorunan paytaxt Tiflis şəhərində keçərli sayılırdı. İlk hökmdarlıq dövrü sadəcə 3 il çəkdi. 1302-ci ildə çar taxtına böyük qardaşı III Vaxtanq keçdi. Böyük qardaşları VIII David və III Vaxtanqın ölümündən sonra isə taxta VIII Davidin oğlu VI Georgi çıxdı. Lakin VI Georgi gənc yaşında vəfat etdi. Beləliklə, V Georgi 1314-cü ildə yenidən taxta çıxdı. Taxta çıxdıqdan dərhal sonra Elxani hökmdarı Məhəmməd Olcaytuya tabeliyini bildirdi. Bundan sonraki fəaliyyəti isə Gürcüstan torpaqlarını vahid bir mərkəzdə birləşdirmək olmuşdur. 1315-ci ildə Anadoluda Elxanilərə qarşı qalxmış üsyanı yatırmaq üçün göndərilən gürcü qüvvələrinə komandanlıq etmişdir. Bu yürüş gürcü qüvvələrinin Elxanilər üçün qatıldığı sonuncu toqquşma idi.

V Georgi həmçinin 1320-ci ildə Qorini ələ keçirmiş alanları da Gürcüstandan çıxardı.

Monqollarla münasibətlər və müstəqillik

Çar V Georgi Elxani zadəganları arasında böyük nüfuza malik olan Əmir Çoban ilə yaxşı münasibətlərə sahib idi. Əmir Çoban 1327-ci ildə Elxani hökmdarı Əbu Səid tərəfindən edam edildi. V Georgi Əmir Çobanın ölümündən sonra Elxani hakimiyyətinin zəifləməsindən istifadə etdi. O, Elxanilərə xərac ödəməyi dayandırdı və Elxani ordusunu ölkə ərazisindən çıxardı. 1328-ci ildə Elxani hakimiyyətindən qurtulmasının ildönümünü qeyd etdi və bu mərasimlər zamanı ona qarşı çıxan knyazları öldürdü. 1329-cu ildə İmereti çarı I Baqratı özünə tabe etdi. 1334-cü ildə Samtsxeyi çarlığa birləşdirdi. Gürcüstan çarlığını birləşdirdikdən sonra mədəni, sosial və iqtisadi sahələrə diqqət yetirməyə başladı. Elxani hakimiyyəti dövründə istifadə olunan pulları Gürcüstan sikkəsi sayılan "tetri" ilə əvəz etdi.[3] 1325–1338-ci illərdə saraydakı və ölkənin ucqar bölgələrindəki nizamı tənzimləyən iki qanun qəbul etdi.

Xarici əlaqələr

V Georgi dövründə başda Bizans olmaqla GenuyaVenesiya ilə ticarət əlaqələri gücləndirildi. Misirdəki Məmlüklər ilə diplomatik əlaqələr quran V Georgi[4] bunun vasitəsilə Fələstindəki bir çox gürcü pravoslav monastırlarını və kilsələrini bərpa etdirdi.[5]

1330-cu illərdə Osmanlı hökmdarı Orxan Qazinin irəliləməsinə qarşı tədbir almaq üçün Klarçeti bölgəsini ələ keçirdi. 1341-ci ildə Trabzon imperiyasındakı hakimiyyət mübarizəsində Anna Komninanı dəstəklədi və imperatriça kimi taxta oturmasına kömək etdi. Ancaq bir il sonra imperatriça taxtdan salındı.

Ölümü

V Georgi 1346-cı ildə vəfat etdi. Ondan sonra taxta oğlu IX David çıxdı. Kutaisi yaxınlığındakı Gelati monastırında dəfn edildi.

İstinadlar

  1. George V the Brilliant ( (gürc.))
  2. Георгий, грузинские цари // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
  3. Kalistrat Salia. "History of the Georgian Nation", N. Salia, (1983), p. 231.
  4. Jonathan Harris, Catherine Holmes, Eugenia Russell. "Byzantines, Latins, and Turks in the Eastern Mediterranean World After 1150 Arxivləşdirilib 2020-11-27 at the Wayback Machine", (2012), p. 163.
  5. D. Kldiashvili, History of the Georgian heraldry, Parlamentis utskebani, (1997), p. 35.

Ədəbiyyat

  • Ronald Grigor Suny, The Making of the Georgian Nation: 2nd edition (December 1994), Indiana University Press, ISBN 0-253-20915-3, s.44
  • Lang, D. M. (1955). "Georgia in the Reign of Georgi the Brilliant (1314–1346)". Bulletin of the School of Oriental and African Studies 17 (1): 74–91. 29 Aralık 2009 tarihinde erişilmiştir.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.