VI Mehmed
VI Mehmed Vəhidəddin (Osmanlı türkcəsi: محمد سادس وحیدالدین) (14 yanvar 1861[1][2][…], Konstantinopol[3] – 16 may 1926[1][2][…], San-Remo, Liquriya) — son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi.
VI Mehmed | |
---|---|
Osmanlı türkcəsi: محمد سادس | |
| |
Osmanlı sultanı[d] | |
3 iyul 1918 – 19 noyabr 1922 | |
Əvvəlki | V Mehmed |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 yanvar 1861[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 may 1926[1][2][…] (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Sülalə | Osmanlı sülaləsi |
Atası | I Əbdülməcid |
Anası | Fatma Şervaşidze |
Həyat yoldaşları | |
Uşaqları | |
Hərbi xidmət | |
Rütbəsi | general-feldmarşal |
|
|
Monoqram | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
14 yanvar 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülüstü Qadınəfəndidir. 6 aylıqkən atası, 4 yaşında isə anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Şayəstə xanımın himayəsində böyümüşdür. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Cəlaləddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Aldığı saray təhsili və Fateh mədrəsəsində aldığı bəzi dərslərlə özünü yetişdirdi. Böyük qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra ona hədiyyə etdiyi Çəngəlköy köşkündə məskunlaşdı və taxta çıxanadək burada yaşadı. Bu səbəblə yaşadığı bu köşk Vahidəddin köşkü adlanmağa başlandı. Dövrün Osmanlı vəliəhdi Yusif İzzəddin Əfəndinin gözlənilməz ölümünün ardından (1 fevral 1916) Osmanlı taxtının rəsmi vəliəhdi elan edildi. Bu ünvanla Avstriya-Macarıstan imperatoru I Frans İosifin cənazəsində (1916) və Alman imperatoru II Vilhelmin xüsusi dəvətində iştirak etdi və padşahı təmsil etdi. Digər böyük qardaşı Sultan Mehmed Rəşadın vəfatının ardından (3 iyul) VI Mehmed adıyla taxta çıxarıldı. Ancaq daha çox Sultan Vahidəddin olaraq anıldı.
Səltənət illəri
Milli Məclisdə keçirilən andiçmə mərasimindən sonra Tələt Paşa hökumətini vəzifəsində saxlayaraq sarayda bir qərargah qurdu və davam edən Birinci Dünya müharibəsini buradan izləməyə başladı. İlk rəsmi açıqlaması isə müharibənin səbəb olduğu qıtlıq və bahalığa qarşı gördüyü tədbirlər haqqında oldu. Müharibə cəbhələrinin açılmadığı bölgələrdə elan olunmuş hərbi vəziyyəti aradan qaldırdı və bununla da əhalinin rəğbətini qazandı. Ancaq müharibənin gedişatı Osmanlının əleyhinə idi. Fələstin və Suriya əldən çıxmış, Anadolu torpaqları təhlükə altına düşmüşdü. Padşahın fəxri yavəri olan Mustafa Kamal Paşa sultana yolladığı teleqrafda sülhdən başqa bir çarə qalmadığını bildirmişdi (7 oktyabr).
Sultan Vahidəddin İttihadçı hökuməti istehfaya göndərdi və Əhməd Tofiq Paşa rəhbərliyində yeni bir hökumət kabinetini qurmağı əmr etdi. Məclisin yeni sessiyasının açılışında çıxış edən Sultan Vahidəddin Vilson prinsiplərinin sülh üçün tək yol olduğunu, ordunun cəsarətlə başladığı bu vəzifəni şərəflə tamamlamaq istədiyini bildirdi. Bu əsnada sultana teleqraf yollayan Mustafa Kamal Paşa yeni qurulacaq hökumət kabinetinin rəhbərliyini Əhməd İzzət Paşaya verilməsini və özünün də Hərbi nazir olmasını təklif etdi. Bu təklifi qəbul edən Sultan Vahidəddin 14 oktyabr 1918-ci ildə bu vəzifəni yavərlərindən Əhməd İzzət Paşaya verdi. Hərbi nazir olan Əhməd İzzət Paşa, yeni qurduğu hökumət kabinetinə Mustafa Kamal Paşanın tərəfdarlarından Rauf Orbay və Fəthi Okyarı da əlavə etdi. Sultan Vahidəddin gedən sülh danışıqlarının rəhbərliyinə bacısı Mədiha Sultanın əri Fərid Paşanı gətirmək istəyirdi. Sədrəzəm isə buna etiraz etdi və Bahriyə naziri Rauf bəyin rəhbərliyindəki türk heyəti Mudros sülhünü imzaladı (30 oktyabr).
Səltənətinin dördüncü ayı tamamlanmamış çətin vəziyyətə düşən Sultan Vahidəddin vaxt qazanmağa çalışdı. Dövlətin düşdüyü vəziyyətdən çıxması üçün İngiltərə və Fransa yönlü siyasət yeritməyə qərar verdi. Müttəfiq dövlətlər isə müharibənin məğlub olanlarını cəzalandırmaq istəyirdi. Bu səbəblə Sultan Vahidəddin müttəfiq dövlətlərin gözündə günahsızlığını sübut etmək üçün bütün hadisələri İttihadçıların boynuna yıxmağa çalışdı. İstanbula gəlməyə hazırlaşan müttəfiq dövlətlərin heyətini qarşılamaq üçün yeni bir hökumət qurmağa qərar verdi. Belə ki, fəaliyyətdə olan Əhməd Tofiq Paşa hökuməti İttihad və Tərəqqi cəmiyyətinin öndə gələn üzvlərinin ölkədən gizlicə qaçmasına (2–3 noyabr gecəsi) göz yummuş və bununla da, onlardan tərəf olduqlarını bildirmişdi. Sultan Vahidəddinin bu qərarının konstitusiyaya zidd olduğunu bildirən Əhməd İzzət Paşa hökuməti isə ləğvi gözləmədən öz istəyilə istehfa verdi (8 noyabr).
Sultan Vahidəddin, yeni hökuməti 73 yaşındakı qudası Əhməd Tofiq Paşanın (qızı Fatma Ülviyyə Sultan paşanın oğlu ilə evli idi) rəhbərliyində qurdu. İki gün sonra isə 60 gəmidən ibarət müttəfiq dövlətlər donanması İstanbula daxil oldu (13 noyabr). Tofiq Paşa hökumətinin məclisdə təsdiqlənməsindən sonra mətbuat açıqlaması verən Sultan Vahidəddin müharibə əsnasında baş verənlərin təqsirkarının xalq deyil, İttihad və Tərəqqi hökuməti olduğunu və İngiltərə ilə dostluğun davamı üçün əlindən gələni edəcəyini bildirdi. Yenicə qurulan hökumətdən isə İttihadçıların mühakimə edilməsi üçün dərhal fövqəladə bir məhkəmə qurulmasını istədi.
Məclis-i Məbusan isə fövqəladə məhkəmənin çağırılması hüququnun konstitusiyaya görə özlərinə aid olduğunu iddia edərək hadisəyə etirazını bildirdi. Sultan Vahidəddin isə bu çətin vəziyyətdən çıxmaq üçün dövlətin tək əldən idarə edilməli olduğunu anladı və konstitusiyanın ona verdiyi hüquqla Məclis-i Məbusanı ləğv etdi (21 dekabr). Yenə konstitusiyaya görə, növbəti 4 ayda keçirilməli olan seçimləri ölkənin işğal altında olması bəhanəsilə təxirə saldı. Onun mütləqiyyətə yönəlməsində, əlbəttə ki, xarici faktorların da təsiri vardı. Keçmiş müttəfiqlərindən Bolqar çarı oğlu III Borisin lehinə taxtdan çəkilmişdi. Alman imperatoru II Vilhelm taxtından çəkilmiş və respublika elan edilmişdi. Avstriya-Macarıstan imperatoru I Frans İosif də taxtdan çəkildiyi üçün Avstriya və Macarıstan respublikaları yaranmışdı. Sultan Vahidəddinin qorxusu isə İstanbulun əldən çıxması, xilafət və səltənətin aradan qaldırılması idi.
Sultan Vahidəddin hökumətin içində olan İttihadpərəst üzvlərin uzaqlaşdırılması üçün Tofiq Paşa rəhbərliyində ikinci hökumət kabinetini qurdu (13 yanvar). İkinci Tofiq Paşa hökuməti sultana yaxın şəxslərdən ibarət idi. Sultan Vahidəddin kütləvi həbslərə başlamadan öncə Fərid Paşa vasitəsilə ingilislərin prosesə münasibətini öyrənməyə çalışdı. Diyarbəkirin keçmiş qubernatoru Rəşid bəyin həbsdən qaçması (25 yanvar) ingilislərin təzyiqlərinin artmasına səbəb oldu. Daha öncə Daxili İşlər naziri İzzət bəy tərəfindən ingilislərə adı verilən 60 nəfərin 30-u həbs edilmiş, ingilislər bunlardan 23-nün onlara təslim edilməsini tələb edirdi. Hökumət isə bu təklifi qəbul etmədi.
Bu əsnada İstanbula gələn fransız generalı d’Esperey, sultanın və hökumətin prosesləri uzatmasından bezərək toplanan batalyonla saraya gələcəyini və istədiklərini alacağını söyləyərək sarayı təhdid etdi. Sədrəzəmi fransız səfirliyinə çağırdı. Fransızlar adını verdikləri 36 nəfərin həbs edilməsini istədilər. Müttəfiq dövlətlərlə 3 aydır razılığa gələ bilməyən hökumətə etirazını bildirən Sultan Vahidəddinin sərt üslubundan narahat olan Tofiq Paşa istehfa verdi və Fərid Paşa sədarətə gətirildi (4 mart).
Yeni hökumət keçmiş sədrəzəmlərdən Səid Həlim Paşa da daxil olmaqla İttihad və Tərəqqi cəmiyyətinin öndə gələnlərini həbs etdirdi. Yozğadın Boğazlıyan bölgəsinin qubernatoru olan Mehmed Kamal bəyin mühakiməsi dərhal nəticələndi və edam cəzası şeyxülislam fətvası ilə sultanın imzasıyla təsdiqləndi. Bəyazid meydanında edam olunan və milli şəhid elan edilən Kamal bəyin cənazəsinin universitet tələbələrinin əlləri üzərində bayrağa bükülü olaraq daşınması müttəfiq dövlətlərini narazı saldı. Paris konfransına təmsilçi göndərmə istəyi və sultanın məsələni müzakirə etmək üçün tələb etdiyi məsul şəxslərlə görüş baş tutmadı. Müttəfiq dövlətlər hökumətin bütün işlərinə qarışırdı. Digər yandan sultan, Anadolu və Rumeliyə şahzadələrin rəhbərliyi ilə göndərdiyi nəsihət heyətləriylə xalqı sakitləşdirməyə çalışırdı.
Müttəfiq dövlətləri ictimai asayişin təmin edilməsi üçün Osmanlı zabitlərinin Anadoludakı birliklərə qoşulmasına icazə verdi. Mustafa Kamal Paşa da 9. Ordu müfəttişliyinə təyin edildi (30 aprel). Sultan Vahidəddin İzmirin işğalından sonra istehfa verən Fərid Paşa rəhbərliyində ikinci hökumət kabineti qurdu (19 may). Yeni qurulan hökumət həbs olunan 23 milliyyətçini azadlığa buraxdı. İttihadçıların həbs olunması və məhkəmə prosesi isə təxirə salındı. Sultanın sarayda çağırdığı səltənət şurasında (26 may) artıq ölkənin yadellilərdən azad edilməsi qərar alındı. Bundan narahat olan müttəfiq dövlətlər həbs olunan 67 siyasi məhbusu Malta adasına sürgün etdi (27 may). Nəhayət, müttəfiqlərin hökuməti Paris konfransına dəvət etməsi nəticəsində münasibətlər yaxşılaşdı və İttihadçıların həbsi yenidən davam etdi. Konfransda iştirak edəcək şəxləri şəxsən seçən Sultan Vahidəddin Fərid Paşaya inanmadığı üçün Tofiq Paşanı da heyətə daxil etdi.
Yunan işğalına qarşı toplanan siyasi cəmiyyətlərin başladığı silahlı mübarizə getdikcə güclənmişdi. İngilsilər bu milliyyətçi hərəkatın arxasında İttihadçıların olduğunu iddia edərək sultana təzyiq edir və Mustafa Kamal Paşanın geri çağırılmasını tələb edirdi. Bu əsnada sultanın yaşadığı Ulduz sarayında böyük bir yanğın çıxdı (8 iyun). Bütün əşyaları yanan və son anda xilas olan Sultan Vahidəddin "Millətimin ocağı yanıb, mən onu düşünürəm. mənim evim yanmış, nə önəmi var ?" dedi. Vəliəhd Əbdülməcid Əfəndi də sultana məktub yazaraq davam edən ingilispərəst siyasəti və Fərid Paşanın konfransa göndərilməsini tənqid etdi (12 iyun). Məktubu ələ keçirən ingilislər milliyyətçilərin sultana qarşı bir çevriliş hazırladığını və Ulduz sarayındakı yanğının da bir sui-qəsd nəticəsində çıxdığını iddia edərək meydanı qızışdırmağa başladılar.
Siyasi fikirlərini daima gizli saxlayan Sultan Vahidəddin digər yandan Mustafa Kamal Paşanın geri çağırılması təkliflərini rədd edirdi. Hökumət çıxarılan qanunla Mustafa Kamal Paşanı vəzifədən alsa da (23 iyun), Sultan Vahidəddin buna səssiz qaldı. 3. Ordu müfəttişi imzasıyla sultana teleqraf çəkən Mustafa Kamal Paşa hökumətin bu qərarından şikayət etdi və lazım gələrsə, bütün vəzifələrindən istehfa verib xalqın mübarizəsinə qatılacağını bildirdi. Sultan Vahidəddin isə özünün və hökumətin ingilislərin təzyiqi altında olduğunu, bu vəziyyətdə Mustafa Kamal Paşanın Anadoluda qalmasının daha münasib olacağını bildirdi. Bu səbəblə hərbi nazirlikdən onun adına 2 aylıq icazə alaraq vəziyyət sabitləşənə qədər hadisələrdən uzaqlaşmağı tövsiyə etdi.
İngilis kəşfiyyatı isə Anadoludakı milli hərəkatın arxasında sultanın və hökumətin olduğunu anlamışdı. Samsunda ingilislərlə Rüfət bəy arasında yaranan gərginliyin ardından ingilislər saraya nota göndərdi və Mustafa Kamal Paşanın həbs edilərək İstanbula gətirilməsini və Rüfət bəyin vəzifədən alınmasını tələb etdi. Sultan Vahidəddin isə Ərzurumda olan Mustafa Kamal Paşaya teleqraf çəkərək vəziyyətin gərginliyini və artan təzyiq səbəbilə vəzifədən alındığını bildirdi (8–9 iyul gecəsi). Mustafa Kamal Paşa isə göndərdiyi cavab məktubunda sultanı və hökuməti çətin vəziyyətə salmamaq üçün bütün hərbi rütbələrindən istehfa etdiyini, millət və sultan adına mübarizəyə davam edəcəyini bildirdi.
Sultan Vahidəddin isə Samsundakı hadisə ilə Mustafa Kamal Paşanın heç bir əlaqəsinin olmadığını sübut etməyə çalışırdı. Baş admiral Artur Kaltorpa xüsusi xəbər göndərərək (8 iyul) Aydın bölgəsindəki yunan zülmündən şikayət etdi. Əmrindəki orduların ləğv edilməsi, vəziyyətin isə təhlükəli bir hal alması səbəbilə tək ümidinin İngiltərə hökuməti olduğunu bildirdi.
Digər yandan sədrəzəm Paris konfransından heç bir nəticə əldə etmədən geri dönmüşdü (15 iyul). Ertəsi gün sultanın qəbulunda olan vəliəhd Əbdülməcid Əfəndi sədrəzəmin konfransdakı mövqeyini və siyasətini ciddi şəkildə tənqid etdi. Ancaq sultan imtina edə bilmədiyi Fərid Paşa rəhbərliyində üçüncü hökumət kabinetini qurdu (20 iyul). Yeni hökumətə milli hərəkat yönümlü olan Tofiq Paşa, Əhməd İzzət Paşa və Əli Rza Paşalar da alındı. Sədrəzəm isə bir qərar çıxararaq Anadoluda milli bir konqresin keçirilməsinə etiraz etdi. 2 gün sonra Mustafa Kamal Paşanın rəhbərliyində açılan Ərzurum konqresi (23 iyul) sultana bağlı olduqlarını bildirən və sədrəzəmin verdiyi qərarı tənqid edən bir teleqraf yolladı. İngilislər isə hökumətə nota göndərərək (24 iyul) Mustafa Kamal Paşanın üsyankar elan edilməsini tələb etdi. Sədrəzəm, uzun danışıqların ardından Mustafa Kamal Paşa və Rauf bəy haqqında həbs qərarı çıxara bildi (29 iyul). Buna etiraz edən Əhməd İzzət Paşa istehfa verdi. Vəliəhd Əbdülməcid Əfəndi dərhal saraya gedib, hələ də Fərid Paşanı qorumağa çalışan Sultan Vahidəddini olduqca sərt bir dillə tənqid etdi. İngilislərin artan təzyiqi nəticəsində Mustafa Kamal Paşanın bütün nişanları geri alındı və fəxri yavərliyi ləğv edildi (9 avqust). Hökumətin bu mövqeyini tənqid edən Tofiq Paşa da 2 gün sonra istehfa verdi. Hökumət 4 sentyabrda başlayan Sivas konqresinə qarşı fəaliyyətə başlasa da, buna nail ola bilmədi. Mustafa Kamal Paşa ilə sultan arasında aşılmaz bir divar hörüldü. Milli azadlıq hərəkatı isə rəsmi bir hökumət qurulanadək İstanbulla bütün əlaqələrinin kəsildiyini elan etdi (11–12 sentyabr gecəsi). Mustafa Kamal Paşanın Sivasdan göndərdiyi məktubu alan (29 sentyabr) Sultan Vahidəddin dərhal hökuməti istehfaya göndərdi və onun məsləhəti ilə Əli Rza Paşanı sədarətə gətirdi (2 oktyabr).
Yeni qurulan hökumətə yalnız milli azadlıq hərəkatını dəstəkləyənlər alındı. İstanbulla Ankara arasında 20 gündür bağlı olan teleqraf xətti bərpa edildi.
Əli Rza Paşa hökumətindən narazı olan müttəfiqlər sultanın qorxularını təhrik etmək üçün İstanbulun gələcəyini müzakirə etməyə başladılar. İngilislər türklərin İstanbuldan çıxarılmasını istəyirdilər. Gəzən şayələrdən narahat olan Sultan Vahidəddin müttəfiq dövlətlərin təmsilçiləri ilə görüşmək istəsə də, müsbət cavab ala bilmədi. İngilisləri razı salmaq üçün məclisin açılışını gecikdirməyə çalışsa da, 12 yanvar 1920-ci ildə sonuncu Məclis-i Məbusan açıldı.
Sultan Vahidəddin xəstəliyini bəhanə edərək açılışa qatılmadı. Gəzən şayələrə son qoymaq üçün səhhətinin pis olması haqqındakı tibbi arayışları qəzetlərdə dərc etdirdi. Bu əsnada Mustafa Kamal Paşa sultana teleqraf çəkərək səhhətindən narahat olduğunu bildirdi. Digər yandan Sultan Vahidəddin də məclis üzvlərini qəbul edir, onlardan milli hərəkat haqqında məlumat alırdı.
Bu xəbərlərdən təlaşlanan müttəfiqlər, Osmanlı əsgərlərinin Topqapı sarayı və Ayasofya ətrafından uzaqlaşdırılmasına, sultanı İttihadçılardan qorumaq və Anadoluya qaçmasına mane olmaq üçün Ulduz sarayının nəzarət altına alınmasına qərar verdi. Sultanın verdiyi əmrlə Mustafa Kamal Paşanın nişanları geri qaytarıldı (3 fevral).
Müttəfiq dövlətlər sultanı sıxışdırmaq üçün London konfransında (5 mart) alınmış qərarla İstanbulun işğalını elan etdi. Əvvəlcə İstanbuldakı yunan və ermənilərin qətl ediləcəyi şayələri yayıldı. Ardından İstanbul rəsmi olaraq işğal edildi və bütün rəsmi orqanlar ələ keçirildi (16 mart). Milliyyətçi liderlər həbs edilərək Maltaya sürgün edildi. Hökumət 2 apreldə istehfaya getdi. Sultan Vahidəddin 5 apreldə yenidən Fərid Paşa rəhbərliyində hökumət qurdu. Məclis sultanın əmriylə bağlandı (11 aprel).
Nəhayət, Ankarada toplanan Böyük Millət Məclisi toplanaraq (23 aprel 1920) millətin yeganə təmsilçisi olduğunu bütün dünyaya elan etdi. Buna cavab olaraq isə Mustafa Kamal Paşa və 5 yaxın adamı haqqında ölüm hökmü verildi (24 may). Çox keçmədən Sevr sülhü imzalandı (10 avqust). Buna məclisin reaksiyası sərt oldu. Belə ki, Sultan Vahidəddin xain elan edildi və kürəkəni Fərid Paşa haqqında ölüm hökmü verildi (7 oktyabr).
İngilislərin təzyiqi ilə Tofiq Paşa yenidən sədarətə gətirildi (21 oktyabr). Mustafa Kamal Paşa isə bu hökuməti tanımaqdan imtina etdi. Bu əsnada yunanlara qarşı ilk zəfər olan İnönü döyüşü baş verdi. Məclisin 8 fevralda keçirilən gizli iclasında sultanın taxtdan endirilməsinə qərar verildi. Nəhayət, Sultan Vahidəddinin Ankara hökumətini tanımaması nəticəsində məclis səltənəti və Osmanlı imperiyasını ləğv etdi (1 noyabr 1922). Xilafətin isə Osmanlı sülaləsinə aid olduğunu və TBMM tərəfindən seçiləcək şəxsə veriləcəyini bildirdi. Hökumət adamlarının yarısı ölkədən qaçır, yarısı isə ingilislərə sığınırdı. Səltənətin ləğvindən sonra 10 noyabrda ilk dəfə cümə salamlığına çıxan Sultan Vahidəddinin oxunan xütbədə adı çəkilmədi.
Mühacirət illəri
Nəhayət, ingilislərin çoxdandır gözlədiyi an gəldi. Sultan Vahidəddin 15 noyabrda fəxri yavəri və qaynı Zəki bəy (xanımı Səniyə Qadınəfəndinin qardaşı) vasitəsilə general Harrinqtona müraciət etdi və ingilislərdən siyasi sığınacaq istədi. Sultanın 17 noyabr 1922 tarixində cümə günü İstanbuldan Malaya adlı gəmiylə çıxarılmasına qərar verildi. Sultan Vahidəddin o gecə Cihannüma köşkündə qaldı. Şəxsi əşyalarından başqa dəyərli əşya və cəvahirət almamağa diqqət yetirdi. Qalaq-qalaq sənədləri kamində yandırdı. Son Osmanlı sultanı Ulduz sarayından ingilis generalı Çarlz Harrinqtonun müşayiəti ilə alındı. Sultan və heyətindəki 10 nəfər səhər saatlarında ingilis batalyonu tərəfindən Maltaya yola salındı. Maltadakı ingilis qubernatoru sultanı kral V Georq adına qarşıladı. Krala təşəkkürlərini bildirən Sultan Vahidəddin taxtından və xilafətdən əl çəkmədiyini bildirdi. Bu əsnada isə TBMM Əbdülməcid Əfəndini Osmanlı xəlifəsi elan etdi (19 noyabr).
Bu əsnada ingilislər artıq yük olmağa başlayan sabiq sultandan xilas olmağa çalışırdı. İngilislərin dəstəyi ilə Osmanlı imperiyasına qarşı üsyan qaldıran və Ərəbistan məliki olan Şərif Hüseyn sultanı Məkkəyə dəvət etdi. İngilis gəmisiylə Maltadan ayrılan (5 yanvar 1923) Mehmed Vahidəddin Port Səid limanında Kral Hüseynin oğlu tərəfindən qarşılandı. Daha sonra Süveyşə və Ciddəyə getdi (15 yanvar 1923). Kral Hüseyn qonağını 101 top atəşilə qarşıladı və Məkkəyə yola saldı. Fevral ayının sonuna qədər Məkkədə qalan Sultan Vahidəddin iqlimi daha mülayim olan Taifə getdi. Müsəlman aləmi isə onun Hicaz ziyarətini tənqid edirdi.
Hicazda çox qalmayan Sultan Vahidəddin Məkkəyə döndü və Fələstinə getmək istədi (15 mart). Ancaq ingilislər buna icazə vermədi və sabiq sultan uzun müzakirələrdən sonra İtaliyaya göndərildi. İtalyan hökuməti Sultan Vahidəddini Genuya limanında qeyri-rəsmi bir mərasimlə qarşıladı (2 may). Onu qarşılayanlar arasında qaynı Fərid Paşa da vardı. San-Remo qəsəbəsindəki Nobel villasında məkunlaşdı. 16 ay burada tək yaşayan Sultan Vahidəddin 1924-cü ildə verilən Osmanlı sülaləsinin sürgün qərararından sonra ailəsinə qovuşdu. Ailənin fərdləri artdığı üçün Manolya villasına köçən Sultan Vahidəddin Türkiyə sərhədlərindən kənarda qalan ailə mülklərindən pay almaq üçün sürgündəki bütün ailə üzvlərindən vəkalət aldı. Ancaq sürgün səbəbilə Nitsada məskunlaşan Əbdülməcid Əfəndi ailə rəisinin özü olduğunu deyərək vəkalət verməkdən imtina etdi. Sultan Vahidəddin İstanbuldan 20 min ingilis sterlinqi ilə ayrılmışdı. Bu pulun bir hissəsi fırıldaqçıların əlinə keçmiş, bir hissəsi isə keçmiş qaynı və fəxri yavəri olan Zəki bəy (xanımı Səniyə Qadınəfəndinin qardaşı) tərəfindən San-Remo qumarxanalarında itirilmişdi. Əlində qalan şəxsi cəvahiratları satmış, sonda medallarını da satışa çıxarmışdır. Ancaq medalların üzərindəki daş-qaşın saxta olduğunu öyrənmiş və saray zərgərləri tərəfindən aldadıldığını öyrənmişdir.
Vəfatı və dəfni
16 may 1926 tarixində səhər saatlarında Nitsada yaşayan qızı Sabiha Sultanın qızı olduğu xəbərini alan Sultan Vahidəddin nəvəsinin adının Nəcla olmasını istədi. Məhz həmin günün sonunda axşam saatlarında vəfat etdi. Aparılan araşdırmalarda ölüm səbəbi kimi ağciyərinin birinin vərəmdən quruması və ürək damarlarının tutulması göstərildi.
Sultanın öldüyünü eşidən borclular təxminən 60 min lirəlik borclarını tələb etdilər. Nəticədə Manolya villasındakı bütün əşyalar və mərhum sultanın tabutu villanın zirzəmisindəki otağa qoyularaq kilidləndi. İtalyanlar borc ödənilənədək cənazənin dəfn edilməsinə icazə vermədilər. Nəhayət, 1 ay sonra Nitsadakı qızı Sabiha Sultan sırğalarını sataraq borcları ödədi və cənazənin Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olunmasına qərar verildi. Fransa hökumətindən icazə alındı və tabut at arabasıyla dəmiryolu stansiyasına (15 iyun), oradan isə qatarla Triestə aparıldı. Burada gəmiyə daşınan cənazəsi kürəkəni Ömər Fərrux Əfəndinin nəzarətində Beyruta aparıldı. Oradan qatarla Dəməşqə daşınan cənazə Süleymaniyyə təkyəsinin həyətində dəfn olundu (3 iyul 1926). Məzar yeri üçün qazılan yerdən su çıxmasıyla torpaq çökmüş, bu səbəblə cənazənin üzərində türbə tikilə bilməmişdir.
Ailəsi
Hərəmxanası
Oğlan uşaqları
Qız uşaqları
İstinadlar
- Mehmed VI // Encyclopædia Britannica (ing.).
- Mehmet VI // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- Deutsche Nationalbibliothek Record #119160641 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə
- TBMM Gizli Celse Zabıtları, Ankara 1985, I, 132-139, 410-416;
- Atatürk ile İlgili Arşiv Belgeleri (1911–1921), Ankara 1982, s. 173-179;
- Belgelerle Mustafa Kemal Atatürk (1916–1922), Ankara 2003, s. 6-42;
- Lütfi Simâvi, Osmanlı Sarayının Son Günleri (s.nşr. Şemsettin Kutlu), İstanbul, ts. (Hürriyet Yayınları), s. 373-538;
- Ali Fuat Türkgeldi, Görüp İşittiklerim (Ankara 1949), Ankara 1984, s. 138-264;
- İbnülemin, Son Sadrıazamlar, IV, 2095–2104;
- Mufassal Osmanlı Tarihi, İstanbul 1963, VI, 3574-3650;
- Refik Halid Karay, Minelbab ilelmihrab, İstanbul 1964, s. 113, 117-118, 140;
- Safiye Ünüvar, Saray Hatıralarım, İstanbul 1964, s. 119, 124, 138-139;
- Tarık Mümtaz Göztepe, Osmanoğullarının Son Padişahı Vahideddin Gurbet Cehenneminde, İstanbul 1968;
- a.mlf., Osmanoğullarının Son Padişahı Vahideddin Mütâreke Gayyasında, İstanbul 1969;
- G. Jaeschke, Kurtuluş Savaşı ile İlgili İngiliz Belgeleri (trc. Cemal Köprülü), Ankara 1971, s. 4, 12;
- a.mlf., “Mondros’a Giden Yol”, TTK Belleten, XXVIII/109 (1964), s. 151 vd.;
- Bilâl N. Şimşir, İngiliz Belgelerinde Atatürk: 1919–1938, Ankara 1973–84, I, 66, 68, 300, 380, 463-464;
- a.mlf., “Vahdettin’in Kaçışı ve Sonu”, Cumhuriyet, İstanbul 26-30 Kasım 1973;
- İsmail Hakkı Okday, Yanya’dan Ankara’ya, İstanbul 1975, s. 350, 353, 373-374, 449;
- Mazhar Müfit Kansu, Erzurum’dan Ölümüne Kadar Atatürk’le Beraber, Ankara 1988, I-II, tür.yer.;
- Doğu Ergil, “Osmanlı Ocağı’nın Sönüşü”, Milliyet, İstanbul 30 Kasım -13 Aralık 1989;
- Münevver Ayaşlı, İşittiklerim, Gördüklerim, Bildiklerim, İstanbul 1990, s. 8-9;
- Ahmet İzzet Paşa, Feryadım (haz. Süheyl İzzet Furgaç – Yüksel Kanar), İstanbul 1993, II, 14, 19-20, 27-28, 190, 213-214, 278, 454-455;
- Rıza Tevfik [Bölükbaşı], Biraz da Ben Konuşayım (haz. Abdullah Uçman), İstanbul 1993, s. 57, 63, 108-109, 189;
- Orhan Koloğlu, Gazi’nin Çağında İslâm Dünyası (1919–1922), İstanbul 1994, s. 65, 118, 231, 286, 300, 305, 319;
- Salâhi R. Sonyel, Türk Kurtuluş Savaşı ve Dış Politika, Ankara 1991–95, I-II, tür.yer.;
- a.mlf., Kurtuluş Savaşı Günlerinde İngiliz İstihbarat Servisi’nin Türkiye’deki Eylemleri, Ankara 1995, tür.yer.;
- a.mlf., “Son Osmanlı Padişahı Vahideddin ve İngilizler”, TTK Belleten, XXXIX/154 (1975), s. 257-264;
- a.mlf., “İngiliz Yüksek Komiseri Sir Horace Rumbold’un Türk Ulusal Akımı’na Karşı Tutumu”, a.e., LVIII/221 (1994), s. 159-184;
- Murat Bardakçı, Şahbaba: Osmanoğulları’nın Son Hükümdarı VI. Mehmed Vahideddin’in Hayatı, Hatıraları ve Özel Mektupları, İstanbul 1998;
- Sina Akşin, İstanbul Hükümetleri ve Millî Mücadele, İstanbul 1983–92, I-II, tür.yer.;
- Enver Ziya Karal, “Mehmed VI”, İA, VII, 562-566;
- A. J. Mango, “Meĥemmed VI Waĥid al-Dīn”, EI² (İng.), VI, 984-985.
VI Mehmed Doğum: 14 yanvar 1861 Vəfat: 16 may 1926 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri V Mehmed Rəşad |
Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 3 iyul 1918-1 noyabr 1922 |
Xələfləri Yox Osmanlı sultanlığının ləğvi (Mustafa Kamal Atatürk) |
Sünni İslam titulları | ||
Sələfləri V Mehmed Rəşad |
İslam Xəlifəsi (خلافة إسلامية) |
Xələfləri Əbdülməcid |