Vəzn
Vəzn (yunanca: τό μέτρον — ölçü, vahid) — şeirin ölçüsü, onun struktur vahididir. Ölçü və yaxud vəzn şeirdə ahəngi yaradan, formanın musiqililiyini və obrazlığını gücləndirən amillərdən biridir. Şeir vəznlə — səslərin nizam, qayda- qanun və tənasübü ilə yaranır. Vəzn şerə məna-məzmun, hərəkət və poetik vüsət verir.
Lüğətlərdə vəzn, "bir şeyin ağırlığı, çəkisi" mənalarında işlədilir. Terminoloji, yəni şeirşünaslıq mənasinda isə vəzn misranın səslər kəmiyyətincə ölçüsü, yaxud bəhrə görə misralardakı uzun və qısa hecaların müəyyən şəkildə tərtibi ilə yaranan ritmin ölçüsüdür.
Xüsusiyyətləri
Dünya ədəbiyyatında daha çox heca, əruz və sərbəst vəzndən istifadə olunmuşdur. Xalqlar vəznləri mənimsəmiş, dillərinin təbiyyətinə uyğunlaşdırmış, onları yeni milli keyfiyyət, əlamət və ünsürlərlə zənginləşdirmişlər, amma təzə vəznlər yaratmağa ehtiyac duymamışlar. Ona görə də vaznlərin mahiyyətini həmişə milli fərdi xüsusiyyətlərdən daha çox ümumilik və bəşərilik şərtləndirmişdir.
Sərbəst vəzndə, hecada və əruzda — müxtəlif xalqlar üçün ümumi olan kateqoriyalarda ayrı- ayrı xalqların şairləri və alimləri tərəfindən yaradılmış xüsusiyyətləri də vardır. Bu xüsusiyyətlər o əruzların milli hisslərini və ya xalqların yaradıcılıqlarını əks etdirir. Milli əruzlar ümumi əruzun müxtəlif budaqlarıdır.[1]
Dünya ədəbiyyatında bir əruz, bir heca və bir sərbəst vəzn vardır. Milli ədəbiyyatlarda onlardan istifadə isə fərqlidir, milli dillərin xüsusiyyətlərinə, milli zövqlərə uyğundur. Vəznləri biri-birinə bağlayan, yaxınlaşdıran ümumoxşar, müştərək cəhətlər çoxdur. Müəyyən bir vəzn, deyək ki, heca vəzni müəyyən bir dilin qrammatik qayda-qanunlarına, fonetik-morfoloji xüsusiyyətlərinə əsaslanmış və onlarla müəyyən olunmuşdur. Xalqlar vəznlərə ehtiyac, tələb və zövqlə yanaşmışlar. Bir xalq vəznin birindən, diğəri ikisindən, bir başqası isə üçündən istifadə etmişdir. Antik yunan və roma ədəbiyyatında bir- antik vəzn, alman ədəbiyyatında əvvəlcə heca, sonra əruz vəznı işlənmişdir. Rus ədəbiyyatında tonik və tonik-sillabik vəznlərindən istifadə olunmuşdur.[2]
Türkdilli şeir heca, əruz və sərbəst vəznlə yaranmışdır. İspanlar həm heca, həm də əruz vəzndən istifadə etmişlər. Sillabik vəzn dünya xalqlarının çoxunun şerində işlənmışdir. Həm iltisaqi, həm flektiv, həm də amorf quruluşlu dillərdə danışan xalqlar- qədim hindilər, midiyalılar, fransızlar, polyaklar, qədim iranlılar, yaponlar, heca vəznində şeir yaratmışlar.[3]
Vəznin növləri
Ədəbiyyatda vəznin daha çox heca, əruz və sərbəst formaları istifadə olunsa da, ümumən vəzn aşağıda ki, formaları mövcuddur. Tonik, tonik sillabik və sillabik-tonik vəzn sistemlərinin ifadə imkanları geniş və imkanlıdır.
Antik vəzn
Antik vəzn E.ə. VIII əsrdə Yunanıstanda yaranmışdır. Yeni eranın III əsrində Roma, sonralar isə Avropa şerinin işlək vəznı olmuşdur. Xorla oxunan nəğmələr — odalar, himnlər, lirik şeirlər, habelə satirik, epik, komik və tragik əsərlər antik vəznlə yazılmışdır.
İlk səhnə əsərlərinə və epik növün iri formalarına qədər antik vəzn yetərincə təcrübə və ənənə formalaşdırmışdır. Homer, Aristofan, Esxil, Evripid, Sofokl və Pindar antik vəznın təcrübəsini öyrənmiş və ona marağı artırmışlar. Homer "İliada" və "Odisseya" nı antik vəznlə, altıstoplu ölçüdə — hekzametrlə yazmışdır.[4]
Antik vəznı yaradanlar yunan dilinin xüsusiyyətlərini əsas almış, vəznı qısa və uzun hecaların tənasübü üzərində qurmuşlar. Tələffüz üçün ayrılan vaxta mora demişlər. Qısa hecaların tələffüzü üçün bir, uzun hecalar üçün iki moradan istifadə olunmuşdur. Stopları(bəhrləri) qısa və uzun hecaların çarpazlaşması əmələ gətirmişdir. Metr- ölçü bir neçə stopun birləşməsi yolu ilə yaranmışdır.
Avropalılar antik vazn xüsusiyyətlərini yunan və Roma ədəbiyyatından öyrənmişlər. Slavyandilli xalqların ədəbiyyatında isə bu vaznin ənənəsi gec, Avropa ədəbiyyatının təsiri ilə yaranmışdır.[5] Antik vəznın təsiri əhatəli, poetik imkanı davamlı olanşdur. Alman, ingilis, farnasız və italyan əsibləri antik vəznə tez-tez müraciət edirdilər. Klassik fransız faciyələri, M. Kornel və Rassinin əsərləri antik vaznlə yaranırdı.
Ərəb, fars və türkdilli xalqların ədəbiyyatında antik vəzndən istifadə olunmamışdır. Ona görə ki, əruz vəzninin bəhrləri antik vəznin stoplarına yaxın idi.[5] Əruz musiqililiyin, poetik imkanın genişliyi ilə fərqlənirdi.
Tonik vəzn
Tonik vəzn şeirin qədim ölçülərindən biridir. Slavyanların və Avropa xalqlarının şifahi ədəbiyyatı tonik vəznlə yaranırdı. Qəhramanlıq dastanları, bılinalar, mərasim nəğmələri, məzmunu məişətdən alınan şeirlər bu ölçü ilə yazılırdı. İfadəlilik, aydınlıq, fikir və məna dərinliyi tonik vəznlə yazılan şeirlərdə güclü olur. Tonik vəznlə yazılan şeirlər vurğulu hecalar üzərində qurulurdu. Burda sözlər hecaların tərtibatına, onların yerini elastik şəkildə dəyişmək imkanına uyğun seçilirdi. Avazla, musiqi ilə oxunanda şeirin daxili ahəngi, vəznın özünəməxsusluğu asan duyulur, təsir dərinlşirdi.
Sillabik vəzn
Türkdilli xalqların və avropalıların ədəbiyyatında geniş yayılan bir vəzn — sillabik vəzn heca vəznindən heç bir məziyyəti ilə fərqlənmirdi. Burada əsas tələb misrada hecaların sayının bərabər olmasıdı idi. Sillabik vəzn ukraynalılar polyak, ruslar isə ukrayn şeirindən götürmüşdülər. Bu vəzn rus dilinin qanunauyğunluqlarına uyğun gəlmirdi. Buna baxmayaraq, A. D. Kantemir bu ölçü ilə yazardı[6]. Sillabik vəzn işləkliyini və ahəngdarlığını indi də saxlayır. Fransızlar, italyanlar, polyakalr və türkdilli xalqlar şeirin bu ölcü sistemindən çox istifadə edirlər.
Sillabik-tonik vəzn
Sillabik-tonik vəznlə şeir yazmağın müəyyən çətinlik və mürəkkəbliyi vardır. Çünki burada yalnız hecalar yox, vurğularda nəzərə alınır. Bunlar ahəngin, emosionallığın və təsirin yaranmasında sözün və söz hissələrinin dinamikliyinin artmasında əhəmiyyətli rol oynayır. Sillabik-tonik sistem vurğulu hecaların uzun hecalara, vurğusuz hecaların qısa hecalara kəmiyyət tənasübü və bunların müəyyən bir qaydada düzəlməsi ilə yaranır. Bütövlükdə bu vəznin nahiyyəti antik ölçünün stopları ilə müəyyənləşir.
Heca vəzni
Heca vəzninin kökü canlı danışıq dilində, onun qrammatik quruluşunda, dilin fonetik xüsusiyyətlərində, ahəng və melodiyasındadır. Bu ölçü ilə əhangdarlıq, səslərin nizam və tənasübü asanlıqla yaranır. Hecaları tələffüzə yatımlı olur. Ümumiyyətlə sabit olan dillər üçün heca vəznı səciyyəvi şeir vəznıdır. Bu cəhətdən fransız, polyak, ərəb, və bir sıra dillərin şeiri üçün heca vəznı təbii vəzn sayılır. Türk dillərində də, məlum olduğu üzrə, müstəsna hallardan başqa, vurğu əsasən sözün sonunda olur. Dünyanın bir çox xalqının ədəbiyyatında heca vəznının ənənəsi, poetik sistemi, daxili qanunauyğunluqları və ciddi texniki prinsipləri vardır.
Heca vəznində şərt misralarda hecaların sayıdır. Şeirin ilk misrasında neçə heca varsa, sonrakı misralarda da o qədər heca olmalıdır. Heca vəznındə misraların həcmi, hecaların sayı ölçüdür. Bunsuz heca vəznının varlığı, şeirin bədiliyi və təsiri mümkün deyildir. Çünki heca vəznində misralarda hecaların sayının bərabərliyi şərt-ölçü, əsas poetik əlamətdir.
Müasir ədəbiyyatda heca vəznınə yaradıcı yanaşılır. Daha çox onun beşlik, altılıq, yeddilik, səkkizlik, onbirlik və onikilik ölçülərdən istifadə edilir. Ancaq bunlar diğər şeir vahidlərinin- doqquz hecalı, və on altı hecalının əhəmiyyətini azaltmır. Bu ölçülərdən ehtiyac və tələbə uyğun, daha çox epik poeziyada istifadə olunur.
Azərbaycan ədəbiyyatında iki hecalı, üç hecalı və dörd hecalı şeirlər yazılır. Ancaq yenə də bu şeir vahidləri adilik və bəsitliyini saxlayır. Müxtəlif üslublu sənətkarların yaradıcılığını eyni dərəcədə əhatə etmir. Ədəbiyyatımızda heca vəznli şeirin on altı şəkli vardır. Bu şeirin daxili bölgüləri isə zəngin və əlvandır. Daxili bölgünün müxtəlifliyi ədəbiyyatlarda və ədəbi şəxsiyyətlərin yaradıcılığında yaranır. Şeirin bütün janrlarının daxili bölgüləri çoxtərəfli, çoxistiqamətli aparılır:
Aşıq yamana gələ, 2+5
Dərdin yamana gələ, 2+5 (Sarı Aşıq) |
Çiçəyi çiçəyə at, 3+4
Dəstələ üstümə at, 3+4 Mən hicran xəstəsiyəm, 3+4 Çox yatsam, özüm oyat, 3+4 (Mirvarid Dilbazi) |
Hələ uçqunlara indi tanışam, 6+5
Sınıq qayalara yamanmamışam...6+5 (Məmməd Araz) |
Sərbəst şeir
Ən qədim dövrlərdən nəzmin spesifik xüsusiyyətləri olmuşdur. Bir şeirin misralarında müxtəlif saylı hecalardan istifadə belə səciyyəvi əlamətlərdən idi. Yunanlılar və romalılar bu formadan çox istifadə edir və onu "Algey beyti" adlandırırdılar. Burda misranın biri səkkiz, digəri doqquz, bir başqası isə on, onbir, ya da on iki heca olurdu.
Sərbəst şeir tamam sərbəstlik, vəznsizlik, misraları necə gəldi qafiyələndirmək, qırmaq və səpələndirmək demək deyildir. Sərbəstlik vəznın poetik imkanlarından yaradıcı, fikirin hərtərəfli açılmasına uyğun sərbəst istifadə deməkdir. Çünki sərbəst şeirin mürəkkəb xüsusiyyətləri, daxili poetik qanunauyğunluqları vardır. Sərbəst şeirlərdə detallar, mənzərələr, təsvir və ifadə vasitələri daxili tellərlə bir-birinə bağlanır, məzmun hərtərəfli açılır. Sərbəst şeir ənənəni və ayrı-ayrı vəznləri inkar etmir. Əksinə, özünün varlığında başqa poetik ölçülərin ünsür və əlaqələrini cəmləşdirir.
Müasir Azərbaycan ədəbiyyatında sərbəst şeirdən ilk dəfə Rəsul Rza, Səməd Vurğun, Mikayıl Müşfiq istifadə etmişdir. Sonralar ənənə davamlı təzahürünü Osman Sarıvəlli, Fikrət Qoca və başqalarının yaradıcılığında tapmışdır.
Əruz vəzni
Ərəb sözü olan əruzun bir neçə mənası vardır: 1. Çadırın ortasına vurulan dirək, tərəf, cəhət; 2. Məkkə şəhərinin adlarından biri; 3. Nahiyə, kinli, inadlı dəvə; 4. Şeirdə beytin birinci misrasının son bölümü. İstilahi mənada isə əruz şeirin ölçüsüdür.
Əruz vəzni çox yayılan, işləkliyi ilə fərqlənən ölçüdür. İslamiyyətdən əvvəl ərəb folklorunun nümunələri, mənzum həmasilər, müharibələr zamanı söylənən rəcəzlər və məzmunu xalq məişətindən alınan şeirlər əruz vəzni ilə yazılırdı. Bədahətən şeir deyəndə, ərəblər əruzdan istifadə edirdilər. Bunlara baxmayaraq, əruzun mənşəyini Yunanıstanda, Hindistanda və İranın Sasanilər dövrü mədəniyyəti ilə bağlayanlar az olmamışdır.
Əslində isə əruzun banisi VIII əsr ərəb filoloqu və tarixçisi Əbu Əbdürəhman Xəlil ibn Əhməd əl Fərahidi olmuşdur[7]. O, əruzun əsasını 767-ci ildə qoyumuşdur. IX əsrdən əruz geniş yayılmış, Avropa, yaxın və Orta Şərqin bir sıra xaqlarının şeir vəzni olmuşdur.
Farslar əruzu ərəb ədəbiyyatından götürmüşlər. Onlar əruzun on altı bəhrini üç bəhr(qərib, cədid, müşəkil) artırmış, bəhrlərin sayını on doqquza çatdırmışlar. Farslar ərəb qəliblərini yeni formaya salmış, onlara milli xüsusiyyətlər aşılamışlar.
Türkdilli xalqlar əruzdan XI əsrdən istifadə etmişlər. Əruz vəznin mütəqarib bəhri ilə yazılan ilk türk -uyğur abidəsi Yusif Balasaqunlunun "Qutadqu-bilik" poeması olmuşdur.
Əruzla yazılan şeirlərin misraları bölüm kəmiyyətinə görə üç qrupa bölünür: dördbölümlülər, üçbölümlülər, ikibölümlülər. Əruzda misraların ölçü bərabərliyi hərəkəli və hərəkəsiz səslərlə müəyyən olunur. Əruz iki yerə — əsli vəznlərə və qeyri-əsli vəznlərə ayrılır. Əsli vəznlər ancaq vəznlərdən, qeyri- əsli vəznlər isə düzəltmə vəznlərdən əmələ gəlir[8]
İstinadlar
- Ə. Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı.1977.s.393.
- Bualo. Poeziya sənəti. Bakı.1969.
- Abbas Hacıyev. Ədəbiyyat nəzəriyyəsi. Bakı.1996.s.206.
- Зайцев, Александр Иосифович. Формирование древнегреческого гексаметра. СПб, Изд-во СПбГУ. 1994. 166 стр. ISBN 5-288-00844-2 (2-е изд. в кн. Исследования по древнегреческой и индоевропейской поэзии. СПб, 2006. ISBN 5-8465-0493-0)
- Abbas Hacıyev. Ədəbiyyat nəzəriyyəsi. Bakı.1996.s.207.
- Belinski V. Q. Rus ədəbiyyatı klassikləri haqqında. Bakı-1954.
- Abbas Hacıyev. Ədəbiyyat nəzəriyyəsi. Bakı.1996.s.225.
- "Ədilli Şirvani, Əruz vəzninin sadələşdirilmiş qəlibləri. Bakı: "Adiloğlu", 2011" (PDF). 2022-02-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-11-21.