Vəsilə Vahidqızı

Zeynalova (Mahmudova) Vəsilə Vahid qızı (Vəsilə Vahidqızı; 19 avqust 1967, Laçın rayonu) — Azərbaycan jurnalisti, teleaparıcı, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri.

Vəsilə Vahidqızı
Vəsilə Vahid qızı Zeynalova
Digər adı Vəsilə Mahmudova
Doğum tarixi
Doğum yeri Çorman, Laçın rayonu, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Hikmət Sabiroğlu
Milliyyəti azərbaycanlı
Təhsili BDU-nun Jurnalistika fakültəsi
Fəaliyyəti jurnalist
Mükafatları "Tərəqqi" medalı  — 2015

Həyatı

Vəsilə Vahidqızı 19 avqust 1967-ci ildə Laçın rayonunda anadan olub.

BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1992–2002-ci illərdə AzTV-də, 2002–2003-cü illərdə "İnternyus-Azərbaycan" İctimai Birliyində, 2004-cü ildə "Space" TV-də çalışıb. 2005-ci ildən İctimai Televizya fəaliyyətə başladığı ilk gündən bu telekanalda işləyib. BBC-də və Yaponiyanın ictimai kanalı olan NHK-də təcrübə kursu keçib.

İctimai Televiziyada şöbə müdiri, eyni zamanda "Ortaq məxrəc", "Müzakirə vaxtı", "Xalq seçir", "Qarabağ: real tarix" verilişlərinin aparıcısı olub. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, komitənin İctimai Televiziya ilə birgə layihəsi olan "Vətən uzaqda deyil" verilişinin müəllifi və aparıcısıdır.

2010-cu ildə aparıcısı olduğu "Ortaq məxrəc" tok-şousu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə keçirdiyi "Azərbaycan ailəsi – 2010" kino festivalı müsabiqəsinin "Ən yaxşı televiziya proqramı" nominasiyasında qalib olub.[1]

Xarici ölkələrdən, o cümlədən Yaponiya, Meksika, Kuba, İran, Türkiyə və s. hazırladığı verilişlər və bir sıra sənədli filmlər İTV-nin qızıl fondundadır. Qarabağ müharibəsindən bəhs edən neçə-neçə sənədli filmin, o cümlədən "54 gün mühasirədə", "İgidliyin zirvəsi", "Məhv edilmiş gələcək — Aygün",[2] "Şamaxı soyqırımı" və başqa sənədli filmlərin ssenari müəllifidir.

2011-ci ildə İctimai Televiziyadakı fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatını alıb. Azad, məsuliyyətli və peşəkar jurnalist fəaliyyətinə görə dövlət və qeyri-hökumət təşkilatlarının, jurnalist birliklərinin onlarla diplom və mükafatına layiq görülüb.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Jurnalist Hikmət Sabiroğlunun həyat yoldaşıdır. Bir oğlu var.

Filmoqrafiya

  1. 54 gün mühasirədə (film, 2012)
  2. 9 il sizinlə (film, 2014) (qısametrajlı sənədli film) (ssenari müəllifi)

İstinadlar

  1. "Vəsilə Vahidqızı". 2010-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-05.
  2. "Məhv edilmiş gələcək — Aygün" sənədli filminin təqdimatı: [rejissor Mirsadıq Ağazadənin quruluşunda er-məni terrorunun qurbanı olan 11 yaşlı Aygün Şahmalıyevanın faciəsindən bəhs edilən, hazırlanan eyniadlı film haqqında] //Mədəniyyət.- 2012.- 20 iyul.- S. 6; Kaspi.-2012.- 19 iyul.- S. 15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.