Vəli Məmmədov
Məmmədov Vəli Hüseyn oğlu (7 yanvar 1931, Yardımlı – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı.
Vəli Məmmədov | |
---|---|
Vəli Hüseyn oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 yanvar 1931 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 1991 (60 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Qarakənd faciəsi |
Təhsili | |
Fəaliyyəti | ssenarist, siyasətçi, tədqiqatçı |
Həyat yoldaşı | Xalidə Ağasəməd qızı Əlizadə |
Həyatı
Vəli Məmmədov 1931-ci il yanvarın 7-də Yardımlı rayonunda anadan olmuşdur. Yardımlı kənd orta məktəbində təhsil almışdır. Hələ orta məktəbdə oxuyarkən əmək fəaliyyətinə başlamışdır. Yardımlı rayon dövlət bankında mühasib işləmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1947–1952). Burada rus ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində saxlanmışdır (1952–1953). ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuş, N. Nərimanovun yaradıcılığı mövzusunda tədqiqat aparmışdır (1953–1956). Universitetin komsomol komitəsinin katibi seçilmişdir (1956–1957). Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunda kiçik elmi işçi olmuşdur (1957–1960). Bu dövrdə "Azərbaycan ədəbiyyatı tarixi"nin (üç cilddə) ikinci cildinin yazılması və hazırlanmasında fəal iştirak etmişdir. Azərbaycan KP MK-da təlimatçı, şöbə müdiri (1960–1963), Baş Siyasi Ədəbiyyat idarəsinin rəisi (1963–1965), yenidən Azərbaycan KP MK-da elm və mədəniyyət şöbəsinin müdir müavini (1965–1966), Bakı şəhər partiya komitəsində ideologiya üzrə katib (1966–1971), siyasi maarif evinin müdiri, eyni zamanda Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdir müavini (1971–1988), indiki Səbayel rayon partiya komitəsinin birinci katibi (1988–1990) vəzifələrində işləmişdir.
Bununla belə, tələbəlik dövründən ədəbi fəaliyyətlə ardıcıl məşğul olmuşdur. Nəriman Nərimanovun ilk tədqiqatçısı, yorulmaz təbliğatçısı olmuşdur. Arxivlərdən, dövri mətbuatdan, istərsə də ayrı-ayrı adamlarından Nərimanovun həyatı və irsinə dair zəngin material toplamışdır, "Nəriman Nərimanov" (1957) monoqrafiyası yazmışdır. Sonralar tərtibatçı və ya redaktor kimi N. Nərimanovun seçilmiş əsərlərinin nəşrinə yaxından kömək etmişdir. İkinci dünya müharibəsi dövründə faşizmə qarşı amansız mübarizə aparan "Gənc qvardiya" gizli təşkilatın üzvlərindən birinin — Əli Dadaşovun azərbaycanlı olmasını müəyyən edib onun haqqında "Vətən uğrunda" (1960) kitabçasını yazıb çap etdirmişdir. İctimai fikrin və Azərbaycan ədəbiyyatının problemləri onu həmişə düşündürmüşdür. Bu istiqamətdə çoxlu elmi kütləvi məqalələri dərc olunmuşdur.
20 noyabr 1991-ci ildə erməni terrorizminin qurbanlarından biridir, məlum vertalyot qəzasında həlak olub.
Xatirəsi
Yardımlıda V. Məmmədovun adını daşıyan küçə və xatirə lövhəsi var.
"Millətin Vəlisi" filmi
Filmin çəkilişinin təşəbbüskarı "Yardımlı Xeyriyyə Cəmiyyəti"nin sədri Elman Eldaroğludur. Filmin ssenari müəllifi Hafiz İmamnəzərli, operatoru Etibar Hikmətdir.
"Millətin Vəlisi" filmində nadir sənədli xronika kadrları, qəhrəmanın silahdaşlarının və dostlarının xatirələri əsasında lentə alınmışdır. Filmin süjet xətti və ayrı-ayrı maraqlı fraqmentləri unudulmaz insanın alim, ziyalı, dövlət adamı və nurlu bir şəxsiyyət kimi xarakterinin açılmasına layiqincə xidmət etmişdir. Filmi izlədikcə seyrçilər Vəli Məmmədovun həyat yoldaşı Xalidə Əlizadənin, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının, yazıçı Yasif Nəsirlinin, professor Yusif Seyidovun, jurnalist Nadejda İsmayılovanın, Milli Məclisin deputatı Fəzail İbrahimlinin və başqalarının çıxışları vasitəsilə qəhrəmanın portret cizgilərinin necə yerli-yerində tamamlandığının, onun nikbin ruhlu, milli məfkurə daşıyıcısı, saflıq mücəssəməsi olan bir insan kimi rəğbət qazandığının bir daha şahidi olurlar.[1]
Filmoqrafiya
- Nəriman Nərimanov (film, 1966)
Həmçinin bax
İstinadlar
- Əli NƏCƏFXANLI. "Yardımlıda "Millətin Vəlisi" filminin təqdimatı olmuşdur". anl.az. Xalq qəzeti. 20 noyabr 2012. 27 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2016.