Və bircə kəlmə də demədi

'bircə kəlmə də demədi — alman yazıçısı Haynrix Böll tərəfindən 1953-cü ildə qələmə alınmış bir romandır və əsasən kasıb, çoxuşaqlı Fred və Kete Boqner cütlüyünün müharibədən sonrakı həyatının təsviri və eləcə də kilsə mövzusu üzərinə qurulmuşdur. Əsəri Azərbaycan dilinə 2017-ci ildə tanınmış tərcüməçi Vilayət Hacıyev çevirmişdir. [1]

Və bircə kəlmə də demədi
Und sagte kein einziges Wort
Müəllif Henrix Böll
Orijinalın dili alman dili
Ölkə
Orijinalın nəşr ili 1953

Bu romana görə Böll çox sayda yerli və xarici mükafatlara layiq görülür, bunlardan biri də Alman Tənqidçilər Birliyinin Ədəbiyyat Mükafatıdır. Hans Verner Rixter (47-lər dərnəyi) "Və bircə kəlmə də demədi" romanını "müharibədən sonra yazılmış ən yaxşı kitab" kimi səciyyələndirib. [2]

Kitab oxucular arasında da böyük rəğbətlə qarşılanıb. 1953-cu ilin sonuna kimi müxtəlif tirajlarla kitabın 17.000 nüsxəsi satışa çıxarılıb.

Məzmun

Romanın baş qəhrəmanları Fred və Kete Boqner cütlüyüdür. Fred artıq iki aydır ki, öz ailəsi ilə yaşamır, çünki o, bir otaqlı evdə yaşamağa dözə bilmir. Əsərdə təsvir edilən hadisələr sadəcə bir neçə gün ərzində cərəyan edir. “... Və bircə kəlmə də demədi” romanı 13 hissədən ibarətdir və hadisələr iki şəxsin dilindən danışılır: Fred və Kete. Nəql edən şəxslər eyni zamanda əsərin əsas qəhramanlarıdır və sonda bir araya gəlirlər. [3]

1-ci hissə. Hadisələr Fredlə başlayır. O, pulunu çəkmək üçün banka gedir və pulu götürdükdən sonra 10 markı ayırıb qalanını bir zərfə qoyur. Zərfə yoldaşı üçün bir vərəq əlavə edir. Zərfi köhnə qonşusu Vaqner vasitəsi ilə göndərdikdən sonra, repititor kimi işlədiyi Bayzem ailəsinin evinə gedir. İki dərsi bitdikdən sonra o, pul əldə etmək qərarına gəlir və beləcə kimdənsə borc almaq barədə düşünür. Ona pul arvadı ilə bir gecəni keçirmək üçün lazım idi və buna görə də bəzi tanışlarına baş çəkir, lakin heç kəs ona borc vermək istəmir. Daha sonra o, bir meyxanaya gedir [1] [3].

2-ci hissə. İkinci hissə Fredin göndərdiyi zərfdəki yazını və pulu Ketenin alması ilə başlayır. O, Fredin ona göndərdiyi pulu sayır və bununla nəyi ödəməli olduğu barədə düşünür. Ketenin düşüncələrindən artıq onun keçmişi, onu tərk edən Fred və qonşusu xanım Franke barədə məlumat da əldə edirik [1] [3].

3-cü hissə. Səhərin erkən çağı Fred gecələdiyi vağzalı tərk edir. O, küçə ilə gəzə-gəzə gəlib bir qəlyanaltıxanaya çıxır. Lakin səhərin erkən çağı olduğu üçün ora bağlı olur və işıq gələn bir kilsəyə gedir. Burada, o, keşişdən xeyir-dua alan bir qız və əlil gənc görür. Qısa mərasim bitdikdən sonra oğlanla birlikdə qız kilsəni tərk edir. Fred onları təqib edir. Bir müddət onlar vağzal istiqamətində gedir, daha sonra isə qız bir dükan qarşısında ayaq saxlayıb qapını açır və içəri daxil olur. Fred onları təqib etməyə davam edir. Qəlyanaltıxanada o, səhər yeməyi yeyir, gələnləri izləyir və daha sonra pul və otaq tapmaq üçün durub gedir [1] [3].

4-cü hissə. Kete evin tozunu təmizləyir, bu zaman ölmüş iki uşağı haqqında düşünür. Çöldən isə bir qaradərilinin nəğmə səsləri gəlir : “…and he never said a mumbaling word… və bircə kəlmə də demədi…” [1] [3]

5-ci hissə. Fred qərara gəlir ki, pulu telefonla tapsın. O, öz müdürü Serjə yığır və müdürü ona otuz beş mark borc verməyə razı olur. İndi isə otaq tapmaqdan başqa iş qalmır, beləcə yenidən şəhərə doğru addımlamağa başlayır. Yolda o, yepiskopun, ruhanilərin, smokinq geyinmiş bəzi kişilərin, bir keşiş qrupunun, akademiklərin, tələbə və məktəbli uşaqların qatıldığı dini mərasimlə qarşılaşır. Fred bir neçə dəqiqə tədbirdə iştirak edən uşaqlarını izləyir, daha sonra səhər yeməyi yediyi qəlyanaltıxanaya qayıdır. Siqaret aldıqıdan sonra yoluna davam edir və şəhərin kasıblar yaşayan hissəsinə gedir ki, bir mehmanxana tapsın [1] [3].

6-cı hissə. Kete Fredlə telefonda danışaraq görüşmək barədə razılığa gəlir. Kete ev sahibəsinin yanındadır, çünki telefon yalnız onun otaqında var. Söhbət bitdikdən sonra onlar birgə şnaps içir, ev sahibəsi Keteyə dodaq boyası verir və Kete öz mənzilinə qayıdır [1] [3].

7-ci hissə. Fred pəncərəyə tərəf gedir, çöldəki insanları müşahidə edir, yepiskopun səsini eşidir, daha sonra yatağında uzanır, siqaret yandırır, uşaqları və Kete ilə son görüşü barədə düşünür [1] [3].

8-ci hissə. Kete Fredlə görüşə hazırlaşır. Uşaqlara gənc oğlan Bellerman baxmalı idi. O, gəldikdən sonra Kete Fredlə görüşmək üçün yola düzəlir. Kete “Məryəm ananın yeddi dərdi” kilsənin yanından keçərkək bir keşişlə qarşılaşır və tövbə etmək qərarına gəlir. Burada o, öz əri ilə görüşündən, onun yoxsulluğundan və ərinin böyük evlərdə yaşayıb cild kremləri üçün olan reklam lövhələrindəki kimi simaya sahib keşişlərə olan nifrətindən danışır. Tövbə etdikdən sonra Kete yoluna davam edir. O, Fredin səhər yeməyi yediyi qəlyanaltıxanaya daxil olur. Burada kofe içir və xoş ətri olan kökələri yeyir. Kete sarışın qız və onun atası ilə masa ətrafında oturaraq əlil oğlan Bernhard barədə danışılanlara qulaq asır. Yeməkdən sonra Kete bir daha geri dönəcəyinə söz verir və oradan uzaqlaşır [1] [3].

9-cu hissə. Fred otaq tapdığı mehmanxanada nahar edir. Burada oyun üçün avtomatlar da var. Lakin onlar dolu olduğu üçün Fred yuxarı qalxır və yenidən yatağında uzanır. O, öz həyatı barədə düşünür. Bu hissədə biz onun uşaqlığı və anasının öldüyü vaxt barədə bəzi şeyləri öyrənirik [1] [3].

10-cu hissə. Kete mehmanxanaya gələndə Fredi çarpayıda yatmış vəziyyətdə tapır. O, müharibədə bombalanmış ilk evlərini düşünərək Fredin yanına uzanır. Fred yuxudan ayıldıqdan sonra, onlar müqəddəs bayramla əlaqədar kafedrala gedir. Xeyir-duadan sonra onlar şəhərdə olan yarmarkaya baş çəkir. Onlar burada, Bellermanla uşaqları görənə kimi rəqs edir, əylənir. Uşaqlar onları görməsin deyə yaşıl bir örtüklə örtülmüş karusselin içində gizlənirlər. Kete və Fred burada oturur, yoxsulluqları və uşaqlardan danışır, daha sonra Fred öz qaldığı ev barədə ona söz açır. Gizləndikləri yerdən çıxdıqdan sonra onlar mehmanxanaya yola düşürlər. Kete özünü pis hiss edir, ona görə də Fred onu bir dağılmış binanın içərisinə gətirir və onu uçmuş bir divarın qalıqları üzərinə uzadır [1] [3].

11-ci hissə. Kete otaqda çarpayı üzərində uzanır. Ürəkbulanması onun hamilə olması barədə şübhələrinin doğru olduğunu göstərir. Fred müharibə barədə danışır, daha sonra, o, yemək və içməyə nəsə gətirir. Axşam yeməyindən sonra onlar gələcək barədə söhbət edir. Fred təklif edir ki, o, Kete və uşaqlarla birgə yaşamaq üçün geri dönsün. Kete bunun yaxşı bir fikir olmasına əmin deyil və bildirir ki, Fredin yanına bir daha gəlməyəcək, çünki, o, özünü fahişə kimi hiss edir. Bir müddət sakitləşdikdən sonra yuxuya gedənə kimi yenidən söhbət edirlər [1] [3].

12-ci hissə. Fredlə Kete mehmanxananı tərk etməyə hazırlaşır. Hər ikisi ayrıldığı üçün kədərlidir. Onlar səhər yeməyi yemək üçün qəlyanaltıxanaya gedir, daha sonra Kete uşaqlarını görmək üçün evə doğru yola düşür [1] [3].

13-cü hissə. Fred işə gedir. Müdürü Serj onu banka göndərənə kimi ofisdə oturur. Fred küçədə dolaşdığı vaxt bir dükan qarşısında Keteni görür. O, Keteni müşahidə edir, təqib edir, lakin çalışır ki, Kete onu görməsin. O, tramvaya minib getdikdən sonra, Fred şüursuz şəkidə işə geri dönür. Serj onu büroda görəndə Fredin halınının yaxşı olmadığını sezib qorxur və ona Ketenin yanına getməyi məsləhət görür. Daha sonra onu aparmaq üçün bir nəqliyyat vasitəsi tapır [1] [3].

İstinadlar

  1. Haynrix Böll. İki roman. Bakı. Azərbaycan Dövlət Tərcümə Mərkəzi. 2017. səh. 11-150.
  2. Hans Werner Richter. Briefe. München/ Wien. Sabine Cofalla tərəfidən nəşr etdirilib. 1997. səh. 127.
  3. Heinrich Böll. ...und sagte kein einziges Wort & Erzählungen. Moskva: Verlag für Fremdsprachige Literatur. 1958. səh. 7-167.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.