Vüqar Ələkbərov

Vüqar Mürsəl oğlu Ələkbərov (5 yanvar 1981, Mingəçevir) — Azərbaycanı təmsil edən boksçu və məşqçi. 2000-2005-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib.[1]

Vüqar Ələkbərov
Şəxsi məlumatlar
Tam adı Vüqar Mürsəl oğlu Ələkbərov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri Mingəçevir, Azərbaycan SSR
Boyu 178 sm. (5 ft 7 in)
İdman növü Boks
Karyera illəri 1995—2005
Məşqçisi Rəşid Məmmədov

2 dəfə Olimpiya Oyunları, 2 dəfə Dünya Çempionatı, 2 dəfə isə Avropa Çempionatında mübarizə aparan Vüqar Ələkbərov 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Vüqar Ələkbərov bu idman növü üzrə Olimpiya Oyunlarının medalına sahib olan birinci azərbaycanlı idmançıdır.

Vüqar Ələkbərov Azərbaycan idmanında xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 2015-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.

Həyatı

Vüqar Ələkbərov 1981-ci il yanvarın 5-də Mingəçevir şəhərində anadan olub. 1995-ci ildən idmanla məşğul olmağa başladı. Şəxsi məşqçisi Rəşid Məmmədovdur.

Vüqar Ələkbərov 2000-ci ildə Mingəçevir Politexnik İnstitutundan, 2005-ci ildə isə Bakı Dövlət Universitetindən məzun oldu.

Karyerası

Vüqar Ələkbərov 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Sentyabrın 18-də baş tutan təsnifat mərhələsində Vüqar Ələkbərovun rəqibi Keniya nümayəndəsi Peter Kariui Ngumi oldu. Həmin görüşdə Vüqar Ələkbərov rəqibinə 12:2 hesabı ilə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Avstraliya nümayəndəsi Paul Miller oldu. Sentyabrın 22-də baş tutan görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə isə Vüqar Ələkbərov rəqibinə 10:8 hesabı ilə qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Türkiyə nümayəndəsi Axın Kuloğlu oldu. Sentyabrın 26-da baş tutan görüş Azərbaycan idmanı üçün tarixi bir görüş oldu. Həmin görüşdə Vüqar Ələkbərov rəqibinə 18:8 hesabı ilə qalib gəldi və olimpiadanın yarım-final mərhələsinə adladı. Bununla da o, ən azından bürünc medalı təmin elədi və bu idman növü üzrə olimpiya medalına sahib olan birinci azərbaycanlı oldu. Sentyabrın 28-də baş tutan yarım-final mərhələsində Vüqar Ələkbərovun rəqibi Kuba nümayəndəsi Xorxe Qutiyerrez oldu. Həmin görüşdə Vüqar Ələkbərov rəqibinə 10:20 hesabı ilə məğlub oldu və XXVII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[2]

Sidney Olimpiadasından sonra Vüqar Ələkbərovun birinci beynəlxalq turniri 2001-ci ilin 2-10 iyununda Birləşmiş Krallıqın Belfast şəhərində baş tutan Dünya Çempionatı oldu. Vüqar Ələkbərov turnirin 1/6 final mərhələsində İngiltərə nümayəndəsi Karl Froça 12:22 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[3]

Vüqar Ələkbərov növbəti turniri 2002-ci ilin 12-22 iyulunda Rusiyanın Perm şəhərində baş tutan Avropa Çempionatı oldu. Vüqar Ələkbərov bu səfər də uğursuzluqla üzləşdi. 1/8 final mərhələsindəcə Ukrayna nümayəndəsi Oleq Maşina məğlub olan Vüqar Ələkbərov Avropa Çempionatında mübarizəsini dayandırdı.[4]

2003-cü ildə Dünya Çempionatını buraxan Vüqar Ələkbərov 2004-cü ildə həm Avropa Çempionatında, həm də Olimpiya Oyunlarında mübarizə apardı. 18-28 fevralda Xorvatiyanın Pula şəhərində baş tutan turnirin 1/16 final mərhələsində Vüqar Ələkbərovun rəqibi Rumıniya nümayəndəsi Adrian Stanca oldu. Həmin görüşdə Vüqar Ələkbərov rəqibinə 28:6 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Macarıstan nümayəndəsi Giorgi Hidvegi oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüqar Ələkbərov rəqibinə 44:25 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Rusiya nümayəndəsi Alexandr Alexeyev oldu. Bu görüşdə Vüqar Ələkbərov birinci raunddaca rəqibinə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.[5]

Vüqar Ələkbərov 2004-cü ilin 30 mart-4 aprelində Polşanın Varşava şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı və bütün rəqibləri üzərində qələbə qazanaraq həm turnirin qalibi oldu, həm də Afina Olimpiadasına lisenziyaya sahib oldu.

2004-cü ilin əsas turniri 12-30 avqustda Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunları oldu. Dörd il əvvəl Sidney Olimpiadasının bürünc medalına sahib olan Vüqar Ələkbərov bu səfər də medala iddialı idi. Avqustun 18-də 1/8 final mərhələsi baş tutdu. Vüqar Ələkbərovun bu mərhələdə rəqibi Yunanıstan nümayəndəsi Spiridon Kladuças idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüqar Ələkbərov rəqibinə 18:14 hesabı ilə qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Suriya nümayəndəsi Naser Al Şami oldu. Görüşün əvvəllindən Vüqar Ələkbərov rəqibindən üstün olsa da, dördüncü raundda qaraciyərindən ağır zərbə aldığına görə referilər məcburi qaydada görüşü dayandırdı və Vüqar Ələkbərovu turnirdən uzaqlaşdırdı. Naser Al Şami qalib elan edildi və o, yarım-final mərhələsinə adlayaraq özü üçün minimum bürünc medalı təmin elədi. Vüqar Ələkbərov isə Afina Olimpiadasını beşinci pillədə başa vurdu.[6]

Bundan sonra Vüqar Ələkbərov əvvəl sahib olduğu idman formasını tədricən itirməyə başladı.

Vüqar Ələkbərov bir il davam edən fasilədən sonra 2005-ci ilin noyabrında rinqə geri döndü. 12-20 noyabrda Çinin Mianyan şəhərində baş tutan Dünya Çempionatı da Vüqar Ələkbərov uğusuzluqla üzləşdi. Turnirin 1/8 final mərhələsində Çin nümayəndəsi Yan Liya 11:20 hesabı ilə məğlub olan Vüqar Ələkbərov Dünya Çempionatında mübarizəsini dayandırdı.[7]

Ardıcılıq zədələrdən sonra Vüqar Ələkbərov 24 yaşında idmanla vidalaşdı.

Məşqçi fəaliyyəti

Karyerasını başa vurandan sonra Vüqar Ələkbərov Neftçi İdman Klubunda məşqçi olaraq çalışdı.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1303 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında məşqçi olaraq qazandığı uğurlara və Azərbaycan idmanında xidmətlərinə görə Vüqar Mürsəl oğlu Ələkbərov Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edildi.

Yetirmələri

Nəticələri

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2000
Olimpiya Oyunları Avstraliya Avstraliya
3.
2
2001
Dünya Çempionatı Şimali İrlandiya Şimali İrlandiya
PAT
3
2002
Avropa Çempionatı Rusiya Rusiya
PAT
4
2004
Avropa Çempionatı Xorvatiya Xorvatiya
5.
5
Avropa Olimpiya Təsnifat Turniri Polşa Polşa
2.
6
Olimpiya Oyunları Yunanıstan Yunanıstan
5.
7
2005
Dünya Çempionatı Çin Çin
PAT

Dövlət təltifləri

Görüşlərinin nəticələri

Görüşlərinin nəticələri
Sıra
Nəticə
Tarix
Rəqib
Hesab
Yarış
Mərhələ
1.
Qəl.
18/09/2000
Keniya Peter Kariui Ngumi
12:2
2000 Olimpiya Oyunları 1/16 final mərhələsi
2.
Qəl.
22/09/2000
Avstraliya Paul Miller
10:8
1/8 final mərhələsi
3.
Qəl.
26/09/2000
Türkiyə Axın Kuloğlu
18:8
1/4 final mərhələsi
4.
Məğ.
28/09/2000
Kuba Xorxe Qutiyerrez
10:20
bürünc medal qazandı
5.
Məğ.
05/06/2001
İngiltərə Karl Froç
12:22
2001 Dünya Çempionatı 1/16 final mərhələsi
6.
Məğ.
15/07/2002
Ukrayna Oleq Maşin
RSCO
2002 Avropa Çempionatı 1/8 final mərhələsi
7.
Qəl.
21/02/2004
Rumıniya Adrian Stanca
28:6
2004 Avropa Çempionatı 1/16 final mərhələsi
8.
Qəl.
22/02/2004
Macarıstan Giorgi Hidvegi
44:25
1/8 final mərhələsi
9.
Məğ.
24/02/2004
Rusiya Alexandr Alexeyev
RSCI
1/4 final mərhələsi
10.
Qəl.
18/08/2004
Yunanıstan Spiridon Kladuças
18:14
2004 Olimpiya Oyunları 1/8 final mərhələsi
11.
Məğ.
22/08/2004
Suriya Naser Al Şami
DSQ
1/4 final mərhələsi
12.
Məğ.
17/11/2005
Çin Yan Li
11:20
2005 Dünya Çempionatı 1/8 final mərhələsi

Populyar mədəniyyətdə

2001-ci il yanvarın 26-da Azərmarka tərəfindən Azərbaycanın 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında medallara sahib olan üç idmançısının şərəfinə poçt markaları dövriyyəyə buraxıldı. 586 nömrəli poçt markası Vüqar Ələkbərova həsr edildi.

İstinadlar

  1. Olympedia.org. "Vüqar ƏLƏKBƏROV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. Olympedia.org. "2000 Summer Olympics / Boxing / Middleweight (75 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. Amateur-boxing.strefa.pl idman portalı. "2001 World Boxing Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  4. Amateur-boxing.strefa.pl idman portalı. "2002 European Boxing Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  5. Amateur-boxing.strefa.pl idman portalı. "2004 European Boxing Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  6. Olympedia.org. "2004 Summer Olympics / Boxing / Heavyweight (91 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  7. Amateur-boxing.strefa.pl idman portalı. "2005 World Boxing Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Vüqar Mürsəl oğlu Ələkbərovun və Rəşid Qafar oğlu Məmmədovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 18.10.2000-ci il tarixli 404 nömrəli Fərmanı". www.e-qanun.az (az.). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.