Vücudnamə

Vücudnaməaşıq şeir şəkli. Vücudnamələrdə insanın ayrı-ayrı yaş mərhələlərinin səcıyyəsi verilir [1]. Bu şeir formasında sənətkarlar bir növ özünün əsli-nəcabəti, ana bətninə düşməsi, anadan olması, uşaqlıq illəri, təhsil alması, ədəb-ərkanı həyatının müxtəlif yaş dövrləri, oturub-durması, ailə məişəti, məhəbbəti, elobası, həyat yollarında olan çətinlikləri, gənclik, ahıllıq dövrü və s. haqqında avtobioqrafik məlumatlar verir.[2]

Azərbaycan aşıq və şairlərinin bəziləri gəraylı, qoşma, divani və s. şeir janrlarında vücudnamələr yazmışlar. Bu cür vücudnamələrin sayı çox azdır. Çünki, bu növ şeir yazmağın öz çətinlikləri var. Burada müəllifdən geniş dünyagörüşü, zəngin bilik, psixoloji, fəlsəfi duyum və s. tələb olunur.

Koroğlunun "Bənzərsən" rədifli vücudnaməsi Azərbaycan poeziyasında bu şeir şəklinin ən tanınan nümunələrindəndir. Ümumiyyətlə, Koroğlunun iki vücudnaməsi var. Onların hər ikisi qoşma janrındadır. Bu vücudnamələrdən biri insan, digəri isə at haqqındadır. İnsan haqqındakı "Bənzərsən" vücudnaməsi dastanın heç bir qolunda yoxdur. Onu müstəqil qoşma kimi 1804-cü ildə Əhərli şair Əndəlib Qaracadaği yazıya alıb, öz əlyazmalarına daxil etmişdir. Ə.Qaracadağinin əlyazmalardan ibarət həmin dəftəri hazırda Sankt-Peterburq şəhərində saxlanır. Koroğlunun "Bənzərsən" vücudnaməsinin də orijinalı həmin dəftərdədir.[3] Koroğlunun digər vücudnaməsi isə ərəb atına həsr olunub.

Vücudnamə

Üç yaşından beş yaşına varanda,
Yenicə açılan gülə bənzərsən,
Beş yaşından on yaşına varanda,
Arıdan saçılmış bala bənzərsən.

On dördündə sevda enər başına
On beşində yavan kirər duşuna
Çünki yetdin iyirmi dörd yaşına
Boz, bulannıq axan selə bənzərsən

Otuzunda kəklik kimi səkərsən,
İgidlik eyləyib qanlar tökərsən,
Qırxında sən əl haramdan çəkərsən,
Sonası ovlanmış gölə bənzərsən.

Əllisində əlif qəddin çəkilər,
Altmışında ön dişlərin tökülər,
Yetmişində qəddin, belin bükülər,
Karvanı kəsilmiş yola bənzərsən.

Səksənində sinən enər dizinə,
Doxsanında qubar qonar gözünə,
Koroğlu der, çünki yetdin yüzünə,
Uca dağ başında kola bənzərsən

Həmçinin bax

İstinadlar

  1. "Aşıq şeirinin şəkilləri". 2017-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-23.
  2. Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
  3. "Koroğlunun vücudnamələri". 2020-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.