Uzundərə (Ağdam)

UzundərəAzərbaycanın Ağdam rayonunda, Ağdam şəhərinin mərkəzindən 6 km məsafədə yerləşən, keçmiş Sovet ordusuna məxsus hərbi baza və döyüş poliqonu ərazisi. 1993-cü ildən 2020-ci ilə qədər işğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən istifadə olunmuşdur.

Uzundərə
Ölkə

Tarixi

SSRİ dövründə burada SSRİ Müdafiə Nazirliyinin Zaqafqaziya Hərbi Dairəsinin artilleriya döyüş sursatlarının anbarı və SSRİ Ordusunun 44060 nömrəli bazası yerləşirdi. Bu hərbi anbarda 728 vaqon artilleriya sursatı, 245 vaqon reaktiv mərmi, atıcı silah üçün 131 vaqon güllə saxlanılırdı. Bu sursatlara güllələr, qumbaralar, 76 mm-dan 152 mm-a kimi artilleriya mərmiləri, tank mərmiləri, Qrad və Smerç RYAS üçün raketlər, beş BMP-1, beş ədəd 110 mm doludağıdan mərmilər daxil idi.[1] 1990-cı ilin yanvarın 13-də bazaya hücum təşkil edildi. Sovet əsgərləri ilə baş verən silahlı qarşıdurmada hücum edən 6 nəfər həyatını itirdi. 15 yanvarda baş verən növbəti hücumda bir sovet əsgəri yaralandı. Yanvarın 18-dən 19-na keçən gecə bazaya yeni bir hücum edildi. Sovet əsgərləri hücum edənlərin avtomobilinə atəş açaraq onu partlatdılar, qarşıdurmada həmçinin bir Sovet əsgəri də yaralandı. May ayının sonunda həyata keçirilən növbəti hücumda etnik azərbaycanlı olan bir Sovet əsgəri öldürülmüş və daha biri yaralanmışdı. 1991-ci ilin fevral ayında baş tutan daha bir hücumda bir Sovet əsgəri öldürüldü. Hücumların azərbaycanlılar yaxud ermənilər tərəfindən təşkil edildiyi məlum deyil. Həmin ilin iyulun 10-dan 11-nə keçən gecə baş vermiş növbəti hücumda Sovet əsgərləri tərəfindən 5 nəfər hücumçu öldürülmüşdü. 1991-ci ilin sonunda Sovet ordusu Uzundərə bazasını tərk etməyə başladı.[2] 44060 nömrəli hərbi hissə Rusiyada Yekaterinburq yaxınlığında yenidən formalaşdırıldı.[3]

SSRİ dağıldıqdan sonra Uzundərədəki bazada keçmiş ordunun təxminən 40 əsgəri xidmət etməyə davam edirdi. Bazada 200 min ton silah və sursat qalmışdı. 23-26 fevral 1992-ci ildə Azərbaycan ordusu hücuma keçərək bu bazanı ələ keçirdi. Bazadakı tikinti batalyonunda xidmət edən azərbaycanlılar da hücumçulara dəstək verdilər. Hücum zamanı iki rus əsgəri yaralandı, əsir düşən rus əsgərləri Bakıdakı Rusiya ordusunun qərargahına yola salındı. Onların sonrakı taleyi barədə məlumat yoxdur.[4][5] Lakin bazaya edilən hücumda iştirak edən Ağdamın keçmiş batalyon komandirlərindən biri Qara Nadir ləqəbli Nadir Cəfərovun iddiasına görə həmin vaxt baza erməni separatçılarının nəzarətində idi. [6] Hərbi bazanı Azərbaycan ordusu ələ keçirsə də, mərkəzi hakimiyyətə tabe olmayan silahlı qüvvələr bazanı düzgün idarə edə bilmədi, çoxlu miqdarda silah-sursat qara bazarda satıldı. Böyük miqdar döyüş və hərbi sursat hər necə gəldi dağıdılıb, sıradan çıxarılır.[7] Sonradan həmin ildə baza yenidən Azərbaycan ordusunun nəzarətinə keçmişdi. Bəzi iddialara görə Rusiyanın Ermənistana müharibə dövründə çox böyük miqdarda silah yardımı etməsinin səbəbini Azərbaycan ordusunun Uzundərədəki silah anbarını ələ keçirməsi ilə əlaqələndirirlər. İddialara görə bu yolla Rusiya hakimiyyəti Ermənistanın hərbi gücünü Azərbaycanın hərbi gücündən üstün etməyə çalışırdı.[8] 1993-cü ildə Uzundərə bazası içərisindəki silah-sursatla birlikdə hücuma keçən Ermənistan ordusunun əlinə keçdi.[9]

Qarabağ müharibəsi başa çatdıqdan sonra burada Ermənistan ordusunun hərbi bazası və hərbi təlim poliqonu yerləşirdi. Atəşkəs dövründə (1994-2020) bu yerlə Azərbaycan Silahlı Qüvvələrinin ön mövqelərinin arası hava yolu ilə 3000 metrə yaxın məsafədə idi. 2014-cü ilin noyabr ayında buradakı təlimlərdə iştirak edən Ermənistan ordusuna məxsus Mi-24 (NATO kodu “Hind”) zərbə helikopteri Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.[10]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.