Usta-şagird
Usta şagird - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Oyunun qaydaları
Bu oyunda on-on beş nəfər uşaq iştirak edir. Onlardan birini sanama üsulu ilə usta(başçı) seçirlər. Sonra oyun aşağıdakı kimi davam edir.
Usta uşaqlardan birini(yəni şagirdi) çağırıb sağ əlini sağ qulağının üstünə , sol biləyini sağ qoltuğunun altına qoymaqla ovucun iç tərəfini bayır tərəfə açıq saxlamağı əmr edər. Şagird ustanın əmrini yerinə yetirir və gözlərini yumur. Sonra qalan uşaqlar onun arxa tərəfində cəm olar. Uşaqlar növbə ilə şagirdə yaxınlaşıb onun ovcunun içinə vururlar.
Uşaq yaxınlaşıb vurduqdan sonra astaca geriyə - öz yerinə çəkilir. Sonra usta soruşar:
-Ay canım şagird, ay gözüm şagird, səni kim vurdu, kim gördü?
Şagird cavab verər:
-Ay canım usta, ay gözüm usta, məni "O" (onu vuran uşağın adını deyər) vurdu, siz gördüz.
Əgər düz desə usta deyər:
-Ay bərəkallah, yüz bərəkallah! Səni "O" vurdu biz gördük.
Sonra özgə bir uşağın gözlərini bağlar. Əgər düz deməsə usta deyər:
-Ay kor olasan, vay kor olasan səni "Bu" (vuran uşağın adı çəkilir) vurdu, biz gördük..
Bu sözləri bütün uşaqlar təkrar edərlər və oyun saatlarla davam edər.