Urmiya xanlığı
Urmiya xanlığı — 1747 və 1868/1869-cu illər arasında, mərkəzi Urmiya şəhəri olmaqla, Cənubi Azərbaycanın qərbində yerləşmiş ən nüfuzlu xanlıqlardan biri.
Xanlıq | |
Urmiya xanlığı | |
---|---|
خانات ارومیه | |
|
|
|
|
Paytaxt | Urmiya |
Dilləri | Azərbaycan dili, fars dili |
Rəsmi dilləri |
Azərbaycan dili, fars dili |
Dövlət dini | İslam (Şiəlik) |
Əhalisi | azərbaycanlılar |
İdarəetmə forması | Mütləq monarxiya |
Sülalə | Əfşar eli |
Xan | |
• (1747-1763) | Fətəli xan Əfşar (ilk) |
• (1821-1865) | Nəcəfqulu xan Qasımlı Əfşar (son) |
Tarixi
Urmiya xanlığının tarixini ilk dəfə mərhum tarixçi Hüseyn Dəlili əsasən farsdilli mənbələrə əsaslanaraq tədqiq etmişdir.
Xanlığın əsasını Nadir şah Əfşar'ın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan Əfşar qoymuşdu. O, hətta Nadir şahın sərkərdəsi olan Azad xanı da öz tərəfinə çəkə bilmişdi. Bundan sonra, o, mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı. İlk olaraq Təbrizə hücum etdi, Təbriz asılı hala salındı və Təbrizi paytaxt etdi. Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur oldu. Bundan sonra isə Qaradağ, Marağa və Sərab xanlıqları Urmiya xanlığından asılı vəziyyətə salındı. O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən İrəvan xanlığı üzərinə göndərdi. İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən kömək istədi. II İrakli Qazax və Borçalı azərbaycanlılarından topladığı ordunu Mir Mehdi xana köməyə göndərdi.Azad xan geri oturduldu. Beləliklə, Fətəli xan Əfşar Maku və Ərdəbil xanlıqları istisna olmaqla, bütün Cənubi Azərbaycan xanlıqlarına öz hakimiyyətini yaya bilmişdi.[1]
Urmiya xanlığının hökmdarı Fətəli xan Əfşar Nadir şah Əfşarın ən yaxın adamlarından biri idi və Əfşarlar tayfasına mənsub idi. Fətəli xan Əfşar Cənubi Qafqazın tutulması və İranda ali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətnamələr göndərildi. İrəvan xanlığına hücum uğursuz olduqda hücum istiqaməti Gürcüstana yönəldi. Çar II İrakli məğlub edildi.
Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bildi (1752). İranın şimalında möhkəmlənən Məhəmmədhəsən xan Qacarla mübarizə çətin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə edərək Gilanı tutan Fətəli xanı oranı tərk etməyə məcbur etdi. Bununla kifayətlənməyərək Təbrizi, sonra isə Urmiyanı tutdu (1757). Yalnız Məhəmmədhəsən xanın öldürülməsilə asılılıqdan qurtulmaq mümkün oldu (1759). Fətəli xan Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən sonra Qarabağa hücum etdi və onu asılı vəziyyətə saldı (1759).
Məhəmmədhəsən xandan sonra İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Urmiyanı 1763-cü ildə 9 ay mühasirədə saxlayır. Nəhayət Urmiya xanlığını tutan Kərim xan Zənd Fətəli xan Əfşarı Şiraz qonaqlığında edam etdirir.
Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən müstəqil siyasət yeritməyə başladı.
Bu zaman Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Urmiyalı Əli xanı yanına çağırıb gözlərini çıxartdı. Ağa Məhəmməd xanın çəkilməsindən sonra İmamqulu xan hakim seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz yaxınlığındakı döyüşdə məğlub oldular. Əmiraslan xan Əfşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı uzun çəkmədi. Məhəmmədqulu xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa edən xanlıq, İran taxtına çıxan Fətəli şaha tabe oldu.[2]
Ərazisi
Azərbaycanın ən qədim və ən böyük vilayətlərindən biri olan Urmiya xanlığı şimalda Salmas, şərqdə Urmiya gölü, cənubda Gürcüstan, qərbdə Türkiyə və İranla həmsərhəd idi.[3] Xanlığın şərqində yerləşən Urmiya gölünün əyalət üçün böyük strateji, iqtisadi və siyasi əhəmiyyəti vardı. Bu göl vasitəsilə Azərbaycanın digər cənub xanlıqları ilə ticarət əlaqələri qurulmuşdu. Urmiya əyaləti Urmiya gölünün sahilləri istisna olmaqla, hər tərəfdən böyük dağ silsilələri ilə əhatə olunmuşdur. Urmiyada dağ torpaqlarının yuxarı hissəsi daha çox qara torpaqla örtüldüyündən burada quru əkinçilik məhsullarının becərilməsi üçün çox əlverişli şərait var idi. Sərhəd dağlarının bəzilərinin səthi ilin bütün fəsillərində qarla örtü olurdu. Bu da, vilayətin suya olan tələbatını tamamilə ödəmiş, kiçik çayların və dərələrin yaranmasına səbəb olmuşdur.
Kənd təsərrüfatı və əkinçilik
Urmiya xanlığının torpağını təbii quruluşuna görə iki hissəyə ayırmaq daha doğru olar. Bunlardan biri mülayim hava və suvarma sisteminə malik geniş ova və düzənliklər, digəri isə əsasən yağış və qar suları ilə suvarılan nisbətən sərt hava şəraitinə malik dağlıq rayonlardır. Xanlığın həm geniş düzənliklərində, həm də dağlıq mahallarında taxılçılıq geniş şəkildə inkişaf etmişdir.
Torpağı daha münbit olan xanlıqda ilin iki fəslində (payız və yay) buğda əkilirdi. Urmiya xanlığında geniş yayılmış əsas buğda növlərindən başqa “mudik”, “dəvədiş”, “qaraqılçıq”, “sümüksüz” və s. nadir buğda və arpa sortları yetişdirilirdi.[4]
Xanlıq ərazisində həmçinin düyü, paxla, lobya, mərcimək, darı, qarğıdalı kimi dənli bitkilər geniş becərilirdi.
Xanlığın torpağı və iqlimi tütünçülük üçün əlverişli olduğundan onun istehsalı da geniş yayılmışdı. Üşnü mahalında tez-tez 1 ha sahədən 700 kq-dan çox tütün əldə edilirdi.[5]
Xanlıqlarının kənd təsərrüfatında pambıqçılıq və ipəkçilik də müəyyən yer tuturdu. Xanlıqlar dövründə pambıq, ipək istehsalı Urmiya, Marağa və Ərdəbil xanlıqlarında daha geniş yayılmışdı.
Bağçılıq və bostançılıq xanlıq əhalisinin əsas məşğuliyyətlərindən biri idi.[6] Burada üzümçülüyün inkişafı şərabçılıq sahəsinin inkişafına müsbət təsir göstərmişdi və nəticədə xanlıq bütün regionda şərab istehsalında ilk pillədə idi.[5]
Urmiya xanlığının torpaqlarının çox hissəsini çəmənliklər və otlaqlar əhatə edirdi. Müvafiq olaraq burada əkinçiliklə yanaşı, heyvandarlıq da əhalinin məşğuliyyətlərindən biri idi. Bəzi mənbələrdə heyvandarlıqla əlaqəli aşağıdakı statisikalar verilmişdir: Urmiyada 16900 baş at, 13200 baş ayğır, 26300 baş eşşək, 4400 baş qatır, 33700 baş inək və öküz, 3.685.000 baş qoyun, 1.420.500 baş keçi varidi. Vilayətdə arıçılıq, ipəkçilik, toyuqçuluq da geniş yayılmış məşğuliyyət sahələrindən idi.[7]
Xanlığın inzibati quruluşu
Xanlıq mərkəz Urmiya şəhərindən və mahallardan ibarət idi. Mahallar nahiyələrə, nahiyələr kəndlərə, obalara bölünürdü. Xanlıq dönəmindən əvvəl mövcud olmuş inzibati-ərazi quruluşu xanlıqlar dövründə də olduğu kimi saxlanmışdı.[8][9]
Dol mahalı - Urmiya vilayətinin inzibati-ərazi vahidlərindən biri də Dol mahalıdır. Dоl mahalının ərazisi Qaşqagədikdən Xantavusa qədərdir. Mahal qərbdən Kurd, Meh dağları, şimaldan Baranduz mahalı ilə həmsərhəd idi. Mahalın tabeliyində Rəşki-Sultanava, Pirəli, Kamanə, Nizava, Nara, Оğul Daşağıl, Birinci Kənan, İkinci Kənan, Bərdəxоş, Nazlı, Papaz, Zivə, Carava, Şеytanava, Samurta, Xudrava, Dölə, Dördbənd, Talava, Cuşbər, Balıstan, Xan, Tavus və Təzəkənd kəndləri var idi.[8]
Nazlı mahalı - Mahal şimaldan Ənzəl, şərqdən Urmiya gölü, cənubdan Sumay, qərbdən isə Urmiyanın özü ilə həmsərhəd idi. Markəzi Saatlı qəsəbəsi idi. Nazlı mahalında Avşar elinin Kuhgiluyəli (Kəhgəhli) oymağı ya- şam sürürdü.[10][11]
Rövzə mahalı - şimaldan Sumay, şərqdən Nazlı, cənubdan Tərgəvər, qərbdən Urmiya ilə sərhədlənir. Rövzə mahalına 25 böyük və kiçik kənd bağlı idi. Kəlbəli sultan Qasımlı elin Qırxlı оymağını Rövzə çayının sahilində yеrləşdirmişdi.[10]
Sulduz mahalı - Urmiya gölünün cənubunda yerləşən mahal öz adını XIII əsrdə monqollarla Azərbaycana gəlmiş Sulduz ulusundan alıb. Mahal cənub tərəfdən Firəngi dağları ilə əhatə edilmişdi. Qədimdə burada Aysoru tayfaları yaşayırdı. Mahal Avşar eli tərəfindən idarə olunurdu.[10]
Baranduz mahalı - Mahall öz adını Bəradost tayfalarından alıb. V. Minorski Bəradost tayfası haqqında yazır: “Bəradostlar dövri: “Aləm-araya” görə, Şah Təhmasib zamanında Urmiyada böyük əmirlər vali olarkən Şahsevən kimi tanınan Bəradost tayfası Kara Tac, Tərgəvər ilə Mərgəvəri almış idi.“ Mahal cənubdan Tərgəvər, şərqdən Urmiya mahalları şimaldan Balaşan yüksəkliyi, qərbdən Şəkən bulağı, Dilavan və Nuşirəvan gədiyi ilə həmsərhəddir. Mahalın kəndləri dağ ətəklərində və düzənliklərində yerləşmişdi.[12][11]
Ənzəl mahalı - bu mahal bəzi mənbələrdə Qarabağ da adlanır. Ənzəl mahalı şimaldan Salmas, şərqdən Urmiya gölü, cənubdan Sumay mahalı və qərbdən Baranduz çayı ilə həmsərhəddir. Mahal I Şah Abbas dövründən (1611-ci ildən) başlayaraq, xanlıqlar dövrünədək Yəhya bəy və daha sonra onun nəsli tərəfindən irsi olaraq soyurqal və tiyul hüququ əsasında idarə edilirdi.[13]
Sayınqala mahalı - günümüzdə Şahindej adlanır. Mahal Marağanın cənub-şərqində yerləşirdi və şimaldan Əcirli, Çahardоl mahalları, cənubdan Saqqız mahalı, şərqdən Tikab mahalı, qərbdən Bоkan mahalı ilə həmsərhəd idi.[14]
Üşnü mahalı - şimaldan Urmiya, şərqdən Sulduz, qərbdən Qasımlı dərəsi ilə həmsərhəddir.Üşnü ümumiyyətlə dağlıq yerdir. Lakin onun əsas kəndləri mahalın mərkəzində uzanan düzənlikdə yerləşir. Qaradağ və Kəlləşin dağları arasındakı dərələrdən axan Əlixan və Ağçay bu düzənliyə tökülür. Mahalın mərkəzi Üşnü şəhəridir.[15]
Dəşt mahalı - cənubdan Mərgəvər, şərqdən Urmiya gölü, şimaldan Bərrə, Rövzə, qərbdən Mirşeyxi və Zərinə çayları ilə həmsərhəd idi. Mahalın ərazisi əsasən dağlıq və təpəlikdən ibarətdir.[16]
Mərgəvər mahalı - Şəmdinan, Ovsi, Qəsəbəli kəndləri və Bərdəsur mahalı ilə həmsərhəd idi. Mahalın ərazisi əsasən dağlıqdır. Onun ən böyük düzənliyi uzunluğu 5 və eni 1, 5 mil olan ovalıqdır. Məşhur Dumdum qalası Mərgəvər mahalında yerləşirdi.[16]
Tərgəvər mahalı - Cənubdan Dəşt, şərqdən Urmiya mahalları, şimaldan Nazlı çayı, qərbdən Mərgəvərlə həmsərhəd idi. Mahalın əsas düzənliyi Deyr dərəsindən başlayaraq şimal-şərqə-Bərdərəş və Ərzin qalalarına qədər geniş məsafədə uzanır. Mahalın ərazisi Nazlı çayından ayrılan və Meşgin adı daşıyan qolun suyu ilə təmin edilirdi. Məhəmmədqulu xan Avşarın hakimiyyəti dönəmində Tərgəvər mahalının naibi İbrahim xan idi.[17]
Sumay mahalı - Cənubdan Baranduz, şərqdən Urmiya, şimaldan Salmas mahalı, İskəndər və Sultan adlı kiçik dağlarla həmsərhəd idi. Mahal dağlıq sahə olduğu üçün onun sakinləri əsasən maldarlıqla məşğul olurdular. Eyni zamanda burada əkinçiklik də yayılmışdır.[18]
Bərdəsur mahalı - Mərgəvər, Şəmdinan, Urmiya və Tərgəvər mahalları ilə əhatə edilmişdi. Onun inzibati mərkəzi yüzdən artıq evi olan Bərdəsur kəndi idi. Bu qala yerli hakimlərin iqamətgahı idi. Qalada dövlət işləri ilə məşğul olan hissə “Ələmlik”, yerli hakimin ailəsinin yaşadığı hissə isə “Hərəmlik” adlanırdı.[18]
Bəykişili mahalı - Xanlığın kiçik mahallarından biri olan Bəykişili şimaldan Nazlı çayı, şərqdən Urmiyə gölü, cənubdan Urmiya mahalı, qərbdən Baranduzla həmsərhəddir. Mahal öz adını Avşar elinin Bəykişili oymağından alıb. Bəykişili oymağı əsasən Urmiya bölgəsində köç-düşlə məşğul id. Tarixi ədəbiyyatda bəzən Bəgəşli, Bəgişli kimi də yazılır.[19]
Təkab mahalı - Marağa xanlığının cənub-şərqində yerləşən ən böyük mahallardan biri idi. O, şimaldan Sərəs, Qaraağac, cənubdan Miranşah, şərqdən Ənguran, qərbdən Sayınqala mahalları ilə həmsərhəd idi. Mahalın ərazisi dağlıqdır.[19]
Qoşaçay və ya Miyandab mahalı - Mahal Marağanın cənub-qərbində, Urmiya gölünün sahilində və tam düzənlikdə yerləşmişdir. O, şimaldan Kavdil kəndi, cənub- dan Tatau, şərqdən Cığıtı və qərbdən Urmiyə gölü ilə həmsərhəd idi.[20]
Sovucbulaq mahalı - Bu mahal hazırda Mahabad adlanır. Qədim zamanlardan Urmiya vilayətinə tabe idi. Bu bölgədə Mükri, Məməş, Dehbokri, Məngur və Gəvrək tayfaları yaşayır.[20]
Urmiya mahalı - Urmiya mahalının inzibati mərkəzi Urmiya şəhəri idi. Şəhər əhalisinin suya olan ehtiyacı Urmiya və yaxud «Şəhər» çayı adlanan çay vasitəsilə təmin edilirdi.[21] Əhalinin əsas peşəsi bağçılıq, xüsusilə üzümçülük, sənətkarlıq, ticarət, əkinçilik və maldarlıq idi. Xanlıqlar dövründə şəhər qalın və möhkəm daş hasarla əhatə edilmişdir. Qala divarlarının ətrafında geniş və dərinxəndəklər qa- zılmışdı. Şəhə daxil olmaq üçün qala divarlarında Torpaqqala, Hazaran, Bazarbaş, Şah Yurdu (Yurte-şah), Hindi, Məşəd, Ərk, adlı darvazalar var idi.[22]
Sosial-iqtisadi vəziyyət
Torpaq mülkiyyət formaları
Xanlıq idarəçiliyi aqrar münasibətlərdə mühüm dəyişikliklər etmədi. Səfəvi dövlətinin bütün ərazisində, o cümlədən Urmiyada da torpaqlar dövlət (divan), xassə və ya xalisə, feodalların xüsusi mülkiyyəti (mülk), dini idaralər və ruhani torpaqları (vəqf) va kənd icmalarının torpaqlarına (camaat torpağı) bölünürdü.
- Divan torpaqları. Urmiya xanlığında dövlətə bağlı оlan tоrpaqlar divani və ya xəzinə tоrpağı adlanırdı. Bu tоrpaqların gəliri bütövlükdə xəzinəyə çatırdı. Belə torpaq mülkiyyəti «divani» adlanırdı. Lakin əvvəlki əsrlərdən fərqli olaraq XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqlarında dövlət torpaqları tədricən əvvəlki əhəmiyyətini itirərək bir növ xanın şəxsi mülkiyyətinə çevrilmişdi.[23]
- Xalisə torpaqları. XVIII-XIX əsrdə Urmiyada vilayətin məhsuldar torpaqlarının yerləşdiyi ərazilərdə bir çox xalisə torpağı mövcud idi.[21] Əfşar xanları müstəqil hakimlik dövründə bir çox ərazini tutub öz mülkləri kimi istifadə etmişdi. Xanlığın xalisə torpaqlarına 63 kənd daxil idi. Bu vilayətdəki kəndlərin 18% ni təşkil edirdi.[7]
- Mülk və ya Ərbabi torpaqları. Atalardan miras qalmış, heç bir şərtə tabe tutulmayan torpaq sahələri, su kanalları, meşələr, otlaqlar və s. dən ibarət idi. Mülk sahibinə mülkədar və ya ərbab deyiilirdi.[24] Orta əsrlərdə Urmiyada kəndlilərin çalışdığı torpaqların 40% mülkədarların əlində idi. Bu sahibkarlar arasında ən iri torpaq sahibləri Əşfar bəyləri idi.[25]
- Tiyul torpaqları. Göstərdiyi xidmət qarşılığında mərkəzi hakimiyyət tərəfindən verilən torpaq mülkiyyəti. Tiyul sahibinin onu satmaq və bağışlamaq hüququ yoxidi. Hədiyyə kimi verilən bu torpaqlar əsasən qonşu vilayətlərdən ələ keçirilən və ya itaət etməyən mülkədarlardan alınan torpaqlar idi.[26]
- Vəqf torpaqları. Məscid, ibadət məkanı, ocaq və s kimi müxtəlif dini qurum və quruluşlara məxsus torpaqlar.[27] Vəqf torpaqların mülkiyyəti nəsildən nəsilə ötürülürdü. Adətən bu torpaqda işləyən kəndlilər məhsulun 1/10 hissəsini öz sahibinə verməli idisə Urmiya xanlığında din adamları məhsulun 4/10 hissəsini mənimsəyirdilər.[25]
- İcma torpaqları. Əsasən vilayətin uc və dağlıq bölgələrində yerləşən, ümumi əhaliyə məxsus torpaqlar.
Vergilər
Azərbaycanın digər xanlıqlarında olduğu kimi Urmiya xanlığında da vergi və mükəlləfiyyətlər eyni idi. Urmiya xanlığında isə kəndli həyətlərinin böyük hissəsinin yеrləşdiyi mülkədar kəndlərində rəiyyətlərindən bəhrənin bir hissəsi kimi buğda və arpanın 1/10-i, darğalıq, bağbaşı vеrgiləri mülkədarın, bəhrənin digər hissəsi-salyana vеrgisi, taxıl və ya pul şəklində еvbaşı təyin еdilən оtaq xərci, ixracat (xan qоşunun saxlanmasına sərf еdilən)-digər vеrgi və yığımlar xan xəzinəsinin xеyrinə yığılırdı. [28]
- Malcəhət - vergisi məhsulun onda birindən ibarət idi. Əgər torpaq mülk sahibini toxum və kənd təsərrüfatı texnikası ilə əkilmişsə bu verginin miqdarı beşdə birə qalxırdı. Bağ və bostanın məhsulundan “malcəhət” vergisi üçdə bir nisbətində idi. Hər on ailə ağaya, yaxud bəyə bir kişi və hər on beş ailə bir qadın xidmətçi verməyə borclu idi. Məhsuldan verilən “malcəhət” vergisi torpaq sahibinin anbarına və ya göstərdiyi yerə məcburi olaraq əkinçilər tərəfindən daşınmalı idi.[29]
- Bağdari - şəhərə gələn tacirlərdən "ayaq basdı" pulu kimi alınan vergi idi. Urmiya xanlığına daxil olac tacirlər 2 tümən bağdari verməli idilər.[9]
- Avraz - adlandırılan və mülkədarın torpağının iki gün ərzində kənd əkinçiləri tərəfindən kollektiv surətdə əkilməsini nəzərdə tutan xanlıq dövründən qalma icbar yenə də qüvvədə idi. Kəndlilər bu məcburi işi də yerinə yetirməli idilər.[30]
- Çöpbaşı - adıyla tanınan və otlaqlara aid olan xanlıq döv- ründən qalma vergi kəndlilər tərəfindən yerinə yetirilir və ödənilirdi. Mülkədarın torpağında müvəqqəti olaraq yaşayan köçəri əkinçilər ailə başına dörd manat ödəməli idilər.[29][9]
Kəndlilər feodal və torpaq sahibləri üçün etməli olduqları məcburi əmək mükəlləfiyyəti biyar adlanırdı. Adətən Azərbaycanın digər xanlıqlarında xristianlar hərbi mükəlləfiyyətlərdən azad olsalar da, Urmiya xanlığında bu hal istisna idi. 1784-cü ildə İmamqulu xan Əfşarın əmri ilə xristianlar da hərbi mükəlləfiyyətlərə tabe tutuldular.[31]
Əhalinin sosial tərkibi mülkədarlar, məaflar, rəiyyət, rəncbərlər olmaqla bir neçə qrupa bölünürdü. Urmiya xanlığında mülkədar zümrəsinə başda xan оlmaqla, оğulları, qızları, qоhum-əqrəbaları, vəzirlər, ali ruhanilər, məliklər, naiblər, sultanlar, bəylər, ağalar, bir sözlə tiyulu, sоyurqalı оlan bütün fеоdallar daxil idilər.[30]
Vеrgidən azad şəxslərə məaflar dеyirdilər.[32]
Kəndli təbəqəsi rəiyyət adlanırdı. [33]Urmiya xanlığında iki qrup rəiyyət vardı. Birincisi dövlətə, divana (xəzinəyə) vеrgi ödəyən rəiyyətlər. İkinci qrup rəiyyətlər asılı оlduqları mülkədarlara ödənc vеrirdilər.[25]
Xanlıq dönəmində maliklərin, mülkədarların mülklərində çalışıb müəyyən pay alan kəndli zümrəsi də vardı ki, оnlar rəncbər adlanırdılar.[29][30]
Hakimləri
1. | Fətəli xan Əfşar | 1747—1748 | |
2. | Mehdi xan Əfşar | 1748—1749 | |
3. | Azad xan Əfqan | 1749-1757 | |
4. | Fətəli xan Əfşar (yenidən) | 1757—1762 | |
5. | Rüstəm xan Əfşar | 1762-1763 | |
6. | Bağır bəy Əfşar | 1763 | |
7. | Rzaqulu xan Əfşar | 1763-1772 | |
8. | İmamqulu xan Əfşar | 1772-1783 | |
9. | Məhəmmədqulu xan Əfşar | 1784-1795 | |
10. | Qasım xan Əfşar | 1795-1796 | |
11. | Mustafaqulu xan Əfşar | 1796-1797 | |
12. | Məhəmmədqulu xan Əfşar (yenidən) | 1797 | |
13. | Hüseynqulu xan Əfşar | 1797-1821 | |
14. | Nəcəfqulu xan Əfşar | 1821-1865 |
İstinadlar
- "Urmiya xanlığı Ens.az". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.
- "Cənubi Azərbaycan Xanlıqları". 2009-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-06.
- Azərbaycan tarixi III cild, 2007. səh. 383
- Dəlili, 1967. səh. 30
- Dəlili, 1967. səh. 78
- Azərbaycan tarixi III cild, 2007. səh. 402
- Dəlili, 1967. səh. 84
- Çingizoğlu, 2013. səh. 25
- Məmmədova, 2002. səh. 195
- Çingizoğlu, 2013. səh. 28
- Məmmədova, 2002. səh. 197
- Çingizoğlu, 2013. səh. 30
- Çingizoğlu, 2013. səh. 33
- Çingizoğlu, 2013. səh. 35
- Çingizoğlu, 2013. səh. 37
- Çingizoğlu, 2013. səh. 38
- Çingizoğlu, 2013. səh. 39
- Çingizoğlu, 2013. səh. 40
- Çingizoğlu, 2013. səh. 41
- Çingizoğlu, 2013. səh. 42
- Məmmədova, 2002. səh. 189
- Çingizoğlu, 2013. səh. 43
- Çingizoğlu, 2013. səh. 162
- Dəlili, 1967. səh. 116
- Məmmədova, 2002. səh. 190
- Məmmədova, 2002. səh. 191
- Dəlili, 1967. səh. 120
- Çingizoğlu, 2013. səh. 164
- Azərbaycan tarixi III cild, 2007. səh. 404
- Çingizoğlu, 2013. səh. 161
- Məmmədova, 2002. səh. 196
- Çingizoğlu, 2013. səh. 160
- Azərbaycan tarixi III cild, 2007. səh. 403
Həmçinin bax
Mənbə
- N.C. Mustafayeva. Cənubi Azərbaycan xanlıqları. Bakı. 1995.
- Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh. 139-140
- Ənvər Çingizoğlu, Bəhram Məmmədli. Urmiya xanlığı (PDF). Bakı: SDU nəşriyyatı. 2013. səh. 188.
- Hüseyn Dəlili. Urmiya xanlığının tarixi oçerki (XVIII əsrin II yarısı XIX əsrin 30-cu illərində) - Namizədlik disserasiyası. Bakı. 1967.
- Hüseyn Dəlili. Azərbaycanın cənub xanlıqları (XVIII əsrin ikinci yarısında). Bakı: "Elm". 1979.
- Gövhər Məmmədova. Urmiya xanlığı. Ankara: Türklər jurnalı. 2002. səh. 133-148.
- Süleyman Əliyarlı. Azərbaycan tarixi uzaq keşmişdən 1870-ci ilə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1995.
- Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592.