Urmiya vilayəti
Urmiya vilayəti — Cənubi Azərbaycan əyalətinin inzibati bölgələrindən biri. Avşar elinin əmirləri Səfəvilər dönəmində bu vilayəti idarə edirdilər. Sonra müstəqil xanlıq qurmuşdular.
Tarixi
Urmiya xanlığı Azərbaycanın nisbətən böyük feodal dövlətlərindən biri olmuşdu. О, şimaldan Salmas (Xoy xanlığı), şərqdən Urmiya gölü, cənubdan Кürdüstan, qərbdən Türkiyə və İraqla həmsərhəddir.
Xanlığın ərazisi, Urmiya gölünün sahillərinin istisna etməklə, hər tərəfdən böyük dağ silsilələrindən ibarət idi. Bu silsilələrdən mühümləri: Mur-i Şəhidan, Cəlaləddin, Güruh dağ, Dalamir, Qəndil, Balistan, Quşçu, Boz, Кora və Zənbil adlı dağlardır. Həmin dağların çoxunun üzəri yumşaq qaratorpaqla örtüldüyündən dəmyə əkin üçün əlverişlidir.
Xanlığın torpağı əsasən qara, qumlu, lil torpaqdan ibarətdir. Bu torpaq növlərinin hər ikisi çox münbit və əkinçilik üçün yararlıdır. Bununla bərabər bir sıra rayonlarda üstü yuxularla örtülmüş və əkinçilik üçün yararsız olan yerlər də vardır. Türkiyə sərhəddindəki dağların bir sırasının zirvəsi ilin bütün fəsillərində qarla örtülmüş və əkinçilik üçün yarasız olan yerlər də vardır.
Xanlığın əsas çayları Baranduz, Şəhər (Urmu), Nazlı, Tatay (və yaxud Tamay), Zərinə, Siminə, Qədir, Gidar adlı çaylardır. Bundan əlavə, Urmiyada bir çox kəhrizlər, çeşmələr və bulaqlar da vardır. Urmiyada yağıntı başqa vilayətlərə nisbətən çoxdur. Buna görə də Azərbaycanın bol suya və su mənbələrinə malik olan yerlərindən biri hesab edilir.
Urmiya gölü sahillərində vilayətin havası mülayim, başqa yerlərdə isə nisbətən soyuqdur. Burada hava ümumiyyətlə sakitdir. Şiddətli və zərəverici küləklər yoxdur. Havanın ən isti vaxtlarında şimal və cənub-qərbdən sərin və sakit küləklər əsir. Yerli əhali bu küləkləri "xırman küləyi", "yayın sərin küləyi", "yağışlı Salmas küləyi", "cənub küləyi", "vədə yeli" və sairə adlarla adlandırırlar. Vilayətdə mövcud olan əlverişli iqlim, bollu su, münbit torpaq burada əkinçiliyin bütün növləri və maldarlığın inkişafı üçün şərait yaradırdı.
Urmiyanı Salmas, Maku, Bəzirgan, Mərənd, Təbriz, Culfa, Кürdüstan, Marağa, Sayınqala və başqa yerlərlə bağlayan karvan yolları var idi. Bundan əlavə, xanlıq Urmiya gölü vasitəsilə də başqa mahallarla əlaqə saxlamaq imkanına malik idi.
Urmiya xanlığının müxtəlif yerlərində daş kömür, mərmər, duz, mis, dəmir, mineral su və başqa mədənlər vardır. Bu mədənlərin çoxundan hələ XV yüzilin axırlarındək istifadə olunurdu. Lakin istehsal vasitələrinin çox aşağı səviyyədə olması, xarici basqınlar, daxili feodal çəkişmələri yeraltı sərvətlərin normal istehsalına və xalq kütlələrinin ehtiyacının lazımi qədər ödənilməsinə imkan vermirdi.
Əhali əkinçilik, maldarlıq, bağçılıq, sənətkarlıq və ticarətlə məşğul olurdu. Urmiya şəhərinin istisna etməklə bütün xanlıqda maldarlıqla əkinçilik əsas yer tuturdu.
Mahalları
- Sayınqala mahalı
- Tikab mahalı
- Sulduz mahalı
- Miyandab mahalı (Qoşaçay)
- Dol mahalı
- Nazlı mahalı
- Bəykişli mahalı
- Ənzəl mahalı (Qarabağ)
- Dəşt mahalı
- Rövzə mahalı
- Üşnəviyyə mahalı (Üşnü)
- Tərkəvər mahalı
- Sumay mahalı
- Bərədost mahalı(Baranduz)
- Bərdəsur mahalı
Hakimləri
- Кəlbəli xan Qasım sultan oğlu İmanlı — 1628-1639
- Gəncəli xan Qasım sultan oğlu İmanlı — 1639-1650
- Məhəmmədqulu xan Imanlı — 1650-
- II Gəncəli xan Qasımlı-Avşar —
- Tağı xan Rüstəm xan oğlu Pörnək-Türkman —
- İmamverdi xan Avşar —
- Fəzləli xan İmanlı-Avşar —
- Sübhanverdi xan Avşar —
- Xudadad xan Məhəmmədxan bəy oğlu Qasımlı-Avşar — 1702-1721
- Məhəmmədqasım xan Xudadad xan oğlu Qasımlı-Avşar —
- Yusif paşa —
- Pero xan Avşar —
- Aşur xan Babalı-Avşar —
- Məhəmmədkərim xan Qasımlı-Avşar —
Mənbə
- Ənvər Çingizoğlu, Bəhram Məmmədli. Urmiya xanlığı. Bakı: SDU-nun nəşriyyatı, 2013, 188 səh.